06 Avqust 2021 01:09
645
SİYASƏT
A- A+

Səmimi, sarsılmaz və əbədi qardaşlıq

 

Təməlində dostluq və qardaşlıq münasibətləri, xalqların birliyi dayanan Azərbaycan-Türkiyə əlaqələrinin dünya miqyasında analoqunu tapmaq mümkün deyil. Bu əlaqələr zaman-zaman tarixi sınaqlardan layiqincə çıxaraq möhkəmlənib.

Belə sınaqlardan biri ötən il torpaqlarımızın azadlığı ilə nəticələnən Vətən müharibəsi oldu. Müharibənin ilk günündən Türkiyə Azərbaycana açıq şəkildə və qətiyyətlə dəstək verdi, respublikamızın mövqeyini sona qədər müdafiə edəcəyini bildirdi. Türkiyə rəhbərliyinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu. Ermənistanın təəssübünü çəkən siyasi dairələr gördülər ki, Azərbaycan tək deyil.

“Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı”, - deyə Prezident İlham Əliyev bildirdi.

İyul ayının sonlarından isə Türkiyə dövləti ekoloji terrorla üz-üzə qalıb. Ölkənin bir sıra vilayətlərində baş verən yanğınlar təbiətə və əhaliyə böyük zərər vurub. Qardaş ölkədəki yanğın fəlakətinə Azərbaycan cəmiyyətinin göstərdiyi həssas münasibət isə təbiidir. Başqa cür ola da bilməzdi, Türkiyənin sevincini bölüşdüyümüz kimi, kədəri də bizim kədərimizdir.

  Qardaş ölkədə baş verən yanğına ilk həssas münasibət bildirən Prezident İlham Əliyev oldu. Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğana məktubunda Prezident İlham Əliyev bildirdi ki, qardaş ölkənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbər bizi son dərəcə kədərləndirir. Dövlət başçısı məktubunda Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu bəyan etdi. Birinci vitse-prezident Mehriban Əliyeva da rəsmi “Instagram” səhifəsində qardaş Türkiyədə baş verən yanğınlar nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi.

Təsadüfi deyil ki, Türkiyəyə kömək üçün yardım əlini ilk uzadan ölkə də qardaş Azərbaycan oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-dan Türkiyədədir. Daha sonra yola düşən ikinc qrup da artıq Türkiyədə yanğınsöndürmə əməliyyatlarına qoşulub. Bu qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir. Dünən isə respublikamızın yanğın-xilasetmə qüvvələrinin 3-cü qrupu Türkiyə Respublikasına yola düşdü.

Bütün bunlar həm də onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq ölkəmizdə yanğınların, ümumiyyətlə ekstremal halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində mükəmməl maddi-texniki baza yaradılıb. Digər ölkələrlə müqayisədə Azərbaycanda yanğın risklərinin aşağı olmasına baxmayaraq, respublikamızın belə bir potensiala sahib olması hər birimizdə qürur hissi doğurur.

Ötən günlərdə respublikamızın yanğınsöndürənləri öz missiyalarını peşəkarlıqla həyata keçiriblər. Yanğınların ciddi vüsət aldığı bölgələrdə yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb.  Havaların kəskin isti keçməsi və küləyin istiqamətinin dəyişkən olması vəziyyəti daha da çətinləşdirir. Bəzi hallarda söndürülmüş ərazilərdə alovun yenidən qalxması ciddi risklər yaradır. Bunlara baxmayaraq, yanğınsöndürənlərimiz öz vəzifələrinin öhdəsindən uğurla gəlir, yanğının irəliləməsinin qarşısını inamla alırlar. 

Onu da qeyd edim ki, Azərbaycanın dəstəyi, Türkiyənin bu çətin günlərində yanğınsöndürənlərimizin köməyə gəlməsi bütün qardaş ölkədə böyükdən kiçiyə hər kəs tərəfindən təqdir olunur. Hər kəs başda Prezident İlham Əliyev olmaqla xalqımıza təşəkkür edir, yanğınsöndürənlərimizin qəhrəmanlıqlarından danışır. Türkiyədə baş verən meşə yanğınları fonunda öz təsdiqini tapan bəlli həqiqətlərdən biri Azərbaycan-Türkiyə qardaşlığı oldu. Eyni zamanda bir daha bütün dünyaya aydın oldu ki, bu qardaşlıq səmimi, sarsılmaz və əbədidir.

 

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video