25 Avqust 2011 12:08
472
İQTİSADİYYAT
A- A+

Quruculuq və inkişaf ünvanı

 

Bu gün istər regional, istərsə də dünya miqyasında müsair Azərbaycanı xarakterizə edən əsas göstəricilərdən biri yüksək dinamizmə əsaslanan modern inkişafdır. Kompleks xarakterə malik bu inkişaf qısa zaman kəsiyində Azərbaycanın kifayət qədər böyük nailiyyətlərə imza atmasına,  beynəlxalq geosiyasi və geoiqtisadi  məkanda ən güclü müstəqil subyektlərdən birinə çevrilməsinə gətirib çıxarmışdır. Ölkənin dinamik tərəqqisini şərtləndirən məqsədyönlü siyasət yeni minillikdə dünyanın iqtisadi tarixinə inkişafın Azərbaycan modeli anlayışının daxil edilməsi ilə nəticələnib. Artıq bu modelin xarakterik xüsusiyyətləri, spesifik, özünəxas cəhətləri dünyanın araşdırma mərkəzləri, tədqiqat institutları tərəfindən ətraflı öyrənilməkdə, tədqiq olunmaqdadır.

Heç şübhəsiz, belə bir inkişaf tendensiya

sı düşünülmüş və dəqiq elmi-nəzəri konsepsiyaya əsaslanan strateji proqrama söykənir. Onun müəllifi isə Azərbaycanı dünya üçün yenidən, yeni vüsət və keyfiyyət biçimində kəşf etmiş Prezident İlham Əliyevdir. Danılmaz həqiqətdir ki, bu gün respublikanın başdan-başa tikinti-quruculuq meydanına çevrilməsi, paytaxtın dünyanın sayılı şəhərləri cərgəsində mövqelərini möhkəmlətməsi məhz onun iradə və səylərinin bəhrəsidir.

Əsrlərin yaşıdı olan Bakının "küləklər şəhəri" adlandırılması daha çox adının etimoloji mənası və tutduğu coğrafi mövqe ilə əlaqələndirilir. Zümrüd Xəzərin qırçın ləpəli sahillərinə sığınmış bu qədim, müdrik və misilsizliyi ilə uzun onilliklərdən bəri  bir ucu şərqli-qərbli, şimallı-cənublu bütün qonaqlarını heyran qoymuş paytaxtımızı "təzadlar şəhəri" adlandıranlar da oldu. Niyəsi bəllidir. XIX əsrin sonlarından neft bumunu yaşayıb sənaye şəhərinə çevrilən Bakı son illərədək yaddaşlarda qara tüstülü zavodların, neft gölməçələrinin, alçaq daxmaların müasir göydələnlərlə, bir-birindən gözəl yaşıl park və bağlarla "dinc yanaşı" qonşuluq elədiyi şəhər kimi qalıb. Amma son səkkiz illin Bakısını birmənalı olaraq inkişaf şəhəri kimi, başqa sözlə desək, müasir meqapolis, paytaxtlar birincisi kimi xarakterizə etsək, onun haqqında ən düzgün və koloritli epiteti işlətmiş olarıq.

İnzibati ərazi vahidi olaraq formalaşdığı dövr böyük zaman kəsiyini əhatə etməsə də, Azərbaycanın böyük şairi Nəsiminin adını daşıyan rayonun bu müddət ərzində keçdiyi inkişaf yolu, sözün əsl mənasında, zamanı qabaqlaya bilib. Bunun ən ümdə səbəblərindən biri Nəsimi rayonunun yaranmasının ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin birinci dövrünə təsadüf etməsi idi. Ötən illər rayonun istər iqtisadi, istərsə də sosial-mədəni həyatında yüksəliş və tərəqqi illəri kimi yadda qalmışdır. Ulu öndərin respublikada ikinci hakimiyyəti dövrü isə bütün ölkədə olduğu kimi, paytaxtın bu mərkəzi rayonunda da köklü keyfiyyət dəyişikliklərinin, xarakter və məzmunu etibarilə yeni islahatların həyata keçirilməsini təmin etdi. Rayon uzun müddət girdabında çabaladığı ətalət və sükunətin buxovlarından xilas oldu, inkişafının sıçrayış mərhələsinə qədəm qoydu. Bu dinamikanı müstəqillik tariximizin ulu öndərlə bağlı illərinin statistikası da təsdiq edir.

Nəsimi rayonunun taleyində miqyas və məzmununa görə ən məhsuldar dövr birmənalı oaraq Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Ötən 8 il vüsət, inkişaf və konkret izləri həyatın bütün sferalarındakı pozitiv addımlarda təzahürünü tapmış, sosial-iqtisadi, mədəni və humanitar istiqamətləri ehtiva edən fəaliyyət sahələrində nailiyyətlərin miqyasının davamlı şəkildə genişləndiyi bir mərhələdir.

Bütövlükdə Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan yeni, möhtəşəm uğurlara imza atır. Qloballaşma prosesinin daha geniş vüsət aldığı mövcud zamanın çağırışlarına ahəngdar olan real tərəqqi  ölkənin intibahını daha rəngarəng edir, onun istər regional, istərsə də qlobal miqyasda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Təsadüfi deyildir ki, ən müxtəlif istiqamətləri, o cümlədən sosial-iqtisadi sahəni özündə ehtiva edən inkişaf  kontekstində Azərbaycan son 10 ildə iqtisadi artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlinə liderlik edir.

Cənab İlham Əliyevin titanik fəaliyyəti ölkəni sabitqədəm və hərtərəfli inkişaf yolunda yeni nailiyyətlərin müəllifinə çevirib. Və bütün bunların fonunda təqdirəlayiq haldır ki, yenə dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət, xüsusi diqqət və qayğısı sayəsində bugünkü uğurların əldə olunmasında regionların, ölkənin ayrı-ayrı rayonlarının rol və xüsusi çəkisi mütəmadi olaraq yüksəlir.

Rayonun keçdiyi inkişaf yolu ilə bağlı icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev deyir:

- Nəsimi rayonu həm sənayesinin müstəsna əhəmiyyətinə, həm də əhalisinin sosial təbəqələşmədəki yerinə görə həmişə respublika rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Bu gün Azərbaycanın hər bir guşəsi kimi, rayonumuz da inkişafının keyfiyyətcə məhsuldar dövrünü yaşayır. Ulu öndərin hakimiyyəti illərində özünə güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış rayon Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son səkkiz ildə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Bütün bunlar rayonun həyatında intibah kimi dəyərləndirilə biləcək mərhələnin uğurlu başlanğıcıdır. Hazırda Nəsimi rayonunun hər bir  sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları öz həyatında daha qabarıq hiss edir, hakimiyyətin yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.

Son illər rayonda həyata keçirilmiş işlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon icra hakimiyyəti üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə  vaxtında və düzgün icrasına nail olmağa çalışır.

Rayonun qazandığı uğurların xülasəsini qısaca aşağıdakı kimi səciyyələndirmək mümkündür: Prezidentin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, çoxşaxəli istehsal sahələri yaradılır,  sosial problemlərin həlli istiqamətində arzulanan nəticələr əsasən əldə edilir, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir.

Son illər Nəsimi rayonunda həyata keçirilən işlərin adi statistikası onların heç də adi görünməyən vüsətindən xəbər verir. İstər tikinti-abadlıq işləri, cari təsərrüfat qayğıları olsun, istərsə də sakinlərlə mütəmadi xarakter almış canlı təmaslar, ictimai-siyasi tədbirlər, hər bir məsələyə münasibətdə yeni, daha işgüzar, rasional və nəticə etibarilə effektiv  yanaşma özünü göstərir. 

Güclü iqtisadi potensialı, zəngin infrastrukturu olan Nəsimi rayonu Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son səkkiz ildə böyük uğurlar əldə edərək daha da gözəlləşib, müasirləşib. Sosial-iqtisadi sferada görülən işlər istər keyfiyyət, istərsə də kəmiyyət baxımından mühüm nəticələrdən xəbər verir. Məsələn, əsas makroiqtisadi göstəricilərdən hesab edilən ümumi daxili məhsul (ÜDM) istehsalı 2003-cü illə müqayisədə ötən ilin yekunlarına əsasən 2,7 dəfə artaraq 907,3 milyon manata çatıb. Hesabat dövrü ərzində sənaye məhsulları istehsalı 47,4 faiz, tikinti-quraşdırma işləri 2,1 dəfə, nəqliyyat xidməti 2,5 dəfə, rabitə xidməti 5,4 dəfə artıb. Bütün bunlarla yanaşı, əsas kapitala yönəldilən investisiyaların həcmində böyük artım yaşanıb, rayon sakinlərinin məşğulluq səviyyəsinin yüksəlməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, müasir tələbələrə uyğun sosial infrastrukturun yaradılması istiqamətində də mühüm işlər görülüb.

Azərbaycanın mütəhərrik yüksəliş tempini öz timsalında əks etdirən rayonun qarşıdakı dövr ərzində daha böyük nəticələrə imza atacağı qətiyyən şübhə doğurmur. Bunu şərtləndirən əsas amillərdən biri paytaxt və onun ətraf qəsəbələrində sürətli tərəqqiyə xidmət edən dövlət siyasətinin həyata keçirilməsidir. Bu ilin mart ayında Prezident İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində ölkə paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirə sözügedən siyasətin daha bir konkret təzahürü oldu. Paytaxtın, onun ətraf qəsəbə və kəndlərinin sosial-iqtisadi, mədəni inkişafının yeni vüsət alması, aparılan abadlıq və quruculuq işlərinin uğurla davam etdirilməsinin təminatı kimi ərsəyə gələn "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" hər bir rayonda həyata keçiriləcək cari və perspektiv işlərin müfəssəl konturlarını cızdı.

Proqramda Nəsimi rayonuna da geniş yer ayrılıb və 2013-cü ilə qədər rayon üzrə 41 tədbirin görülməsi nəzərdə tutulub. Bunlar qaz, elektrik enerjisi, istilik, su təchizatlarından tutmuş kanalizasiya, rabitə və informasiya, yol təsərrüfatı və nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət sahələrinə kimi ən müxtəlif sferaları əhatə edir. Qeyd edilənlər bu proqramın Bakı və onun qəsəbələrinin, o cümlədən də Nəsimi rayonunun həyatında nə dərəcədə mühüm rola malik olduğunu, yeni inkişaf mərhələsinin əsasını qoyduğunu bariz formada nümayiş etdirir. Beləliklə, bütün bunlar qarşıdakı iki il ərzində Nəsimi rayonunun sosial-iqtisadi həyatında daha bir məhsuldar dövrün yaşanacağına və bunun insanların yaşayış səviyyəsinə müsbət istiqamətdə əhəmiyyətli dərəcədə təsir göstərəcəyinə heç bir şübhə yeri qoymur.

Cari ilin ilk yarısının sosial-iqtisadi yekunları "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın bütün paytaxt ərazisində olduğu kimi, Nəsimi rayonunda da böyük vüsətlə həyata keçirildiyini göstərir. Rayon ərazisində yerləşən və proqrama əsasən 2011-2012-ci illərdə icrası nəzərdə tutulan 7 məktəb və 6 körpələr evi-uşaq bağçasında qısa müddətdə əsaslı təmir işlərinə başlanıb. İşlərin gedişi, sürət və keyfiyyəti Dövlət Proqramında rayon üzrə tədbirlərin vaxtında və layiqincə yerinə yetiriləcəyini deməyə əsas verir.

O da birmənalı həqiqətdir ki, rayonun mövcud potensialının səmərəli şəkildə reallaşdırılmasında, tərəqqi və inkişafa xidmət edən islahatların işlək mexanizmlər əsasında, yüksək dinamizmlə həyata keçirilməsində Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramları və sərəncamlarda qarşıya qoyulan vəzifələr mühüm rol oynayır. Digər tərəfdən, cənab İlham Əliyev qarşıya qoyulmuş vəzifələrin icra vəziyyətinin yerində şəxsən yoxlanılmasına hər zaman xüsusi önəm verir və bunu Prezidentin yerlərə səfərlərindən də aydın sezmək mümkündür. İstifadəyə verilən obyektlərin keyfiyyət və estetik görünüşünün günün tələblərinə uyğun olması da dövlət başçısı tərəfindən diqqət yetirilən  əsas məqamlar sırasında yer alır. Xüsusilə qürurverici faktdır ki, Prezident 2003-2011-ci illər ərzində müxtəlif rəsmi açılış və təməlqoyma mərasimlərində iştirak məqsədilə Nəsimi rayonunda 20 dəfə olmuşdur.

Bu il avqustun 8-də dövlət başçısı rayonda yerləşən 35 nömrəli orta məktəb binasında aparılan təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olaraq növbəti tədris ili qarşısında müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Bundan öncə isə il ərzində cənab İlham Əliyevin iştirakı ilə Nəsimi rayonu ərazisində "Zabitlər" parkının, "BakıElektrikŞəbəkə" ASC-nin inzibati binasının və 28 May küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşən yeraltı keçidin açılışı baş tutmuşdur. Ümumiyyətlə, Prezident İlham Əliyev ölkənin hər yerində abadlıq və quruculuq işlərinin aparılmasını yüksək qiymətləndirir, eyni zamanda, bu işlərin planlı şəkildə, yüksək zövqlə görülməsinə müstəsna önəm verir. Dövlət başçısının birbaşa təşəbbüsü və himayəsi sayəsində Nəsimi rayonunda da bir çox mühüm obyektin tikintisinin təməli qoyulub və inşası uğurla başa çatdırılıb. Bütün bunlar Nəsimi rayonunun paytaxtda aparılan abadlıq və quruculuq işlərinin əsas ünvanlarından birinə çevrilməsini şərtləndirib, onun daha da gözəlləşməsini, müasirləşməsini təmin edib, eyni zamanda, əhalinin yaşayış səviyyəsinin, sosial rifahının yüksəldilməsinə müsbət yöndə ciddi təsir göstərib. Hazırda Nəsimi rayonu həm müasir görünüşü, həm malik olduğu infrastruktur və sosial obyektlər, həm də ümumi sosial-iqtisadi inkişafda oynadığı rolla ən qabaqcıl rayonlar sırasında yer alır.

Bu gün ölkənin hər yerində olduğu kimi, Nəsimi rayonunda da şəhərin hüsnünə xüsusi yaraşıq və səliqə bəxş edən böyük abadlıq və yenidənqurma işləri aparılır. Cari ilin geridə qalan aylarında rayon ərazisində prospekt və küçələrin asfaltlanması, səki örtüyünün dəyişdirilməsi işləri davam etdirilib, bir sıra binaların fasadları təzədən işlənilərək ərazinin memarlıq simasına yeni rəng qatıb. Ümumiyyətlə, ilin ötən yarım ili  rayonda sosial-iqtisadi inkişaf sahəsində yeni uğurların əldə olunması ilə yadda qalıb. Həmin dövrdə sənaye müəssisələrində 161,6 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,6 dəfə çox məhsul istehsalı deməkdir. İstehsal prosesində müasir standartlara cavab verən yeni  texnika və texnologiyaların tətbiqi məhsulların bazar iqtisadiyyatının tələblərinə uyğun olmasını və rəqabətədavamlılığını şərtləndirmişdir. Daha bir mühüm cəhət sənaye istehsalında özəl sektorun payının artmasıdır. Bu, özəl bölmənin sürətli inkişaf yolunda olduğunu konkret faktların timsalında göstərən əsas amillər sırasında yer alır. Hesabat dövründə  rayonda istehsal olunan sənaye məhsullarının 59,2 faizi məhz qeyri-dövlət sektorunun payına düşür.

İstehlak, rabitə, nəqliyyat və digər xidmət sektorunda cari ilin ilk yarısında görülən işlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə xeyli artıb. Bununla yanaşı, bütün mənbələr hesabına əsas kapitala yeni investisiyalar qoyulub, iri infrastruktur layihələrin həyata keçirilməsi işləri uğurla davam etdirilib, yeni iş yerləri yaradılıb, əhalinin məşğulluq səviyyəsi yüksəldilib. Rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində müvafiq işlər görülməsi davam etdirilib. Kommunal xidmətlərin göstərilməsi sahəsində vəziyyət daha da yaxşılaşdırılıb, təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə qazanılan uğurların miqyası əhəmiyyətli dərəcədə  genişləndirilib. Ümumiyyətlə, rayonun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən əsas makroiqtisadi göstəricilər əvvəlki illərlə müqayisədə xeyli artıb. 

Paytaxtın mərkəzində yerləşməsi, necə deyərlər, göz qabağında olması isə rayonun sosial-iqtisadi tərəqqisi ilə yanaşı, infrastrukturunun təkmilləşdirilməsinə, mədəni inkişafına müsbət təsir göstərir. Hazırda rayon ərazisində 10-dan artıq istirahət parkı vardır. Onların bəziləri son illər salınıb, bir çoxu nəfis şəkildə bərpa olunaraq istifadəyə verilib. Burada yaşıllıq işlərinə ekoloji tarazlığın vacib şərti, şəhərsalmanın mühüm elementi olmaqla yanaşı, həm də estetik zövq predmeti, insanların asudə vaxtını keçirdiyi, dincəldiyi və ünsiyyət qurduğu bir məkan kimi yanaşırlar. Nəsimi rayonu ərazisində yerləşən memarlıq və sənət abidələrinə görə də seçilənlər siyahısında yer alır.

İndi Azərbaycanın hər bir guşəsi kimi, Nəsimi rayonu da öz inkişafının keyfiyyətcə yeni və məhsuldar dövrünü yaşayır. Əldə edilmiş bütün nailiyyətlərin, qazanılmış uğurların kökündə Prezident İlham Əliyevin rayona xüsusi diqqət və qayğısı, onun reallığa söykənən, düşünülmüş, rasional sosial-iqtisadi siyasəti dayanır. Hazırda Nəsimi rayonunun hər bir sakini  dövlət başçısının rəhbərliyi altında qazanılan uğurları öz həyatında daha qabarıq hiss edir, hakimiyyətin yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.

Rayon icra hakimiyyəti üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, öz fəaliyyətini Prezidentin yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiqi müəyyənləşdirərək onların vaxtında və düzgün icrasına nail olmağa çalışır. Dövlət başçısının tövsiyə və göstərişlərini əldə rəhbər tutaraq rayon rəhbərliyinə edilən müraciətlərin heç biri cavabsız qalmır və vətəndaşların problemlərinin aradan qaldırılması üçün mütəmadi işlər görülür. Beləliklə, rayonun qazandığı müvəffəqiyyətlərin xülasəsini qısaca bu cür səciyyələndirmək olar: Prezidentin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, çoxşaxəli istehsal sahələri yaradılır, sosial problemlərin həlli istiqamətində uğurlu nəticələr əldə olunur, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir.

Bütün bunlar Nəsimi rayonunun Azərbaycanın tərəqqisini özündə aydın əks etdirən əsas ünvanlardan birinə çevrildiyini, qarşıdakı dövr ərzində isə rayonda inkişaf dinamikasının daha böyük vüsət alacağını qətiyyətlə söyləməyə əsas verir.

 

Xalid NİYAZOV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video