16:22 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qlobal enerji təhlükəsizliyinin təminində Azərbaycan daha güclü tərəfdaşa çevrilir
ANA SƏHİFƏ / SİYASƏT
12:09 13.09.2011

 

Xəzərin ölkəmizə məxsus sektorunda yeni böyük qaz yatağının aşkarlanması Azərbaycanın enerji strategiyasının uğurla reallaşmasına böyük töhfələr verir

 

Müasir dünyada dinamik iqtisadi inkişafı şərtləndirən əsas amillərdən biri enerji faktorudur. Dünya iqtisadiyyatı getdikcə daha çox müxtəlif mənbələrdən əldə olunan enerjidən asılı hala düşür və inkişaf prosesi əsas etibarilə sözügedən amilin üzərində qurulur. Bu mənada, təbiidir ki, indi dünya dövlətləri üçün prioritet sahələrdən biri enerji təhlükəsizliyinin etibarlı təmininə nail olmaqdır. Digər tərəfdən, o da birmənalı həqiqətdir ki,  inkişafın müasir səviyyəsi nə qədər modern xarakter daşısa da, dünya hələ xeyli dərəcədə ənənəvi enerji mənbələrindən, xüsusən də karbohidrogen ehtiyatlarından asılı olacaqdır. Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, qarşıdakı bir neçə onillik ərzində bu reallıq dəyişməyəcəkdir.

Böyük neft-qaz ehtiyatlarına malik ölkələr qarşısında duran əsas məsələ bu resurslardan səmərəli faydalanmaq, onun əsasında inkişafın möhkəm təməlini yaratmaqdır. Mövcud dünya xəritəsinə nəzər yetirdikdə belə aydın olur ki, zəngin enerji resurslarına malik ölkələrin heç də hamısı bundan böyük perspektivlərə yol açan, dinamik tərəqqini təmin edən inkişaf naminə istifadə edə bilmir. Lakin bu müstəvidə uğurlu nümunənin əsasını yaradan, neft kapitalını insan kapitalına müvəffəqiyyətlə çevirməyi bacaran ölkələr də mövcuddur ki, onların sırasında Azərbaycan xüsusilə seçilir. Bu gün ölkəmiz malik olduğu enerji ehtiyatlarından səmərəli və sürətli tərəqqiyə hesablanmış inkişaf məqsədilə istifadə olunmasında kifayət qədər uğurlu bir nümunənin əsasını qoyub.

Azərbaycan daxili enerji təhlükəsizliyinə tam şəkildə nail olan, o cümlədən alternativ, yaxud bərpa edilən enerji hesabına qeyd olunan sahə üzrə məcmu istehsalını davamlı şəkildə artıran azsaylı ölkələr sırasına daxildir. Təqdirəlayiq haldır ki, ölkəmiz qeyd edilənlərə paralel olaraq qlobal enerji təhlükəsizliyinin təmin olunması sahəsində xüsusi çəkisini mütəmadi artıran və əsas söz sahiblərindən olan dövlətlər cərgəsindədir. Elə bunun nəticəsidir ki, təkcə MDB yox, daha böyük coğrafi məkanı əhatə edən məkanda yeni transmilli layihələrin reallaşmasında əsas iştirakçı dövlətlərdən biri qismində məhz Azərbaycanın adı çəkilir. Məsələn, barəsində tez-tez söz açılan, İraq və Türkmənistandan, perspektivdə isə hətta İrandan qaz götürəcək məşhur "Nabukko" layihəsinin həyata keçməsi üçün Azərbaycana Qərb dünyasında əsas ölkə kimi baxılır. "Cənub enerji dəhlizi"  layihəsində yenə həlledici söz sahiblərindən biri Azərbaycandır.

Ölkəmiz nəhəng enerji layihələrində iştirak və onların resurslarla təmini üçün böyük karbohidrogen ehtiyatlarına malikdir. Bunu bir neçə gün əvvəl "Abşeron" yatağında böyük qaz ehtiyatlarının kəşf edilməsi də əyani surətdə təsdiqlədi. Xatırlatmaq yerinə düşər ki, "Abşeron" yatağından əvvəl Azərbaycan geoloqları Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağında da böyük həcmdə qaz ehtiyatları aşkar ediblər. "Abşeron" yatağında üzə çıxarılan ehtiyatlar isə Azərbaycanın təsdiq olunmuş qaz resurslarının miqdarının əhəmiyyətli dərəcədə artacağı deməkdir. Fransanın "Total" şirkəti tərəfindən adıçəkilən yataqda aparılan kəşfiyyat işlərini və əldə olunan nəticələri yüksək qiymətləndirən Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Bu bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq,  Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək. Uzun müddət bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək və bizim ölkə kimi əhəmiyyətimiz, şübhəsiz, daha da artacaqdır".

Azərbaycan geoloqları tərəfindən hələ 60-cı illərdə kəşf edilmiş "Abşeron" yatağı üzrə birinci beynəlxalq kontrakt 1997-ci ildə imzalanıb. Lakin həmin vaxt görülən işlərdən nəticə alınmadığından 2005-ci ildə kontrakta xitam verilib. Ancaq 2009-cu ildə "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə imzalanan ikinci kontrakt çərçivəsində aparılan kəşfiyyat işləri burada böyük qaz ehtiyatlarının olduğunu üzə çıxardı. Bu isə, öz növbəsində, Azərbaycanın dünya enerji bazarlarında mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcək əsas hallardan biridir.

Hesab olunur ki, bu kəşf həm də "Cənub enerji dəhlizi" layihəsinin reallaşmasına növbəti böyük töhfə olacaq. Xatırlatmaq yerinə düşərdi ki, 2009-cu ilin may ayında Avropa İttifaqının Çexiyanın paytaxtı Praqada elan etdiyi "Cənub enerji dəhlizi" layihəsində Xəzər regionundan Avropaya qaz nəql edəcək bir neçə kəmər nəzərdə tutulur. Onlardan ən böyüyü qarşıdakı 5 il ərzində istismara verilməsi nəzərdə tutulan "Nabukko" layihəsidir. Bu kəmər vasitəsilə ildə 31 milyard kubmetr qazın Avropaya nəqli nəzərdə tutulur. "Cənub enerji dəhlizi"ndə  digər mühüm layihə Türkiyə-Yunanıstan-İtaliya qaz kəməridir. Sözügedən layihə ilə ildə 8 milyard kubmetr qaz ixrac etmək olar. Transadriatik, "Bəyaz axın"  layihələri də "Cənub enerji dəhlizi"ndə yer alan və perspektivdə reallaşma ehtimalı yüksək olan mühüm kəmərlər sayılır. Bütünlükdə isə "Cənub enerji dəhlizi"ndə əsas ölkələrdən biri kimi məhz Azərbaycan çıxış edir. Bunu cari il yanvarın 13-də Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu arasında imzalanan "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" də təsdiq edir.

Sadalananlar fonunda təsadüfi deyil ki, "Abşeron" yatağında yeni qaz ehtiyatlarının kəşfi Azərbaycanın gələcəyi baxımından vacib hadisə olaraq qiymətləndirilməklə yanaşı, Avropa ölkələri üçün də xoş xəbər sayılır. ABŞ-ın "Heritage" Fondunun eksperti Ariel Koen bildirir ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Abşeron" blokunda yeni iri qaz ehtiyatlarının kəşfi Azərbaycan xalqı və Avropa üçün potensial enerji mənbələrinin gələcəyinə böyük nailiyyətdir. Onun sözlərinə görə, həmin yatağın kəşfi bu resursların Avropa bazarlarına "Nabukko" və Xəzər dənizi zonasının digər boru kəmərlərinin inkişaf müddətini sürətləndirə bilər. Ekspert hesab edir ki, bu kəşf Avropa İttifaqının enerji şirkətləri, onların Avropanın enerji təhlükəsizliyini təminetmə sahəsindəki liderliklərinin təmini üçün çox vacibdir.

Türkiyənin Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmet Eren də hesab edir ki, Azərbaycanda yeni qaz yatağının kəşfi ölkəmizin bölgədə və Avropada enerji mövqelərinin güclənməsinə təsir edəcək: "Azərbaycanın enerji potensialı böyükdür və xüsusilə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Təsdiqlənmiş məlumatlara görə, Azərbaycanın qaz ehtiyatı 100 illikdir. Bu, amil Azərbaycanın mövqelərinin güclənməsinə təsir edir və bundan sonra da rəsmi Bakının enerji siyasətində mövqelərinin güclənməsini dinamik şəkildə müşahidə edəcəyik". Hikmet Eren eyni zamanda yeni qaz yatağının kəşfini Azərbaycanın bir daha enerji baxımından yenidən diqqət mərkəzində olacağını qeyd edib. Ekspert hesab edir ki, Azərbaycanda bundan sonra da yeni qaz yataqları kəşf olunacaq: "Onu qeyd etməliyik ki, Azərbaycan Avropanın enerji siyasətində mühüm rola malik ölkədir və bunu avropalı analitiklər də öz fikirlərində dilə gətirirlər".

Tanınmış rusiyalı təhlilçi Aleksey Vlasovun fikrincə isə "Abşeron" blokunda yeni iri qaz yatağının kəşfi Azərbaycan üçün mühüm strateji ehtiyatların meydana gəlməsi deməkdir: "İri qaz yatağının kəşfi ilə Bakı ehtiyat bazasının genişlənməsi hesabına milli enerji strategiyasını daha böyük sürətlə inkişaf etdirəcək. Şübhə yoxdur ki, Azərbaycan qaz bazarındakı çətin partiyanın əsas "bank" oyunçularından birinə çevriləcək".

Bütün bunlar bir daha qlobal enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolunun getdikcə artdığını, Azərbaycanın böyük karbohidrogen resurslarına malik olduğuna dair verilən proqnozların reallığını aydın surətdə göstərir.

 

Rasim BAYRAMOV,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM