19:19 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qurtuluşdan tərəqqiyə və zəfərə

ANA SƏHİFƏ / SİYASƏT
00:57 04.05.2021

 

Danılmaz həqiqətdir ki, Azərbaycan xalqı istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin milli vətənpərvərlik ruhu, qətiyyətli və həm milli maraqlara, həm də ümumbəşəri dəyərlərə əsaslanan siyasəti sayəsində dövlətimizin yüksəlişinin, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə əzmlə və fəxarətlə dalğalanmasının qürurunu yaşamışdır.

1990-cı illərin əvvəlində milli müstəqilliyimizin itirilməsi və dövlətçilik ənənələrinin milli yaddaşdan silinməsi təhlükəsi ilə üzləşdiyimiz vaxtda müdrik dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyev xalqın tələbi və dəstəyi sayəsində xilaskarlıq missiyasını öz üzərinə götürmüş, tarix yazmış lider kimi Azərbaycanı zirvəyə yüksəltmişdir. O, böyük Öndər kimi xalqımızın milli sərvəti olan müstəqilliyin, dövlətçilik ənənələrinin qorunmasını təmin etmiş, Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmışdır. Bu tarixi reallığın mahiyyətini daha yaxşı anlamaq üçün həmin dövrün bir sıra xüsusiyyətlərinə və proseslərinə faktlar əsasında nəzər yetirmək kifayətdir.

 

Ulu Öndər milli həmrəyliyin qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına  xüsusi önəm  verirdi

 

Ümummilli Lider daim milli həmrəyliyin qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xüsusi əhəmiyyət vermişdir. Hələ SSRİ dövründə respublikamıza rəhbərlik etdiyi zaman milli-mənəvi dəyərlərin yaşadılması, qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-strateji məqsədlərə çatmaq üçün kadr potensialının formalaşdırılması və digər istiqamətlərdə Ulu Öndərin göstərişləri ilə mühüm addımlar atılmışdır.

Heydər Əliyev Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçildikdən sonra da bu istiqamətdə konkret təşəbbüslərlə çıxış etmiş, gələcəyə yeni və mütərəqqi milli baxış formalaşdırmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda üçrəngli bayrağımız yenidən qaldırılmış, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarılmış, 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qanlı hadisələrə siyasi qiymət verilmiş, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilmişdir. Eyni zamanda 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə də tarixi qərara imza atılmışdır. Bütün bunlar, heç şübhəsiz, milli birliyin əsaslarının gücləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. 

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildən ölkəmizə rəhbərliyi dövründə həyata keçirilən milli siyasət xalqımızın həmrəyliyini təmin etmiş və gücləndirmiş, istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda yaşayan soydaşlarımız vahid milli məfkurə olan azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmişdir. Təbii ki, özündə Vətənə sevgi, milli-mənəvi dəyərlərə hörmət, gənc nəslin vətənpərvərlik ideyası əsasında və milli ruhda yetişməsi kimi prinsipləri ehtiva edən azərbaycançılıq milli həmrəyliyimizin ideoloji əsasına çevrilmişdir.

 

YAP Ümummilli Liderin siyasi mirasıdır

 

Həmin dövrün hadisə və proseslərinə nəzər saldıqda, bugünkü reallıqlarla müqayisə apardıqda bir daha anlayırıq ki, Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri, heç şübhəsiz, Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Bəllidir ki, həmin dövrdə ozamankı hakimiyyətin səriştəsiz, milli maraqlara zidd siyasəti nəticəsində yaranmış xaos və anarxiya mühiti sayəsində siyasi mübarizə sivil xarakter daşımırdı, ayrı-ayrı silahlı qruplaşmalar və birləşmələr siyasi səhnədə xarici güclərin sifarişləri əsasında fəaliyyət göstərir, dağıdıcı proseslər müşahidə olunurdu. Yəni sabit siyasi sistem, mütərəqqi dəyərlərə əsaslanan siyasi mədəniyyət formalaşmamışdı. Bu isə xalqımızın çoxsərlik  dövlətçilik ənənələrinə zidd olmaqla yanaşı, Azərbaycan dövlətinin tənəzzülünü sürətləndirirdi. Ona görə də digər istiqamətlərdə olduğu kimi, siyasi-ideoloji sahədə də boşluğun aradan qaldırılması, milli maraqlar naminə siyasi təşəbbüslərin səfərbər olunması, həmçinin sabitliyin, siyasi sistemin inkişafının, eləcə də siyasi mədəniyyətin təşəkkülünün təmin edilməsi üçün məqsədyönlü addımlar atmaq lazım gəlirdi. Məhz Yeni Azərbaycan Partiyası belə bir tarixi, ictimai-siyasi zərurətdən yaranmışdı.  

Həmin dövrdə olduqca gərgin, bütün sahələrdə tənəzzül və böhranın hökm sürdüyü vəziyyətdə Azərbaycan xalqı ümidini məhz Heydər Əliyevə bağlamışdı. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransı keçirilmiş və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçilmişdi.

Yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində siyasi səhnədə layiqli yer tutdu və xalqı öz ətrafında sıx birləşdirdi. Bunun başlıca səbəbi xalqın Ulu Öndərə dərin inamı və etimadı idi. Partiyamızın qısa müddət ərzində Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gəlməsi ölkəmizin həyatında tamamilə yeni mərhələnin başlanmasını təmin etdi. Siyasi sistemin və siyasi mədəniyyətin rüşeymlərinin yaranması da məhz bu tarixi hadisə ilə əlaqədardır.

 Fərəh hissi ilə qeyd etmək lazımdır ki, Ümummilli Liderin siyasi mirası olan YAP ötən dövrdə zəngin və şərəfli inkişaf yolu keçmişdir. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, Heydər Əliyev ideyaları əsasında tarixi təşəbbüslərə və nailiyyətlərə imza atmışdır.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsini yaşayır. Tarixi zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda YAP-ın cari il martın 5-də baş tutmuş VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Qurultayda partiyamızın sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə imkan yaradacaqdır. 

 

Xilaskarlıq missiyası, qurtuluş məfkurəsi və müstəqil Azərbaycan

 

Bu gün Ulu Öndərin xalqımız qarşısındakı əvəzolunmaz xidmətlərindən bəhs edərkən onun xilaskarlıq missiyasının tarixi əhəmiyyətinə və siyasi-fəlsəfi məzmununa xüsusi diqqət yetirilir. Daha dəqiq desək, bir çox tədqiqat əsərlərində, fundamental elmi-konseptual mənbələrdə Heydər Əliyevin liderlik fenomenindən  bəhs edərkən onun xilaskarlıq missiyası xüsusi araşdırma predmetinə çevrilir. Çünki Heydər Əliyev respublikamızın ziddiyyətlər və qarşıdurma məkanına çevrildiyi, mürəkkəb regional və beynəlxalq proseslərin cərəyan etdiyi bir şəraitdə Azərbaycan xalqını böyük kataklizmlərdən xilas etmiş, faciə və fəlakətlərin qarşısını almış, ölkəmizin formal deyil, gerçək müstəqilliyini təmin etmişdir.

1993-cü ilin hadisələrini xatırladığımız zaman Ulu Öndərin bu missiyasının xalqımız, dövlətimiz üçün necə və nə qədər böyük tarixi məna - önəm kəsb etdiyini bir daha dərk edirik. 1993-cü ilin iyun hadisələri zamanı xalqın yekdil mövqeyi Heydər Əliyevin ölkəni düşdüyü bataqlıqdan xilas edə biləcək yeganə şəxsiyyət olması idi. Ozamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev iyunun 9-da Bakıya qayıtdı, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi həkk olundu. Bu, təsadüfi deyildi, çünki Azərbaycan bundan sonra həyata keçirilən balanslaşdırılmış, çoxvektorlu siyasət sayəsində mürəkkəb kataklizmlərdən, xaos, tənəzzül və böhrandan qurtuldu, sabitlik və inkişaf, vətəndaş-dövlət birliyi təmin edildi, regionda yeni geostrateji münasibətlərin yaranmasına nail olundu.

1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkiləri nəticəsində xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev ölkəmizin inkişaf paradiqmalarını dövrün xüsusiyyətlərinə və zamanın tələblərinə müvafiq olaraq dəqiq müəyyənləşdirdi. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Heydər Əliyev “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə qeyd etmişdi. Zaman Heydər Əliyevin sözü ilə əməlinin vəhdətini əks etdirdi, onun qətiyyətli - prinsipial mövqeyi, uğurlu daxili və xarici siyasət kursu Azərbaycan dövlətinin qüdrətinin artmasını, xalqımızın rifahının yüksəlməsini, müstəqil respublikamızın dünya arenasında öz sözü və nüfuzu olan ölkə, etibarlı tərəfdaş kimi tanınmasını təmin etdi.

 

Sabitlik və inkişaf dövrü: addım-addım böyük Qələbəyə doğru

 

Xüsusi qeyd etmək lazımdır ki, Ulu Öndərin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr, eyni zamanda Azərbaycanı böyük Zəfərə aparan yolun başlanğıcı oldu. Müdrik dövlət xadimi Heydər Əliyev o zaman işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsasını qoydu, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ardıcıl işlərə başlanıldı.

Bunlardan biri respublikamızda sabitlik və təhlükəsizlik mühitinin təmin olunmasıdır. Çünki bu amil olmadan sosial-iqtisadi inkişafı, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla çoxşaxəli əməkdaşlığın əsasını qoymaq mümkün deyildi.  İkinci istiqamət olaraq keçid dövründə mütərəqqi iqtisadi inkişaf strategiyası hazırlandı və uğurla tətbiq olundu. “Əsrin müqaviləsi”nin imzalanması, beynəlxalq əməkdaşlıq platformasının yaradılması, xarici tərəfdaşlarla iqtisadi-ticari münasibətlərin təməlinin atılması və digər addımlar Azərbaycanın iqtisadi və bütövlükdə milli gücünü artıran faktor kimi müstəsna əhəmiyyətə malik oldu. Ulu Öndərin rəhbərliyi ilə dövlətimizin qüdrətinin artırılması istiqamətində görülən və böyük Zəfərə gedən yolda xüsusi əhəmiyyət kəsb edən işlərdən biri uğurlu ordu quruculuğunun əsasının qoyulması oldu.   

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm strateji prioritetlərindən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi idi. Ümummilli Lider dünya dövlətləri, o cümlədən aparıcı ölkələrlə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə və qurumlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu.

 

Siyasi varislik: Heydər Əliyev ideyaları əsasında zirvələri fəth edən qüdrətli dövlət

 

Heydər Əliyev irsini araşdıran tədqiqatçıların ifadə etdikləri mühüm qənaətlərdən biri budur ki, Ümummilli Liderin xalqın firavan gələcəyi və dövlətin parlaq perspektivləri üçün ən böyük miraslarından biri siyasi varisliyin təmin olunmasıdır. O, özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasət həyata keçirməklə zirvələrə daşıyacaq Lider - şəxsiyyət yetişdirməklə dövlətçilik tariximizin ən böyük xidmətlərindən birini göstərdi.  Ulu Öndər 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə bildirirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ümummilli Liderin inamı, xalqın böyük etimadı özünü tam doğrultdu. İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni bir mərhələnin əsası qoyuldu. Azərbaycan öz iqtisadi, siyasi gücü, hərbi qüdrəti ilə, xalqımızın mübarizə ruhu və əzmi ilə yeni zirvələri fəth etməyə doğru inamla irəliləməyə başladı. 

31 oktyabr 2003-cü il tarixdə keçirilən andiçmə mərasimindəki nitqində “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır”, - deyən cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu milli məqsədlərə nail oldu. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 18 il ərzində bütün sahələrdə möhtəşəm və tarixi əhəmiyyətə malik nailiyyətlər əldə olunub: 

- bir zamanlar xəyal kimi görünən nəhəng enerji-nəqliyyat və infrastruktur layihələri dövlətimizin təşəbbüsü və liderliyi ilə reallaşdırılmış, Azərbaycan regional güc mərkəzinə və Cənubi Qafqaz bölgəsinin aparıcı dövlətinə çevrilmişdir;

- respublikamızın sosial-iqtisadi göstəriciləri mütəmadi olaraq yaxşılaşmış, beynəlxalq reytinqi artmışdır. Prezident İlham Əliyevin müəllifi olduğu milli inkişaf modelinin uğurla tətbiq olunması nəticəsində Azərbaycanda dayanıqlı iqtisadi sistem formalaşmış, bölgələrin davamlı və tarazlı sosial-iqtisadi inkişafı təmin edilmişdir;

-  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına xidmət edən kompleks xarakterli islahatlar kursuna start verilmişdir. Yeni siyasi konfiqurasiyanın formalaşdırılması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların atılması həm Azərbaycanın demokratik inkişaf yolunda inamla irəliləməsinə, həm də milli həmrəyliyin gücləndirilməsinə təkan vermişdir. 44 günlük Vətən müharibəsi zamanı əksər siyasi partiyaların birgə bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində Ali Baş Komandan cənab İlham Əliyevin siyasətinə birmənalı dəstək göstərmələri  və postmünaqişə mərhələsində ümummilli məsələlərdə vahid mövqedən çıxış  etmələri bu siyasi birliyin bariz nümunəsi - əyani ifadəsdir; 

- Prezident İlham Əliyevin praqmatik, çoxvektorlu xarici siyasət kursu və Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyevanın ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın dünya miqyasında reputasiyası güclənmişdir. Ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq, multikulturalizm və tolerantlıq məkanı kimi tanınmışdır. Respublikamız ötən müddət ərzində bəşəriyyət üçün taleyüklü məsələlərin həllində mühüm rol oynamış, bu istiqamətdə əhəmiyyətli təşəbbüslər irəli sürmüş və sistemli fəaliyyət göstərmiş, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr vermişdir;

- siyasi-ideoloji və mənəvi müstəvidə həyata keçirilən işlər xalqımızın həmrəyliyinin güclənməsini, o cümlədən vətənə sədaqət ruhunda gənc nəslin yetişməsini təmin etdi. Milli dəyərlər əsasında tərbiyə olunan Azərbaycan gəncliyi həm ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etmək missiyasını uğurla yerinə yetirdi, həm də respublikamızın ərazi bütövlüyünün təmin olunmasında öz üzərinə düşən vəzifənin öhdəsindən məsuliyyətlə və şərəflə gəldi.

 

Möhtəşəm Zəfər - çoxəsrlik dövlətçilik tariximizin şərəfli və şanlı qürur səhifəsi

 

Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi sadə və sıradan bir məsələ deyil. Bu, uzun illər ərzində siyasi-diplomatik, hərbi-strateji və iqtisadi müstəvilərdə  görülən işlərin, uğurlu xarici siyasətin və beynəlxalq fəaliyyətin nəticəsidir. Yuxarıda vurğuladığımız kimi, Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin davam etdirilməsi nəticəsində bu misilsiz nailiyyətə imza atdı, milli qürur və ləyaqətin, tarixi ədalətin bərpasına nail oldu:

- ötən müddət ərzində dövlət başçısının rəhbərliyi ilə hücum diplomatiyasının uğurla həyata keçirilməsi, qərəzli dairələrin məkrli planlarının iflasa uğradılması, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi qərar və qətnamələrin qəbuluna nail olunması keçmiş münaqişənin həlli istiqamətində ölkəmizin mövqeyinin möhkəmlənməsini şərtləndirdi;

-  Azərbaycan mötəbər regional və beynəlxalq təşkilatların siyasi tribunasından məharətlə istifadə etməklə problemə obyektiv beynəlxalq baxışın formalaşması istiqamətində məqsədyönlü iş apardı. Bunun nəticəsidir ki, bir çox beynəlxalq təşkilatların toplantılarında keçmiş Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyi müvafiq sənədlərin mətnində öz əksini tapdı, zəruri və fundamental hüquqi baza formalaşdırıldı:

- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyasının tərkib hissəsi kimi uğurlu informasiya strategiyası tətbiq olundu, Azərbaycan həqiqətləri  dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ermənistanın, erməni lobbisinin və onları dəstəkləyən bəzi geosiyasi mərkəzlərin Azərbaycana qarşı qara piar kampaniyasının iflasa uğradılması bu kontekstdə çox mühüm əhəmiyyətə malikdir. Yeri gəlmişkən, 44 günlük müharibə zamanı dünyanın 30-dan çox nüfuzlu media orqanına müsahibə verən Prezident İlham Əliyevin ifadə etdiyi fikirlər, qətiyyətli və qüdrətli Lider kimi Azərbaycanın prinsipial mövqeyini inamla müdafiə etməsi qlobal ictimai rəyin ölkəmizin lehinə dəyişməsinə yol açdı, qələbəmizi təmin edən mühüm strateji faktorlardan biri kimi çıxış etdi;    

- Azərbaycanın iqtisadi potensialının və hərbi qüdrətinin artırılması, ordu quruculuğu prosesinin müasir tələblər və çağırışlar nəzərə alınmaqla fasiləsiz davam etdirilməsi dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin döyüş meydanında öz sözünü deyərək torpaqlarımızı azad etməsinə imkan verdi.

Beləliklə, beynəlxalq hüquq normalarına, konkret olaraq BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminə sarsıdıcı zərbə endirdi. 31 oktyabr 2003-cü il tarixində keçirilən andiçmə mərasimindəki nitqində “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”, - deyən cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazıldı. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirmiş oldu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”, - deyə bildirdi.

Bəli, bu gün müdrik dövlət xadimi, dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ruhu şaddır. Çünki onun vəsiyyəti layiqli davamçısı, siyasi varisi tərəfindən yerinə yetirilib: Azərbaycan Ulu Öndərin arzuladığı - görmək istədiyi kimi qüdrətli, əzəmətli və qalib dövlətdir!

 

Tahir BUDAQOV,

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM