13 Sentyabr 2011 01:09
753
Sərəncamlar
A- A+

Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan Şəkinin zəngin tarixi vardır. Bu şəhərdə inşa edilmiş qədim karvansaralar, qalalar, müxtəlif müdafiə qurğuları, ictimai binalar, məscid və məbədlər, o cümlədən Kiş kəndində yerləşən alban məbədi, Xan sarayı və Şəkixanovların evi kimi xüsusi memarlıq üslubuna malik olan yüzlərlə imarət və digər tarixi-memarlıq abidələri mədəni irsimizin nadir inciləridir.

Müasir dövrdə Şəki şəhərinin inkişaf strategiyasına uyğun olaraq tikinti-abadlıq işlərinin aparılmasında özünəməxsusluğun qorunub saxlanılmasına, ətraf mühitlə vəhdətin təmin olunmasına, tarixi mədəniyyət abidələrinin mühafizəsinə və mövcud mədəni-tarixi  potensialdan səmərəli istifadəyə xüsusi diqqət yetirilməsi zəruridir. 

Son illərdə Şəki şəhərində bir sıra infrastruktur və sosial yönümlü layihələr həyata keçirilmiş, müəyyən tarixi abidələr bərpa olunmuş, yeni mehmanxanalar, istirahət mərkəzləri, ticarət və xidmət obyektləri, Olimpiya İdman Kompleksi, modul tipli elektrik stansiyası, sənaye müəssisələri istifadəyə verilmişdir. 100 çarpayılıq müasir xəstəxananın tikintisi isə başa çatmaq üzrədir.

Şəhərin zəngin tarixi-mədəni irsinin mühafizəsi və bərpası, şəhərsalma, istirahət, turizm infrastrukturunun qədim memarlıq ənənələrinə uyğun olmaqla müasir şəkildə yenidən qurulması və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şəki Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Şəkinin milli memarlıq ənənələrinin və üslubunun qorunub saxlanması şərtilə, tarixi-memarlıq abidələri və onların mühafizə zonaları, əhali artımı, yeni yaşayış, istirahət, idman kompleksləri, əhaliyə mədəni-məişət xidməti, şəhərdaxili nəqliyyat, mühəndis-kommunikasiya şəbəkələri, kommunal təsərrüfatı və sənaye-istehsal sahələrinə aid obyektlərin yerləşdiyi ərazilər nəzərə alınmaqla, şəhərin  inkişafı  və aparılacaq abadlıq-quruculuq işləri barədə bir ay müddətində  təkliflər hazırlayıb, Şəki şəhərinin baş planına daxil edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Şəki Şəhər İcra Hakimiyyətinin müvafiq nazirlik, dövlət komitəsi və idarələrlə razılaşdırılmış təklifləri əsasında Şəki şəhərinin 2030-cu ilə qədərki dövrdə inkişafına dair baş planın təsdiqi üçün zəruri tədbirləri iki ay müddətində həyata keçirsin.

3. Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 (beş) milyon manat vəsait ayrılsın.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 3-cü hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 sentyabr 2011-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video