19:04 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qürurlu və mətin

ANA SƏHİFƏ / SİYASƏT
01:50 25.09.2021

 

İlham Əliyevin BMT Baş Assambleyasının sessiyasında etdiyi çıxış yenilməz qətiyyətin ifadəsi idi

 

“Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır”.

BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələri zamanı səslənən bu fikirlər İlham Əliyevin yenilməyən qətiyyətinin növbəti ifadəsidir. Bütün beynəlxalq toplantı və forumlarda, konfranslarda Azərbaycan Prezidenti hər zaman fikirlərini açıq şəkildə söyləyib və konkret təkliflərini səsləndirib. Bu dəfə isə İlham Əliyev həm də qalib sərkərdə kimi çıxış edərək dünyanın ən ali tribunasından Ermənistana, onun havadarlarına və beynəlxalq aləmə mesajlarını ünvanladı.  

 

Tarix yazan lider

 

İlham Əliyev BMT Baş Assambleyası sessiyasının budəfəki ümumi müzakirələrinə həm də tarix yazan lider kimi qoşulmuşdu. Səsləndirdiyi fikirlər, irəli sürdüyü təkliflər hər zamanki kimi konseptual idi.

Bu bir həqiqətdir ki, müasir dünyanın önəmli siyasi liderlərindən olan Azərbaycan Prezidenti dəfələrlə milli maraqlar məsələsində güzəştsiz mövqedə olduğunu sübut edib. Bu, onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindəndir. Yəni ümummilli məsələlərdə güzəştə getməyən liderdir. Bunu son 17 il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar zamanı ortaya qoyduğu qətiyyətli mövqeyi ilə də subut edib. Zəfər gününə qədər yorulmadan işğalçı Ermənistanla, onun havadarları ilə qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı və sonunda qalib gəldi.

Dünya liderlərinin qatıldığı toplantıda İlham Əliyev İkinci Qarabağ müharibəsinin başlanma səbəbi, Azərbaycanın uğurlu əməliyyatları, müharibədən sonra yaranmış reallıqlar, sülh müqaviləsinin imzalanmamasının səbəbləri, Zəngəzur dəhlizinin əhəmiyyəti ilə bağlı ətraflı məlumatlar verdi. Həm də toplantı iştirakçılarına bir xatırlatma da etdi: “Ötən ilin sentyabrında  BMT Baş Assambleyasındakı çıxışım zamanı mən sizin diqqətinizi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə və Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına və hərəkətlərinə yönəltdim. Bu gün qurur hissi ilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu”.

İlham Əliyev BMT rəsmilərinə mesaj ünvanladı və təklif də səsləndirdi. Dedi ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var.

 

BMT-nin yarandığı vaxtdan bu günə qədər dünyada baş verən ilk hadisə

 

Müharibənin başlanma səbəbini ətraflı şəkildə izah edən İlham Əliyev diqqətə çatdırdı ki, münaqişənin son iki ili ərzində Ermənistan qəsdən danışıqlar prosesini məhv etdi. Ermənistan hökuməti “Qarabağ Ermənistandır və nöqtə” və “bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq” kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verdi. Bu ölkənin ovaxtkı müdafiə naziri açıq şəkildə Azərbaycanı yeni təcavüz və yeni işğal ilə hədələdi. Ermənistan qəbuledilməz və əsassız “yeddi şərt” irəli sürərək, danışıqlar formatının dəyişdirilməsini, danışıqlara sıfırdan başlanılmasını və tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsini tələb etdi. Danışıqların formatının və mahiyyətinin dəyişdirilməsi cəhdi Ermənistanın məsuliyyətsiz və təhlükəli hərəkətləri səbəbindən fəaliyyəti iflic olmuş ATƏT-in Minsk qrupunun həmsədrləri üçün xoşagəlməz sürpriz oldu.

Bundan əlavə, Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn kobud şəkildə pozulması ilə Ermənistan açıq şəkildə qanunsuz məskunlaşdırma siyasətini həyata keçirərək, əsasən Yaxın Şərqdən olan erməni əsilli şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirirdi. İllər ərzində hökm sürən cəzasızlıqdan ruhlanan Ermənistan təcavüzün nəticələrini möhkəmləndirmək və qanunsuz məskunlaşdırmanı sürətləndirmək üçün Ermənistandan işğal olunmuş ərazilərimizə yeni yolun inşa ediləcəyini bildirmişdi.

2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribat törətdi. Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu.

Sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.

44 gün ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad olundu.

Məğlub olduğuna görə düşmən 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur edildi. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən - Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur oldu. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.

 

Təxribat olarsa, “dəmir yumruq” işə düşəcək

 

Vətən müharibəsində Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olundu.

İlham Əliyev bir daha vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Çünki Azərbaycanda bu gün Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb.

Prezident həmçinin BMT-yə üzv dövlətləri və BMT Katibliyini Azərbaycan ərazilərinə  istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırdı.

Prezident erməni vandalizmindən də söz açaraq bildirdi ki, beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır.

Bu gün məğlub Ermənistan sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. Bu azmış kimi Ermənistanda hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiya artmaqda davam edir. Etnik nifrət və düşmənçilik üzərində qurulmuş, erməni cəmiyyətində aşılanan irqçi ideologiya Azərbaycanın Ermənistan tərəfindən keçmiş işğal olunmuş ərazilərində etnik təmizləmənin və misilsiz vandalizmin kökündə durur. Ermənistanda rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürməkdə davam edir. Ermənistanda bütün hakimiyyətlər dövründə “milli qəhrəman”a çevrilmiş nasist general Qaregin Njdenin simasında nasizm vəsf edilir. Yəni Azərbaycan təkcə Ermənistanın işğalçı qüvvələrini deyil, həm də erməni faşizmini məğlub edib.

Münaqişə artıq keçmişdə qaldığından işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı tikinti işlərinin həyata keçirildiyi barədə də məlumat verən İlham Əliyev qeyd etdi ki, Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür və təkcə cari ildə bu məqsədlə 1,3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb.

Çıxışının sonunda İlham Əliyev ümidvar olduğunu bildirdi ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam etdirəcək.

Yox, əgər Ermənistan hər zamankı kimi məkrli planlarından, çirkin əməllərindən əl çəkməyib təxribatlara əl atsa, Azərbaycan yenidən öz suverenliyinə, ərazi bütövlüyünə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsə, legitim özünümüdafiə hüququndan heç bir tərəddüd etmədən istifadə edəcək.

İlham Əliyevin bu fikri təbii ki, həm Ermənistan rəhbərliyinə, həm də onun havadarlarına ünvanlandı. Prezident bəyan etdi ki, əgər sülh müqaviləsi imzalanmasa, Qarabağda hər hansısa bir təxribat baş versə, “dəmir yumruq” əməliyyatının növbəti mərhələsi başlaya bilər.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM