25 Iyun 2021 17:07
508
SİYASƏT
A- A+

Vanq Çao: Prezident Əliyevin uzunmüddətli strateji baxışı və mükəmməl liderliyi Azərbaycanın qüdrətini artırıb

 

Azərbaycan Prezidenti Əliyev daxili islahatların dərinləşməsinə və insanların həyat şəraitinin yaxşılaşmasına həmişə diqqət yetirib. Onun uzunmüddətli strateji baxışı və mükəmməl liderliyi Azərbaycanın qüdrətinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxardı və öz xalqının səmimi dəstəyini qazandı.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidenti Vanq Çao bildirib. Ötən ay Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyevin əsas natiq qismində çıxışına toxunan Vanq Çao dövlətimizin başçısının Cənubi Qafqazda regional inkişaf və əməkdaşlığın perspektivləri ilə bağlı fikirlərinin əhəmiyyətindən, Çinin bu regionla bağlı gözləntilərindən danışaraq deyib: “Cənubi Qafqaz ölkələri Çinin "Bir kəmər, bir yol" təşəbbüsü üzrə mühüm tərəfdaşlarıdırr. Biz bu regionda sülhün və sabitliyin təmin olunmasını, qarşılıqlı faydalı əməkdaşlıq əsasında ümumi inkişafa nail olunmasını görməyə şad olarıq. Çin bu məsələdə beynəlxalq ictimaiyyətlə birlikdə konstruktiv rol oynamağa hazırdır”.

Vanq Çao Prezident İlham Əliyevin həmin videokonfransda Çin-Azərbaycan münasibətlərinin inkişafını və ölkələrimiz arasında bütün sahələrdə əməli əməkdaşlığı yüksək qiymətləndirdiyini xatırladaraq vurğulayıb ki, Çin-Azərbaycan münasibətlərinin gələcək inkişaf üçün böyük potensiala malik yaxşı dinamika nümayiş etdirilir. "Bir kəmər, bir yol" təşəbbüsü ikitərəfli münasibətlərdə yeni imkanlar yaradıb, həmçinin regional sülh və inkişafa töhfə verib. Dövlət başçıları Si Cinpin və İlham Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində Çin-Azərbaycan münasibətləri son illər sürətlə inkişaf edir. Hər iki ölkə "Bir kəmər, bir yol" təşəbbüsünü çərçivəsində əməkdaşlığı inkişaf etdirir. Enerji, nəqliyyat, investisiya, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlıq ölkələrimizin xalqlarına böyük fayda gətirməklə davamlı inkişaf edir.

Müsahibimiz bildirib ki, "Bir kəmər, bir yol" təşəbbüsünə ilk qoşulan ölkələrdən biri olan Azərbaycan Çinin mühüm tərəfdaşıdır. Azərbaycan Prezidentinin 2019-cu ildə Pekində 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda iştirakını və Çin lideri Si Cinpinlə səmərəli görüşünü xatırladan Vanq Çao hesab edir ki, Azərbaycanın tarixi İpək yolu üzərində nəqliyyat-tranzit qovşaq olmaq yolundakı fəaliyyəti "Bir kəmər, bir yol" təşəbbüsü ilə əhəmiyyətli dərəcədə səsləşir. İki strategiyanın sinerjisi və infrastrukturun tikintisinin sürətləndirilməsi Azərbaycana üçün öz coğrafi mövqeyindən istifadə etməklə Avropa və Asiyanı birləşdirən qovşaq olmaq üstünlüyünü təmin edəcək, həmçinin Çin ilə Azərbaycan arasında əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq.

Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidenti Çin-Azərbaycan dostluğunun böyük tarixi olduğunu, iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu andan bəri münasibətlərimizin müxtəlif çağırışların sınağından çıxaraq, davamlı inkişaf dinamikasını qoruduğunu bildirib. O, iyunun 2-də dövlət başçıları İlham Əliyev və Si Cinpinin telefon danışığı zamanı liderlərinin iki ölkə arasında münasibətlərin daha da inkişafı ilə bağlı fikirlərinə diqqət çəkərək deyib: “Xüsusilə dövlət başçılarının rəhbərliyi və təşviqi sayəsində son illər iki ölkə arasında yüksək səviyyəli təmaslar çoxalıb, qarşılıqlı siyasi etimad isə tərəflərin əsas maraqlarına aid məsələlər üzrə bir-birinə qarşılıqlı dəstəyi sayəsində möhkəmlənib. Bizim praktiki əməkdaşlığımızda, xalqlar arasında mədəni mübadilədə davamlı irəliləyişin şahidi olmuşuq, COVID-19 pandemiyası ilə birgə mübarizə tədbirləri səmərəli olub. Bunlar xalqlarımıza çox böyük faydalar verib.

Pandemiya ilə mübarizədə Çin və Azərbaycanın bir-birinə kömək etdiyini vurğulayan Vanq Çao hesab edir ki, bu dəstək çətin dövrdə bizim dostluğumuzu bir daha sübut etdi.

Vanq Çao Pekinin Çin-Azərbaycan münasibətlərini yeni zirvəyə qaldırmaq üçün müxtəlif sahələrdə praktik əməkdaşlığı genişləndirməyə hazır olduğunu, gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olacağını və bu məqamın münasibətlərimizdə mühüm mərhələ olacağını bildirib. “Çin tərəfi dövlət başçılarının əldə etdiyi mühüm razılaşmaların uğurla reallaşması, qarşılıqlı siyasi etimadın daha da möhkəmləndirilməsi, inkişaf strategiyalarımız arasında daha böyük sinerjiyə nail olunması üçün ikitərəfli münasibətlərin konkret nəticələrlə inkişafına nail olmaq istiqamətində Azərbaycanla işləməyə hazırdır. Çin-Azərbaycan münasibətləri möhkəm dostluq telləri və işıqlı perspektivlə xarakterizə olunur. Əminəm ki, hər iki tərəf əlaqələrimizin 30 illiyini əhəmiyyətli nəticələrlə qeyd edəcək”, - deyə Vanq Çao vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video