23 Oktyabr 2011 12:10
468
İQTİSADİYYAT
A- A+

Rekordçu quyular

 

bp-nin bir maraqlı ənənəsi var. Hər il dünyanın müxtəlif yerlərində çalışdığı neft-qaz yataqlarındakı ən məhsuldar quyuları müəyyənləşdirir. Bu yaxınlarda şirkətin ictimaiyyətə təqdim etdiyi "Davamlı inkişaf haqqında hesabat - 2010" buraxılışında 25 belə quyunun olduğu göstərilir.

Keçən ilin 25 ən məhsuldar quyusunun 8-i Azərbaycanda, 7-si Avstraliyada,

4-ü İndoneziyada, 3-ü Trinidadda və 3-ü Meksika körfəzindədir. Bu, onu göstərir ki, ən məhsuldar quyuların siyahısına da Azərbaycanın neft-qaz quyuları liderlik edir. İkincisi, əgər nəzərə alsaq ki, bp şirkəti 80-dən çox ölkədə işləyir, onda belə bir nəticə də hasil olunar: Azərbaycanın karbohidrogen quyuları dünyadakı ən məhsuldar quyular sırasındadır.

Azərbaycanın payına düşən 8 ən məhsuldar quyunun tən yarısı "Azəri" yatağının mərkəzi hissəsindədir. Ümumiyyətlə isə quyuların 7-si "Azəri"nindir. Belə ki, daha iki quyu "Qərbi Azəri"də və bir quyu "Şərqi Azəri"dədir. Bir quyu isə "Şahdəniz" qaz-kondensat yatağına məxsusdur.

Azərbaycanın rekordçu quyularına "Qərbi Azəri"də istismar olunan, gündəlik hasilatı 33 min 729 barel neft ekvivalentinə çatan quyu liderlik edir. "Qərbi Azəri"nin daha bir quyusu dördüncü sırada dayanır. Bu quyunun gündəlik hasilatı 30 min 126 barel neft ekvivalenti təşkil edir.

İkinci yerdə "Şahdəniz" qaz-kondensat yatağında gündə 30 min 378 barel neft ekvivalentinə bərabər hasilatla işləyən quyudur. Xatırladaq ki, keçən il "Şahdəniz"dən təxminən 6,9 milyard kubmetr qaz və 14,7 milyon barelə yaxın kondensat hasil edilib. Hazırda yatağın birinci mərhələsinin işlənməsi həyata keçirilir. Bu mərhələdə yataqdan ildə 9 milyard kubmetrə qədər qaz alınacağı nəzərdə tutulub. 2017-ci ildə "Şahdəniz"in növbəti mərhələsi çərçivəsində hasilata başlanacağı gözlənilir. Həmin mərhələdə isə yataq ən yüksək sabit hasilat dövründə əlavə olaraq daha 16 milyard kubmetr qaz verəcək. Göründüyü kimi, "Şahdəniz"in nəhəng qaz-kondensat mənbəyi olduğunu onun rekordçu quyuları da təsdiqləyir.

Keçən il ən məhsuldar quyular sırasında "Mərkəzi Azəri"nin quyuları daha çox yer alıb. Üçüncü, altıncı, yeddinci və səkkizinci sırada dayanan bu quyuların hasilatı gündə 30 min 237 barel, 28 min 997 barel, 28 min 529 barel və 28 min 370 barel neft ekvivalenti olub. Onları istismar edən "Mərkəzi Azəri" platforması 2005-ci ilin əvvəlindən işə salınıb. Həmin il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə vurulan ilk neft də Səngəçal terminalına məhz buradan axıdılıb.

"Rekord"çular siyahısında "Şərqi Azəri"ni təmsil edən quyu isə beşinci yerdədir. Onun gündəlik hasilatı 29 min 793 neft ekvivalentinə bərabərdir. Bu quyunun yerləşdiyi "Şərqi Azəri" yatağından 2006-cı ilin noyabr ayında hasilata başlanıb. Ən məhsuldar quyular sırasında "Şərqi Azəri"nin bir quyusunun adı çəkilsə də, yataqda onunla bərabərləşməyə "çalışan" quyular çoxdur.

Məhz bu quyuların sayəsində keçən il "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan gündə orta hesabla 823 min 100 barel neft və xeyli səmt qazı hasil olunub.

 

F.SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video