00:02 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Şahdəniz”in qoşa dayağı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:34 13.12.2018


Layihənin hər iki mərhələsindən qaz və kondensat ixracı davam edir


Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində qaz və kondensat "Şahdəniz Alfa” platformasından hasil edilir. İndi "Şahdəniz Alfa”nın qonşuluğunda daha iki platforma fəaliyyət göstərir. Bir-birinə körpü vasitəsilə birləşdirilmiş bu iki qurğu "Şahdəniz Bravo” adlanır. Artıq yarım ildən çoxdur ki, "Şahdəniz Bravo”dan layihənin ikinci mərhələsinin karbohidrogenləri çıxarılır.

Ötən illər ərzində "Şahdəniz-1” beynəlxalq aləmdə böyük marağa səbəb olub və Azərbaycanı qaz ixracatçısı kimi tanıdaraq, əslində, ölkəmiz üçün yeni bir dönəmin başlanğıcını qoyub. Bu, uğurlu bir layihədir. Çünki "Şahdəniz Alfa” platforması uzun müddətdir fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir.

Buradan çıxarılan mavi yanacaq Cənubi Qafqaz Boru Kəməri ilə 2006-cı ilin axırlarından Azərbaycana və Gürcüstana çatdırılır. 2007-ci ilin əvvəlindən isə Azərbaycan qazı Bakı-Tbilisi-Ərzurum xətti ilə Türkiyəyə də nəql olunur. "Şahdəniz”in kondensatı Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə qoşulur.

"Şahdəniz-1” artıq özünün ən yüksək hasilat dövrünə çatıb və buradakı platforma ahəngdar işləməkdə davam edir. Qurğunun faydalı iş əmsalı yenə də yüksəkdir. Layihənin əməliyyatçısı BP şirkətindən aldığımız məlumata görə, 2018-ci ilin üç rübü ərzində "Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC-ə), Türkiyə (BOTAŞ-a) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib. 9 ay ərzində yataqdan 8 milyard standart kubmetr qaz və 1,8 milyon ton (təqribən 14,3 milyon barel) kondensat əldə olunub. Mövcud "Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 43 milyon (ildə təqribən 16 milyard) standart kubmetrdir. Qeyd edək ki, "Şahdəniz” layihəsində iştirak payları belə bölünüb: BP (28,8 faiz), TPAO (19 faiz), AzŞD (10 faiz), "Cənub qaz dəhlizi Apstrim” (6,7 faiz), PETRONAS (15,5 faiz), "LUKoyl” (10 faiz), NİKO (10 faiz).

Karbohidrogenlərin çıxarıldığı "Şahdəniz Alfa” platforması qazma və hasilat bloklarından, habelə 120 nəfər üçün nəzərdə tutulmuş yaşayış hissəsindən ibarət, ümumi çəkisi 32 min ton olan nəhəng bir qurğudur. Onun üst modullarının çəkisi 22 min tona, dayaqlarının və özüllərinin çəkisi 10 min tona çatır. Platformanın qazma qurğuları uzunluğu 7 kilometrdən və əhatə dairəsi 3 kilometrdən çox olan quyular qazmağa imkan verir.

"Şahdəniz Alfa” ölkə daxilində - Bakının Zığ ərazisindəki tikinti-quraşdırma sahəsində inşa edilib. Daha bir önəmli fakt odur ki, qurğu bu gün əsasən yerli mütəxəssislər tərəfindən idarə olunur.

"Şahdəniz-2”də quraşdırılmış platformaların dayaq blokları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib. Birinci platformanın - Yaşayış Blokları və Texnoloji Təchizat Platformasının üst modulları 2017-ci ilin iyun ayından Xəzərdədir. Bu qurğunun dənizə vaxtında yola salınması və müvəffəqiyyətlə quraşdırılması Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində aparılan genişmiqyaslı işlər sırasında xüsusi önəm daşıyır. Çünki "Şahdəniz-2” layihəsi "Cənub qaz dəhlizi”nin birinci seqmentidir.

"Şahdəniz Bravo” qurğularının üst modulları Bibiheybətdəki tikinti-quraşdırma sahəsində "AMEK-Tekfen-Azfen” (ATA) konsorsiumu tərəfindən araya-ərsəyə gəlib. Platformalardan birincisinin konstruksiyasının çəkisi 12 min 400 tona yaxındır, uzunluğu 100, eni 60 metrə çatır. Qurğunun yaşayış bloku 100 nəfər üçün nəzərdə tutulub.

2017-ci il sentyabrın 15-də "Şahdəniz-2” üçün tikilən platformalardan ikincisinin - Hasilat və Dikborular Platformasının da üst modulları yola salınıb və dənizdə quraşdırılıb.

Bu qurğuların tikintisinin uğurla başa çatdırılması 2018-ci il mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasiminin keçirilməsinə imkan verdi. Bundan bir qədər sonra - iyunun 30-da "Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli qaz daşımalarına başlandı. İyulun 30-da yatağın şimal cinahındakı SDC03Z quyusunun ventili açılaraq "Şahdəniz Bravo” platformasından ilk qaz əldə olundu. Bu da ümumilikdə Xəzər dənizində sualtı quyudan çıxarılan ilk hasilat idi.

Hazırda "Şahdəniz Bravo” qurğularından Səngəçal terminalına qaz və kondensat ixrac olunmaqdadır. Beləliklə, layihənin təhlükəsiz şəkildə və büdcəyə uyğun həyata keçirilməsi davam edir.

"Şahdəniz”də yeni quyular da qazılır. "İstiqlal” və "Maersk Explorer” qurğuları indiyədək təkcə "Şahdəniz Bravo” platformasından hasilat üçün 14 quyuda qazma işləri aparıb. Bunlardan yatağın şimal və qərb cinahlarının hər birində 4, şərq cinahında 2 quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə çatanadək tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək. Yeni quyular ölkəmizin ərazisindən, Gürcüstandan və Türkiyədən keçib artıq Avropaya doğru üz tutan Azərbaycan qazının bol mənbəyidir.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM