01 Oktyabr 2021 00:39
2286
SİYASƏT
A- A+

Şərəf  və qəhrəmanlıq salnaməsi

 

İkinci Qarabağ müharibəsini qələbə ilə başa vuran Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu, tarixə milli qürurumuzun təntənəsi kimi yazıldı. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətinin, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətinin və xalqımızın milli birliyinin təntənəsi oldu.

Vətən torpaqlarının azadlığı uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Xalqımız öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi, məğlubiyyət damğasını üzərindən götürdü. Bu savaşın nəticəsində dünya bizi həm də qalib xalq kimi tanıdı.

Müharibə itkisiz olmur, həm də torpaq uğrunda ölən varsa, vətəndir. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar, şəhadət zirvəsinə ucaldılar. İşğaldan azad olunmuş vətən torpaqlarımız şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi.

Azərbaycan xalqı hər zaman mübariz övladlarının şücaətini yüksək qiymətləndirəcək, şəhidlərimizin xatirəsi daim uca tutulacaq. Prezident İlham Əliyevin sərəncamı ilə sentyabr ayının 27-nin Anım Günü kimi qeyd edilməsi də şəhidlərimizin ruhuna olan ehtiramın nümunəsidir. “İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq”, - deyə Prezident İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqımıza müraciətində bildirib. Anım Günü ilə bağlı Prezident İlham Əliyevin müraciəti, Bakıda keçirilən yürüş, Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulması bir daha göstərdi ki, şəhidlərimizin adı həmişə uca tutulacaq, onlar ehtiramla yad ediləcək.

Dövlətimiz hər zaman Vətən uğrunda döyüşən, sağlamlığını itirən igid övladlarına, şəhidlərimizin ailələrinə xüsusi qayğı ilə yanaşıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstəriş və tapşırıqlarına əsasən bu kateqoriyadan olan insanların sosial qayğıları daim diqqət mərkəzində saxlanılır, onların aradan qaldırılması məqsədilə genişmiqyaslı layihələr həyata keçirilir. Şəhid ailələri və müharibə əlilləri üçün yaşayış komplekslərinin, şəhərciklərin inşa edilməsi, reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi də bunun bariz ifadəsidir.

İndiyədək bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub. 2020-ci ildə 1572 mənzil verilib, bu il 3 minə yaxın mənzil veriləcək. Avqustun 25-də Prezident İlham Əliyevin “Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” imzaladığı sərəncam bu prosesin ardıcıl xarakter aldığını göstərir və bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin həllində müstəsna rol oynayır. Eləcə də indiyədək müharibə əlillərinə 7200 avtomobil verilib.

Müharibə əlillərinə, şəhid ailələrinə göstərilən diqqət və qayğı cəmiyyətimizdə böyük razılıqla qarşılanır. Onlar vətən uğrunda döyüşərək sağlamlıqlarını itiriblər, vətən uğrunda canlarından keçiblər. Buna görə bu qəbildən olan insanlara göstərilən qayğı həm də bütün Azərbaycan cəmiyyətinin ehtiramının ifadəsidir.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimiz cənnətdə rahat uyuyurlar. Ona görə ki, əmanət qoyub getdikləri doğmalarının - valideynlərinin, övladlarının yanında qüdrətli Azərbaycan dövləti var... Bəli, şəhidlərin xatirəsi bizə nə qədər əzizdirsə, onların əzizlərinin, ailələrinin sosial rifahı, mənzil-məişət şəraiti də bir o qədər dövlətimizin diqqət mərkəzindədir. Bu sahədə ən gözəl nümunələri isə Azərbaycan Prezidenti cənab İlham Əliyev ortaya qoyur.

Artıq Dağlıq Qarabağ problemi yoxdur. Möhtərəm İlham Əliyevin “dəmir yumruğ”u problemə birdəfəlik son qoydu. Müharibənin başa çatmasından ötən hər bir gün Azərbaycanın şanlı qalibiyyətini dünyaya çatdırır. İndi dövlətimizin milli prioriteti işğaldan azad edilmiş ərazilərin bərpasıdır, erməni vəhşiliyinin qurbanı olmuş şəhər və kəndlərimizin yenidən qurulması, keçmiş məcburi köçkünlərin repatriasiyasıdır.

Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə həm də bütün dünya erməni vəhşiliyinin şahidi olurdu. Kənd və şəhərlərimizin 30 il davam edən işğal dövründə dağıdılması hər birimizi göynətdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib. Ağdam, Cəbrayıl, Füzuli şəhərlərindən, azad olunan rayonların əksər kəndlərindən əsər-əlamət qalmayıb. Tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilib.

Ermənistan bütün bu cinayətlərinə görə cavab verəcək. Dövlətimizin həyata keçirdiyi sürətli bərpa və yenidənqurma işləri isə düşmənin Qarabağ və Şərqi Zəngəzurda vurduğu yaraları tezliklə sağaldacaq. Ötən ilin noyabr ayından başlayaraq azad olunmuş torpaqlarımızın bərpası istiqamətində atılan hər bir addım, icra olunan hər bir layihə həm də qələbəmizi tərənnüm edir. Müharibənin başa çatmasından ötən on ay ərzində Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma layihələri sürətlə icra olunmaqdadır.

Prezident İlham Əliyev ötən ilin noyabrından bu ilin avqust ayına qədər işğaldan azad olunmuş ərazilərə 11 dəfə səfər edib. Bu səfərlər, ilk növbədə, dövlət başçısının azad olunan ərazilərimizin yenidən qurulmasına olan həssas münasibətindən xəbər verir. Hər bir səfər azad olunmuş Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsinə xidmət edən müxtəlif infrastruktur layihələrinin təməlinin qoyulması ilə yadda qalıb. Təsadüfi deyil ki, işğaldan azad edilmiş torpaqlarımız indi böyük inşaat meydanıdır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 10 yeni avtomobil yolu, 3 hava limanı, dəmir yolu xətləri, su elektrik stansiyaları, yarımstansiyalar, su xətləri inşa olunur.  Həmçinin ermənilərin dağıtdığı kənd və şəhərlərimizin  smart konsepsiyalar əsasında bərpasına başlanılıb.

İndiyədək bəzi infrastruktur layihələri uğurla yerinə yetirilib. Bir neçə ay əvvəl Laçında Prezident İlham Əliyevin iştirakı ilə Güləbird elektrik stansiyası istifadəyə verilib. Bundan başqa, Şuşanın yenidən qurulması, tarixi-mədəni irsinin bərpası istiqamətində xeyli iş görülüb.

Bir müddət əvvəl Füzuli Beynəlxalq Hava Limanına  ilk təyyarənin eniş etməsi torpaqlarımızın işğaldan azad edilməsinin və Qarabağdakı yenidənqurma işlərinin növbəti təcəssümü oldu. Əvvəldə qeyd etdiyim kimi, biz torpaqlarımızın azad ediləcəyinə əmin idik, həmin günün mütləq yetişəcəyinə inanırdıq. Amma 2020-ci ilin bu günlərində təsəvvür belə etmirdik ki, cəmi bir ildən sonra Bakıdan Qarabağa təyyarə ilə getmək mümkün olacaq. Vətən müharibəsində torpaqlarımızın azad edilməsi kimi tarixi missiyanı layiqincə yerinə yetirən möhtərəm Prezident İlham Əliyevin Qarabağda başlatdığı bərpa və quruculuq işləri tezliklə keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytaracaq.

Habelə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun ölkəmizin mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən,  dövlət başçısı tərəfindən “Zəfər yolu” adlandırılan avtomobil yolunun inşası tamamlanmaq üzrədir. Görünən odur ki, işğaldan azad olunmuş ərazilərin doğma sahiblərinin repatriasiyası sürətlə həyata keçirilərək, Qarabağ və Şərqi Zəngəzur şöhrətini qısa zamanda özünə qaytaracaq.

 

Hadi RƏCƏBLİ,

siyasi elmlər doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video