23 Sentyabr 2021 00:37
1038
Mədəniyyət
A- A+

Sənətşünaslıq elminin görkəmli tədqiqatçısı

 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kərim Kərimovun elmi irsi milli sənətşünaslıq məktəbinin yaradılmasında mühüm yer tutur. Onun elmi fəaliyyəti XX əsrin ikinci yarısından sonra müasir sənətşünaslığın ən uğurlu nailiyyətlərindən birini təşkil edir. Bura milli təsviri sənətin müxtəlif janrlarından tutmuş, inkişaf dövrlərinədək çoxsaylı elmi araşdırmalar daxildir. Bunların hər birində Kərim müəllim yeni söz deməyə qadir olan mahir tədqiqatçı kimi özünü göstərmişdir.

Sənətşünaslığa olan dərin həvəs və maraq K.Kərimovda hələ Bakı Dövlət Universitetində təhsil aldığı illərdən (1946-1951) başlamışdır. O zamanın görkəmli şərqşünasları, sənətşünas, rəssam və tarixçilərindən aldığı dərslər K.Kərimovun istedadlı tədqiqatçı kimi formalaşmasında mühüm rol oynamışdır. Onların mühazirələri, dərin və mükəmməl yaradıcılıq irsi K.Kərimovun incəsənətə, xüsusilə də, təsviri sənətə olan vurğunluğunu və hədsiz marağını daha da artırmışdır.

Bu maraq onu təhsilini davam etdirmək məqsədilə Azərbaycan EA-nın Memarlıq və İncəsənət institutunun aspiranturasına gətirib çıxarır. Aspiranturada təhsil aldığı illərdə K.Kərimov ilk elmi axtarışlarını “XIX-XX əsrin əvvəllərində Azərbaycan realist təsviri sənətinin təşəkkülü və inkişafı” mövzusunda namizədlik dissertasiyası üzərində çalışdığı zaman aparır. Bu dövrdə o, Azərbaycan-rus mədəni əlaqələrinə dair, Bəhruz Kəngərli, Əzim Əzimzadə kimi görkəmli rəssamların yaradıcılığına həsr olunmuş maraqlı tədqiqatlar üzərində işləyir, həmçinin təsviri sənətin müxtəlif növ və janrlarının milli zəmində təşəkkülü və inkişafını əks etdirən araşdırmaları ilə seçilir.

Kərim Kərimovun elmi irsi geniş və çoxşaxəlidir. Onun adı gələndə, ilk növbədə, görkəmli alimin miniatür sənətini xatırlayırıq. K.Kərimovun elmi irsinin zirvəsini məhz Orta əsrlər Azərbaycan miniatür sənətinin və onun nümayəndələrinin yaradıcılığının öyrənilməsi təşkil edir. Xüsusilə, XVI əsr Təbriz miniatür rəngkarlığının Yaxın və Orta Şərq xalqlarının bədii mədəniyyətinin qarşılıqlı əlaqələrinin inkişafında rolunu və mövqeyini araşdıran alim aşkarladığı yeni maraqlı faktlarla sənətşünaslıqda öz sözünü deməyə müvəffəq olmuşdur. Bununla əlaqədar olaraq K.Kərimov Şərq xalqlarının miniatür sənətini tədqiq edən bir çox Qərb və Şərq alimlərinin əsərlərini, Orta əsr traktatlarını dərindən öyrənərək müqayisəli təhlil əsasında çox qiymətli məlumatlar vermişdir.

Alimin bu araşdırmalarında ən dəyərli cəhət isə XVI əsr Təbriz miniatür məktəbinin inkişafını həm Azərbaycan milli ənənəsi ilə, həm də Yaxın və Orta Şərq xalqlarının bədii məktəbləri ilə qırılmaz vəhdətdə göstərməsi idi. Bunun üçün o, miniatür sənətinin inkişaf prosesini tarixi, ictimai-siyasi və maddi həyatın bütün tərəfləri ilə qarşılıqlı əlaqədə izləyərək bu sənətin milli özünəməxsusluğunu tanıtmağı qarşısına məqsəd qoymuşdur. Məqsədinə nail olan alimin əldə etdiyi qiymətli nəticələr, demək olar ki, bütün Yaxın və Orta Şərq xalqlarının mədəniyyətinin və incəsənətinin qarşılıqlı əlaqələrinin öyrənilməsi yolunda geniş imkanlar açmışdır.

Beləliklə, K.Kərimov 1971-ci ildə “XVI əsr Təbriz miniatür məktəbi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etməklə klassik Şərq miniatür sənətinin formalaşmasında Azərbaycan mədəni irsinin rolunu və əhəmiyyətini təsdiq etdi. Bu sanballı tədqiqat işi ilə müəllif nəinki XVI-XVII əsrlər Azərbaycan miniatür sənətinin məşhur nümunələrini aşkar etdi, həmçinin Təbriz miniatür məktəbinin yeni üslubunun formalaşması prosesi haqqında müasir təsəvvürləri genişləndirdi, onları ayrı-ayrı ustad sənətkarların yaradıcılığına dair əlavə məlumatlarla zənginləşdirdi. Bütün bu axtarışların və tədqiqatların bəhrəsi alimin “Sultan Məhəmməd və onun məktəbi” (Moskva, 1970), “Miniatür rəngkarlığı” (Bakı, 1983) monoqrafiyalarının və bir sıra miniatür albomlarının nəşrində əksini tapır.

Bu problem, demək olar ki, alimi daim düşündürmüş və Orta əsrlərin miniatür sənətinin inkişafında Azərbaycanın tutduğu yeri bütün dünyada tanıtmağa çalışmışdır. Bu cəhd K.Kərimovun müxtəlif beynəlxalq simpozium və konfranslarda etdiyi məruzələrdə də aydın ifadə olunmuşdur. O, çıxış etdiyi bütün elmi məclislərdə milli sənətşünaslığı layiqincə təmsil etmişdir.

Kərim Kərimovun sənətşünaslıq elmində gördüyü səmərəli işlər yüksək qiymətləndirilmişdir. O, 1987-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. Uzun illər çalışdığı doğma Memarlıq və İncəsənət İnstitutunda aspirant pilləsindən rəhbər vəzifələrədək yüksəlmişdir.

Pedaqoji fəaliyyətində də Kərim Kərimov fədakarlıqla çalışmışdır. Uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir çox gənc sənətşünasların hazırlanmasında böyük əmək sərf etmişdir. Kərim müəllim pedaqoji fəaliyyətinə görə professor elmi adına layiq görülmüşdür.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda 20 il fəaliyyət göstərən “İncəsənətin qarşılıqlı əlaqələri” şöbəsi milli sənətşünaslıq elminin görkəmli simalarından biri olan Kərim Kərimovun böyük təşəbbüsü ilə yaradılmışdır. Bu işdə onun tövsiyələri əvəzsiz olmuşdur. Belə ki, şöbə yaradıldığı zaman o bu təşəbbüsün həyata keçirilməsi üçün çox yaxından kömək göstərmişdir.

Görkəmli alim müxtəlif konfranslarda, simpoziumlarda və elmi şuralarda dəfələrlə kompleks tədqiqatlar aparılmasını, müqayisəli sənətşünaslığın prioritetliyini vurğulamışdır. Ona görə də, şöbədə ilk beşillik tematik planının - “Azərbaycan incəsənətinin Şərq xalqları incəsənəti ilə qarşılıqlı əlaqəsi” probleminin elmi cəhətdən işlənilməsi məhz Kərim müəllimin tövsiyəsi ilə olmuşdur. Zənnimizcə, bu çox düzgün və düşünülmüş bir təklif idi. Belə ki, məhz sənətşünaslığın bizə yaxın olan və kifayət qədər öyrənilən bu sahəsi gələcək tədqiqatlar üçün də yeni perspektivlər açırdı.

Həmin illər mənim sənətşünaslığın yeni və işlənilməmiş sahəsi olan “incəsənət və etnos” probleminin araşdırılmasına dair təşəbbüsümü də məhz Kərim Kərimov müdafiə etmişdir. Öz ölkəsinin əsl vətənpərvər oğlu kimi, Kərim müəllim hər zaman Azərbaycanın bədii mədəniyyət tarixinin daha dərindən öyrənilməsini tələb edirdi. Belə ki, onun tərəfindən aparılan tədqiqatlarda dəfələrlə azərbaycanlıların milli özünəməxsusluq ideyası vurğulanır və əsas götürülürdü. Bunun da aşkarlanmasını o, bilavasitə müqayisəli təhlilin aparılması ilə əlaqələndirirdi.

Kərim Kərimov gözəl ailə başçısı kimi cəmiyyət üçün layiqli övladlar yetişdirmişdir. Qızı Solmaz, Azərbaycan Texniki Universitetinin “Memarlıq” fakültəsini bitirmiş, oğlanları Azər tanınmış həkim, Mahmud fizika-riyaziyyat elmləri doktoru, akademik, 2001-2013-cü illərdə AMEA-nın prezidenti olmuşdur.

Bu gün qürur hissi ilə deyə bilərik ki, istedadlı alim, gözəl insan K.Kərimovun həyat yolunun hər bir mərhələsində başladığı işlər sənətşünaslıq elmində uğurla davam etdirilir.

 

Rəna MƏMMƏDOVA,

AMEA-nın müxbir üzvü, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video