08:12 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


00:21 20.06.2021

Qızılı şəfa


00:19 20.06.2021

Bu çörək bir möcüzədir


00:18 20.06.2021

Həyat eleksiri


00:17 20.06.2021

Gəncliyə uzanan yol


00:16 20.06.2021

BİLDİRİŞ


00:15 20.06.2021 BİLDİRİŞ
Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qürbət necə vətən olur

ANA SƏHİFƏ / CƏMİYYƏT
02:49 11.06.2021

 

30 ildə məshəti türkü üçün Azərbaycan vətənə, Quba yurd yerinə çevrilib

 

“İnsanlar da ağaclar kimidir - bir yerdə kök atanda qollu-budaqlı, mer-meyvəli, yeri tez-tez dəyişəndə isə sısqa, cılız olur, zəif düşürlər”,- deyir məshəti türkü İmran Həsənov. Artıq 30 ildir ki, ailəsi ilə Qubaya köcüb, burada yurd salıb, kök atıb, bərkiyib.

Onun və bütün məshəti türklərinin Gürcüstanda, Özbəkistanda yaşadıqları faciələri qələmə alsan, gərək silsilə romanlar yazasan. Gürcüstandan Özbəkistana, oradan isə az qala bütün dünyaya səpələniblər. Kimin hara əli çatıbsa, oraya pənah aparıb. Amma heç kim ruhdan düşməyib, harada olublarsa, torpağa, yerə sarılıblar, Vətən kimi seviblər oranı, gülüstana çeviriblər.

- Biz özbəklərlə çox mehriban dolanmışıq, qaynayıb qarışmışıq, qohum olmuşuq. Elə mənim doğma bacım özbəyə ərə getmişdi, - deyə İmran həyatını geri vərəqləyir. - Amma Qdlyanın ayağı Özbəkistana dəyən kimi yer yerindən oynadı. Özbəkistanın siyasi rəhbərləri yox, bütün özbəklər və digər xalqlar, o cümlədən biz - məshəti türkləri də hədəfə gəldik. Özbəkistanda Fərqanə hadisələri baş verdi, dalğası Daşkəndə çatanda bizə də dəydi. Özbəklərin heç bir günahı yox idi, hadisələri ermənilər idarə edirdilər. Onlar tərəfindən özbəklərin evlərinə silahlı basqınlar təşkil edilir, bütün vəhşiliklər şayiələrdə və KİV-də türklərin ayağına yazılırdı. Açıq və gizlində silahlar paylanırdı.

Məshəti türklərinin dəqiq yaşadığı ünvanların siyahıları əldə edilirdi. Bir də görürdün ki, Fərqanə vilayətinə vertolyotla silahları böşaldıb gedirdilər. Amma bir şey məlum idi ki, bütün vəhşiliklərin aparıcı qüvvəsi ermənilər idi. Lakin o zaman bunu sübut etməyə nə imkan, nə də vaxt var idi. Hadisələr ildırım sürəti ilə cərəyan edirdi. Sadəcə başını götürüb qaça bilirdinsə, böyük adam idin.                           

 İmran da o zaman 5 qardaşı ilə birlikdə Rusiyaya köçür. Rostov vilayətinə pənah aparırlar. Dolanışıqları, güzəranları yaxşı olsa da, görürlər ki, burada qalıb kök sala bilməyəcəklər:

- Qəribçilik, fərqli adətlər və mentalitet səni ruhunla, iç dünyanla uzlaşan bir yer aramağa vadar edir. Rusiyada qazanmaq daha asan idi, amma nə qədər qazansan da qərib idin, öz evində deyildin. Qəbul edə bilmədiyin məqamlarla üzləşirdin. Bir də görürdün ki, gecə qonşun qapını döyüb səndən araq istəyir, “nə işin varsa görüm” deyir. İçməyən, Allaha ibadət edən insan üçün bunlar dözülməzdir. Belə sərt məqamlar səni məcbur edir ki, ruhunla uzlaşan bir torpağa köçəsən.

 İmran həyat hekayəsini danışmağa davam edir:

- Azərbaycanda qohumlarımız var idi. Ümumiyyətlə, buralar bizə Rostovdan daha doğma və daha yaxın gəldi. Qərar verdik və köçdük. Qubaya gəldik, həyətyanı sahələr aldıq. Biz - gələnlər az deyildik. Ona görə də 20 ailə birləşdik və sürətlə evləri tikməyə başladıq. Evini, yurdunu itirmisənsə, birinci yurd yeri salmalısan ki, səni hər gün qadının işə yola salsın və axşam evində qarşılasın, qabağına bir tikə çörək qoysun.

Biz azərbaycanlılar - bir milyon qaçqını qarşılayıb yerbəyer edən xalq üçün məshəti türklərinin həyat hekayəsi tanış mövzudur. İmran qardaşları ilə birinci evi öz güclərinə 3 aya tikib qaldırdılar. Hamı birləşdı və möhtəşəm gücə sahib oldu. Usta ustalığını, bənna bənnalığını etdi. Kimin imkanı var idi Rusiyadan tikinti materialları daşıyırdı. Şamaxıdan kərpickəsənlər gətirmişdilər. Bir sözlə, arı kimi çalışdılar, bir-birinə güvəndilər, arxa oldular, bəhrəsini də gördülər. Məshəti türklərindən kimi dindirsən, Azərbaycan dövlətindən yerdən göyəcən razılıq edir, minnətdarlığını bildirir. Bu dövlət onları qərib, qaçqın, didərgin kimi yox, öz vətəndaşları kimi qəbul edib.

- Ayrı-seçkilik görmədik, - deyir İmran. - Azərbaycanda torpaqlar özəlləşdiriləndə hamımızı qeydiyyata aldılar, sənədləri topladılar, öz vətəndaşlarına necə əmlak bölgüsü apardılarsa, bizə də o qaydada torpaq payı verdilər.

Torpaq məshəti türkü üçün müqəddəsdir. Gürcüstanda, ondan sonra da Özbəkistanda varını, yoxunu itirən bu insanlar üçün torpaq həm də güvənc yeri, vətəndir. Ona söykənib yaşamaq, əkib-becərmək və lazım gələndə onun uğrunda ölümə getmək məshəti türklərinin amalıdır. Məshəti türkünün gücünü əlindən almaq istəyirsənsə, onu torpaqdan ayır. Azərbaycan da onları öz övladı kimi qoynuna alıb, üstündə yaşamağa minnətsiz torpaq payı verib.

İmran 1965-ci ildə anadan olub, 1994-cü ildə Qubada ailə həyatı qurub, indi 3 ovladı var. Üstəlik də vaxtsız vəfat edən bacısının qızını internata verməyib, qanadının altına alıb öz balası kimi böyüdüb, ərə verib. İndi babadır, nəvələri var. O, ömrünün yarım əsrlik çağında da torpaqla nəfəs alır, torpaqdan aralanmır. Oğlu əsgərlikdədir, bir neçə aydır ki, müddətdən artıq qulluq edir. İmran narahat deyil:

- Nə qədər lazımdırsa, qalacaq, qulluq edəcək. Azərbaycan bizim vətənimizdir, oğlumun da borcu vətəni qorumaqdır. Bizim övladlarımız da azərbaycanlı, ləzgi, talışla birlikdə çiyin-çiyinə vuruşublar, bizim də şəhidlərimiz var. Torpağı əkib-becərmək üçün dinclik, əmin-amanlıq lazımdır. Buna görə də onu gərək göz bəbəyi kimi qoruyasan, düşmən tapdağına verməyəsən.

Məshəti türkləri Quba rayonunda bu 30 ildə özlərinə ad-san qazanıblar, özlərini zəhmətkeş, torpağı başa düşən, qayğısını çəkən, onun ruzi-bərəkətini artıra bilən adamlar kimi sübut ediblər. Amma İmran deyir ki, yerli camaat da onlardan geri qalmır:

- Siz bilirsiniz ki, Xınalıq camaatı həmişə mal-qara saxlayıb, bağ-bostana o qədər bələd olmayıblar. Amma indi həmin kənddən olan qonşum İbadulla soğan da, pomidor da əkir. Hətta yeri gələndə bizə irad tutur ki, bunu düz eləmədiz, gübrəni indi yox, bir həftə sonra vermək lazımdır. İbadulla bu gün bostandan, tərəvəzdən kimə desən dərs keçə bilər. Özü də o, tək deyil. Bizdən, Qaraçaydan aşağıda Ərəbxan kəndi var, orada xınalıqlılar çoxdur. Elə zəhmətkeş, elə bacarıqlıdırlar ki, baxsan həsəd apararsan. Dədə-baba qaydası ilə bir adam 30-40 sot bostanın yükünü ancaq çəkə bilər. Xınalıqlı isə müasir damcı suvarması ilə 3-4 hektarı becərir. Qibtə olunmalı insanlardır.

Quba camaatı ilə məshəti türklərinin bostanları, bağları yanaşıdır. Hamı bir-biri ilə məsləhətləşir, bir-birinə kömək edir. İmranın da bir hektar torpaq sahəsi var.

- Uzun illər bostan əkirdim. İndi gilas bağı salmışam. 3 ildir ki, barını dərirəm. Bu il gecə düşən soyuqlar və gündüzün istiləri gilas bağlarını vurdu. İndi hamımız ziyandayıq. Amma ruhdan düşmürük. Torpaq hərdən insanı sınağa çəkir. Kişi üçün ən vacibi odur ki, oğurluq, əliəyrilik etməsin, yalan danışmasın və aldatmasın. Bir də ən vacibi gərək evinə və üstündə yaşadığın torpağa xəyanət etməyəsən.

 

Bahadur İMANQULİYEV,

 “Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM