05:47 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şikayətlənmək üçün əsas yoxdur
ANA SƏHİFƏ / TƏHSIL
03:10 11.10.2011

 

- Salam, Abbas müəllim!

- Əleyk.

- Necəsiniz?

- Şikayətlənmək üçün əsas yoxdur...

Bu ibrətamiz mükaliməni ilk dəfə 1972-ci ildə respublika Elmlər Akademiyasının indiki Hüseyn Cavid prospektindəki binasının foyesində eşitmişəm. İllər keçəcək, xalq yazıçısı, ədəbiyyatşünas Elçin görkəmli alim Abbas Zamanovun "Sabir bu gün" kitabına (1985) yazdığı müqəddimədə həmin mükalimə haqqında düşünüb-daşınmalı olacaqdı: "Abbas müəllimin bu cavabı mənim üçün həmişə mənalı, hətta rəsmi səslənir. Çətinliklər də olsa (bu çətinliklər isə olub), yetmişillik bir həyat yolunda kəşməkəşlər də olsa (əlbəttə, bunsuz mümkün deyil), bəzən həyat sərt üzünü göstərsə də... "şikayətim yoxdur".

Yuxarıdakı mükaliməni isə çox yerdə dəfələrlə eşitmişdim. Bunlardan bəzilərini unutmaq çətindir. 1979-cu ilin dekabr ayında Abbas müəllimlə birlikdə görkəmli romantik şairimiz Məhəmməd Hadinin anadan olmasının 100 illik yubileyində iştirak etmək üçün Bakıda Filarmoniyanın binasına daxil olduq. Orada ilk qarşılaşdığımız xalq yazıçısı Süleyman Rəhimov oldu. Dağ qamətli Süleyman Rəhimovla bəstəboylu Abbas Zamanovun söhbətində də "şikayətlənmək üçün əsas yoxdur" kəlamı təkrar edildi. Mərhum yazıçımız sanki Abbas müəllimin vərdiş etdiyi bu cavabı birinci dəfəydi eşidirdi. Mənalı-mənalı ona baxdı. Sifətinə nurlu bir təbəssüm qondu. Lopa bığları yüklənmiş qalın dodaqlarından ikicə kəlmə söz qopdu: "Doğrudan da!.."

...Abbas Zamanov 10 oktyabr 1911-ci ildə Şərur mahalının Maxta kəndində dünyaya göz açıb. Əvvəl molla məktəbində, sonra vaxtilə ustad Mirzə Cəlilin dərs dediyi Baş Noraşen (indiki Cəlilkənd) məktəbində təhsil alıb.

Azərbaycanda peşəsindən, hansı sahədə çalışmasından asılı olmayaraq, el-oba hörməti qazanmış nüfuzlu adamlara "müəllim" deyə müraciət etmək bir adətdir. Əgər Abbas Zamanov başqa sahədə çalışsaydı belə, yenə onun adının qarşısında "müəllim" kəlməsi işlənərdi. Çünki o, bütün varlığı ilə mənsub olduğu xalqa təmənnasız xidmət göstərən bir ziyalı, bir neçə nəslin unudulmaz ustad müəllimi olmuşdur. Ancaq bununla yanaşı, Abbas Zamanov orta məktəbdə də dərs deyib, ali məktəblərdə də. Və həmişə ədəbiyyatımızı, zəngin mədəniyyətimizi ürəklə təbliğ edib. Uzun illər Azərbaycan Dövlət Universitetində baş müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır. Hazırda elm və ali təhsil cəbhəsində fəaliyyət göstərən bir çox alimlərimiz ondan müəllimlik, vətəndaşlıq və əsl alimlik dərsi alıb.

Abbas Zamanovun xatirələrində oxuyuruq: "Böyük Vətən müharibəsindən sonra darülfünunun filologiya fakültəsində işə başlamışdım. Müəllimlikdən uzun müddət ayrıldığım üçün, bir növ, yadırğamışdım... Bunu müəllim yoldaşlarımdan birinə açıb dedikdə, o, professor Əli Sultanlının mühazirələrinə qulaq asmağı məsləhət gördü. Mən də belə etdim... Auditoriyada yüzdən artıq tələbə vardı. Mövzu Şekspirdi... O, sadəcə olaraq, mühazirə oxumurdu. Bu zaman professor da, tələbələr də Hamletin faciəsi ilə yaşayırdılar... Əgər onun dediklərini stenoqrafçı yazsa idi, heç bir düzəliş etmədən çapa vermək olardı.

...Böyük sənət əsərini tam əzəməti ilə tələbəyə çatdırmaq, tələbəni sənətkarın yüksək ideallarına tabe etdirmək... yeri gəldikcə, tələbələri sevindirmək, kədərləndirmək və ya qəzəbləndirmək hər müəllimin işi deyil. Bunu ancaq ustad müəllim bacara bilər.

Adətən, dərsin bitdiyini xəbər verən zəng səsini tələbə razılıq hissi ilə qarşılayır. Professor Əli Sultanlının mühazirələrində isə mən bunun əksini gördüm. Zəng səsi mühazirəni dərin bir aludəliklə dinləyən tələbələrdə təəssüf hissi doğururdu".

Ustadı haqqında ürəkdolusu söz açan Abbas müəllimin özü də belə müəllimlərdən biri idi. Yarım əsrdən artıq Azərbaycan ədəbiyyatı tarixindən oxuduğu mühazirələr yaddaşlara yazılıb. Abbas müəllimdə Əli Sultanlı natiqliyi olmasa da, iki mühüm cəhət onun mühazirələrinin fərqləndirici əlaməti kimi diqqəti cəlb edib: yeni arxiv sənədləri, nadir tapıntılar barədə məlumat vermək və vətəndaşlıq mövqeyi. Abbas müəllim həm də universitetin mədəni-ictimai həyatında aparıcı simalardan biri kimi çox iş görmüşdür.

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü Bəkir Nəbiyevin vaxtilə yazdığı xatirələrdən: "Təqribən 30 il əvvəl biz Azərbaycan Dövlət Universitetində tələbə ikən filologiya fakültəsində müntəzəm olaraq keçirilən ədəbi yığıncaqların, görkəmli yazıçılarla görüşlərin, müxtəlif yubiley iclaslarının təşkilində müəllimlərimizdən Abbas Zamanov xüsusilə fəal iştirak edərdi. Abbas müəllim həmin görüşlərin bir çoxu haqqında özü təşəbbüs irəli sürər, sonra isə, necə deyərlər, qolunu çırmalayıb işə girişər, görüşün yüksək səviyyədə keçməsi üçün əlindən gələni əsirgəməzdi. Vaxtilə Sabiri yaxından tanıyan, onun şagirdlərindən olan... xəstə təqaüdçünü bu məclislərdən birinə gətirib... xatirələrini söyləmək üçün o, nə qədər səy göstərmişdi. Qocaman yazıçılarımız M.S.Ordubadini, A.Şaiqi, Həmidə xanım Məmmədquluzadəni, görkəmli maarif xadimi Cəmo Cəbrayılbəylini... bizim nəsil ilk dəfə universitetin akt zalında, filologiya fakültəsinin 107 nömrəli böyük auditoriyasında... həmin görüşlərdə şəxsən tanımaq imkanı qazanmışdır..."

Həmin illərin acılı-şirinli xatirələri professor Abbas Zamanovun özünün yaddaşında da dərin iz salmışdır: "1955-ci ilin yanvar ayı idi. O zaman mən universitetin filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin rəhbəri idim. Cəlil Məmmədquluzadənin vəfatının ildönümü günündə Həmidə xanımla tələbələrin görüşünü təşkil etmək, xatirələrini dinləmək istəyirdik. Bu münasibətlə onun evinə getməli oldum. Sən demə, xəstə imiş. Vaxtilə gördüyüm əzəmətindən əsər belə qalmamışdı. Lakin indi də təfəkkürünü, məntiqini itirməmişdi. Sakit-sakit danışır, tez-tez ərini xatırlayırdı: "Cəlil "Anamın kitabı"nı bütün əsərlərindən çox sevirdi...

Təxminən bir ay sonra şəhərə xəbər yayıldı ki, Həmidə xanım vəfat etmişdir. Ertəsi gün onu Fəxri xiyabanda - ərinin yanında dəfn etdik".

Indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinin müəllimləri və tələbələri iyirmi ildən çox Abbas müəllimin müşayiətilə Fəxri xiyabana getmiş, ustad Mirzə Cəlillə Həmidə xanımın qoşa məzarını ziyarət etmişlər.

Azərbaycanda Sabir poeziya günlərinin də təşəbbüskarlarından və əsas təşkilatçılarından biri Abbas Zamanov olmuşdur. Naxçıvanda Məhəmməd Tağı Sidqinin, Gəncədə Məhəmməd Hadinin məzarlarını Abbas Zamanov aşkar edib dəqiqləşdirərək ictimaiyyətə tanıtmışdır.

Professor Abbas Zamanovun adı, şöhrəti, alim nüfuzu keçmiş Sovetlər İttifaqında və xarici ölkələrdə də bəlli idi. O çətin, mürəkkəb və qovğalı illərdə xaricdə yaşayan azərbaycanlılarla çoxcəhətli elmi-mədəni əlaqələrin yaranmasında Abbas müəllim əvəzsiz xidmətlər göstərmişdir. Sovet hakimiyyətinin zor dönəmlərində Avropadakı Azərbaycan mühacirətinin vətənlə əlaqəsi daha çox onun vasitəsilə mümkün olmuşdur. Ədəbiyyat və mədəniyyətimizin xarici ölkələrdə təbliği sahəsində professsor Abbas Zamanov bir elmi-tədqiqat institutunun kollektivi qədər iş görmüşdür. Təkcə onu qeyd etmək kifayətdir ki, alimin çətin dövrlərdə illər uzunu göndərdiyi kitablar əsasında Türkiyədəki Ərzurum Atatürk Universitetində xüsusi bir kitabxana yaradılmışdır. "O, yeganə alimimizdir ki, universitetlərdən birində adına ayrıca otaqlar var və üzərində "Abbas Zamanovun bağış kitablığı" sözləri yazılmış bu otaqlardakı mənəvi sərvət təkcə onun öz şəxsi hesabına göndərdiyi hədiyyə kitablarından ibarətdir" (Yaşar Qarayev).

Vaxtilə Ərzurum Atatürk Universitetində çalışmış Azərbaycan ədəbiyyatının Türkiyədəki görkəmli tədqiqatçısı, "Qardaş ədəbiyyatlar" dərgisinin sahibi və naşiri Yavuz Akpınar Bakıdan Abbas Zamanov vasitəsilə aldığı kitablarla bu kitabxananı yaratmışdır. Ərzurum Atatürk Universitetindəki "Abbas Zamanov kitabxanası"nda üç mindən çox kitab var. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin asan olmadığı sovet hakimiyyəti illərində yaradılan kitabxana kimi professor Abbas Zamanovun dəyanəti və fədakarlığı sayəsində, həmçinin Yavuz Akpınarın Azərbaycan sevdasındakı dönməzlik nəticəsində meydana çıxmış kitabxanadır. "Abbas Zamanov kitabxanası" nəinki dünən, hətta bu gün də Türkiyədəki əsas Azərbaycanşünaslıq mərkəzidir. Qardaş Türkiyə Cümhuriyyətinin dörd bir yanından: Ankaradan və Adanadan, İstanbuldan və İzmirdən, Tokatdan və Qarsdan da gəlib bu "Abbas Zamanov Azərbaycanşünaslıq mərkəzi"ndən istifadə edirlər. XX əsrin səksəninci illərində çətin şəraitdə bu zəngin elm xəzinəsinin necə yarandığını Abbas Zamanovla Yavuz Akpınarın məktublarından görmək olur. Abbas Zamanovun 21 aprel 1971-ci ildə Türkiyədə Ərzurum Atatürk Universitetində cavan məslək dostu Yavuz Akpınara göndərdiyi məktub mərkəz, kitabxana yaratmaq, qarşılıqlı əlaqələri genişləndirmək qayğılarının o zamankı gedişatını və mahiyyətini başa düşməyə imkan verir. Məktubda deyilirdi:

"MÖHTƏRƏM YAVUZ AKPINAR BƏY ƏFƏNDİLƏRİ!

3.IV.71 tarixli məktubunuzu aldım. Ürəkdən təşəkkür edirəm.

Muzeyimizdə yeni yubiley sərgilərinin təşkili ilə əlaqədar olaraq başımız qarışmış, bu səbəb üzündən Sizə vaxtında kitab göndərilməmişdir.

Bu gün Sizə beş paket kitab göndərildi. Bundan sonra da kitab mübadiləmiz fasiləsiz davam etdiriləcəkdir.

Əgər imkanınız olsa, lütf edib, doktor Məhərrəm Ergin bəy tərəfindən hazırlanmış "Dədə Qorqud" elmi nəşrlərini, həmçinin eyni müəllifin "Təməl əsərləri" seriyasından yayınlanmış "Dədə Qorqud" kitabını tapıb muzeyimizə göndərmənizi xahiş edirəm.

Bu kitablar bizə muzeyin "Dədə Qorqud" guşəsində nümayiş etdirilmək üçün lazımdır. Əgər bunları bizə göndərsəniz, muzeyimizə faydalı yardım etmiş olarsınız.

Biz də Sizin sifarişlərinizi məmnuniyyətlə yerinə yetirməyə hazırıq.

Heydər İşıqlı bəy əfəndiyə salam söyləmənizi rica edirəm.

Hörmətlə,

Muzeyin müdiri doktor Abbas Zamanov.

Bakı, 21 aprel 1971-ci il

Bu məktubu imzalayarkən şair Nəbi Xəzri muzeyə gəldi və ondan

Sizə salam yetirməyi rica etdi.

   A.Z."

Eyni qayğıkeş və məsuliyyətli münasibəti professor-doktor Yavuz Akpınarın böyük ustad kimi qəbul etdiyi, gerçək bir səmimiyyətlə "Abbas əmi" adlandırdığı Abbas Zamanova məktublarından da duymaq olur. Aydın görünür ki, digər ölkələrə yazdığı məktublarında olduğu kimi, Yavuz Akpınarla yazışmalarında da Abbas Zamanov təkcə kitab mübadiləsini tənzimləməklə kifayətlənməmiş, Azərbaycan elmi, ədəbi-mədəni mühitindən xəbərləri Türkiyə ictimaiyyətinə çatdırmış, ölkədən alınan kitabları və ədəbiyyat məlumatlarını, Ərzurum vasitəsilə əldə etdiyi Cənubi Azərbaycan materiallarını Bakıda yaymışdır. Yavuz Akpınarın 2 mart 1979-cu ildə Türkiyədən Abbas Zamanova göndərdiyi aşağıdakı məktub bütün bunlara şahidlik edir:

"Muhterem efendim, Abbas bey.

Selam eder, sihhat və afiyette olmanızı yüce Tanrıdan niyaz ederim.

12.2.1979 tarihli son mektubunuzu aldım. Ve hemen cevap yazıyorum.

...15.12.1978 tarihli mektubunuzda bahs edilen kitapları aldım. Penah Halilov bəyin SSRİ Halkları Edebiyyatı Tarihi de geldi. Çok sağ olunuz. Bir kaç gün önce de içinde Resul Riza bəyin şiir kitaplarının bulunduğu bir paket aldım.

Nevainin Mecallisü-Nefaisi için sizi istemeyerek çok zahmete soktum. Bizim Fakültede beş arkadaş bu eserin edisyon kritikli baskısını hazırlayıp neşr ettirmek istediyimiz için, bu hususda size israrla yazdım. Eseri temin edemezseniz, üzülmeyiniz. Biz eserin en kıymetli el yazmalarının mikrofilmlərini bulmuşuz. Ona yakın nüshadan karşılaştırma yapıyoruz. Biz arzu ediyoruz ki, Suyime Hanımın neşrini de mukayise yapalım.

Cenubdan 15-20 gün kadar sonra haberler alabileceyim. Çünki o zaman Üniversite açılıyor. Oraya gitmiş olan cenublu telebeler o zaman geri dönecekler. İsmarladığım kitapların da o zaman gelmesi tabiidir.

Sizden 29.12.1978 tarihinde de K.Talıbzade, E.Tude, F.Mehdi, T.Bayram və F.Qocanın kitaplarının içinde olduğu bir paketi almıştım. "Ulduz" ve "Azerbaycan Kadını" mecmualarını da muntazam alıyorum.

Sizin yaşınızda bir insana bu kadar çok zahmet verdirdiğim için kendimden utanıyorum. Beni bağışlamanızı, başka çarem olmadığı için hoş görmenizi hasseten istirham ediyorum.

Türkiye-Sovyetler Birliği arasında imzalanmış olan dostluk və kültürel mübadele anlaşması çerçivesi içerisinde Bakuya gelmek için müracaat etmiştim. Henuz bir cevap çıkmadı.

Size bu mektubumla beraber fakültemizin rahmetli Ahmet Caferoğlu için çıkardığı iki ciltlik fevkalede sayıyı ve benim Şehriyar hakkındakı yazımın ayrı baskılarını gönderiyorum. Bu ayrı baskıların bazılarını üzerinde yazmış olduğum şahıslara vermenizi istirham ediyorum.

Sayğı ve sağlık dileklerimle. Ellerinizden öperim.

Baqi, selamlar...

Yavuz Akpınar".

Abbas Zamanovun hər həftə dünyanın müxtəlif ünvanlarına yola saldığı məktublar və bağlamalar, barat və qəzetlər ayrıca bir poçt idarəsinin yükünə bərabərdir. "Abbas Zamanovun poçtu" Azərbaycanın Şərqlə Qərb arasında ən etibarlı və davamlı çalışan elm və mədəniyyət körpüsü olmuşdur. İren Məlikova (Fransa), Turxan Gənceyi (İngiltərə), Əhməd Şmide (Almaniya), Əhməd Cəfəroğlu, Yavuz Akpınar, Seyfəddin Altaylı (Türkiyə), Əbdüllətif Bəndəroğlu, Əta Tərzibaşı (İraq), Cavad Heyət (İran) kimi görkəmli ziyalılar həmin "körpü"dən keçərək Azərbaycana gəlmək, çətin şəraitdə ölkəmizlə əlaqə yaratmaq imkanı qazanmışlar. Çoxəsrlik Azərbaycan mədəniyyətinin nailiyyətləri də həmin körpü - Abbas Zamanov körpüsü vasitəsilə dünyaya yayılmışdır. Bəlkə də bu, yeganə poçtdur ki, dəqiq, müfəssəl ünvan göstərmədən hər hansı məktubu öz sahibinə çatdıra bilmişdir. Dünyanın istənilən nöqtəsindən vətəndaş alimə göndərilən məktubun üzərində, sadəcə olaraq, aşağıdakıları yazmaq kifayət olmuşdur: Bakı-6. Abbas Zamanov. Görkəmli alimə gələn məktubların üzərinə əgər Bakı-6 A.Z. sözləri yazılsaydı belə, ünvanına çata bilərdi. Bu, professor Abbas Zamanovun beynəlxalq elmi-ədəbi aləmdə nəinki tanındığını, həm də görkəmli azərbaycançı alim səviyyəsində qəbul olunduğunu isbat edir.

Aldığı məktublarda onun elmi xidmətləri haqqında yazılanlar, yaxud da yazışmalar vasitəsilə aparılan müzakirələr Abbas Zamanovun dünyanın müxtəlif ölkələrinin elmi dairələrində böyük nüfuz qazandığını nəzərə çarpdırır. Məşhur İraq-türkmən ədəbiyyatşünası Əta Tərzibaşı 27 may 1975-ci ildə Abbas Zamanova yazmışdı ki, "Elmi əsərlər-6"da çıxan məqaləniz xoşuma getdi. Hələ son qismi daha maraqlı idi". İngiltərənin Edinburq Universitetinin professoru Turxan Gəncəyi Abbas Zamanova yazdığı məktublarında ona "mənim əziz və möhtərəm müəllimim Abbas Zamanov" deyə müraciət etmişdir. O dünyada məşhur olan türkoloq Abbas Zamanovu "əziz, dəyərli məsləkdaşı" səviyyəsində qəbul etmişdir. Azərbaycan-İraq əlaqələrində xüsusi mərhələ yaratmış mərhum Əbdüllətif Bəndəroğlu professor, "hörmətli ustad" deyə üz tutduğu Abbas Zamanova "Bakıdakı bir türkmən təmsilçisi" kimi yüksək qiymət vermişdir. Fransadan Azərbaycana göndərdiyi məktublarında tanınmış şərqşünas İren xanım Melikova "çox möhtərəm" Abbas müəllimin xidmətlərindən faydalandığı üçün ona təşəkkürlərini çatdırmışdı. Professor Abbas Zamanovun yazışmalarında Cənubi Azərbaycan ədəbiyyatı, mühacirət ədəbi irsi, milli ədəbiyyatın təbliği, tanıdılması, ədəbi-mədəni əlaqələrlə bağlı aktual məsələlər müzakirə olunmuşdur. Abbas Zamanov Şərq-Qərb müstəvisində Azərbaycan elminin, ictimai fikrinin, ədəbiyyatı və mədəniyyətinin böyük elçisi vəzifəsini böyük məsuliyyətlə və şərəflə həyata keçirmişdir. Alman dostu Əhməd Şmideyə məktubundakı "Xalqımın ədəbiyyatını sevənlərə xidmət mənim üçün səadətdir" sözləri Abbas Zamanovun həyat və fəaliyyət amalını müəyyən etmişdir.

Abbas müəllimin fəaliyyət dairəsi genişdir. Bunların arasında ədəbiyyatşünaslıq sahəsində geniş elmi fəaliyyət xüsusi yer tutur. Abbas Zamanov XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının ən görkəmli tədqiqatçılarından biridir. O, nəinki Azərbaycanda, demək olar ki, beynəlxalq aləmdə görkəmli sabirşünas alim kimi tanınmışdır. Azərbaycan ədəbiyyatşünaslığı sahəsində yeganə elm adamıdır ki, "Sabir və müasirləri" adlı əsərinə görə namizədlik dissertasiyası əsasında o, birbaşa elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Mirzə Ələkbər Sabir irsinin tədqiqi, nəşri və təbliği sahəsində onun çoxillik ardıcıl və səmərəli xidmətləri sayəsində Azərbaycanda sabirşünaslıq müstəqil elm sahəsi səviyyəsinə yüksəlmişdir. "Sabir gülür", "Sabir bu gün", "Sabir xatirələrdə", "Müasirləri Sabir haqqında" kitabları gərgin axtarışlardan və dərin elmi mühakimələrdən yoğrulmuşdur. Bakı, Peterburq və Tiflis arxivlərində yüzlərlə qovluğun titul səhifəsində Abbas Zamanovun familiyası və imzası həkk olunmuşdur. Həmin qovluqlardakı qiymətli ədəbi, tarixi sənədlər kimi, Abbas müəllimin arxivlərdə keçən günlərini, onun axtarışlarının əhatə dairəsini əks etdirən bu titul səhifələrinin özü də xüsusi bir tarixdir.

Təkcə M.Ə.Sabirə həsr olunmuş sanballı tədqiqatlar deyil, S.S.Axundovdan, Ü.Hacıbəylidən, Ə.Haqverdiyevdən, A.Divanbəyoğlundan, Ö.F.Nemanzadədən, Eynəli bəy Sultanov, Qurbanəli Şərifzadə və onlarla başqaları kimi adlı-sanlı ədəbiyyat xadimlərindən bəhs edən qiymətli elmi məqalələri də ədəbiyyatşünaslığa dair qiymətli mülahizələrlə yanaşı, həm də təzə arxiv materiallarından yoğrulmuşdur. Abbas Zamanovun elmi əsərlərinin mənbəşünaslıq baxımından bazası çox zəngindir. Görkəmli alimin min bir zəhmətlə toplayıb çap etdirdiyi "Müasirləri Sabir haqqında" məqalələr və xatirələr kitabı, kitabdakı böyük axtarışlar nəticəsində yazılmış "İzahlar" geniş mənada Azərbaycan sabirşünaslıq elminin əsas istinadgahıdır.

Mətnşünaslıq professor Abbas Zamanovun elmi fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Mirzə Cəlil, M.Ə.Sabir, Hüseyn Cavid haqqındakı xatirələrin bir qismini o, əsrin əvvəllərinin dövri mətbuatından tapıb üzə çıxarmış, bu görkəmli şəxsiyyətlərin müasirlərinin dilindən eşidib yazıya köçürmüşdür. Ə.Qəmküsar, E.Sultanov və S.M.Qənizadənin əsərlərinin tərtibi və ilk nəşrləri Abbas müəllimin adı ilə bağlıdır. O, M.Ə.Sabirin "Hophopnamə"sinin də əsas naşirlərindən biridir. Onun filologiya elmləri doktoru Kamran Əliyevlə birlikdə Bakıda nəşr etdirdiyi "Mollanəsrəddinçi şairlər" kitabı mətnşünaslıq elminin nailiyyətlərindəndir. Turxan Gəncəyi Abbas Zamanova göndərdiyi məktubda "Mollanəsrəddinçi şairlər" kitabının əhəmiyyətindən bəhs edərək yazmışdı: "Bu həftə "Mollanəsrəddinçi şairlər" kitabını aldım. Həqiqətən, bu, böyük bir işdir. Bu şairlərin unudulmuş təxəllüslərindən kimlər olduqlarını təsbit etmək ədəbiyyat tariximiz üçün son dərəcə faydalı və lazımlı, vacib bir işdir. Zaman keçdikcə bunları təsbit etmək çətinləşə bilərdi".

Böyük demokrat Cəlil Məmmədquluzadənin haqqında yazılmış məqalələrin və xatirələrin toplanılıb kitab halında nəşr edilməsi 1967-ci ildə professor Abbas Zamanovun təşəbbüsü ilə həyata keçirilmişdir. O, Mirzə Ələkbər Sabirin görkəmli tədqiqatçısı, Cəlil Məmmədquluzadənin isə böyük təəssübkeşi idi. Ədibin Bakıdakı, Şərur rayonunun keçmiş Baş Noraşen kəndində, Cəlilkənddəki muzeylərində onun təqdim etdiyi çoxsaylı sənədlər saxlanılır. Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində Abbas müəllimin göndərdiyi sənədlər və materiallardan ibarət xüsusi fond yaradılmışdır. Əməkdar elm xadimi Abbas Zamanov bu fikirdə idi ki, Cəlil Məmmədquluzadənin əsərləri və "Molla Nəsrəddin" jurnalı olmasaydı, XX əsrin əvvəllərinin ictimai-siyasi və ədəbi-mədəni mühiti boş görünərdi.

M.Ə.Sabirin Abbas müəllimin tərtibində ərəb əlifbası ilə Azərbaycan dilində nəşr olunmuş "Hophopnamə"si Şərq ölkələrində böyük maraq doğurmuşdur. Məktublarından görünür ki, türk-müsəlman aləminin ayrı-ayrı ölkələrindən Abbas müəllimə bu kitabla bağlı çoxsaylı sifarişlər və rəylər gəlmişdir. Vaxtilə bu qəbildən olan sifarişlərdən birinə - "Hophopnamə"nin göstərilən nəşrindən bir nüsxəsini min tümənə almaq istəyən Təbrizin tanınmış ədəbiyyatşünası Hacı Məhəmməd Naxçıvaninin oğlu Əli Təbriziyə yazdığı cavab alimin milli ədəbiyyata bəslədiyi yüksək vətəndaş münasibətini açıq-aydın ifadə edir. Məktubda deyilirdi: "Sabiri sevənlərə biz "Hophopnamə"ni təmənnasız göndəririk. O ki qaldı min tümən məsələsinə, deməliyəm ki, mənim aləmimdə dünyanın bütün daş-qaşı bir yerə toplansa, yenə də "Hophopnamə"nin qiymətini ödəməz".

Böyük vətəndaş alim Abbas Zamanov milli ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi idi. O, böyük iradəsi və yüksək vətəndaşlıq mövqeyi ilə zəmanəsinə qalib gəlmişdi. Dünyanın nəhəng dövlətlərindən biri olan Sovetlər İttifaqı zamanında Abbas müəllim qədər açıq və qəti vətəndaşlıq mövqeyini ifadə etməyi bacarmaq hər ziyalının işi deyildi. Professor Abbas Zamanov üçün Azərbaycan amalı şəxsi həyatından da ucada dayanmışdır. O, XX əsrin sovet dövlətində yaşayıb-yaratmış ən görkəmli azərbaycanşünas alimlərdən biri olmuşdur. Keçən yüzilliyin ikinci yarısında Kremldə yerləşmiş erməni qruplaşmasının təsiri ilə Naxçıvan Muxtar Respublikasının Ermənistana verilməsi məsələsi ictimai rəyi formalaşdırmaq üçün ictimai mühitə sızdırılanda Abbas Zamanovun etiraz səsi bütün ölkəyə yayılmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin indiki İstiqlal küçəsindəki binasında 29 mart 1960-cı il tarixdə akademik Məmməd Arif Dadaşzadənin sədrliyi ilə xalq şairi Səməd Vurğunun vəfatının ildönümünə həsr olunmuş xatirə gecəsində Abbas Zamanov söz alıb çıxış edərək mövzuya heç dəxli olmadığı halda fürsətdən istifadə edib qəti şəkildə demişdir: "Naxçıvan qədim Azərbaycan torpağıdır. Qara niyyətlərinizdən əl çəkin, daşnaklar! Naxçıvan heç zaman ermənilərin olmayacaq!"

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin tapşırığı ilə bu məsələ Bakı Dövlət Universitetinin partiya bürosunun iclasında müzakirə olunarkən etdiyi çıxışdan peşman olduğunu bəyan etdiyi təqdirdə yüngül cəza veriləcəyi xəbəri ona çatdırılsa da, Abbas Zamanov mövqeyini dəyişmədiyini bildirmiş və buna görə də Kommunist Partiyası sıralarından çıxarılmağı və universitetin müəllimliyi vəzifəsindən azad olunmağı mərdliklə qəbul etmişdi.

Professor Abbas Zamanovun 1968-1971-ci illərdə Bakıda Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı muzeyinin direktoru vəzifəsində çalışarkən "mürtəce pantürkist" damğası vurularaq xalq düşməni elan olunmuş böyük ədib və ideoloq Əlibəy Hüseynzadənin Fransanın paytaxtı Paris şəhərində yaşayan oğlu, tanınmış rəssam Səlim Turanın rəsm əsərlərinin orijinalını Bakıya gətirdib muzeyin açıq sərgisində nümayiş etdirməsi də zamanına görə böyük cəsarətin ifadəsi idi.

 Ölkəmizdəki ən zəngin elmi məxəz və ədəbi-tarixi xəzinələrdən biri də Abbas Zamanovun şəxsi arxividir. Nadir əlyazmalarından tutmuş, yalnız xoşbəxt təsadüf nəticəsində yeganə nüsxəsi mühafizə edilib qalan kitablara qədər, müxtəlif qitələrdən alınmış minlərlə məktub, qəzet, jurnal, şəkil və teleqramlaradək bu qeyri-adi arxivdə saxlanılan sənədlər təkcə bir nəfər vətəndaş alimin deyil, bütövlükdə Abbas Zamanov dövrünün tarixi oçerklərini yaratmaqda əvəzedilməz mənbələrdir. Ədəbiyyat və mədəniyyətimizin, ayrı-ayrı ədəbi-tarixi şəxsiyyətlərin həyat və yaradıcılığının bir çox naməlum səhifələri dövlət arxivlərində deyil, məhz Abbas Zamanovun şəxsi arxivində saxlanılmaqdadır. Və bu arxivə "dopusk", xüsusi icazə almaq dövlət arxivlərindən heç də asan deyildi. Bunun üçün Abbas müəllimin və onun təkcə vəfalı ömür-gün yoldaşı yox, həm də ləyaqətli "əməl dostu" olan Asya xanımın etibarını qazanmaq kimi məsuliyyətli bir vəzifənin öhdəsindən gəlməyi bacarmaq lazım idi.

 Ümumiyyətlə, Abbas Zamanov görkəmli bir ədəbiyyatşünas kimi tədqiq etdiyi yazıçılara qiymət verərkən onların əsərlərinin bədii dəyəri ilə əməllərinin vəhdətinə xüsusi diqqət yetirmişdir. Bu mənada 1979-cu ildə Bakıda nəşr edilmiş "Əməl dostları" kitabı həm də Abbas Zamanovun ədəbiyyata yanaşma metodunun düsturu kimi başa düşülə bilər. Abbas Zamanov özü də adlı-sanlı alim kimi dəyərli tədqiqat əsərləri ilə yanaşı, həm də əməl dostluğu ilə yaddaşlara hopmuşdur. Abbas Zamanov XX əsrdə yaşayıb-yaratmış böyük əməlpərvər alim-vətəndaş kimi tanınmışdır. Yaş etibarilə sonrakı nəsli təmsil etməsinə baxmayaraq, o, özündən bir qədər əvvəl yaşayıb-yaratmış görkəmli yazıçıların həyatına, mühitinə, yaradıcılıq dünyasına o qədər canyanğısı ilə, qədirşünaslıqla daxil olmuşdur ki, bir çox kiçik, incə, lakin maraqlı və əhəmiyyətli detalları üzə çıxarıb elə şəkildə təqdim etməyi bacarmışdı ki, oxucu əsərlərini oxuyarkən onun da sanki həmin dövrdə Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirlə birlikdə yaşayıb-işlədiyini, düşünüb-çalışdığını güman edir. "Sabir və müasirləri" kitabının müəllifi Abbas Zamanov həm də böyük satirik sənətkarımız Mirzə Ələkbər Sabirin müasiri kimi görünür, Cəlil Məmmədquluzadənin əməl dostlarından birinə çevrilir.

 Böyük vətəndaş alim Abbas Zamanov üçün dostluq anlayışı məslək dostluğu səviyyəsində qəbul edilmişdir. Abbas Zamanovun müasirləri içərisində professor Əziz Şərif, xalq şairi Rəsul Rza, məşhur teatrşünas Cəfər Cəfərov, akademik Məmməd Cəfər Cəfərov və professor Həmid Məmmədzadə və bir neçə başqaları ilə münasibətləri məslək dostluğundan, əqidə bütövlüyü nümunəsindən yoğrulmuşdur. Əziz Şərif - Abbas Zamanov, Rəsul Rza - Abbas Zamanov dostluğu mənəvi münasibətlərin sədlərini aşaraq ədəbiyyat tarixi hadisəsinə çevrilmişdir. Bu görkəmli sənətkarların məslək dostluğunu Azərbaycan ədəbiyyatı tarixində Cəlil Məmmədquluzadə ilə Mirzə Ələkbər Sabirin, Hüseyn Cavid və Abdulla Şaiqin əqidə qardaşlıqları ilə müqayisə etmək olar. Abbas Zamanovla Əziz Şərifin dostluğu Azərbaycan ədəbiyyatı, elmi və mədəniyyətinin Moskvada və ümumən Rusiyada geniş miqyasda tanıdılmasına ayrıca  institut qədər xidmət göstərən səmərəli bir fəaliyyətə həsr olunmuşdur. Bu məslək dostluğu insanlararası münasibətlərdə əqidə bütövlüyünə, insan etibarına, kişilik ölçüsündə böyük dostluğa örnəkdir. Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Molla Pənah Vaqifin və başqalarının əsərlərinin Moskvada rus dilində müfəssəl nəşrləri Əziz Şərif - Abbas Zamanov dostluğunun bəhrələridir. Eyni zamanda, Əziz Şərifin Bakıda çap edilmiş "Keçmiş günlərdən", "Molla Nəsrəddin" necə yarandı", "Atam və mən", "Tapıntılar" və sair əsərlərinin korrekturasından tutmuş redaktəsinə, çapına və yayılmasına qədərki bütün məsələlər Abbas Zamanovun bilavasitə iştirakı, rəhbərliyi və nəzarəti ilə böyük məsuliyyətlə həyata keçirilmişdir. Abbas Zamanov və Əziz Şərif dostluğundan ədəbiyyatımız və mədəniyyətimiz çox şey qazanmışdır.

 Xalq şairi Rəsul Rza ilə professor Abbas Zamanovun dostluğu Azərbaycanda sovet dövrünün çətinlikləri şəraitində Azərbaycançı milli elmin və düşüncənin inkişafına, daha da genişlənməsinə şərəflə xidmət etmişdir. Rəsul Rza - Abbas Zamanov - Cəfər Cəfərov elmi-ədəbi cəbhəsi, onların qarşılıqlı və səmərəli əməkdaşlığı, üçlü Başkanlıq prinsipi üstündə qurulmuş dostluğu XX əsrin ikinci yarısı Azərbaycan elmi-mədəni mühitində fəal vətəndaşlıq mövqeyinin və ümummilli mənafelərin müdafiə olunmasına şərait yaratmışdır. Abbas Zamanov hər iki məslək dostunun Azərbaycan ədəbiyyatında və elmindəki movqelərini həmişə müdafiə etmişdir. Xalq şairi Rəsul Rzanın "Rənglər" şeirlər silsiləsi kimi böyük sənət şedevrlərinin mübahisə və müzakirə obyektinə çevrildiyi zamanlarda Abbas Zamanov Bakıdan Londonda yaşayan dostu, professor Turxan Gəncəyiyə yazmışdı ki, necə olur ki, "başqaları "Rənglər"i öz dillərinə tərcümə edib başa düşürlər, amma biz onları başa düşmürük?!" Professor Turxan Gəncəyinin Abbas Zamanova yazdığı məktublarda xalq şairi Rəsul Rzanın yaradıcılığına, xüsusən "Rənglər" silsiləsinə dair çox əhəmiyyətli, cəlbedici məqamlara rast gəlirik. Turxan Gəncəyinin məktublarında oxuyuruq: "Rənglər"i Britaniya muzeyi kitabxanasından tapdım. İndi əlimdə bir foto surəti var. ...Mən bu əsəri son günlərdə dəfələrcə oxudum. Çox sevdim. Modern Azərbaycan ədəbiyyatında bu qədər qüvvətli, mühüm və dərin bir şeir yoxdur - deyə bilərəm.

...Anar sağ olsun, mənə Bakıda atasının üç cildlik şeirlərini bağışlamışdı. Bu cildlərdə bu şeirlər (yəni, "Rənglər" - İ.H.) yoxdur. Nazim Hikmət "Rənglər" silsiləsi haqqında deyirdi ki, "bu poemada (silsilə şeirlər nəzərdə tutulur - İ.H.) Rəsul Rza özünü ötüb keçib".

Beləliklə, Abbas Zamanov - Rəsul Rza dostluğu Azərbaycan ədəbiyyatının qüdrətli bir nümayəndəsinin nəinki xarici ölkələrdə təbliğinə, hətta müdafiə olunmasına, onun haqqında geniş miqyasda yüksək ictimai rəyin formalaşdırılmasına müsbət təsir göstərmişdir.

Abbas Zamanov da Kommunist Partiyası sıralarından və işdən çıxarıldıqda onunla ünsiyyətini kəsməyən, ona axıradək dayaq duranlardan biri Rəsul Rza olmuşdur. Xalq yazıçısı Anara görə, müharibə cəbhələri səngərlərinin sınaqlarında möhkəm bünövrəsi qoyulan və həyatın çətin dolaylarında bərkiyib möhkəmlənən, həmişə ədəbi-ictimai fikrin inkişafına xidmət edən Abbas Zamanov - Rəsul Rza - Cəfər Cəfərov münasibətləri məsuliyyətli, etibarlı və uzunömürlü əqidə dostluğuna örnəkdir. Bu görkəmli şəxsiyyətlərin məslək dostluğu Anarın baxışlarında yaxşı mənada ənənəyə çevrilən və ədəbi prosesə işıq salan elm və sənət dostluğunun ibrətamiz nümunəsi kimi təqdim olunur: "Cəfər Cəfərovla əvvəlcədən dost və həmkar olsa da, İkinci Dünya müharibəsinin ağır günləri, Krım cəbhəsində qəzetdə birgə çalışmaları onları daha da yaxınlaşdırmışdı. Və fəxr edirəm ki, Abbas müəllimin belə çətin cəbhə sınaqlarından çıxmış dostlarından biri də atam Rəsul Rza idi. Bu dostluq da ömürləri boyu davam etdi və atam dünyasını dəyişəndə Abbas müəllimin bu itkiyə necə acıdığını, onun hıçqırıqlarını, göz yaşlarını heç vaxt unutmaram. Rəsul Rzanın xatirəsinə həsr etdiyi "Kişi şair" yazısında Abbas müəllim bu dostluğun müxtəlif mərhələləri haqqında son dərəcə qiymətli və səmimi etiraflar etmişdir.

Bu dostluğun istisini mən də daima hiss edirdim: Abbas müəllim "Adamın adamı" pyesimin Şəki tamaşası haqqında mətbuatda ürək sözünü deyəndə də, böyük Mirzə Cəlilə həsr olunmuş "Qəm pəncərəsi" filmim haqqında fikir söyləyəndə də. Bu, yalnız görkəmli mütəxəssisin rəyi deyildi, həm də ailəmizlə olan ənənəvi mehribanlığının, doğmalığının ifadəsi idi. Onu da heç vaxt unutmaram ki, yazıçılarımızın IX Qurultayında bəzi dost saydığım adamlar dönük çıxıb mənə arxadan bıçaq vuranda Abbas müəllim mərd-mərdanə məni müdafiə etdi".  

Ustad Mirzə Cəlilin uca sənəti ilə bütöv məsləkini həyat üçün də, sənət üçün də örnək hesab edən, böyük satirik Mirzə Ələkbər Sabirin "Molla Nəsrəddin" meydanlarındakı mərd-mərdanə ədəbiyyat döyüşlərini bütün qüdrəti ilə elmdə ifadə edən, xalq şairi Rəsul Rzanı "Kişi şair" kimi səciyyələndirən Abbas Zamanov özü də elmdə və cəmiyyətdə tutduğu işıqlı və dəyişməz mövqeyi ilə Kişi alim olmağın nümunəsini göstərmişdir.

 Burasını da xüsusi qeyd etməyə ehtiyac var ki, hazırda müxtəlif ölkələrdə yaşayıb-yaradan görkəmli alimlərin şəxsi arxivlərində, respublikamızdakı, demək olar ki, bütün muzey və kitabxanaların fondlarında, əksər ziyalılarımızın qovluqlarında Abbas müəllimin yüzlərlə məktub və teleqramı vardır. Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz, Əziz Şərif və başqaları kimi nadir ziyalılarımızın ənənəsinə sadiq qalaraq o, ünvanına gələn bütün məktublara cavab yazmış, aldığı və yola saldığı məktubların səliqəli kataloqunu tərtib etmiş, böyük əksəriyyətinin surətini çıxarıb saxlamışdır. Bu sətirlərin müəllifinin arxivində də Abbas müəllimin göndərdiyi bir sıra məktublar vardır. Abbas Zamanovun bənzərsiz dünyasını bütün incəliklərinə qədər səciyyələndirən həmin məktublardan bəzi məqamları oxuculara çatdırmağı faydalı hesab edirəm:

 "Göndərdiyin "Kitablar aləmində" (eyniadlı jurnal nəzərdə tutulur - İ.H.) məni həm sevindirdi, həm də kədərləndirdi. Çünki unudulmaz dostumuz, qardaşımız Firidun Hüseynovun son yazısı "İntibah carçısı" məqaləsi burada dərc olunmuşdur. "Molla Nəsrəddin" haqqında mollanəsrəddinamə məqaləsi... Bu məqaləni oxuyarkən Firidun təmkinliyi, Firidun konkretliyi, Firidun söz demək ustalığı ilə bir daha üz-üzə gəldim.

 Firidun nadir insan, nadir dost, nadir alim, nadir şəxs idi, daha doğrusu, nadir şəxsiyyət idi. İndi onun yeri hər gün görünür. Özü də necə görünür? Hayıf Firidundan. Sevdiyi, sədaqətlə xidmət etdiyi Vətən torpağı halaldı ona. Məzarı nurla dolsun. Gərək Firidun belə tez getməyəydi... Daha yaza bilmirəm...

Bakı, mart, A.Z.".

Görkəmli şair Hüseyn Cavidin, professor Əziz Şərifin cənazələrinin Naxçıvana gətirilməsində dövlət səviyyəsində həyata keçirilən tədbirlərlə yanaşı, Abbas Zamanovun da özünəməxsus xidməti vardır. O, hər iki tarixi dəfn mərasimində yaxından iştirak etmiş, vida sözü söyləmişdir. Sonrakı məktublarında isə dönə-dönə Cavidin və Əziz Şərifin məzarının götürülməsi, abadlaşdırılması məsələləri ilə ciddi surətdə maraqlanmışdır. Arxivimdə həmin münasibətlə mənə, filologiya elmləri doktoru, professor Yavuz Axundluya müraciətlə yazılmış məktublar vardır. Yaşının ixtiyar çağında bəzən bir ayda eyni mövzuda üç-dörd məktub yazıb yola salmışdır. Çox vaxt iki-üç cümlədən ibarət olan məktublar elm və mədəniyyətimizə qayğıya, dostluq borcuna sədaqətə nümunədir.

Bir dəfə Abbas müəllim professor Əziz Şəriflə Naxçıvana gəlmişdi. Eşidən kimi görüşünə getdik. Hal-əhvaldan sonra professor Yavuz Axundlu məxsusi olaraq Abbas müəllimin kefini soruşdu. Yenə də ənənəvi cavab: "Şikayətlənmək üçün əsas yoxdur". Əziz Şərif dilləndi: -Yox bir, hələ əsas da olacaq!

Həqiqətən belədir. Keçilən məsuliyyətli və şərəfli ömür yolu bunu qəti şəkildə təsdiq edib.

Böyük vətəndaş alim, professor Abbas Zamanovun 1 aprel 1993-cü ildə dünyasını dəyişməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvandan Bakıya göndərdiyi başsağlığı teleqramındakı aşağıdakı dəyərli fikirlər bu vətənpərvər və fədakar elm xadiminin xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir: "Böyük alim, Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin inkişafında öz fədakar əməyi ilə əvəzsiz rol oynamış Abbas Zamanovun xidmətləri unudulmazdır. Ədəbiyyatımızın bir çox ölkələrdə tanınması və təbliğ olunması onun adı ilə bağlıdır. Şübhə yoxdur ki, Abbas Zamanovun yaratdığı əsərlərdən milli mədəniyyətimiz gələcəkdə də istifadə edəcəkdir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Abbas Zamanovun 100 illik yubileyi haqqında"kı 5 oktyabr 2011-ci il tarixli sərəncamında "milli ədəbiyyatşünaslığın bir məktəb kimi formalaşdırılması və inkişaf etdirilməsi sahəsində təqdirəlayiq xidmətlər göstərmiş,... xalqımızın bədii-ictimai fikir tarixinin tədqiqi, eləcə də mədəni irsimizin və mənəvi sərvətlərimizin təbliği işinə mühüm töhfələr vermiş" böyük vətəndaş alim barəsində dövlət səviyyəsində səslənən fikirlər, habelə alimin elmi irsinin nəşri və xatirəsinin əbədiləşdirilməsi sahəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ölkəmizdə milli ziyalılığa, elmə və alimə bəslənilən yüksək ehtiramın və qayğıkeş münasibətin əməli göstəricisidir. Bakıda və Naxçıvanda keçirilən genişmiqyaslı simpoziumlarla, Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı əsasında Naxçıvan şəhərində yeni salınmış məhəllələrdən birində adına verilmiş abad küçə ilə müşayiət olunan və davam etməkdə olan tədbirlər, haqqında çap edilən kitablar və elmi məqalələr professor Abbas Zamanovun simasında müstəqil Azərbaycan dövlətinin elm siyasətinin konkret nəticələridir.

Əməkdar elm xadimi, görkəmli alim və böyük Azərbaycan ziyalısı Abbas Zamanovun elmimizin və ictimai fikrimizin inkişafı sahəsində səmərəli fəaliyyətini, Vətənə xidmət nümunəsi olan şərəfli ömür yolunu göz önünə gətirərkən və bu unudulmaz, parlaq şəxsiyyətin xatirəsinin müstəqil dövlətimiz tərəfindən layiqincə qiymətləndirildiyinin şahidləri olaraq düşünürsən:

Doğrudan da, şikayətlənmək üçün heç bir əsas yoxdur, əksinə, daxilən qürur duymağa, iftixar hissi keçirməyə dəyər!

 

İsa HƏBİBBƏYLİ,

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik, Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM