28 Noyabr 2021 00:28
1437
İQTİSADİYYAT
A- A+

Seulda işğaldan azad olunmuş ərazilərimizin investisiya potensialının təqdimatı keçirilib

 

Koreya Respublikasının paytaxtı Seul şəhərində “Azərbaycan - Cənubi Koreya Ticarət Forumu” keçirilib. Tədbirdə idxalın təşviqi sahəsində fəaliyyət göstərən Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) üzv şirkətləri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Elnur Əliyev sahibkarlığın stimullaşdırılması və rəqabət qabiliyyətinin artırılması üçün görülən işlər, pandemiya dövründə kiçik və orta biznesə (KOB) dəstək mexanizmləri, maliyyə resurslarına sadələşdirilmiş çıxışın təmin olunması və digər tədbirlər nəticəsində qeyri-neft ixracında əldə olunmuş uğurları diqqətə çatdırıb. Belə ki, pandemiyanın təsirlərinə baxmayaraq, 2021-ci ilin ilk 10 ayı ərzində qeyri-neft sektoru 5,9 faiz, ixrac 37,7 faiz, qeyri-neft ixracı isə müstəqilliyimizin bərpasından indiyədək olan dövrdə ən yüksək həddə - 42 faiz artıb. Torpaqlarımızın işğaldan azad edilməsi ilə yaranan yeni reallıqları və innovativ təşəbbüslərin həyata keçirilməsi imkanlarını vurğulayan nazir müavini bu ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib, koreyalı investorları fəal əməkdaşlığa dəvət edib.

Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov qeyd edib ki, “Made in Azerbaijan” brendi altında Azərbaycan məhsullarının Koreya və Asiya bazarlarına ixrac olunması üçün KOIMA ilə əməkdaşlıq əhəmiyyətlidir. Bu baxımdan belə tədbirlərin təşkil edilməsi və biznes əlaqələrinin intensivləşdirilməsi zəruridir.

KOIMA-nın sədri Qvanq-hee Honq biznes və ixracın təşviqi sahəsində həyata keçirilən tədbirlərin işgüzar dairələr arasında tərəfdaşlıqda önəmini vurğulayıb, Koreya şirkətlərinə Azərbaycanın işgüzar şəraitindən yararlanaraq ölkəmizin biznes dairələri ilə əlaqələri genişləndirməyi tövsiyə edib.

AzPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanda reallaşdırılan təşviq tədbirləri, “Made in Azerbaijan” brendinin dünyada tanıdılması və ölkəmizin ixrac potensiallı məhsulları barədə təqdimatla çıxış edib.

Tədbir çərçivəsində Azərbaycan məhsullarının sərgisi keçirilib.

Azərbaycan nümayəndə heyəti ilə KOIMA arasında keçirilən ikitərəfli görüşdə isə ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Həmin gün Seulda Ticarət və İnvestisiya Forumu keçirilib. Forumda sənayenin müxtəlif istiqamətlərində fəaliyyət göstərən şirkətlər iştirak edib.

Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu tədbirdə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov, KOTRA-nın icraçı vitse-prezidenti Tae-ho Kim və digər şəxslər iştirak edib.

Tədbirdə işğaldan azad olunmuş ərazilərimizin inkişafı, Qarabağ regionunda icra olunan infrastruktur layihələri, bərpa-quruculuq işləri, həmçinin bu ərazilərin investisiya potensialı və zəngin təbii ehtiyatları barədə məlumat verilib, Azərbaycanda sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühiti, vergi güzəştləri, sektoral imkanlar barədə təqdimat nümayiş olunub.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə KOTRA arasında görüş keçirilib, investisiya və biznes əlaqələrinin genişləndirilməsi müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video