23 Sentyabr 2021 00:45
686
Təhsil
A- A+

Şagird və tələbələri nə gözləyir

 

Distant, yoxsa ənənəvi təhsil

 

Təhsil elmin əsas bünövrəsi və ümumilikdə cəmiyyətin inkişafında mühüm amildir. Buna görə də Azərbaycan dövləti istər ümumorta, istərsə peşə, istərsə də ali təhsilin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində bütün mümkün vasitə və imkanlardan istifadə edir. Əlbəttə, burada əsas müasir yeniliklərə cavab verən, informasiya texnologiyalarından bəhrələnmək imkanına malik məktəblərin olmasıdır. Lakin burada daha incə məqamlar var və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən son brifinqdə həmin məqamlar müzakirə edilmişdir.

Məlum olduğu kimi, 2020-ci il martın 2-də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən

COVID-19 infeksiyasına yoluxma halının qarşısının alınması, ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tibbi profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə tədrisin, təlim-tərbiyə prosesinin dayandırılması və bununla əlaqədar bütün tədbirlərin təxirə salınması barədə qərar qəbul edilmişdir. Həmin qərar çərçivəsində təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək üçün Təhsil Nazirliyi tərəfindən təxirə salınmadan yeni təşəbbüslərin reallaşdırılmasına başlanmışdır. İlk növbədə, əhatə dairəsinə görə ən geniş olan ümumi təhsil pilləsində teledərslərin təşkili ilə bağlı işlərə start verilmişdir. Növbəti addım kimi, aprelin 2-dən “Virtual məktəb” layihəsi tətbiq olunmuş, ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verilmiş, daha sonra epidemioloji vəziyyət nəzərə alınaraq dərslər pandemiya qaydalarına uyğun, həm onlayn, yəni distant, həm də ənənəvi qaydada təşkil edilmişdir.

Nazir son brifinqində KİV-in suallarını cavablandırmadan öncə maraqlı məqamlara toxunaraq bildirmişdir ki, 2020-ci ilin mart ayından başlayaraq, dünyada, o cümlədən Azərbaycanda koronavirus pandemiyası ilə bağlı distant təhsilə keçilmişdir: “Növbəti, yəni 2021-2022-ci tədris il ilə bağlı onu deyə bilərik ki, uzunmüddətli fasilədən sonra, nəhayət ki, ölkəmizdə də ənənəvi təhsilə qayıtmaq imkanı yarandı. Bu proses mərhələlərlə həyata keçiriləcək. 22 sentyabr tarixdən 1-4, 29 sentyabrdan isə 5-11-ci siniflər, həmçinin ali və orta ixtisas təhsil müəssisələrində dərslər başlayacaq. Ənənəvi təhsilə qayıdış o deməkdir ki, pandemiya şəraiti nəzərə alınmaqla, müəyyən məhdudiyyətlərlə davam etdiriləcək. Lakin ən əsası ənənəvi təhsilə qayıdış o deməkdir ki, öyrəşdiyimiz kimi, həftədə beş gün olmaqla, dərslər davam etdiriləcək. Bu da imkan verəcək ki, şagirdlər və tələbələr köhnə qayda ilə sevimli məktəblərində müəllimləri ilə üz-üzə olmaq imkanı qazansınlar...”

Brifinqdə qeyd olunmuşdur ki, həm Təhsil Nazirliyi, həm də Təhsil İnstitutu müxtəlif beynəlxalq təcrübələri, ÜST-ün tövsiyə və məsləhətlərini nəzərə alaraq, müvafiq təşkilatlara təkliflər verib. Avqust ayının 25-nə olan məlumatlara əsasən, dünyanın 134 ölkəsində təhsillə bağlı qərarlar qəbul olunub. Belə ki, 63 ölkədə məktəblər açılıb, 55 ölkədə məktəblərin açılacağı elan edilib, 49 ölkədə isə hələ heç bir qərar qəbul olunmayıb.

Nazirin sözlərinə görə, təhsil müəssisələrinin açılması virusun yayılmasına müəyyən mənada təsir edən, istər nəqliyyatda, istər iş yerlərində, istərsə də ailələrdə yoluxmaya səbəb olan faktor kimi nəzərə alınmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, ölkənin təhsili onun gələcəyi, siyasəti, mədəniyyəti, inkişafın əsasını təşkil edən, stimullaşdıran iqtisadiyyatıdır. Təhsil alanların öyrənmə prosesi vacib məsələdir: “Nə olursa-olsun, biz təmin etməliyik ki, uşaqlar, məktəblilər öyrənsinlər. Yəni təhsildən kənarda qalmasınlar. Məqsəd ondan ibarətdir ki, qərarlar verilərkən ən optimalı qəbul edilsin”.

Təbii ki, yeni tədris ilində istər tələbələri, istərsə də valideynləri maraqlandıran və ciddi düşündürən məsələlərdən biri də güzəştlərlə bağlıdır. Bu məsələ ilə bağlı səsləndirilən fikirlərdə göstərilir ki, təqribən 113 min tələbə ödənişli təhsil alır. Onlardan 15 min 209 nəfərinin təhsilhaqqı sosial güzəştlərlə bağlıdır. Əslində isə bütün tələbələrə güzəşt edilməsi ədalətli olardı. Çünki 176 min tələbənin 113 mini təhsili ödənişli alır. 15 min 209 tələbənin təhsil haqqı isə dövlət tərəfindən ödənilir. Burada əsas meyar kimi ailənin sosial vəziyyəti, yəni ehtiyac meyarı əsas götürülüb. Daha 17 min tələbə isə sosial cəhətdən həssas qrupa daxildir. Onlar əsasən məcburi köçkün statusu olanlardır. Bu kateqoriyaya daxil olan tələbələrin də təhsil haqqı dövlət tərəfindən ödənilir. Beləliklə, 32 mindən artıq tələbə sosial güzəştdən yararlanmaq hüququ qazanıb.

Xəbər verildiyi kimi, bu il birinci kurs tələbələri ali məktəblərə məlum səbəblərlə bağlı sentyabrın 15-dən deyil, oktyabrın 1-dən gedəcəklər. Bu, ali məktəblərlə tanışlıq xarakteri daşıyacaq. Sonra ümumi vəziyyət nəzərə alınaraq təhsilin distant, yaxud ənənəvi davam etdirilməsi haqqında qərar qəbul ediləcək.

 

M.NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video