14 Noyabr 2021 00:51
849
SİYASƏT
A- A+

Rəsmi İrəvan mövqeyini dəyişməyə məcburdur

 

Zəngəzur dəhlizinin açılması qarşısıalınmaz prosesdir

 

Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, sülh və əməkdaşlıq üçün irəli sürdüyü təkliflər artıq dünya dövlətləri, beynəlxalq ictimaiyyət tərəfindən də təqdir edilir.

Elə bunun nəticəsidir ki, Zəngəzur dəhlizinin açılmasına, sərhədlərin müəyyən edilməsinə dair Azərbaycanın təkliflərinə çoxsaylı ölkələr, o cümlədən Cənubi Qafqazda nüfuz sahibi olan dövlətlər tərəfindən tam dəstək ifadə olunur.

 

Erməni politoloqun etirafı: “Məsələ artıq həll olunub”

 

Ümumiyyətlə, Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatları da regionda kommunikasiyaların açılmasını özündə ehtiva edir. Ermənistan buna əvvəllər müqavimət göstərməyə çalışsa da, dünya dövlətlərinin yanaşması onların Azərbaycanı dəstəklədiyini, rəsmi İrəvanın yalnız qaldığını göstərir.

Bu səbəbdən Zəngəzur dəhlizi, digər istiqamətlər üzrə kommunikasiyaların bərpası ilə bağlı İrəvan mövqeyini dəyişməyə məcburdur. Ötən müddət ərzində Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində Azərbaycan tərəfindən mühüm addımlar atılıb. İşğaldan azad edilmiş torpaqlarda Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişi istiqamətində Azərbaycan dövləti tərəfindən görülən işlər də bunun  təsdiqidir. Eyni zamanda Naxçıvandan Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişi istiqamətində də müvafiq addımlar atılır.

Zəngəzur dəhlizi yeni vacib nəqliyyat xətti olmaqla yanaşı, regional və perspektivdə daha geniş miqyasda əməkdaşlıq əlaqələrinin yaradılması baxımından son dərəcə mühümdür. Bu, regiondakı bütün ölkələrin maraqlarına xidmət edir. Zəngəzur dəhlizi “Şərq-Qərb” nəqliyyat dəhlizinin əhəmiyyətini yüksəltməklə yanaşı, Azərbaycanın Avrasiya məkanında tranzit ölkə kimi əhəmiyyət və imkanlarını daha da artıracaq.

Hesab edilir ki, indiki halda proseslərin gedişi Ermənistanla sərhəd məsələlərinin həllini, o cümlədən Zəngəzur dəhlizinin işə düşməsini, digər kommunikasiyaların açılmasını tezləşdirəcək. Bunu Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan da xüsusi olaraq vurğulayır: “Müharibədəki məğlubiyyətdən sonra Ermənistana təzyiqlər növbəti mərhələyə keçir. Təzyiq güclüdür, möhkəmlənir. Ümumiyyətlə, azərbaycanlıların, türklərin istədiyi budur, amma biz Azərbaycandan Türkiyəyə gedən yoldan danışırıq, niyə bu problemi sözlə ört-basdır edirik. ATƏT-in Minsk qrupunun hər üç həmsədrinin, ən əsası isə Rusiyanın istədiyi budur”.

O, regionda yolların və kommunikasiyaların açılması prosesi ətrafında cərəyan edən proseslərlə bağlı fikirlərini bölüşüb. Politoloq vurğulayıb ki, bu proseslərdə termin və sözlər həlledici rol oynamır və siyasi diskursda aydın terminlərin yoxluğu vəziyyəti dəyişmir. Onun fikrincə, əslində, məsələ həll olunub, hazırda texniki problemlər müzakirə olunur: “Artıq texniki problemlərdən danışırıq: necə tikiləcək, kim tikəcək, rüsum nə qədər olacaq və sair”.

 

Armen Aşotyan: “Dəhliz olacaq, müzakirə ona kimin nəzarət etməsi ilə bağlıdır”

 

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan da bildirir ki, noyabrın 10-da imzalanan sənəddə artıq mövcud dəhliz məntiqi var. Onun sözlərinə görə, 9-cu bənddə yazılıb ki, Azərbaycanı Naxçıvana bağlayan nəqliyyat yoluna rus sərhəd qoşunları tərəfindən nəzarət olunacaq: “Yəni Ermənistan artıq öz suverenliyinin bir hissəsini bu yola güzəştə gedib. Dəhliz olacaq, müzakirə ona kimin nəzarət etməsi ilə bağlıdır”.

Rusiyalı iqtisadçı Vasili Koltaşov isə qeyd edir ki, Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Ermənistan üçün vacibdir. Bu dəhliz Ermənistana tranzit iqtisadiyyatında öz potensialını reallaşdırmağa imkan verəcək. Onun sözlərinə görə, Ermənistan qonşu ölkələrlə iqtisadi əlaqələrin fəallaşmasına və sadələşməsinə ehtiyac duyur: “Bir dəhlizin işini təmin etməklə digər proqramlara qoşulmaq, onları işə salmaq olar. Bir sözlə, Ermənistan iqtisadiyyatının Avrasiyada inteqrasiya və ticarət proseslərinə daha çox cəlb olunması üzərində işlər görmək mümkündür”. O bildirib ki, Zəngəzur dəhlizinin açılması Ermənistana bir sıra üstünlüklər verəcək. Ermənistan üçün ilk sırada iqtisadi maraqlar dayanmalıdır. Daha sonra siyasi münasibətlərin həlli gəlməlidir.

Ukraynalı ekspert, iqtisadçı Aleksandr Oxrimenko isə vurğulayıb ki, Ermənistanda qarşıdurmanın davam etməsini istəyən və Zəngəzur dəhlizinin işə salınmasını “xəyanət” kimi qəbul edən siyasətçilər var: “Ən başlıca problem də məhz budur. İqtisadi baxımdan regionda problemlərin həlli yolları göz qabağında olsa da, siyasi intriqalar bu məsələləri həll etməyə imkan vermir”.

Ekspert hesab edir ki, Zəngəzur dəhlizi həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyət daşıyır: “İqtisadi baxımdan Zəngəzur dəhlizi Ermənistana lazımdır və ona koronavirusla bağlı yaranmış böhranın öhdəsindən gəlməkdə kömək edəcək. Dəhliz investisiyaların cəlb olunması, yeni iş yerlərinin açılması, sənaye müəssisələrinin bərpasına imkan yaradacaq. Bu dəhliz iqtisadi əlaqələrin bərpası baxımından Azərbaycan, Türkiyə və Ermənistan üçün böyük imkanlar açacaq. Zəngəzur dəhlizi, xüsusilə də Ermənistanın regional iqtisadiyyata inteqrasiyasına kömək edəcək”.

Ümumiyyətlə,  dünya miqyasında belə yanaşma hakimdir ki, Zəngəzur dəhlizinin açılması qarşısıalınmaz prosesdir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video