06:48 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


00:42 06.08.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qurtuluş məfkurəsi Azərbaycan xalqının xilaskarlıq salnaməsidir

ANA SƏHİFƏ / SİYASƏT
01:12 15.06.2021

 

Xalqımızın çoxəsrlik və zəngin dövlətçilik tarixinə konkret faktlar və reallıqlar əsasında nəzəri-siyasi ekskurs etdikdə aydın olur ki, bir əsrdə iki dəfə müstəqillik qazanmış Azərbaycan heç bir dönəmdə indiki qədər güclü - qüdrətli olmayıb.

Bu gün Avrasiyada mühüm strateji əhəmiyyətə malik olan Cənubi Qafqaz regionunun lideri, olduqca mürəkkəb xarakter daşıyan müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu ölkəsi kimi tanınan, müstəqillik və suverenlik rəmzlərindən olan üçrəngli bayrağının qürurla və əzəmətlə ən yüksək zirvələrdə dalğalandığı Azərbaycanın adı qlobal ictimai rəydə QALİB DÖVLƏT ifadəsi ilə assosiasiya olunur. XXI əsrin mürəkkəb şərtləri və şəraiti fonunda sabitlik və təhlükəsizlik adası, tolerantlıq nümunəsi və multikulturalizm ünvanı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi səciyyələndirilən Azərbaycanın spesifik və unikal milli inkişaf nümunəsi isə bir çox ölkələr üçün strateji örnək və iqtisadi-siyasi fenomendir.

 

Ümummilli Liderin xilaskarlıq missiyası: tarixi şərait və siyasi reallıqlar kontekstində

 

Təbii ki, müasir müstəqil Azərbaycan dövləti bugünkü yüksəliş və tərəqqi mərhələsinə heç də asanlıqla çatmayıb. Azərbaycanın XXI əsrin ən uğurlu dövlətlərindən biri olmasını şərtləndirən başlıca strateji faktorlar milli maraqlara, milli-mənəvi dəyərlərə, zəngin dövlətçilik ənənələrinə və xalqın ali mənafeyinə əsaslanan, müasir çağırışlara adekvat cavab verən uğurlu daxili və xarici siyasətin həyata keçirilməsidir. Bu isə lider-xalq birliyi və milli həmrəylik sayəsində mümkün olmuşdur.

Əlbəttə, bütün bu məsələlərin mahiyyətini daha yaxşı anlamaq üçün respublikamızın müstəqillik illərində keçdiyi tarixi yola siyasi, iqtisadi, sosial, strateji və beynəlxalq məsələlər kontekstində xüsusi nəzər salmaq məqsədəmüvafiq olar. 

Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ictimai-siyasi xaos, ideoloji böhran və iqtisadi tənəzzül ilə üzləşmişdi. Ölkəmiz hətta formal xarakter daşıyan müstəqilliyini də itirmək təhlükəsi ilə qarşı-qarşıya idi. Respublikada öz şəxsi maraqlarını təmin etməyə çalışan marginal qruplaşmalar və səriştəsiz siyasi qüvvələr arasında hakimiyyət uğrunda qarşıdurmanın güclənməsi, qeyri-sabitliyin hökm sürməsi xaos və anarxiya mühitinin  şiddətlənməsinə səbəb olmaqla və torpaqlarımızın işğalına şərait yaratmaqla yanaşı, Azərbaycanın müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevrilməsini şərtləndirmişdi.  Hakimiyyəti qəsb edən AXC-Müsavat tandeminin birillik fəaliyyət dövrü isə Azərbaycanın yeni tarixinin ən faciəli səhifəsi kimi yadda qaldı.

Azərbaycan xalqının üzləşdiyi bu faciələrdən, mürəkkəb siyasi-ideoloji və sosial-iqtisadi kataklizmlərdən xilas və qurtuluş yolu isə bəlli idi: xalq inam və ümidini zəngin dövlətçilik təcrübəsinə malik olan, müdrik siyasətçi və görkəmli dövlət xadimi, vətənpərvər şəxsiyyət Heydər Əliyevə bağlamışdı. Bu isə təsadüfi deyildi. Çünki Ulu Öndər o zamana qədər fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görmüş, böyük tarixi nailiyyətlərə imza atmışdı. 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ümummilli Lider Heydər Əliyev hələ SSRİ dövründə respublikamızın perspektiv inkişafı üçün möhkəm təməllər yaratmağa müvəffəq olmuşdu. Başqa sözlə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsaslarını yaratmışdı. Ümummilli Lider Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin Sədri seçildikdən sonra atdığı addımlar da xalqımızın gələcəyə yeni və mütərəqqi baxışının formalaşmasında, milli həmrəyliyin təmin olunmasında xüsusi rol oynamışdı.

Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın yenidən qaldırılması, Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadəsinin çıxarılması, 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qanlı hadisələrə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilməsi, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərara imza atılması dövlətçilik tariximizin ən mühüm reallıqları sırasında yer alırdı. Bunlarla yanaşı, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısının Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi, Ümummilli Liderin ziyalılara göndərdiyi cavab məktubunda partiyanın yaradılmasına və ona rəhbərlik etməyə razılıq verməsi də müasir Azərbaycanın inkişaf yoluna çıxmasına, xalqımızın parlaq gələcəyinin formalaşdırılmasına zəmin yaradan ən əhəmiyyətli hadisələrindəndir. 1993-cü ilin məlum iyun hadisələri zamanı Azərbaycan xalqı Ulu Öndərə ölkəmizin xilası və tərəqqisi naminə respublikamıza rəhbərlik etməsi barədə qətiyyətli çağırış etmişdi. Eyni zamanda o zaman hakimiyyətdə olan qüvvələr Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olmuşdular. Ümummilli Lider Heydər Əliyev təkidli tələbdən sonra Bakıya qayıtmış, Azərbaycan xalqının və dövlətçiliyimizin xilası, dövlətçilik ənənələrimizin, milli qürur və ləyaqətin bərpası naminə tarixi missiyasını yerinə yetirməyə başlamışdı. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmiş, həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazılmışdı.

 

Xalq-lider birliyi Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi, yüksəliş, rifah və intibah yoluna çıxardı 

 

Azərbaycanın müasir dövlətçilik tarixində Milli Qurtuluş Gününün müstəsna yeri və rolu var. Bu, hər şeydən əvvəl, xalq-lider birliyi nəticəsində Azərbaycan dövlətinin müstəqilliyini itirmək, dünyanın geosiyasi xəritəsindən silinmək təhlükəsindən, tənəzzüldən və böhrandan xilas olaraq tərəqqi və yüksəliş, rifah və intibah dövrünə qədəm qoymasıdır. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Qurtuluş məfkurəsi Azərbaycan xalqının xilaskarlıq salnaməsidir. Qurtuluş fəlsəfəsi həm də onu ifadə edir ki, Ulu Öndər Heydər Əliyev zamanın və xalqının Onun dərin zəkasına və polad iradəsinə, zəngin dövlətçilik təcrübəsinə, qətiyyətli mövqeyinə və sonsuz Vətən sevgisinə güvənərək etibar etdiyi xilaskarlıq missiyasını layiqincə yerinə yetirməyə müvəffəq olub, Azərbaycanı tərəqqi və “Zəfər” yoluna çıxararaq respublikamızın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli yüksəlişini təmin edib.  Ona görə də fenomen şəxsiyyət, dünya şöhrətli siyasətçi və əbədiyaşar lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və müasir düşüncə əsasında yaradan, dövlət quruculuğu prosesini uğurla həyata keçirərək tarixi-siyasi ənənələri bərpa edən strateq və görkəmli dövlət xadimi kimi hər zaman böyük rəğbət, ehtiram və minnətdarlıqla xatırlanır.

Ümummilli Liderin xalqın təkidli tələbi əsasında böyük qayıdışından sonra atılan addımlar Azərbaycan dövlətinin dirçəlişini təmin edir, eləcə də gələcəyə nikbin və ümidlə baxmağa əsas verirdi. Təsadüfi deyil ki, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkiləri nəticəsində Heydər Əliyev xalqın böyük etimadı və dəstəyi ilə Azərbaycan Prezidenti seçildi. Bundan sonra Ümummilli Liderimiz sözlə əməlin vəhdətini yaratmaqla Azərbaycan xalqının inam və etimadını ən yüksək səviyyədə doğrultdu. O, zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik olan təcrübəli şəxsiyyət kimi Azərbaycanın qarşısında duran strateji vəzifələri çox yaxşı bilirdi və buna görə də dövrün reallıqları, qanunauyğunluqları, milli və qlobal çağırışlar əsasında inkişaf paradiqmalarını olduqca dəqiq müəyyənləşdirdi. Ulu Öndər, ilk növbədə, etibarlı təhlükəsizlik və dayanıqlı sabitlik mühitinin yaradılması istiqamətində konkret tədbirlər həyata keçirdi. Dövlət çevrilişinə cəhdlərin, mərkəzdənqaçma meyillərinin, separatizmin qarşısının alınması və digər mühüm addımlar inkişaf üçün əlverişli sabitlik zəmininin formalaşmasını təmin etdi. Bundan sonra dövlət quruculuğu istiqamətində məqsədyönlü tədbirlərin reallaşdırılması, o cümlədən ilk parlament seçkilərinin keçirilməsi, müstəqillik dövrünün ilk Konstitusiyasının hazırlanması və ümumxalq səsverməsi - referendum əsasında qəbul edilməsi, effektiv idarəetmə sisteminin formalaşdırılması, siyasi-hüquqi islahatların həyata keçirilməsi yeni mərhələdə Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə addım-addım irəliləməsinə təkan verdi. Bununla yanaşı, kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin təşəkkülü və tərəqqisi istiqamətində konkret ictimai və hüquqi xarakterli addımlar yeni mərhələdə inkişafa xidmət edən mühüm tədbirlər idi. Bunlarla yanaşı, siyasi sistemin formalaşdırılması, plüralizmin təmin olunması Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsinə və mütərəqqi, sivil dəyərlər əsasında dünya birliyinə inteqrasiyasına mühüm töhfə oldu.  

Yuxarıda sadalananlarla yanaşı, qısa müddət ərzində ölkədə nizami ordunun yaradılmasının, mürəkkəb regional və beynəlxalq şəraitdə atəşkəsə nail olunmasının, Ermənistanın işğalçı siyasəti nəticəsində meydana çıxmış münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanmasının xüsusi əhəmiyyəti var idi. Paralel olaraq respublikamızın beynəlxalq münasibətlər sisteminin subyektləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi nəticəsində Azərbaycanın milli gücü artdı, ölkəmiz öz strateji resurslarını milli maraqların təmin olunmasına yönəltdi. Beləliklə, respublikamızın qarşısında yeni perspektivlər açılmış oldu.  

O da xüsusi vurğulanmalıdır ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə milli maraqlara, qarşılıqlı hörmətə, sivil dəyərlərə və mütərəqqi baxışlara əsaslanan praqmatik xarici siyasətin həyata keçirilməsi ölkəmizə çox böyük üstünlüklər qazandırdı. Nəticədə Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrildi, istər regional, istərsə də qlobal məsələlərdə respublikamızın mövqeyi nəzərə alınmağa başlandı. Həmçinin beynəlxalq ictimai rəydə Azərbaycan haqqında müstəqil və milli maraqlara əsaslanan siyasət həyata keçirən, güclü və xarizmatik lideri olan, ümummilli məsələlərdə prinsipial mövqedən çıxış edən qüdrətli dövlət obrazı formalaşdı. Beləliklə, Azərbaycanın dostlarının və tərəfdaşlarının sayı artdı, strateji əlaqələri gücləndirildi ki, bu da ölkəmizə prinsipial milli məsələlərdə beynəlxalq müstəvidə mənəvi-siyasi dəstək verilməsi baxımından mühüm amil oldu.

 

Ulu Öndərin yaradıcısı olduğu müasir azərbaycançılıq ideologiyası milli həmrəyliyi təmin edən məfkurəyə çevrildi

 

Ən mühüm məsələlərdən biri budur ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildən etibarən ölkəmizə rəhbərliyi dövründə həyata keçirilən milli siyasət xalqımızın həmrəyliyini təmin edib. Xüsusilə də, siyasi-ideoloji istiqamətdə görülən işlər nəticəsində istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid milli məfkurə olan azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi təmin edilib. Bir sözlə, özündə tarixi ənənələri, mütərəqqi dəyərləri, dövlətçilik prinsiplərini ehtiva edən azərbaycançılıq milli həmrəyliyimizin və müstəqil dövlətimizin inkişafının ideoloji əsasını təşkil edib. Azərbaycançılıq qısa zaman müddətində dünya azərbaycanlılarını vahid məqsəd və strateji hədəf uğrunda sıx birləşdirən milli məfkurəyə çevrilib və müstəqil dövlətimizin tərəqqisinin əsasında duran mənəvi-ideoloji faktor kimi müstəsna yer tutub. Bu ideologiyanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün xalqların mənafeyini və hüquqlarını qoruması onun milli həmrəylik mənbəyinə çevrilməsini şərtləndirib. Ümummilli Lider Heydər Əliyev qeyd etmişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq... Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, daim öz milli, mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan bütün azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Azərbaycançılıq ideologiyası, eyni zamanda, ölkəmizdə Vətəninə sıx mənəvi tellərlə bağlı olan, milli dəyərlərin və ənənələrin, dövlətçilik maraqlarının qorunmasına xüsusi həssaslıqla yanaşan, cəmiyyət həyatının müxtəlif sahələrində yüksək fəallıq göstərən və respublikamızı beynəlxalq müstəvidə layiqincə təmsil edən  gəncliyin yetişməsi və milli ideya əsasında - vətənpərvərlik ruhunda tərbiyəsində çox mühüm rol oynayıb.

XX əsrin 90-cı illərinin əvvəlindən bu günə qədər dünyanın ictimai-siyasi mənzərəsinə nəzər saldıqda müxtəlif ölkələrdə çoxsaylı kataklizmlərin, qarşıdurma və ziddiyyətlərin baş verdiyini görürük. Təbii ki, siyasi, iqtisadi, sosial və digər amillərlə əlaqədar cərəyan edən bu hadisələr bir çox hallarda həmin xalqlar üçün çox ağır fəsadlara səbəb olur, ölkələr uzun müddət xaos və anarxiya  məkanına çevrilir. Belə konfrontasiyaların meydana çıxmasında, eyni zamanda, bəzi xarici güc mərkəzlərinin təhriki və təşviqi də xüsusi rol oynayır. Həmin qüvvələr müxtəlif vasitələrlə təsir altına saldıqları gənclərdən də öz ölkələrinin milli maraqlarına qarşı istifadə edirlər. Təbii ki, cəmiyyətdə ideoloji boşluqların hökm sürməsi, gənclərin milli ruhda, vətənpərvərlik ideyası əsasında tərbiyə olunmamaları xarici qüvvələrin müdaxiləsini asanlaşdıran neqativ amil kimi çıxış edir. Xalqımızın xoşbəxtliyi ondadır ki, Ümummilli Lider Heydər Əliyevin və Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycanda xalq-iqtidar birliyi tam təmin olunub, bəzi geosiyasi mərkəzlərin qaranlıq planları və dağıdıcı ssenarilərinin reallaşmasının qarşısı alınıb, Azərbaycan sabitlik adası və təhlükəsizlik məkanı kimi uğurlu inkişaf yoluna çıxıb.  Belə bir şəraitdə Azərbaycan gəncliyi də həm ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etmək missiyasını uğurla yerinə yetirir, həm də respublikamızın ərazi bütövlüyünün təmin olunmasında öz üzərinə düşən vəzifənin öhdəsindən məsuliyyətlə və şərəflə gəlib. Prezident İlham Əliyev Şuşaya səfəri çərçivəsində Cıdır düzündə olarkən “On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”, - deyib. Bu reallıq ölkə gəncliyinin vətənpərvərlik ruhunun timsalında və xalqımızın mübarizə əzminin fonunda müasir müstəqil Azərbaycan dövlətinin mütərəqqi simasının, sarsılmaz qüdrətinin və parlaq gələcəyinin əyani ifadəsidir.

 

Heydər Əliyev siyasəti Azərbaycanın beynəlxalq arenada  qüdrətli dövlət və etibarlı tərəfdaş kimi tanınmasını təmin etdi

 

Beləliklə, Ümummilli Liderin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu Azərbaycan dövlətinin strateji maraqlarının qorunmasını, xalqımızın rifahının yüksəlməsini, müstəqil respublikamızın dünya arenasında yüksək nüfuzu olan ölkə, etibarlı tərəfdaş kimi tanınmasını təmin edib. Milli dövlət quruculuğu siyasəti çərçivəsində bütün istiqamətlərdə həyata keçirilən strateji əhəmiyyətli tədbirlər Azərbaycanın XX əsrin reallıqları şəraitində qüdrətli dövlət kimi yüksəlişinə xidmət göstərib. Təsadüfi deyil ki, Ümummilli Liderin müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər sabitlik və inkişaf dövrü kimi xarakterizə olunur. Bu müddət ərzində əsası qoyulan işlər Azərbaycanın bu günə qədər strateji hədəflərinə addım-addım çatmasını təmin edən fundamental faktorlar olub. Ona görə də Heydər Əliyev siyasəti çoxəsrlik tarixə əsaslanan milli dövlətçiliyimizin və dövlət müstəqilliyimizin inkişaf salnaməsidir.

 

Siyasi varisliyin təmin olunması - milli dövlətçiliyin  qorunmasına yönəlik strateji faktor

 

Azərbaycan  dövlətçiliyinin  qorunmasını və milli-tarixi ənənələrin yaşadılmasını, müasir müstəqil Azərbaycanın dinamik inkişafını təmin edən ən mühüm strateji amillərdən biri siyasi varisliyin təmin olunmasıdır. Daha dəqiq desək, xalqımızın Ümummilli Liderinin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən milli maraqlara, müasir çağırışlara və qlobal tendensiyalara müvafiq davam etdirilməsi Azərbaycanın beynəlxalq münasibətlərin müstəqil və prestijli aktoru kimi uğur simvoluna çevrilməsini şərtləndirib. Ölkəmiz artıq müstəqilliyinin 30-cu ili ərəfəsində təkcə yerləşdiyi Cənubi Qafqaz regionunda deyil, bütün dünyada qətiyyətli mövqeyi nəzərə alınan, müsbət reputasiyaya sahib olan, öz ərazi bütövlüyünü təmin edən güclü dövlət olaraq tanınır.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 18 ilə yaxın müddət ərzində görülən işlər bütün sahələrin inkişafını təmin edib və ardıcıl nailiyyətlərlə müşayiət olunub. İlk növbədə, respublikamız funksional və dayanıqlı iqtisadiyyatın yaradılmasına nail olub, milli-iqtisadi inkişafın Azərbaycan modeli formalaşdırılıb. Müstəqillik illərində Azərbaycan iqtisadiyyatının 3 dəfə böyüməsi, ÜDM-in və valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artması, qeyri-neft sektorunun innovativ əsaslarla inkişafına nail olunması, müasir sənaye quruculuğunun həyata keçirilməsi, ölkədə sahibkarlıq mühitinin optimallaşdırılması, “ağ iqtisadiyyat”a transformasiyanın təmini və digər mühüm faktorlar milli tərəqqini şərtləndirən amillər kimi çıxış edib. Təsadüfi deyil ki, dünyanın nüfuzlu analitik-ekspertləri və mötəbər strateji tədqiqat mərkəzləri Azərbaycanın iqtisadi inkişaf modelini mütərəqqi nümunə kimi səciyyələndirir və ölkəmizin gələcəyinə dair pozitiv rəy, nikbin proqnoz ifadə edirlər. Eyni zamanda respublikamızın sosial-iqtisadi inkişaf strategiyasının müvəffəqiyyətlə tətbiq olunması nəticəsində əldə etdiyi nəticələr - qazandığı uğurlar populyar beynəlxalq reytinq təşkilatlarının hesabatlarında da əks olunur, Azərbaycan ən islahatçı ölkələr sırasında göstərilir. 

Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin mütərəqqi və nümunəvi sosial siyasət modeli yaradıb. 2003-cü ildə xalqın böyük etimadı əsasında Prezident seçilən cənab İlham Əliyev bildirmişdi ki, “mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Eyni zamanda, dövlət başçısı dəfələrlə qeyd edib ki, “siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Faktlar və reallıqlara nəzər yetirdikdə məlum olur ki, Prezident İlham Əliyev Vətənə, xalqa, dövlətə sədaqət andında verdiyi vədləri ən yüksək səviyyədə yerinə yetirərək hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət məhz vətəndaşların rifahına və mənafeyinə yönəlib. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları dövlət başçısının milli maraqlara əsaslanan siyasətini tam dəstəkləyirlər. Ötən müddət ərzində baş tutan prezident seçkilərinin, o cümlədən ictimai rəy sorğularının nəticələri bu reallığı birmənalı şəkildə təsdiqləyir. Bütövlükdə,  xalq-iqtidar birliyi ölkəmizin davamlı müvəffəqiyyətlər əldə etməsini şərtləndirir.  

Bunlarla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə praqmatik neft strategiyasının və çoxşaxəli enerji diplomatiyasının həyata keçirilməsi Azərbaycanın iqtisadi imkanlarının artmasını, ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafını, ölkəmizə mühüm geoiqtisadi dividendlər qazandıran rentabelli əməkdaşlıq platformalarının formalaşmasını təmin edib. Azərbaycanın liderliyi, moderatorluğu və fəal iştirakı ilə geostrateji layihələrin reallaşdırılması nəticəsində Avrasiyanın enerji və nəqliyyat xəritəsi yenidən dizayn olunub və daha da zənginləşib. Açıq dənizə çıxışı olmayan Azərbaycan  regionun nəqliyyat habına çevrilib və bu gün beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rola malikdir. Eyni zamanda enerji gəlirlərindən səmərəli istifadə etməklə qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, təhsilə, insan kapitalının formalaşdırılmasına sərmayələr yönəldilməsi gələcəyə hesablanmış çox mühüm addımlardır və perspektiv inkişafa xidmət edir. 

Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin gerçəkləşməsini mümkün edən başlıca amillərdən biri müasir çağırışlara əsaslanan islahatlar kursunun həyata keçirilməsidir. Danılmaz həqiqətdir ki, Prezident İlham Əliyev dünyada innovativ baxışlara, kreativ siyasi düşüncəyə malik olan, modern idarəetmə sistemi yaradan islahatçı lider kimi tanınır. Dövlət başçısının islahatlar kursunun proqressiv nəticələri özünü bütün sahələrin inkişafına nail olunmasında göstərir. Kompleks, sistemli, ardıcıl və çoxşaxəli səciyyə daşıyan institusional və digər xarakterli reformalar idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə, ən əsası, Azərbaycan dövlətinin milli gücünün artmasına xidmət göstərir, XXI əsrin üçüncü onilliyinə Azərbaycanın hazırlıqlı və müasir çağırışlara adekvat cavab verən ölkə kimi irəliləməsini təmin edir. Xüsusi qeyd etmək lazımdır ki, son dövrdə ölkəmizdə islahatlar vasitəsilə yeni siyasi konfiqurasiyanın formalaşdırılması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi və digər bu kimi addımlar yeni mərhələdə milli inkişafın intensiv xarakter almasına töhfədir. Təbii ki, bu, qeyd etdiyimiz kimi, həm də siyasi birliyin və xalqımızın milli həmrəyliyinin təmin olunması baxımından böyük önəm kəsb edir. 44 günlük Vətən müharibəsində və postkonflikt mərhələsində  ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyaların Ali Baş Komandan cənab İlham Əliyevin siyasətinə birmənalı dəstək göstərmələri siyasi birliyin real göstəricisidir.      

Yeri gəlmişkən, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Yeni Azərbaycan Partiyasının gücləndirilməsi və inkişafı istiqamətində atılan addımlar da çox mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, partiyamızın VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, bütövlükdə isə, ölkəmizin tərəqqisinə yeni  təkan və töhfə olacaq.

Heç şübhəsiz, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci  müavini, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan səmərəli, çoxşaxəli fəaliyyəti də Azərbaycanın strateji nailiyyətlər əldə etməsini təmin edən mühüm faktorlardandır. Ölkəmizin qarşıya qoyduğu bir çox hədəflərə nail olmasında Mehriban xanım Əliyevanın xüsusi rolu var. Onun təşəbbüsləri əsasında reallaşdırılan layihələr vətəndaş məmnunluğunun artmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, ölkəmizin müsbət imicinin beynəlxalq aləmdə daha da möhkəmlənməsində əvəzsiz rola malikdir. Həmçinin Azərbaycan mədəniyyətinin, ölkəmizin zəngin tarixi və mədəni irsinin qlobal arenada sistemli şəkildə təbliğ olunması, multikulturalizmin və tolerantlıq ənənələrinin təşviqi, sivilizasiyalar arasında dialoqun inkişafına xidmət edən strateji tədbirlərin həyata keçirilməsi xüsusi olaraq qeyd edilməlidir.

 

Tarixi ədalətin bərpa olunması, milli tərəqqinin yeni mərhələsi: yeni reallıqlar və gələcəyə strateji baxış fonunda

 

Azərbaycanın 44 günlük müharibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsinə müvəffəq olması isə çoxəsrlik dövlətçilik tariximizin zirvə hadisəsi və şanlı qürur səhifəsidir. Təbii ki, Ermənistanın işğalçı siyasəti ucbatından 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinin mürəkkəb beynəlxalq münasibətlər şəraitində həllinə nail olmaq heç də asan və sadə məsələ deyildi. Azərbaycan dövləti Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə öz iqtisadi imkanlarını genişləndirib, hərbi potensialını artırıb. Görülən işlər nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, hərbi-texniki imkanlarımız mütəmadi olaraq artırılıb. Həmçinin 17 il ərzində münaqişənin ədalətli həlli üçün beynəlxalq səviyyədə hüquqi zəmin formalaşdırıb. Yəni ölkəmizin ərazi bütövlüyünə dəstək xarakterli çoxsaylı qərar və qətnamələrin qəbuluna nail olunub. Praqmatik, çoxvektorlu və milli maraqlara əsaslanan uğurlu xarici siyasət nəticəsində Azərbaycanın müttəfiqlik əlaqələri gücləndirilib, ölkəmizə güclü mənəvi-siyasi dəstəyin verilməsi təmin olunub. Hücum diplomatiyası yürüdən Azərbaycanın nüfuzlu - mötəbər beynəlxalq təşkilatlara sədrlik etməsi, o cümlədən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və təşkilata rəhbərlik dönəmini uğurla başa vurması, Qoşulmama Hərəkatına sədrliyi də beynəlxalq dəstəyin əldə olunması baxımından xüsusi əhəmiyyət kəsb edib. Bununla yanaşı,  uğurlu informasiya siyasəti və “yumşaq güc” adlandırılan medianın imkanlarından səmərəli istifadə olunması nəticəsində erməni yalanları və ermənipərəst dairələrin qara piar kampaniyası iflasa uğradılıb, qlobal ictimai rəy ölkəmizin lehinə dəyişib.  Bütün bu nailiyyətlər və reallıqlar fonunda Azərbaycan öz hərbi-siyasi gücü ilə XXI əsrin müharibəsini aparmaqla qəti qələbəyə müvəffəq olub, torpaqlarımız işğaldan azad edilib. Ölkəmiz erməni faşizminin başını əzərək öz qüdrəti və iradəsi ilə BMT-nin məlum 4 qətnaməsinin icrasına nail olmaqla tarix yazıb və mühüm strateji presedent yaradıb.

Ən mühüm nüanslardan biri budur ki, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə parlaq qalibiyyət əldə etməklə yeni reallıqlar formalaşdırıb. Bu geostrateji reallıqlar, ilk növbədə, regionda etibarlı təhlükəsizlik mühitinin, dayanıqlı sülhün və çoxşaxəli əməkdaşlığın təmin olunmasına zəmin yaradır, həmçinin Azərbaycanın iqtisadi imkanlarının artmasına, ikitərəfli münasibətlərinin inkişafına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə təkan verir. Postkonflikt dövründə Cənubi Qafqazda təşəkkül tapan reallıqlar təkcə respublikamızın deyil, regionda bütün xalqlar və dövlətlərin maraqlarına cavab verir. Xüsusilə də, Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası geniş formatda unikal əməkdaşlıq imkanlarının formalaşması deməkdir. Paralel olaraq hazırda işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın həyata keçirilməsi strateji prioritet kimi müəyyənləşdirilib. Ona görə də işğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq və yenidənqurma işlərinin aparılması Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Bu istiqamətdə görülən işlərin həmin regionların sürətli inkişafını təmin etməklə yanaşı, bütövlükdə, Azərbaycanın tərəqqisinə əlavə impuls olacaq.

Nəticə etibarilə, Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yol kimi bugünkü parlaq - möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Əminliklə söyləmək olar ki, Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə müvəffəq olacaq, milli tariximizin növbəti şərəfli və qürurlu səhifələri yazılacaq! 

 

Tahir BUDAQOV,

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM