28 Oktyabr 2011 12:10
464
Mədəniyyət
A- A+

Rəssam Hüseyn Əliyevin əsərlərinin Sankt-Peterburqda sərgisinin açılması Rusiyanın və Azərbaycanın mədəni həyatında böyük hadisə olmuşdur

 

Sankt-Peterburqda Dövlət Rus Muzeyinin Stroqanov sarayında Azərbaycanın Xalq Rəssamı Hüseyn Əliyevin əsərlərindən ibarət sərginin təntənəli açılış mərasimi olmuşdur. Görkəmli fırça ustasının anadan olmasının 100 illiyinə həsr edilmiş ekspozisiyada Hüseyn Əliyevin 1960-1980-ci illərdə özünəməxsus və qeyri-adi monotipiya texnikasında yaratdığı 60 əsəri nümayiş etdirilir.

Sərginin açılışında çıxış edən Sankt-Peterburq hökumətinin üzvü  Aleksandr Proxorenko Rusiya və Azərbaycan arasında mehriban qonşuluq və dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq demişdir ki, Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin əsərlərinin sərgisinin iki ölkə və xalq arasında zəngin mədəni əlaqələrin inkişafında son dərəcə böyük əhəmiyyəti vardır.

Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirmişdir ki, rəssam Hüseyn Əliyev öz nadir əsərlərində  təbiətin, insanın əhvalını və ruhunu dəqiq əks etdirməyi bacarırdı. Rəssamın əsərləri müxtəliflik və təbiilik hissi yaradır. O demişdir: "Azərbaycan mədəniyyəti haqlı olaraq Hüseyn Əliyevlə fəxr edir, çünki onun adı ölkənin hüdudlarından kənarda da məşhurdur. Onun əsərləri dünyanın bir çox ölkələrinin möhtəşəm salonlarını bəzəyir". Nazir müavini həmçinin rəssamın irsinə qayğıkeş və həssas münasibətə görə sərginin təşkilatçılarına minnətdarlığını bildirmişdir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburqda rəssam Hüseyn Əliyevin əsərlərinin sərgisinin açılmasını Rusiyanın və Azərbaycanın həyatında böyük mədəni hadisə adlandırmışdır. Səfir Azərbaycanda mədəniyyət xadimlərinin irsinə çox qayğı ilə yanaşıldığını vurğulayaraq demişdir: "Sevindirici haldır ki, bu sərgi ilə Sankt-Peterburq və Bakı arasındakı çoxillik zəngin mədəni əlaqələr ənənəsi davam etdirilir. Bu baxımdan, sərgi ölkələrimiz və xalqlarımız arasında mədəniyyətlərarası əlaqələrin zənginləşməsinə xüsusi töhfə verir". P.Bülbüloğlu fırça ustasının yaradıcılığının hifz olunmasına və təbliğinə görə sərginin təşkilatçılarına və rəssamın ailəsinə minnətdarlığını bildirmişdir.

Rəssamın sərgi üçün seçilmiş əsərlərinə valeh olduğunu bildirən Sankt-Peterburq Mədəniyyət Komitəsi sədrinin vəzifəsini icra edən Anna Kuçerova öz əsərlərində təbiət və insan fəlsəfəsini vəhdət halına gətirən Hüseyn Əliyevin yaradıcılıq dəst-xəttinin və peşəkarlığının qeyri-adiliyini, mürəkkəbliyini vurğulamışdır. O, sərginin təşkilatçılarına və rəssamın ailə üzvlərinə müraciət edərək demişdir: "Qardaş xalqın incəsənətində doğma və dəyərli nə isə kəşf etmək, təbiətə və dünyamıza yeni baxış görmək imkanına görə sağ olun".

Azərbaycan və rus rəssamlıq mədəniyyətinin zəngin ənənələrindən, təsviri sənətin inkişafında Hüseyn Əliyevin rolundan və xidmətlərindən ətraflı söz açan Azərbaycanın xalq rəssamı Fuad Salayev, həmçinin Azərbaycana və dünyaya  çox məşhur akademiklər, alimlər, siyasətçilər, mədəniyyət və incəsənət xadimləri bəxş etmiş Əliyevlər ailəsindən danışmışdır.

Belçikanın Sankt-Peteburqdakı baş konsulu Joan Rokkas isə Rusiyanın şimal paytaxtındakı konsul korpusu adından sərginin təşkilatçılarına və rəssamın ailəsinə minnətdarlığını bildirmişdir.

İ.Y.Repin adına Sankt-Peterburq Dövlət Akademik Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun rektoru Semyon Mixaylovski bu tədbirin Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafında  əhəmiyyətini vurğulamış, mədəni mübadilə və birgə təhsil proqramlarının reallaşdırılması sahəsində iki ölkənin əməkdaşlığının indiki vəziyyətindən razılığını ifadə etmişdir.

"Sankt-Peterburqun Azərbaycan diasporu" regional ictimai təşkilatı sədrinin birinci müavini Məzahir Həsənov da minnətdarlıq dolu sözlərlə sərginin təşkilatçılarına və rəssamın ailə üzvlərinə müraciət etmişdir. 

Sonda "Lider" Media-Holdinqin prezidenti, rəssamın nəvəsi Ədalət Əliyev sərginin bütün təşkilatçılarına dərin minnətdarlığını bildirərək, Sankt-Peterburqda, Rus Muzeyində belə  mədəni hadisənin keçirilməsinin əhəmiyyətini vurğulamışdır.

Qeyd edək ki, sərgi Sankt-Peterburq Administrasiyasının,  Heydər Əliyev Fondunun RF nümayəndəliyinin və Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun dəstəyi ilə keçirilir. Dövlət Rus Muzeyindəki sərgi üçün əsərlər şəxsi kolleksiyadan təqdim olunmuşdur.

Hüseyn Əliyevin əsərlərinin sərgisi noyabrın 28-dək davam edəcəkdir.     

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Sankt-Peterburq

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video