02 Iyul 2021 18:03
807
İQTİSADİYYAT
A- A+

“Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi uğurla başa çatıb

 

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) tərəfindən “ABAD” publik hüquqi şəxs ilə birgə icra edilən “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsinin bağlanış tədbiri keçirilib.

“Marxal” otelinin konfrans zalında keçirilən tədbirdə Aİ nümayəndəliyinin Azərbaycandakı rəhbəri, səfir Kestutis Yankauskas, BMT İP-nin rezident nümayəndəsi Alessandro Frakassetti, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər yerli icmaları dəstəkləmək üçün ailə biznesinə investisiya qoyuluşunun əhəmiyyətini vurğulayıb, 2017-ci ildən start verilən layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat veriblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, layihənin əhəmiyyətindən söz açıb, şəhər rəhbərliyinin belə layihələrin həyata keçirilməsinə hər zaman dəstək olacağını deyib. Bildirilib ki, sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə sənətkarlığın digər növləri kimi, keramika sənəti də el sənətkarlarının fədakar əməyi sayəsində inkişaf etdirilib və bu günə qədər öz əhəmiyyətini saxlayıb. Bu qədim diyarın zəngin tarixi-mədəni irsinin qorunub saxlanmasında, ata-babalarımızdan bizə miras qalmış keramika sənəti ənənələrinin davam etdirilərək gələcək nəsillərə ötürülməsində, heç şübhəsiz ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2018-ci il oktyabrın 29-da Şəkiyə səfərləri çərçivəsində açılışı olan “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin böyük rolu və əhəmiyyəti var.

Avropa İttifaqı nümayəndəliyinin Azərbaycandakı rəhbəri, səfir Kestutis Yankauskas Şəkidə yenidən olmağından məmnunluq hissi keçirdiyini vurğulayaraq deyib: “Doğrudan da, bu layihə kifayət qədər böyük layihədir və onun ərsəyə gəlməsində əməyi olan bütün insanlara təşəkkürümü bildirmək istəyirəm. Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və dəstəklənən ən böyük layihələrdən biridir. Layihə bizim tərəfdaşımız olan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən icra olunub. Sözsüz ki, layihənin həyata keçirilməsində “ABAD” publik hüquqi şəxsin və “ASAN xidmət”in dəstəyi əvəzolunmazdır. Avropa İttifaqı ilə Azərbaycan tərəfdaşdır. Biz Azərbaycanın dayanıqlı, firavan və inkişaf etmiş ölkə olmasında çox maraqlıyıq. Bu inkişaf prosesi yalnız ölkənin əsas şəhərlərini deyil, bölgələrini də əhatə etməlidir ki, əyalətlərdə yaşayan insanlar da bu inkişafdan faydalana bilsinlər”.

Azərbaycanda dördüncü ildir ki, xidmət etdiyini diqqətə çatdıran Kestutis Yankauskas deyib: “Bir müddət sonra Azərbaycanı tərk edəcəyəm. Təəssüf ki, bu dörd ilin bir ilini pandemiya səbəbindən ünsiyyətdə ola, bölgələrə səfər edə bilmədim. Lakin, ümidvaram ki, biz tədricən vərdiş etdiyimiz həyata qayıdırıq. Mən Azərbaycanı artıq özünə daha əmin, gələcəyə, inkişafa daha əminliklə baxan bir ölkə olaraq tərk edəcəyəm”.

Tədbirdə çıxış edən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti uğurla icra olunan layihənin Azərbaycanda sosial-iqtisadi inkişafa yönəlmiş bir addım olduğunu bildirib. O deyib: “Sosial-iqtisadi inkişaf həm Avropa İttifaqının, eyni zamanda, BMT İP-nın əsas prioritet istiqamətlərindən biridir. Bu istiqamətlər çərçivəsində biz inkluziv, dayanıqlı inkişafa dəstək göstərməyə çalışırıq. Layihə öz-özlüyündə bizim prioritet istiqamətlərimizə və hədəflərimizə birbaşa cavab verir. Bu layihə BMT İP-nin Azərbaycanda icra etdiyi 25 layihədən biridir. Eyni zamanda, bu layihə Avropa İttifaqının səxavətli dəstəyi, yardımı ilə icra etdiyimiz 6 layihədən biridir. Layihə birbaşa əhaliyə, insanlara, ailələrə yönəlib. Həmin bu insanların əvvəllər bazarlara çıxışı olmayıb. Layihənin dəstəyi ilə bu insanlar özləri üçün biznes qurub və tədricən gəlir mənbəyi əldə ediblər”.

“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev çıxış edərək, qurumun Avropa İttifaqı və BMT İP ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr, əldə olunan uğurlar barədə danışıb.

Sonra “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsinin aparıcı mütəxəssisi Ülvi Bədəlovun layihə ilə bağlı təqdimatı olub. Bildirilib ki, 2017-ci ildən start verilən layihə çərçivəsində 44 kəndli ailəsinə kiçik bizneslərini qurmaq və ya genişləndirmək üçün dəstək verilib. Kiçik ailə təsərrüfatlarına başlanğıc üçün əsas təlimlər təşkil edilib, lazımi resurslar təmin olunub. Sözügedən təlimlər biznesin inkişafı və planlaşdırılması, brendinq və satış, maliyyə uçotu və hüquqi xidmətlər, həmçinin qablaşdırma, qida təhlükəsizliyi, logistika, kommunikasiya və beynəlxalq ticarət kimi müxtəlif mövzuları əhatə edib. Təlim kurslarını müvəffəqiyyətlə başa vurduqdan sonra ailələr əsas avadanlıq və təchizat üçün müraciət hüququ qazanıblar.

Layihə 350 nəfəri əhatə edib. Onlardan 200-ü birbaşa olaraq bu dəstəkdən faydalanıb. 44 ailə təsərrüfatından 22-si qadınlar tərəfindən idarə olunur. Təsərrüfatların 12-si məcburi köçkünlər tərəfindən yaradılıb. Yeni bizneslər qida istehsalçılarından dekorativ sənətkarlığa qədər müxtəlif istiqamətləri əhatə edir. Ailələr tərəfindən hazırlanan bütün məhsullar tezliklə ABAD etnobutiklərində və ölkəmizin bəzi supermarket şəbəkələrində satış üçün təqdim olunacaq.

Sonra Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində layihə çərçivəsində ərsəyə gələn məhsulların sərgisi keçirilib. Tədbir çərçivəsində qonaqlar, həmçinin Balakən, Zaqatala və Qaxda yaşayan benefisiar ailələrə səfər edib və onların kiçik təsərrüfatlarının vəziyyəti ilə yerində tanış olublar.

Qeyd edək ki, “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi Avropa İttifaqı tərəfindən birbaşa, BMT-nin İnkişaf Proqramı tərəfindən isə qismən maliyyələşdirilir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ABAD” publik hüquqi şəxsi ilə birgə reallaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video