12 Yanvar 2012 01:01
374
SİYASƏT
A- A+

Səhiyyə sisteminin müasirləşdirilməsi dövlətin sosialyönümlü siyasətində mühüm yer tutur

 

Ölkəmizin elmi təməl üzərində qərar tutan sosialyönümlü inkişaf strategiyası insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək, hər bir fərdin maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir. Hazırda vətəndaşların etibarlı sosial müdafiəsinin, fiziki-mənəvi sağlamlığının, elmi-intellektual yüksəlişinin təmini bu siyasətin prioritet xəttinə çevrilərək yüksək humanizm və insanpərvərlik kimi ideallara söykənmişdir. Prezident İlham Əliyev bazar iqtisadiyyatı şəraitində "sosial dövlət" konsepsiyasına daim üstünlük verərək bu yolda atılan bütün addımlarda məhz əhalinin rifahı, sağlamlığı və firavanlığı məsələlərini ön planda saxlamışdır. Artıq Azərbaycanın insan inkişafı sahəsində mühüm uğurlar qazandığını əksər beynəlxalq təşkilatlar da etiraf edirlər. Birləşmiş Millətlət Təşkilatı (BMT) İnkişaf Proqramının 2010-cu il üçün açıqladığı "İnsan İnkişafı Hesabatı" respublikanın insan inkişafı indeksinə görə yüksək nəticələr əldə etdiyini bir daha təsdiqləmişdir. Məlumat üçün qeyd edək ki, insan inkişafı indeksi 1990-cı ildən etibarən hər il BMT-nin İnkişaf Proqramı tərəfindən mətbuatda yayımlanan və dünya ölkələrində əhalinin rifahını əks etdirən göstəricidir. Bu indeks əhalinin rifahını ümumi daxili məhsuldan daha geniş ehtiva edir və insan inkişafının üç meyarını özündə birləşdirir: uzun və sağlam ömür; təhsil səviyyəsi; layiqli yaşayış standartları. Sözügedən indeks həm də insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir.

182 ölkənin yer aldığı həmin hesabatda Azərbaycan Rusiya və Qazaxıstandan sonra 67-ci, Gürcüstan 74-cü, Ermənistan 76-cı yerdə qərarlaşmışdır. Müqayisə üçün bildirək ki, 2005-ci ilin hesabatında 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlib. Nəticədə Azərbaycan "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur.  Bir faktı da qeyd edək ki, sosialyönümlü iqtisadi siyasətin ən parlaq göstəricilərindən biri də son 8 ildə 900 mindən artıq yeni iş yerinin açılması, ciddi sosial bəla kimi özünü göstərən işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qalxması, habelə yoxsulluq həddinin 49 faizdən 9,1 faizə enməsidir. Gənc ailələrin mənzillə təmini üçün ipoteka sisteminin yaradılması, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq qaldırılması da bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.

Dünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin bu ilin noyabrında Bakıda keçirilmiş 61-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev bununla bağlı demişdir: "Ölkəmizdə ağır vəziyyətdə yaşayan ailələrə dövlət tərəfindən dəstək verilir. Ağır vəziyyətdə yaşayan 125 min ailə dövlətdən ünvanlı sosial yardım alır. Dünyada hökm sürən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bir dənə də olsun sosial proqrama dəyişiklik edilməmişdir. Bir dənə də olsun yubanma, yaxud da ki, geriləmə olmamışdır. Əksinə, keçən il Azərbaycan pensiyaçılarının pensiya təminatı yaxşılaşdırılmışdır və orta hesabla pensiyalar 40 faiz artmışdır. Yaşlı nəsil üçün bu, birbaşa onların sağlamlığına verilən töhfədir. Çünki yaşlı nəsil, əfsuslar olsun ki, dərmanların alınmasına daha çox vəsait xərcləyir. Yaşlı nəslin sağlamlığı, əlbəttə ki, daha da böyük diqqət tələb edir. Biz hesab edirik ki, məhz pensiyaçıların pensiyalarının 40 faiz səviyyəsində artırılması çox ciddi sosial məsələnin həllidir, eyni zamanda, birbaşa insanların sağlamlığına verilən dəstəkdir".

Respublikada aparılan bu siyasət vətəndaşların sosial təminat, sağlam ətraf mühitdə yaşamaq, istirahət, mənzil, təhsil və digər hüquqları ilə yanaşı, səhiyyə hüquqlarının da etibarlı müdafiəsinə mükəmməl institusional-qanunverici təminat mexanizmləri formalaşdırmışdır. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının 41-ci maddəsində sağlamlığın qorunması hüququ birmənalı təsbit edilmişdir. Həmin maddədə göstərilir: "Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır".

 Müasir dövrdə sağlamlığın təmini insanın fərdi inkişafında sosial həyat göstəricisi və cəmiyyətin sosial güzgüsü sayılır. Bu baxımdan son 8 ildə yüksək tələblərə uyğun səhiyyə sisteminin yaradılması respublikada ardıcıl şəkildə həyata keçirilən sosialyönümlü islahatların başlıca hədəfinə çevrilməklə hər bir ölkə vətəndaşının konstitusion hüquqlarının etibarlı təminatına xidmət edir. Səhiyyə ümumən ölkənin, xalqın müqəddəratı, milli genefondu ilə bağlı strateji sahə olduğundan ölkə rəhbərliyi bu sferada hələ keçmiş sovetlər birliyi dövründən həllini gözləyən bir çox problemlərin, çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.

Dövlət büdcəsindən bu sahələrə ayrılan vəsaitlərin ildən-ilə artırılması da ölkədə vətəndaşların sağlamlığı ilə bağlı məsələlərin daim diqqət mərkəzində olduğunu göstərir. "Biz artan iqtisadi imkanlarımızı, ilk növbədə, sosial sahələrin inkişafına, o cümlədən səhiyyənin problemlərinin həllinə yönəltməliyik", - deyən Azərbaycan Prezidenti İlham Əliyev bu sahələrin problemlərinin kompleks həlli istiqamətində mühüm addımlar atmışdır. Son 8 ildə Azərbaycanda səhiyyə xərcləri 8 dəfədən çox yüksəlmişdir. Məsələn, əgər 2005-ci ildə səhiyyəyə dövlət büdcəsindən 110 milyon manat ayrılmışdırsa, 2006-cı ildə bu rəqəm 179 milyon, 2007-ci ildə 269 milyon, 2008-ci ildə 330 milyon, 2009-cu ildə 508,9 milyon manat olmuşdur. Qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, 2010-cu ildə səhiyyəyə dövlət büdcəsindən 479 milyon, 2011-ci ildə isə 545 milyon manat vəsaitin ayrılması da Azərbaycan dövlətinin insanların sağlamlığı məsələsinə necə böyük həssaslıqla yanaşdığını göstərir. 2012-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 5,7 faiz təşkil edir. "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı"na 23,5 milyon manat, "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"na 20,6 milyon manat, "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı"na 14,5 milyon, "Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı"na 4,5 milyon manat, Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunla mübarizəyə 3 milyon, ana və uşaqların sağlamlığının qorunması üzrə tədbirlərə 2 milyon, vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsinə 3,5 milyon, qanın və qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərə 1,5 milyon manat vəsait ayrılmışdır. Ümumiyyətlə, 2012-ci ilin dövlət büdcəsində sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi, gənclər siyasəti xərcləri üçün 4 milyard 325 milyon manat vəsait ayrılmışdır ki, bu da 2011-ci illə müqayisədə 10,8 faiz, yaxud 421 milyon manat çoxdur.

İldən-ilə tibb işçilərinin əməkhaqlarının artırılması da ölkə rəhbərinin daim diqqət mərkəzində olmuşdur. 2011-ci il dekabrın 6-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə səhiyyə müəssisələrində çalışan işçilərin (dövlət müəssisələrində işləyənlərin) sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə aylıq vəzifə maaşları dekabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır.

Tibbi xidmətin müasir tələblər səviyyəsində qurulması üçün, ilk növbədə, bu sahədə infrastrukturun müasirləşdirilməsi istiqamətində tədbirlər də diqqət mərkəzində saxlanılır. Yeni tələblərə cavab verən səhiyyə müəssisələrinin tikilməsi, mövcud tibb ocaqlarının təmiri və yenidən qurulması bu baxımdan az əhəmiyyət kəsb etmir. Dövlət başçısı hələ 11 fevral 2004-cü il tarixdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında səhiyyə sisteminə də geniş yer ayrılmışdır. Dövlət Proqramında bölgələrdə insanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsini təmin edəcək bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi - yeni xəstəxanaların, poliklinikaların inşası, yaxud mövcud səhiyyə müəssisələrinin müasir tələblər səviyyəsində təmir və bərpa olunması, onların maddi-texniki, habelə zəruri tibb ləvazimatları ilə təminatı məsələləri öz əksini tapmışdır.

Regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində dövlət başçısı ayrı-ayrı rayonlarda inşa edilmiş yeni müalicə-diaqnostika mərkəzlərinin, xəstəxanaların, poliklinikaların açılış mərasimlərində iştirak etmiş, eləcə də bu sahədə həllini gözləyən bəzi problemlərin aradan qaldırılması üçün aidiyyəti orqanlara tapşırıqlar vermişdir.

2003-2011-ci illərdə Azərbaycanda 350-dək tibb müəssisəsi tikilmiş və yaxud əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmişdir. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər Proqramı"na əsasən, ARDNŞ-nin maliyyə vəsaiti hesabına respublikamızın 10-dan artıq bölgəsində beynəlxalq standartlara cavab verən müalicə-diaqnostika mərkəzləri inşa edilmişdir. Lənkəranda, Qazaxda, Siyəzəndə, Şirvanda, Naxçıvanda, Şahbuzda, Gəncədə, Bərdədə, Zaqatalada, Şirvanda, Qubada, Qəbələdə, Şamaxıda müasir tələblərə cavab verən müalicə-diaqnostika mərkəzləri bu qəbildəndir.

Səhiyyədə daha keyfiyyətli, çevik və sistemli xidmət infrastrukturunun təşkili məsələləri xüsusi diqqət mərkəzində saxlanılmış, "proqram maliyyələşməsi" prinsipinin tətbiqi bir sıra xəstəliklərin profilaktikasında, eləcə də dövlətin vətəndaşlara göstərdiyi tibbi yardımın keyfiyyətcə yaxşılaşmasına imkan vermişdir. Son illər "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair Dövlət Proqramı", "Hemofiliya və talassemiya irsi qan xəstəliyi üzrə Dövlət Proqramı", "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı", "Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı", "Onkoloji xəstələrin həyati vacib şiş əleyhinə preparatlarla təminatı üzrə Tədbirlər Proqramı", "Ana və uşaqların sağlamlığının qorunması haqqında Tədbirlər Proqramı" hazırlanaraq uğurla icra edilmişdir. İrsi qan və böyrək xəstəliklərindən əziyyət çəkən insanların dövlət hesabına hemodializ və dərman preparatları ilə təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. 

Tibb müəssisələrinin tikintisi və yenidən qurulması ilə yanaşı, onların təchizat məsələlərinə də böyük önəm verilmişdir. Son illər müalicə müəssisələrinin əksəriyyətində unikal cərrahi əməliyyatların aparılması üçün hər cür şərait yaradılmış, Avropanın, Amerikanın və Yaponiyanın məşhur şirkətlərinin istehsalı olan qabaqcıl tibbi avadanlıqlar quraşdırılmışdır. Regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının və təchizatının yaxşılaşdırılması nəticəsində rayonlardan Bakıya gələn xəstələrin sayı xeyli azalmışdır.

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda səhiyyə sistemində həyata keçiriləcək tədbirlər sistemi də öz əksini tapmışdır. Proqrama əsasən, 2009-2013-cü illərdə səhiyyə sahəsində aparılacaq işlər əhalinin sağlamlığının qorunmasına, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə, müasir standartlara cavab verən səhiyyənin qurulmasına təminat verir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün qarşıdakı illərdə dövlətin maliyyə imkanları çərçivəsində pulsuz səhiyyə xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin artırılması; əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsi; ana və uşaqlar arasında qidalanmanın və mikro-nutrientlərlə təminatın yaxşılaşdırılması; tibbi-profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin yüksəldilməsi; səhiyyə sektorunun tələblərinə uyğun olaraq tibbi kadr hazırlığının planlaşdırılması və ailə həkimlərinin hazırlanması; səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının yaxşılaşdırılması məqsədilə tibb sənayesi müəssisələrinin yaradılmasının və fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi; rayonlarda yeni səhiyyə müəssisələrinin inşası; bütün ölkə üzrə səhiyyə sahəsində coğrafi məlumat sisteminin yaradılması nəzərdə tutulur. Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev böhran şəraitində sosial məsələlərə, o cümlədən səhiyyə sisteminə qayğı siyasətinin davam etdirildiyini xüsusi vurğulamışdır: "2009-cu ildə Azərbaycanda 64 məktəb tikilmişdir. 59 səhiyyə müəssisəsi tikilmiş və təmir edilmişdir. Beş böyük Olimpiya kompleksi istifadəyə verilmişdir. Bu onu göstərir ki, hətta maliyyə imkanlarımız bir az azalanda da biz sosial infrastrukturun inkişafı üçün lazımi tədbirləri görürük, maliyyə vəsaiti ayırırıq və beləliklə, Azərbaycanda bütün sosial məsələlər öz həllini tapır". Nazirlər Kabineti Yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması səhiyyə sistemində islahatların uğurlu davamı kimi diqqət çəkir. Bu, bilavasitə səhiyyənin özünümaliyyələşdirməsinə xidmət edən mühüm addımdır.

Səhiyyə sisteminin inkişafı tədbirləri çərçivəsində son illər təcili və təxirəsalınmaz tibbi xidmətin təkmilləşdirilməsi sahəsində islahatlar da özünün sistemliliyi və ardıcıllığı ilə mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyev bu sahənin problemlərinin həlli və inkişafı ilə bağlı bir neçə sərəncam imzalamışdır. "Təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 20 fevral 2007-ci il tarixli sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış 12 milyon manat vəsait hesabına Səhiyyə Nazirliyinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş təcili tibbi yardım avtomobilləri, etibarlı rabitə-dispetçer sistemi, dərman vasitələri ilə təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Həmin vəsait hesabına Almaniyadan 150  "Mercedes" markalı təcili tibbi yardım avtomobili, ABŞ istehsalı olan rəqəmsal "TETRA" və CPRS rabitə və motolokasiya sistemləri, təcili yardım briqadaları üçün xüsusi geyim dəstləri və dərman preparatları alınmışdır. Bundan başqa, elə həmin il Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında mərkəzi dispetçer xidməti yaradılmışdır. 103-ə olan zənglərin hamısı bu dispetçer xidmətində qəbul olunur və operativ şəkildə briqadalara ötürülür.

2008-ci ildə 6 milyon manat vəsait he

sabına 65 ədəd "Mercedes" markalı təcili tibbi yardım maşını alınmışdır. Həmin ambulanslarda tələb olunan yeni müasir avadanlıq kompleksləri quraşdırılmış, onlar müxtəlif növ xərəklər, tibbi ləvazimatlar, dərman preparatları ilə təmin olunmuşdur. Bütün bunlar isə imkan verir ki, xəstəyə yüksək səviyyədə tibbi yardım edilsin və o, xəstəxanaya çatdırılan müddətdə, həkim hətta reanimasiya tədbirləri həyata keçirə bilsin. Küveyz aparatı ilə təzhiz edilmiş avtomobillərdə reanimasiya tədbirləri ilə yanaşı, yeni doğulmuş uşağın ürək qan-damar və tənəffüs orqanlarının fəaliyyətinə nəzarət etmək üçün monitor qurulmuşdur. Küveyz imkan verir ki, uşağın bədən hərarətinə uyğun optimal temperatur yaradılsın, bu da əlavə fəsadların qarşısının vaxtında alınmasına xidmət edir. Həmin maşınlarda anaya da yüksək səviyyədə təcili tibbi yardım göstərilir. Mobil laborator ambulanslarda isə operativ şəkildə bütün laborator müayinələri aparılır. Hazırda respublikada səyyar cərrahiyyə əməliyyatlarının həyata keçirilməsi, regionlarda kütləvi rentgen müayinələrinin aparılması üçün də xüsusi təcili yardım maşınları var. 2008-ci ildən  Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında müasir tələblərə cavab verən avadanlıqlar və əyani vəsaitlərlə təchiz edilmiş təlim-tədris mərkəzi fəaliyyət göstərir.

Azərbaycan Prezidentinin 2009-cu il iyunun 9-da imzaladığı "Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamına əsasən, təcili tibbi yardım avtomobillərinin alınması üçün Səhiyyə Nazirliyinə 3 milyon manat vəsait ayrılmışdır. Bu vəsait hesabına daha 45 "ambulans" alınaraq təcili tibbi yardım xidmətlərinə paylanmışdır. Dövlət başçısının 2010-cu il martın 4-də imzaladığı daha bir sərəncam bu istiqamətdə tədbirlərin ardıcıl xarakter daşıdığını göstərir. Sərəncamla təcili tibbi yardım maşınlarının alınması üçün Səhiyyə Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan daha 7 milyon manat vəsait ayrılmışdır.

Təcili yardım xidmətinin regionlarda keyfiyyətinin yüksəldilməsi məqsədilə Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Ağdaş, Qəbələ, Şəki, Yevlax, Naftalan, Göyçay rayonlarındakı tibb müəssisələri belə müasir avtomobillərlə təmin olunmuşlar. 2006-2007-ci illərdə təcili tibbi yardıma gün ərzində müraciətlərin sayı orta hesabla 350-400 idisə, hazırda bu rəqəm 1700-2000-ə yüksəlmişdir. Bu da ilk növbədə, vətəndaşların təcili tibbi yardım xidmətinə inamının göstəricisi kimi diqqəti çəkir.

Əhalinin sağlamlığının təmin olunması xüsusi həssaslığı ilə seçilən elə bir sosial amildir ki, bu sahədə mövcud problemlərin tam aradan qaldırılması üçün bəzən dövlət tərəfindən görülən tədbirlər yetərli olmur. Cəmiyyətin ən müxtəlif təbəqələrinə mənsub insanların şəfa tapmaq üçün əlahiddə köməyə ehtiyacı yaranır. Bu baxımdan, ötən illərdə Heydər Əliyev Fondunun reallaşdırdığı səhiyyə layihələrinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə həyata keçirilən layihələr 2004-2011-ci illərdə səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insanı yenidən sağlam həyata qaytarmışdır.

"Talassemiyasız həyat naminə" layihəsi bu baxımdan Azərbaycanda böyük rəğbətlə qarşılanmışdır. Proqramın daha səmərəli həyata keçirilməsi üçün Məsləhət Şurası yaradılmış, bu xəstəlikdən əziyyət çəkən uşaqların keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə xüsusi diqqət yetirilmişdir. Layihə çərçivəsində inşasına başlanmış Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da - ulu öndərin doğum günündə istifadəyə verilməsi fondun ölkə səhiyyəsinə böyük töhfəsi olmuşdur.

2011-ci il fevralın 9-da fondun təşəbbüsü ilə inşa olunmuş Gəncə Regional İnformasiya Mərkəzinin istifadəyə verilməsi də mühüm addımlardan biridir. Belə bir mərkəzin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisidir. Mərkəzin imkanlarından Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarından və Naftalan şəhərindən, ümumilikdə, 60 mindən çox fiziki cəhətdən qüsurlu insan istifadə edə biləcəkdir.

Ölkə rəhbərliyinin milli səhiyyə sisteminə xüsusi diqqət və qayğısını Azərbaycan Tibb Universiteti də yaxından hiss edir. Bu siyasətin nəticəsidir ki, son illər ATU-nun maddi-texniki bazası, infrastrukturu müasirləşmiş, elmi potensialı daha da güclənmişdir.

Prezident İlham Əliyevin 11 sentyabr 2007-ci ildə imzaladığı "Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının yaradılması haqqında" sərəncamı dövlət başçısının təhsil və səhiyyə məsələlərinə necə böyük həssaslıqla yanaşdığına daha bir əyani sübutdur. Sərəncama əsasən, Bakı şəhərində Azərbaycan Tibb Universitetinə məxsus ərazidə universitetin çoxprofilli tədris-terapevtik klinikası inşa olunmuşdur. Bu klinikanın fəaliyyətə başlaması klinik fənlərin tədrisi ilə məşğul olan kafedraların vahid mərkəzdə cəmləşdirilməsi, tədrisin keyfiyyətinin və maddi-texniki təchizatının əsaslı şəkildə yaxşılaşdırılması, həmçinin elmi- tədqiqat işlərinin aparılması üçün əlavə imkanların yaradılması baxımından son dərəcə əhəmiyyətlidir. Klinika ən müasir tibbi-diaqnostik avadanlıqlarla təchiz edilmişdir. 400 çarpayılıq klinikada universitetin 14 terapevtik yönümlü kafedrası yerləşir. Prezident İlham Əliyevin sərəncamı əsasında universitetin Cərrahiyyə Klinikası da inşa olunur.

Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il aprelin 28-də "Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalamış, həmin sərəncam əsasında universitetin yubileyi yüksək səviyyədə qeyd olunmuş, dövlət başçısının özü həmin gün tədris-terapevtik klinikanın açılışında iştirak etmişdir.

Son illər səhiyyə sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri də genişlənmişdir. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində səhiyyə və tibb elmi də qloballaşan dünyada inteqrasiya proseslərinə cəlb olunmuşdur. Səhiyyəsi daha çox inkişaf etmiş ölkələrin müsbət təcrübəsindən Azərbaycanda istifadə edilməsi, təbabətin müxtəlif sahələri üzrə konsepsiya və strategiyaların yaradılması, tibb təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması, yeni müalicə və diaqnostika metodlarının, eləcə də müasir tibb texnologiyalarının tətbiqi, səhiyyədə təşkilatçılıq və tibb müəssisələrinin menecmenti, maliyyə vəsaitlərinin istifadəsi, regional epidemioloji təhlükəsizlik, təbii fəlakətlərin aradan qalıdırılması və bir çox digər sahələrin inkişafı üçün səhiyyədə beynəlxalq əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda bu sahədə həyata keçirilən bütün milli və beynəlxalq layihələrə ölkə rəhbəri xüsusi diqqət yetirir. Cənab İlham Əliyev beynəlxalq humanitar təşkilatların rəhbərləri ilə mütəmadi görüşlər keçirir və layihələrin uğurla reallaşdırılmasına qayğı və dəstək göstərir. Ötən il mart ayının 28-də ÜST-ün qlobal malyariya proqramının direktoru Robert Nyuma Bakıda olmuş, Azərbaycanda malyariya ilə mübarizə sahəsində əldə edilmiş nailiyyətlərlə maraqlanmış, eləcə də bu sahədə uğurlu və məhsuldar qarşılıqlı əməkdaşlığın gələcək inkişaf yolları barədə müzakirlər keçirilmişdir. Onu da qeyd edək ki, 2005-ci ilin dekabrında Azərbaycan Avropa regionu ölkələrində  "Malyariya ilə mübarizədən onun eliminasiyasına doğru irəli" deklarasiyasına qoşulmuşdur. 2008-ci ildə Azərbaycanda malyariyanın eliminasiyası üzrə 2008-2013-cü illər üçün milli strategiya və tədbirlər planı qəbul edilmişdir. Bundan başqa, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin dövlət proqramı təsdiq olunmuşdur.

Azərbaycanın sıx əməkdaşlıq etdiyi beynəlxalq qurumlardan biri də Dünya Səhiyyə Təşkilatıdır. Təşkilat səhiyyə məsələləri ilə bağlı ölkəmizə müxtəlif təkliflər, tövsiyələr verir, eyni zamanda, həyata keçirilən mütərəqqi islahatları daim diqqət mərkəzində saxlayır. Son illər respublikada ekoloji vəziyyətin normallaşdırılması istiqamətində reallaşdırılan tədbirlər xüsusi vurğulanmalıdır. Azərbaycan dövləti vətəndaşların sağlamlığını, sosial rifahını nəzərə alaraq böyük maliyyə vəsaiti tələb edən bu layihələri uğurla həyata keçirir.

Prezident İlham Əliyev bu məsələyə xüsusi toxunaraq demişdir: "Ekoloji vəziyyətin yaxşılaşdırılması bilavasitə insanların sağlamlığına təsir göstərir. Ölkəmizin hər bir yerində böyük su layihələri icra edilir. Su problemi, əfsuslar olsun ki, bütün dövrlərdə Azərbaycanda çox kəskin, çox ciddi bir problem idi. Biz bu problemin həlli üçün konkret addımlar atırıq və 2013-cü ilin sonuna qədər Azərbaycanda əhaliyə verilən su Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verməlidir. Yəni, bu, bir meyardır və biz çalışacağıq ki, bu məqsədlərə nail olaq".

Dünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çan Avropa Regional Komitəsinin Bakıda keçirilən 61-ci sessiyasında xüsusi vurğulamışdır ki, qeyri-yoluxucu xəstəliklərin aradan qaldırılması üçün bütün iqtisadi mənfəətlər səfərbər olunaraq xəstələr üçün müalicə işini təmin etmək məqsədilə onların həyat şəraitini dəyişmək lazımdır. Bu baxımdan, "Sağlamlıq-2020" Fəaliyyət Proqramı xüsusilə diqqətəlayiqdir.

Ümumiyyətlə, dövlət başçısı səhiyyə sisteminin təkmilləşdirilməsi, tibb işçilərinin layiqli həyat tərzinin təmin edilməsi istiqamətində atılan addımların ardıcıl xarakter daşıdığını dəfələrlə bəyan etmişdir. Görülən işlər, aparılan islahatlar dövlətin sosialyönümlü siyasətində səhiyyə məsələlərinin  daim ön planda olduğunu, strateji məsələlər kimi nəzərdən keçirildiyini bir daha təsdiqləyir. Bu diqqət və qayğının müqabilində indi tibb işçilərinin qarşısında duran başlıca vəzifə dövlətin müəyyənləşdirdiyi səhiyyə konsepsiyasının icrasında fəal iştirak edib vətəndaşlara layiqli xidmət göstərməkdir. 

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video