04:17 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sağlamlaşdırılmasına ehtiyac duyulan sağlamlıq turizmi

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:14 08.07.2021

 

Azərbaycanın bu sahədəki unikal imkanlarından yetərincə istifadə edilmir

 

Qubanın Yerfi kəndindəki Vərov adlanan müalicəvi bulaq suyu demək olar ki, artıq quruyub, su onun gözündən damcı-damcı gəlir. Bu bulaq bir vaxtlar ətraf kəndlərin müalicə üçün üz tutduğu məkan olub.

Kənd sakinləri onu mədə-bağırsaq xəstəlikləri, revmatizm ağrıları zamanı, bəzi yaraların sağalması üçün istifadə ediblər. Bulağın suyu təmiz olduğundan həm də içiblər. Ancaq indi ətrafı çirkab içində olan bu möcüzəvi suyu ara-sıra yalnız mal-qara içə bilir...

 

İstifadəsiz qalan sərvət

 

Kənd sakinləri bu bulağın suyunun qurumasının səbəbini baxımsızlıqla əlaqələndirirlər. Ölkəmizdəki mineral su ehtiyatları ilə bağlı real vəziyyəti yalnız bu fakt göstərmir.

Belə su ehtiyatlarının olduğu ərazilərdə infrastrukturun, müalicəvi mərkəzlərin olmaması, həmin yerlə bağlı lazımi təbliğatın aparılmaması insanların bu məkanlar barədə ya məlumatsız olmasına, ya da getdikləri zaman ixtisaslaşmış tibbi xidmətlər ala bilməməsinə səbəb olur.

Bakı sakini Solmaz Məcidli revmatik ağrılarına görə təxminən 10 il Qubanın Xaltan kəndindəki termal bulaq suyundan istifadə edib. O, bu suyun müalicəvi əhəmiyyəti barədə tanışlarından eşidib. Kənddə müalicə olunduğu dövrlərdə bulaq suyunun ona xeyli kömək etdiyini söyləyən müsahibimiz artıq yataq xəstəsi olduğu üçün oraya gedə bilməməsinə təəssüflənir: “Mənim kimi oraya tez-tez gedən başqa xəstələri də tanıyırdım. Təəssüf ki, Xaltanda xəstələr üçün müalicəvi bir mərkəz, sanatoriya yox idi. Kənddə hotel olmadığından mən, eləcə də mənim kimi digər xəstələr oraya gedərkən kirayə qalırdıq”.

Xaltan bulağı Azərbaycanın sağlamlıq turizminin təşkili üçün yararlı məkanlarından biridir. Bir çox xəstəliklərin müalicəsi üçün əhəmiyyətli olan Xaltan bulağının suyunun xarici analoqları var. Lakin Azərbaycandan fərqli olaraq, xarici ölkələrdə belə sulardan daha səmərəli istifadə edilir. Məsələn, Şimali Qafqazda və Krımda Xaltan bulağının analoqları olan termal mənbələrin bazasında sanatoriyalar tikilib.

Əlbəttə ki, haqqında danışdığımız bulaqlar ölkəmizin sağlamlıq turizminin potensialının çox kiçik hissəsidir. Çünki Azərbaycanın demək olar ki, hər bir guşəsində özünün müalicəvi əhəmiyyəti ilə seçilən çox sayda təbii müalicə ehtiyatları, mineral sular var. Onların bəziləri hətta analoqsuz sayıla bilər. Ancaq bütün bu imkanlara baxmayaraq, ölkəmizdəki mineral sulardan müalicə-sağlamlıq məqsədilə geniş istifadə edilmir.

 

XII əsrdən başlayan inkişaf yolu

 

Sağlamlıq turizminin tarixi mərhələlərinin təhlili göstərir ki, tibb elmi antik dövrdən yaransa da, müalicəvi bulaqlardan elmi əsaslarla Orta əsrlərdə istifadə olunmağa başlanılıb. XIX əsrin əvvəllərindən etibarən Avropa ölkələrində müalicəvi sular məşhurlaşıb.

Hazırda sağlamlıq turizmi sahəsində ən çox seçilən ölkələrə ABŞ, Hindistan, Kuba, Kosta Rika, Tayland, Sinqapur, Kolumbiya, Malayziya, Türkiyə, Meksika, Almaniya və Cənubi Koreya aiddir. Dünyada bu turizmə olan tələbat getdikcə artmaqdadır. Bunun əsas səbəbləri insanların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin olunması, sağlamlıq turizminin müalicə ilə yanaşı, fiziki və əqli yorğunluğun bərpası, xüsusi qulluq və gözəllik yönümlü digər xidmətlər də təklif etməsidir. Qlobal miqyasda sağlamlıq xidmətlərinin turizm sənayesində birbaşa payı 10%-dən çoxdur.

Azərbaycanda turizm növləri arasında sağlamlıq turizminin payı az olsa da, beynəlxalq miqyasda sağlamlıq xidmətləri daha çox təklif edilir. Azərbaycanda sağlamlıq turizminin inkişafı tarixi XII əsrdə Naftalan müalicəvi neftindən istifadə ilə başlayır. Karvan yollarının kənarında yerləşən Gülüstan, Goranboy yaşayış məntəqələrinin yaxınlığında Naftalan neftindən müalicə vannaları fəaliyyət göstərib. İpək yolunun iki istiqamətinin buradan keçməsi müalicə məqsədilə Naftalan neftindən istifadə edənlərin sayını artırıb.

Azərbaycanda XIX əsrin ikinci yarısından Naftalan nefti ilə yanaşı, müxtəlif mineral və termal su mənbələrindən istifadə olunmağa başlanılıb. Ölkəmizdə termal sulardan istifadə olunması XIX əsrin sonuna təsadüf edir. Həmin dövrlərdə rus zabitlərinin müalicəsini təşkil etmək məqsədilə Lənkəran, Şuşa, Zaqatalada ilk müalicə vannaları istifadəyə verilib. Şuşada olan belə müalicə mərkəzi rus zədaganlarının istirahət mərkəzi kimi məşhurlaşıb.

 

İstifadəçilərin çoxu yerli vətəndaşlardır

 

Azərbaycanda sağlamlıq turizm üzrə əsas müştəri seqmenti ölkə vətəndaşlarıdır. Respublikamızda müalicə-sağlamlıq xidmətlərindən istifadə edənlərin sayı 200 min nəfərə yaxındır ki, bunun da 63,9 min nəfəri xarici turistlər, 68%-i isə ölkə vətəndaşlarıdır.

Xarici turistlərin əsas hissəsi MDB məkanından gələn qonaqlardır. Onların arasında Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Özbəkistan vətəndaşları çoxluq təşkil edir. Bu turistlər müalicə üçün daha çox Naftalan kurortlarını, Duzdağ və Abşeron sanatoriyalarını seçir.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov hesab edir ki, Azərbaycanda sağlamlıq turizmi dövlət tərəfindən ən çox diqqət göstərilən turizm növlərindən biridir. Bunun nəticəsidir ki, Naxçıvanda “Duzdağ”, Şabranda “Qalaaltı Hotel&Spa”, Naftalanda bir çox sanatoriyalar regionun nəhəng müalicə mərkəzlərinə çevrilib. Naftalandan olan neftlə müalicə üsulu, Naxçıvanda yerləşən Duzdağ mağarası dünyada unikal nümunələrdəndir.

Şura sədri əlavə edir ki, 2020-ci ilin əvvəlindən başlayan koronavirus pandemiyası Azərbaycanda olan sanatoriyaların fəaliyyətini məhdudlaşdırıb. Belə ki, sərhədlərin bağlı olması səbəbilə xaricdən gələn turistlərin sayında kəskin azalma müşahidə olunub. Bu da sanatoriyaların işini çətin duruma salıb: “Pandemiyadan əvvəlki dövrdə dünyanın müxtəlif ölkələrində keçirilən turizm sərgilərində Azərbaycanın tibbi turizmi aktiv şəkildə təbliğ olunurdu. Hazırkı dövrdə müalicə məqsədilə Azərbaycana gələn xarici vətəndaşlara xüsusi icazələrin verilməsi bu sahənin özünü bərpasını sürətləndirə bilər. Xarici ölkələrdə belə bir təcrübə mövcuddur. İnanıram ki, pandemiya bitəndən sonra turizmin bu növü daha da inkişaf edəcək və sağlamlıq turizmi xarici turistlərin diqqətini cəlb edən əsas turizm məhsullarından birinə çevriləcək”.

 

Dünyadakı bütün mineral sulardan Azərbaycanda var

 

Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Azərbaycanda müalicə-sağlamlıq məqsədilə aparılan araşdırma nəticəsində məlum olub ki, ölkəmizdə müalicəvi müəssisələr (sanatoriyalar, istirahət evləri, pansionatlar, balneoloji və palçıq müalicə ocaqları, kurort poliklinikaları, bərpa mərkəzləri və s.), sanatoriya mühafizə zonaları və digər kurort infrastrukturunun təşkili üçün hər cür imkan var. Balneoloji ehtiyatlar sanator-kurort müəssisələrində başlıca müalicə amillərindən sayılır ki, Azərbaycan da bu baxımdan xüsusi imkanlara malik ölkə hesab edilə bilər. Çünki dünyada qəbul olunan səkkiz qrup mineral suyun demək olar ki, hamısına ölkəmizdə rast gəlinir.

Azərbaycanda olan mineral su ehtiyatının 33%-i Kəlbəcər və Laçın rayonlarının payına düşür. Bu rayonlardakı mineral su ehtiyatının 42%-i Laçının, 58%-i Kəlbəcərin ərazisindədir. Yalnız Kəlbəcər rayonunun Tərtər çayı hövzəsində 400-dən artıq mineral su yatağı var.

Karbonlu mineral sular bütün ölkədə tədqiq olunmuş müalicəvi su mənbələrinin 35%-dən çoxunu əhatə edir. Ölkəmizdə karbonlu mineral sular ancaq Kiçik Qafqaz və Naxçıvan Muxtar Respublikasının ərazisində yayılıb. Belə sulara misal olaraq məşhur Nəhacir (Ordubad), Badamlı (Babək), Turşsu (Şuşa), Qızılca (Gədəbəy), Darıdağ (Culfa), İstisu (Kəlbəcər) kimi mineral su mənbələrini göstərmək olar.

 

Müalicə üçün palçıq vulkanlarından az istifadə edilir

 

Azərbaycanda 350-dən çox palçıq vulkanı mənbəyi var. Araşdırmaya görə, vulkan palçıqlarının hamısı müalicə məqsədilə istifadə oluna bilməz. Tərkibində üzvü birləşmələrin, yod, brom, hidrogen sulfidin, naftenlərin miqdarı çox olduqda onlar müalicə üçün yararlı hesab edilir. Müalicəvi palçıq əsasən lil palçığı (Masazır və Zığ gölünün palçıqları) və təpə (vulkan) palçıqları hesab olunur.

Ümumilikdə, Azərbaycanda 9 vulkanın müalicəvi tərkibinin təsdiq olunmasına baxmayaraq, onlardan müalicəvi məqsədlər üçün məhdud istifadə edilir. Masazır gölünün palçığı 40 il müddətində kurort müalicəsində geniş istifadə olunsa da, son 10 ildə göldə duz istehsal edildiyindən bu işlər dayandırılıb.

Ölkədə müalicəvi baxımdan ən çox öyrənilmiş Axtarma, Qaradağ, Daşgil, Bahar, Masazır, Babazənən, Qaynarca vulkan palçıqları öz tərkiblərinə görə Gürcüstanın palçıq kurortu olan Axtala mənbəyinə oxşardır. Şimali Qafqazdakı Tabukan gölü və Krımdakı vulkan palçıqlarından isə müalicəvi təsirlərinə görə üstündür.

Abşeron sanatoriyalarında vulkan palçığından kompleks istifadə üçün maddi-texniki bazanın az da olsa mövcudluğu bu imkanlardan yararlanmağa şərait yaradır. Hesab edilir ki, Abşeronda vulkan palçığına əsaslanan sanatoriyanın tikilməsi mümkündür. Belə bir sanatoriyanı müalicəvi xüsusiyyətləri daha üstün olan Daşgil palçıq vulkanının bazasında təşkil etmək daha əlverişlidir. Eyni zamanda Zığ, Masazır palçıqlarından istifadə etməklə kompleks müalicə xidməti göstərən sanatoriyaların tikintisi iqtisadi cəhətdən səmərəli olar.

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun professoru, elmlər doktoru Adil Əliyevin fikrincə, ölkəmizdəki vulkanların sayı, tərkibi palçıq vulkanları ilə müalicəni təşkil etməyə imkan verir. O bildirir ki, sayına, tərkibinə, aktiv fəaliyyətinə görə Azərbaycandakı palçıq vulkanlarının dünyada analoqu yoxdur.

Alimin qənaətincə, palçıq vulkanları ilə müalicələrin təşkili dövlətimizə əlavə gəlir gətirə bilər: “Ölkəmizdəki vulkanların sayı, tərkibi nəzərə alınarsa, burada palçıq vulkanları ilə müalicəni təşkil edə bilərik. Nəzərə alaq ki, Qobustandakı Qoturdağ və Çeyildağ vulkanları dünyada çox nadir hallarda rast gəlinən vulkanlardandır. Bakıdan 50 km qərbdə yerləşən Çeyildağ vulkanı uzun müddət ərzində tədricən püskürərək günbəzşəkilli brekçiya qatı əmələ gətirir. Qoturdağ vulkanında isə suxur daim sıxılır. Ona oxşar vulkan Rusiyada var. Digər ölkələrdə belə vulkan yoxdur. Azərbaycana gələn turistlər üçün də belə vulkanlar maraqlıdır. Əgər bu işə sərmayə yatırılsa, onda bu, respublikamıza daxil olan valyutanın artmasına səbəb olar”.

 

Xəzərin sağlamlıq potensialından tam istifadə edilmir

 

Araşdırmaların nəticələrinə görə, Xəzər sahillərində günəşli günlərin və saatların çox olması, sahillərdə oksigenin, yodun artması, quru iqlimi, narın qumlu çimərlikləri helioterapiya və talassoterapiya imkanlarını artırır. Abşeronun şimal sahillərinin “qızıl” qumlu, Lənkəran sahillərinin qara qumlu çimərlikləri talassoterapiyanın təşkili üçün daha əlverişli ərazilərdir.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev də hesab edir ki, Azərbaycan Xəzər dənizinin, eləcə də Abşeron yarımadasındakı müalicəvi göllərin, palçıq vulkanlarının sağlamlıq potensialından lazımi şəkildə istifadə edə bilmir.

Onun fikrincə, Azərbaycanın ekoloji və sağlamlıq turizmi üzrə model ölkə olmaq imkanı var. Mütəxəssis əlavə edir ki, sağlamlıq turizminin təşviqi fondlarının və müxtəlif proqramların tətbiqi sağlamlıq turizmi məqsədilə ölkəyə gələcək turistlərin sayına müsbət təsirini göstərəcək.

 

Sağlamlıq turizmi bütün aylarda gəlir gətirər

 

Ruslan Quliyev qeyd edir ki, turizmin digər növlərində, o cümlədən dəniz turizmində gecələmə sayı azdır. Lakin sağlamlıq turizmində müalicə kursu ən azı 15 gün olduğuna görə, bu növ turizmin ilin bütün aylarında effektiv gəlir gətirmə imkanı var.

Hazırda Azərbaycana sanatoriya-kurort xidmətlərindən istifadə məqsədilə bu xidməti göstərən müəssisələrə daha çox may-sentyabr aylarında müraciət edilir. Sağlamlıq turizmi üzrə digər məqsədlərlə müəssisələrə müraciətlərin edilməsi ilin bütün fəsillərində qeydə alınır.

Ruslan Quliyev əlavə edir ki, Türkiyə və Kiprdə sağlamlıq turizmi ilə əlaqədar, minimum 12-14 gün gecələmə məqsədilə turist gətirən xarici turizm agentliklərinə və operatorlara hər turistə görə 70 şərti vahid dəyərində təşviqedici vəsait verilir. Onun fikrincə, Azərbaycanda da ölkəyə 7 gecə qalacaq turist gətirən şirkətlərə (əgər bütün səyahət sənədlərinin surəti təqdim olunarsa) büdcədən vəsait ödənilə bilər.

Ekspert buna görə turist təşkilatlarına büdcədən bir nəfər turist üçün 70 manat vəsaitin ödənilməsini təklif edir. Bu halda turizm şirkətlərinə büdcədən ödəniləcək vəsaitin məbləği onların büdcəyə gətirəcəyi gəlirdən dəfələrlə çox olacaq: “Məsələn, ölkəyə 1 milyon turist daxil olur və onların hər biri 7 gecə ölkəmizdə qalarsa, bu, 7 milyon gecələmə deməkdir. Hər bir turist 1 həftədə 1000 manata yaxın pul xərcləyirsə, büdcədən 70 milyon vəsait çıxır, əvəzində ölkəyə 1 milyard vəsait daxil olur”.

 

Ermənilər Qarabağdakı sanatoriya-kurort müəssisələrini məhv ediblər

 

Ruslan Quliyev bildirir ki, hələ sovet dövründə sağlamlıq turizmi imkanlarının mövcud olduğu Kəlbəcərin İstisu termal mərkəzi, Şuşanın, Ağdamın bolneoloji sanatoriyaları bütün SSRİ-də məşhur idi: “Şuşadakı kurort müəssisələri, pansionat və sanatoriyalar, Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, əfsanəvi Cıdır düzü buraya səyahətə gələnlərin sevimli yeri olub. Bunlarla yanaşı, Xankəndi, Ağdam, Kəlbəcər ərazilərindəki rekreasiya məkanları, ümumilikdə bölgənin turizm potensialı onu beynəlxalq əhəmiyyətli bir səviyyədə tanıdıb. Respublikamıza gələn yüz minlərlə turistin mühüm bir hissəsi məhz Qarabağın payına düşüb. 1970-ci illərdən başlayaraq burada yaradılmış turizm istirahət müəssisələrinin xidmətlərindən hər il yüz minlərlə yerli və xarici turist istifadə edib. 1990-cı illərdə Qarabağın ermənilər tərəfindən işğalından sonra bu zonada turizmin inkişafı da dayandı. Düşmən insanların evlərini, dövlət obyektlərini, dini və tarixi abidələrimizi dağıtdığı kimi, mövcud sanatoriya-kurort müəssisələrini də məhv edib. Amma təbiətin bəxş etdiklərini özündən başqa kimsə yox edə bilməz. Şuşada, Kəlbəcərdə, Laçında, Zəngilanda, Ağdamda çoxsaylı termal qaynaqlar var ki, bunların hərəsi bir dərdin dərmanıdır”.

Ruslan Quliyevin fikrincə, Qarabağda sağlamlıq turizminin inkişafı üçün ilkin etapda indiyə qədər mövcud olan təsisatların ən azından informativ xarakterli bir xəritə planının, məlumat bazasının yaradılması lazımdır: “Bununla yanaşı, azad edilmiş ərazilərimizdəki termal qaynaqlardan nümunələr götürülə və bunun nəticələri əsasında bir çox müalicəvi sanatoriya-kurort müəssisələrinin yaranmasının əsası qoyula bilər. Düşünürəm ki, bu sanatoriyalar müəyyən vaxtdan sonra müalicəvi əhəmiyyətinə görə dünyanın ən məşhur müalicə mərkəzlərinə çevrilər və buraya ildə minlərlə turist cəlb etmək mümkün olar. Bundan sonrakı mərhələdə Dövlət Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Beynəlxalq İşçi Qrupun yaradılmasına ehtiyac duyulur. Bu işçi qrup mütəxəssislər dəvət edərək biznes planlar, infrastruktur layihələrinin həyata keçirilməsi üçün inkişaf planı hazırlaya bilərlər. Daha sonra xarici investisiyaların cəlb olunması ilə bağlı uzunmüddətli strategiya həyata keçirmək mümkündür”.

 

Sağlamlıq turizmi sistem vəhdəti yaradılmalıdır

 

Ruslan Quliyev hesab edir ki, əsas məqsədlərdən biri Azərbaycanda, o cümlədən Qarabağda sağlamlıq turizmi sahəsində klasterləşmə (sistemli birləşmə) siyasətinin aparılması və beləliklə məhz bu sahədə çalışan, işbirliyi olan QHT və hüquqi şəxslərin bir-birindən asılı olan sahələrarası qarşılıqlı bağlantısının həyata keçirilməsidir.

Mütəxəssisin fikrincə, klasterləşmə bu gün Azərbaycan üçün labüddür, çünki bu halda kiçik və orta sahibkarlıq subyektləri arasında həm rəqabət, həm də əməkdaşlıq üçün yeni imkanlar yaranacaq. Sağlamlıq turizmi sahəsində klasterləşmənin aparılması müəyyən coğrafi sərhədlər daxilində bir-birini təkrarlayan deyil, bir-birini dəstəkləyən, tamamlayan təsisatların fəaliyyətini bir dəyər zənciri ilə bağlayacaq: “Sağlamlıq turizmi məhsulunun əldə olunması üçün bütün mərhələlər bir məkanda reallaşır. Klasterləşmə eyni zamanda həm alt sektorlar, həm də coğrafi ərazilər üzrə təşkil oluna bilər. Klasterləşmənin üstünlükləri sayəsində rəqabət qabiliyyətinin artırılması, əməkdaşlıq diapozonunun genişləndirilməsi təmin ediləcək, bu sahədə sürətli inkişaf baş verəcək. Eyni zamanda fərqli və eyni sahələrin bir-birinə dəstəyi nümayiş olunacaq. Turizm klasteri üç əsas təməl ünsürdən formalaşır ki, bunlara sahibkarlıq subyektləri, bütün istehsal, xidmət, tədarük sahəsində olan müəssisələr daxil olur”.

 

Aviabiletlərin qiymətlərinin yüksək olması sağlamlıq turizminə mənfi təsir edir

 

Turistlərin əksəriyyəti ölkəmizə təyyarə ilə gəldiyi üçün hava nəqliyyatı sağlamlıq turizm paketlərinin xarici ölkə vətəndaşlarına satılmasında maraqlı tərəf kimi çıxış edir.

DTA-nın araşdırmalarının sonunda gəlinən qənaətə görə, sağlamlıq turizmi məhsullarının səyahət agentlikləri ilə “AZAL” və digər hava nəqliyyatı şirkətləri arasında birgə hazırlanması turistlərin cəlb olunmasında əhəmiyyətli olardı: “Hava nəqliyyatında qiymətlərin yüksək olması digər turizm növləri kimi sağlamlıq turizminə də mənfi təsir edir. Ölkədə sağlamlıq turizminin prioritet sahə olmasını nəzərə alaraq “AZAL”ın qiymət siyasətinə yenidən baxması vacibdir. Xüsusilə ölkənin sağlamlıq turizm mərkəzləri üçün paket alan turistlərə güzəştli qiymətlərlə avia vauçerlər təqdim edilməlidir. Eyni zamanda DTA, “AZAL” və sağlamlıq müəssisələri ölkəyə sağlamlıq turizm seqmentini cəlb etmək üçün birgə qiymət siyasəti hazırlamalıdır”.

 

Qarabağı necə turizim mərkəzinə çevirməli?

 

Sağlamlıq turizminin inkişafı üçün geniş potensial olsa da, onlardan istifadənin aşağı səviyyəsi, marketinq fəaliyyətinin və təşkilati işlərin zəif təşkili rəqabət imkanlarını azaldır. Problemlərin həlli, ölkədə fəaliyyət göstərən kurort-müalicə müəssisələrində yeni xidmətlərin təklif olunması daha çox gəlir götürməyə imkan verər.

Araşdırmalar nəticəsində bu qənaətə gəlinib ki, ölkədə sağlamlıq turizmi sahəsində xidmətlərin yüksəldilməsi, beynəlxalq miqyasda rəqabət qabiliyyətinin artırılması üçün unikal kurort müalicə imkanlarını təqdim edən məhsullar, kurort xidmətləri üzrə müalicəvi sağlamlıq turizmi paketləri hazırlana bilər. Balneoloji, iqlim kurort resurslarının daha çox cəmləşdiyi ərazilərdə mobil sağlamlıq mərkəzlərinin yaradılması, Naftalan müalicəvi nefti əsasında kosmetik məhsulların və dərmanların istehsalı, brendləşdirilməsi faydalı olar. Bununla yanaşı, sağlamlıq xidmətlərində putyovka (güzəştli yollayış) sisteminin təkmilləşdirilməsi, sağlamlıq turizmində investisiyaların cəlbi, kurort turizm məhsullarının beynəlxalq miqyasda tanıdılması daha çox iqtisadi effekt vermiş olar.

Sağlamlıq turizminin inkişafı üçün təkliflərini açıqlayan Ruslan Quliyev bildirir ki, işğaldan azad edilmiş ərazilərimizdə turizmin inkişafına nail olmaq üçün müxtəlif sahibkarlıq subyektlərinə dövlət tərəfindən indiyə qədər edilən dəstək daha da dərinləşdirilməlidir: “Bu, sistemli olmalıdır. Hesab edirəm ki, ilkin olaraq Turizmin İnkişafına Dəstək Fondu yaradılmalı, “Təşviqlər-subsidiyalar” haqqında qanun qəbul edilməlidir”.

Mütəxəssis hesab edir ki, Qarabağ turizm zonasına 7-14 gün gecələmə şərti ilə turist gətirən turizm şirkətləri üçün “Azərbaycan Hava Yolları” QSC tərəfindən 50% endirim tətbiq olunmalıdır. Bu güzəşt təxminən 3 il müddətində tətbiq edilə bilər. Qarabağda çalışan şirkətlərə 10-15 il müddətinə 1,5 faizlə kreditin verilməsi yaxşı olar.

Ruslan Quliyev deyir ki, İqtisadiyyat Nazirliyi şirkətlər üçün postmüharibə dövrü ilə bağlı təkliflər paketi hazırlamalıdır: “Xarici və daxili amilləri nəzərə almaqla, sırf Qarabağın inkişaf strategiyasında bu məsələlər nəzərə alınmalı, hüquqi-normativ sənədlər bazasında bəlli bir qanun və platformalar hazırlanmalıdır. Xarici investisiyaların cəlbinə, kadr hazırlığına xüsusi diqqət yetirilməlidir. Qurulan yeni təsisatlarda yerli kadrlarımıza üstünlük verilməlidir. Qarabağ zonasında turizm peşə məktəblərinin, Şuşada Azərbaycan Turizm və Menecment Universitetinin filialının açılması məqbul olardı. Düşünürəm ki, Qarabağda “Silikon Vadisi”nin analoqunu yaratmaq olar. Azərbaycanın bu illər ərzində beynəlxalq platformalarda - Ümumdünya Turizm Təşkilatında, sağlamlıq turizmi qurumlarında, ekoturizm cəmiyyətlərində təmsil olunmasından geniş istifadə edə bilərik. Azərbaycanın bu savaşdakı qələbəsi bütün dünya reytinqində, istər siyasi, istər mədəni, istərsə də digər sahələrdə ölkəmizin nüfuzunu artırıb. Ölkəmizə sərmayə qoymaq istəyən təşkilatlar da quruculuq işlərində iştirak etmək istəyirlər. Bu iştirak turizmlə də bağlı ola bilər. Mənim təxmini hesablamalarıma görə, bu məsələlər paralel aparılarsa, biz 6-8 il ərzində Qarabağda turizmin 85 faizini qura bilərik”.

 

Turizm potensialı yenidən dəyərləndirilməlidir

 

Azərbaycan turizm potensialının mövcudluğu baxımından şanslı ölkələrdən sayıla bilər. Lakin bu potensialın qlobal miqyasda tanıdılması, beynəlxalq rəqabət qabiliyyətinin artırılması üçün əlavə xidmətlərin yaradılması, yeni kurort destinasiyalarının istifadəyə verilməsi, marketinq və reklam işinin təşkili ölkəmizə kütləvi turist axınlarının cəlbinə imkan verər.

Bütün bunlar qeyri-neft sektoru hesabına ölkəmizin büdcəsinə əlavə gəlirlərin daxil olması, bu sahədə yeni iş yerlərinin yaradılması, əhalinin rifahının yüksəldilməsi deməkdir. Bütün bunlar üçün isə, ilk növbədə, sağlamlıq turizminin təşkili sahəsindəki problemlər aradan qaldırılmalı, yaranan imkanlar bütün təbəqədən olan insanlar üçün əlçatan olmalıdır.

İnanırıq ki, bu gün təkcə Qarabağın deyil, bütün regionların turizm potensialından geniş və səmərəli istifadə etməyi qarşısına əsas hədəf kimi qoyan ölkəmiz sadalanan problemləri həll etmək, imkanları lazımınca dəyərləndirməklə Azərbaycana gələn turistlərin sayının daha da artmasına, turizmin büdcə gəlirlərinin formalaşmasındakı payının yüksəldilməsinə nail olacaq.

Sözsüz ki, Azərbaycanın iqtisadi gücü bunları reallaşdırmağa imkan verər. Sadəcə, bunun üçün potensialımız dəyərləndirilməli, onlardan istifadə üçün yeni innovativ layihələr reallaşdırılmalıdır...

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM