13 Avqust 2021 00:33
1028
Mədəniyyət
A- A+

“Sənət ilahəsi”

 

Hindistanın ilk baş naziri Cəvahirləl Nehru Xalq artisti Elmira Rəhimovanı belə adlandırmışdı

 

Hər sənətin öz gözəlliyi və özəlliyi olur. Lakin elə sənət növləri də var ki, onu öyrənib mənimsəməkdən daha çox, ilahidən sənə pay verilir. Yaxşı səs, müğənnilik, musiqi duyumu, ifaçılıq da belələrinə aiddir. Azərbaycan musiqi sənətində xüsusi dəstxəti ilə seçilən və sevilən  korifey sənətkarlarımız az olmayıb. Xalqımızı heç də ötəri yerə nəğməkar adlandırmayıblar. Muğam, xalq mahnılarını yetərincə ifa etmək və dünya xalqlarına sevdirmək hər sənətkara nəsib olmur. Barmaqla sayılan belə sənətkarlarımızdan biri də 80 illik yubileyi könüllərdə qeyd edilən Xalq artisti Elmira Rəhimovadır.

Səsi  bu gün dünyanı dolaşan müğənni ilk dəfə iyirminci yüzilliyin ortalarında konsert salonlarında, radio dalğalarından eşidilməyə başladı. O zamanlar hələ məktəbyaşlı idi. Radio və televiziya verilişlərinə dəvət alanda beləcə də təqdim edilirdi: “Oxuyur Bakı məktəblisi Elmira Rəhimova”.

Əlbəttə, sonralar bu təqdimatın auditoriyası genişləndi. Elmira Rəhimova sənət aləminin korifeylərinin diqqətini çəkdi. Daha möhtəşəm konsert salonlarında sürəkli alqışlandı. O, xalq məhəbbətini  qazandı.

Elmira Rəhimovanın yalnız səsi, səhnə mədəniyyəti deyil, həm də etik-estetik davranışları da onu sevdirirdi. Sənətkarın özünəməxsus ifaçılıq qabiliyyəti, səsinin ahəngindəki şirinlik - titrəyiş, həzinlik mahnılarına özgə bir ovqat əlavə edirdi. Sevilən mahnıları dillər əzbərinə çevrilir, sənət dünyasında yeni bir istedadın parladığı görünürdü. Axı, Elmira Rəhimova səhnəyə və sənətə təsadüfi gəlmirdi.

 

15 yaş və ilk mükafat

 

Elmira Rəhimovanın bəxti həm də onda gətirmişdi ki, həmin dövrdə hind mahnıları  ecazkarlığına görə dünyanı heyran qoyurdu. Bakıdakı kinoteatrlarda göstərilən hind filmlərindəki Şərq musiqiləri gəncliyi öz təsirinə salmışdı. Paytaxtın ən qədim yaşayış məkanı olan İçərişəhərdə yaşayan Elmirada da hind mahnılarına sevgi böyük idi. O da hind musiqilərinə heyranlıqla qulaq asır və zümzümə etməklə yanaşı, aktrisa kimi, özünü obrazlarda görürdü. Hindli qadınlarının geyimində isə o, özünü tamamilə özgə bir aləmdə hisss edirdi.

Orta məktəb illərindən başlayan bu sənət sevgisi onun yolunu 1956-cı ildə Moskvada keçirilən Ümumittifaq Baxış Müsabiqəsinə saldı. Elmira burada “Avara” hind filmindən ifa etdiyi mahnı ilə daha böyük və gurultulu tamaşaçı alqışı qazandı. Bu, o vaxtlar idi ki,15 yaşlı Elmira Rəhimova ilk mükafat və fəxri fərmanlara layiq görülürdü.

Xalqımızın və eləcə də dünyanın 60-dək ölkəsindəki musiqisevərlərin qəlbində əbədi sevgi qazanan Elmira Allahverdi qızı Rəhimova 1941-ci il avqust ayının 13-də Bakıda anadan olub. Paytaxtdakı 18 nömrəli orta məktəbdə təhsil alıb. Kiçik yaşlarından hind musiqisinə olan vurğunluq onu bu qədim ölkənin mədəniyyətinə bağlayıb. 1955-ci ildən M.Maqomayev adına Mahnı və Rəqs Ansamblının solisti kimi tanınıb. 1965-ci ildə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda Seyid Şuşinskinin sinfini, daha sonralar isə Azərbaycan Dövlət Dillər  İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib.

Yaradıcılığı çoxcəhətli olan Elmira Rəhimovanın repertuarına Azərbaycan xalq mahnıları, təsniflər, bəstəkar mahnıları daxildir. Ən maraqlı və həyatının unudulmaz anlarından biri 1957-ci ildə Hindistanın Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə bu ölkəyə getməsi, üç il orada klassik hind rəqs sənətini mənimsəməsidir.

Xatirələrin birində istedadlı müğənni bildirirdi ki, ifasında Azərbaycan mahnılarını dinləməyi çox sevən Cəvahirləl Nehru bayram günlərində onu da rəsmi ziyafətlərə dəvət edərmiş. O, hətta bu qarayanız azərbaycanlı qızını “Miradi” - deyə çağırarmış (“Mira” hindcə, “sənət ilahəsi” deməkdir).

Elmira Rəhimovanın istər yaradıcılığında, istərsə də həyatında Hindistanla mədəni əlaqələrin mühüm rolu olub. 1961-ci ildə yenidən Hindistana dəvət olunmuş müğənni oradan qayıtdıqdan sonra müxtəlif musiqi ansambllarında çıxış edib. Sevə-sevə ifa etdiyi “Ana laylası”, “Küsüb məndən”, “Sənin gülüşlərin”, “Mən anayam” kimi mahnıları ona əbədi şöhrət gətirib.

 

Dehlidə ağlına gəlməyən başına gəlib…

 

Xalq sevgisini qazanan Elmira Rəhimovanın sənətkarlığı, eləcə də Azərbaycan və hind mahnılarının təbliğindəki xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib. 1967-ci ildə respublikanın Əməkdar, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Elmira Rəhimova 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olub. Dünyanın 60-dan çox ölkəsinə qastrol səfərlərinə gedib.

Elmira Rəhimova ilk azərbaycanlı idi ki, Hindistanda təhsil almaq ona qismət olub.  Doğma Vətənindən ayrılıb, “özgə bir aləm”ə düşmək o qədər də asan olmur. Həm də sənin cəmi 16 yaşın ola. Hindistana, xüsusən də paytaxt Dehliyə qədəm basanda ağlına gəlməyən başına gəlib: təmtəraqla qarşılanıb. Azərbaycanlı qızın şərəfinə  təşkil olunan ziyafət, 200 nəfər adlı-sanlı incəsənət adamının, hətta, dövlət xadiminin qatıldığı mərasimdə “gözləri qaralsa da”, “başı gicəllənməyib”.

Nəğmələri ilə ürəklərə yol tapan Elmira xanımın yaxşı xatirindədir ki, “Ay işığında” mahnısını, “Segah” muğamını ustalıqla ifa etməsi, həmçinin “Naz eləmə” rəqsini özünəməxsus şuxluqla oynaması hindli tamaşaçılara xoş təsir bağışlayıb. Bir gün sonra günəşlər ölkəsində çıxan qəzetlər “Azərbaycan bülbülü Hindistana gəlmişdir” başlığı altında Elmira Rəhimova haqqında yazılar dərc ediblər.

Rabindranad Taqor tərəfindən əsası qoyulan məşhur Kəlküttə-Şantiniketan Universitetində təhsil almağa başlayan Elmira Rəhimova əsasən milli və klassik hind mahnılarını öyrənməyə üstünlük verib. Deyirlər ki, klassik hind ladlarının ifası isə çox çətindir. Ona görə ki, burada 40-a qədər ahəng var.

 

Hindistan şahzadəsinin elçi düşdüyü qız

 

Elmira Rəhimova püxtələşmək üçün enişli-yoxuşlu sənət yollarından keçməli olub: Hindistanın Qucarat ştatındakı universitetdə dərs alıb. O, burada məşhur mütəxəssislərdən hind musiqisinin nəzəriyyəsini öyrənib, peşəkarlıq və sənətkarlıq qabiliyyətini daha da yüksəldib. Hindistanda keçən günlər Elmira Rəhimovanın həyatında çox unudulmaz xatirəyə dönüb. O, burada Baş nazir Cəvahirləl Nehru, onun qızı İndira Qandi, eləcə də məşhur kino ulduzları Raç Kapur, Qopal, Nərgiz və digər tanınmış simalarla tanış olub.

Elmiranın təkcə sənətini deyil, özünü də ürəkdən sevən insanlar vardı. Hindistan şahzadəsinin ona elçi düşməsi o dövrdə Azərbaycanda səs-küyə də səbəb olmuşdu. Bu sevdanın baş tutmaması bəzi səbəblərlə bağlıdır. Amma əsası odur ki, Elmira Rəhimova öz vətənini  -  Azərbaycanı daha çox sevirdi. O, sonralar da bu ölkəyə dəfələrlə gəlib. Maraqlıdır ki, Bakıda hind mahnılarını oxumağı xoşlayan Elmira Rəhimova Hindistanda  repertuarı dəyişirdi. Orada o, Azərbaycan muğamlarını, xalq mahnılarını ifa etməyi daha çox sevirdi.

Daha bir maraqlı fakt da ondan ibarətdir ki, Elmira Rəhimova rus, hind, ingilis dillərini mükəmməl bilən ilk azərbaycanlı müğənnidir.

Müxtəlif musiqi ansamblları ilə uğurla çıxış edən Elmira xanımın ifasında dəfələrlə eşidilən mahnılar çox fərqli və qeyri-adi bir ahəngdə olub.

 

Hind xalqına nəğmələrimizi və musiqimizi sevdirən müğənni

 

Heç də təsadüfi deyil ki, Elmira Rəhimova Əməkdar artist fəxri adına layiq görüləndə cəmi 25 yaşı vardı. Çünki artıq Elmira Rəhimova o vaxta kimi F.Əmirovun, C.Cahangirovun, R.Hacıyevin, A.Məlikovun, N.Məmmədovun, T.Hacıyevin, E.Sabitoğlunun onlarca mahnısının ilk ifaçısı olmuşdur.

Xalq artisti fəxri adına 2000-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən layiq görülən Elmira Rəhimova sənət dünyasının bərq vuran dan ulduzlarından biri kimi tanınıb. Bu sənət aşiqi həm də hind xalqına bizim doğma nəğmələrimizi və musiqimizi sevdirən müğənnidir.

Hind mahnılarının mahir ifaçılarından biri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, Tofiq Mukeşin müəllifliyi ilə 1989-cu ildə çapdan buraxılan “Azərbaycan-Hindistan mədəni əlaqələr” kitabında da göstərilir ki, (xatırladaq ki, Hindistanda Mukeşin mahnılarını gözəl ifa etdiyinə görə Tofiq Əliyev  elə Mukeşin özü tərəfindən “Azərbaycanın Mukeşi”  ləqəbini qazanıb. Onun Elmira Rəhimova ilə duetləri də sevilir) Elmira Rəhimova öz sanbalını qoruyan, sənətə məsuliyyətlə yanaşan, təvazökar, ağır təbiətli sənətkardır: “Elmira Rəhimova yalnız müğənni deyil, o, həm də Hindistanla mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verən ictimai xadim, diplomatdır. “Gör, mən kimlərlə bir səhnədə nəfəs almışam” deyən Elmira Rəhimova Sona Aslanova, Şövkət Ələkbərova, Yaşar Səfərov, Mirzə Babayev, Sara Qədimova, Oqtay Ağayev, Rübabə Muradova... kimi unudulmaz səs sahibləri ilə birgə  səhnə bölüşüb.

Yubilyarın əsas arzusu Qarabağın yaşıl tacı olan Şuşaya səfər etmək, Cıdır düzündə gəncliyindəki kimi, sənətini nümayiş etdirməkdir.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video