12 Oktyabr 2011 01:10
457
İQTİSADİYYAT
A- A+

Sənayedə qazanılan uğurların miqyası genişlənir

 

Dinamik templərlə iqtisadi inkişafını uğurla davam etdirən Azərbaycan daha böyük nailiyyətlərə imza atmaqda, əldə etdiyi müvəffəqiyyətlərin miqyasını genişləndirməkdədir. Bunu şərtləndirən əsas amillərdən biri ölkə iqtisadiyyatının diversifikasiyası istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdir. Hazırda Azərbaycan iqtisadiyyatının inkişafı çoxcəhətli xarakterə malikdir. Bu da   inkişafın bir sahə üzrə köklənməyərək kompleks xarakter daşıdığını göstərir.

İqtisadi müstəvidə son illərdə öz yüksək tərəqqi tempi ilə diqqəti cəlb edən əsas sahələrdən biri sənaye sferasıdır. Təhlillər göstərir ki, Azərbaycan sənayesinin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi durmadan artır. Qarşıdakı dövr ərzində isə sənaye sahəsində daha böyük həcmdə məcmu istehsal gözlənilir və bu məqsədlə konkret hədəflərə hesablanmış siyasət həyata keçrilir. Bunun nəticəsi kimi, ölkəmizdə yeni, müasir sənaye obyektlərinin istifadəyə verilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirmişdir: "Bütövlükdə sənayedə inkişafımızla bağlı çox vacib addımlar atılır. Azərbaycanda bir neçə böyük sənaye mərkəzi yaradılır... Bakı şəhərində, Sumqayıtda, Gəncədə və Bakının Qaradağ rayonunda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur. Bu istiqamətdə önəmli addımlar atılmışdır və ölkəmizdə sənayeləşmə siyasəti aparılır".

Sənayenin sürətli inkişafı Azərbaycanın iqtisadi qüdrətinin yüksəlişinə böyük töhfələr verərək onu daha güclü hala gətirir. Mövcud dünya təcrübəsi də göstərir ki, istənilən ölkənin ümumi iqtisadi inkişafının əsas fundamentini məhz sənaye sahəsi təşkil edir. Xüsusən də, müasir dövrdə elektroenergetika, maşınqayırma, kimya kimi sənaye sahələri inkişaf etdirilmədən hər hansı sürətli iqtisadi tərəqqidən danışmağa dəyməz. Digər tərəfdən, yenə də istənilən dövlətin müdafiə qabiliyyətinin yüksək olmasında, ordusunun maddi-texniki təminatının müasir tələblərə uyğun şəkildə qurulmasında yenə sənaye, o cümlədən də ağır sənaye amili həlledici rola malikdir. Yüngül və qida sənayesinin inkişafı isə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyətə malikdir.

Beləliklə, bütün bunlar sənayenin davamlı və sürətli inkişafının iqtisadi tərəqqi prosesində əsas prioritetlərdən biri kimi çıxış etdiyini göstərir. Sözügedən kontekstdə ölkəmizdə sənayenin yüksək templərlə artımı üçün görülən məqsədyönlü işlər, həyata keçirilən dövlət siyasəti artıq səmərəli nəticələr verməkdə, ölkəyə yeni uğurlar qazandırmaqdadır. Müasir Azərbaycan sənayesi və bu sferada istehsal edilən məhsullar keyfiyyət, kəmiyyət, dəyər və natural göstəriciləri baxımından dünya standartlarına cavab verir. Eyni zamanda, sənayenin mövcud tərəqqisi iqtisadiyyatın digər sahələrinin inkişafına təsirsiz ötüşməyərək onları daha mütəhərrik hala gətirir. Məsələn, ağır sənaye sahəsində istehsal olunan məhsullar orduda, kənd təsərrüfatında, rabitə və nəqliyyatda, tikintidə, ticarətdə geniş istifadə edilir, bununla da, həmin sferaların inkişafına böyük təkan verir. Ölkə təsərrüfatının bütün istiqamətlər üzrə texniki tərəqqisində yenə sənaye faktoru xüsusi çəkiyə malikdir. Ölkənin iqtisadi potensialının formalaşmasında və davamlı tərəqqisində, sosial-iqtisadi yüksəlişin etibarlı bazisinin yaradılmasında sənaye sahəsinin müstəsna əhəmiyyəti var. 

Təqdirəlayiq haldır ki, ötən illərdə olduğu kimi, cari ilin ilk yarısında da ölkəmizdə sənaye istehsalının məcmu həcmi artmaqda davam edib. Hesablamalar göstərir ki, ölkənin sənaye sahələrində birinci yarımillikdə 15,6 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Sənaye məhsullarının 76,4 faizi mədənçıxarma bölməsində, 17,7 faizi emal bölməsində, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub. Bu ilin ilk altı ayı ərzində neft hasilatı 23,9 milyon ton, təbii qaz hasilatı isə 12,9 milyard kubmetr təşkil edib, qeyri-neft bölməsinin məhsullarından qiymətli metalların, qida məhsullarının, kimya sənayesi məhsullarının, elektrik enerjisinin, avtomobillərin, elektrik avadanlıqlarının və digər məhsulların istehsalında daha çox artım müşahidə olunub.

Daha bir mühüm cəhət sənaye istehsalında özəl sektorun payının artmasıdır. Bu, özəl bölmənin sürətli inkişaf yolunda olduğunu konkret faktların timsalında göstərən əsas amillərdən sayılır. Araşdırmalar göstərir ki, cari ilin ilk yarısında özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 79,5 faizini təşkil edib. Hesabat dövründə ümumi istehsalın 91,9 faizi sənaye mallarının (əmtəələrin), 8,1 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb. Statistik rəqəmlər bir daha Azərbaycan sənayesinin dinamik tərəqqi yolunda olduğunun real mənzərəsini yaradır, bu sahənin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin möhtəşəm uğurlara yol açdığını təsdiqləyir. Elə bunun nəticəsidir ki, bir çox sənaye məhsullarına olan tələb məhz yerli istehsal hesabına ödənilir və idxala olan ehtiyac aradan qaldırılır.

Azərbaycan əldə edilən nəticələrlə kifayətlənməyərək ümumi daxili məhsulun yaradılması prosesində sənayenin xüsusi çəkisinin daha da artırılması istiqamətində görülən işlərin miqyasını davamlı şəkildə genişləndirir. Yeni sənaye obyektləri yaradılır, əvvəl mövcud olan müəssisələr modernləşdirilir və bu zaman yeni texnologiyaların tətbiqi əsas prioritetlərdən birini təşkil edir. Digər tərəfdən, sənaye məhsullarının çeşidi çoxaldılır, onların ən yüksək keyfiyyət standartlarına cavab verməsi xüsusi diqqət mərkəzində olur. Başqa bir önəmli məqam  sənaye ilə bağlı bütün texnoloji prosesin ölkə daxilində reallaşması ilə bağlıdır. Hazırda bu səpkidə daha böyük nailiyyətlər əldə edilməsi üçün müvafiq addımlar atılır. Məsələn, bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən Sumqayıt şəhərində kimya sənayesi şəhərciyinin yaradılması üçün müvafiq göstəriş verilib. Dövlət başçısı kimya sənayesi şəhərciyində sırf özəl sektora aid olan müəssisələrin yaradılmasını da əsas vəzifələrdən biri kimi qarşıya qoyub. Bu da son məhsulun istehsalına qədər bütün texnoloji prosesin Azərbaycanda öz həllini tapmasına xidmət edir.

Qeyd olunanların digər vacib tərəfi sənayenin belə yüksək templə inkişafı üçün atılan addımların ölkədə məşğulluq səviyyəsinin yüksəlməsinə, xeyli sayda yeni kiçik və orta şirkətin yaradılmasına verəcəyi töhfələrdir. Elə bu da sənayenin tərəqqisinə Azərbaycanda kompleks şəkildə yanaşıldığını və artıq möhtəşəm uğurlara imza atıldığını göstərir. Qarşıdakı müddət ərzində isə qazanılan müvəffəqiyyətlərin miqyasının daha da genişlənməsi və sənaye istehsalının həcminin artırılması üçün möhkəm özüllər üzərində qurulmuş bazis yaradılıb. Məhz bu, Azərbaycanı perspektivdə daha böyük sənaye uğurları gözlədiyini tam qətiyyətlə deməyə əsas verir.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video