09 Oktyabr 2019 00:37
2050
İQTİSADİYYAT
A- A+

Qeyri-neft məhsullarının ixracı getdikcə artır


Bu, müəyyən edilmiş hədəflərə nail olunduğunun daha bir göstəricisidir


Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən iqtisadi islahatların bir məqsədi də ölkənin neftdən asılılığının aradan qaldırılması məqsədilə qeyri-neft sektorunun inkişafıdır. Son 16 ildə dövlət başçısının rəhbərliyi ilə uğurla aparılan bu islahatlar nəticəsində ildən-ilə qeyri-neft sektorunda məhsul istehsalı artır. Bununla paralel olaraq həmin sahədə istehsal edilən məhsulların xarici bazara ixracı da çoxalır.

Son dövrlər ixrac olunan məhsullarda qeyri-neft sektorunun payının artması məhz aparılan uğurlu islahatların nəticəsidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı”nın cari ilin sentyabr ayı üçün hesabatı təqdim olunub. Həmin sənəddə qeyd edilir ki, cari ilin yanvar-avqust ayı ərzində ölkəmizin ixracı 13,5 milyard dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz çoxdur. Hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac 1 milyard 277 milyon dollar dəyərində olub. Beləliklə, bu ilin 8 ayında qeyri-neft sektoru üzrə ixracın həcmi 17 faiz artıb.

Bu ilin yanvar-avqust ayları ərzində ixrac olunan qeyri-neft məhsullarının çox hissəsi Rusiyaya, Türkiyəyə, İsveçrəyə, Gürcüstana, İtaliyaya göndərilib. Qeyd edək ki, həmin dövrdə ixracatda ilk yerdə pomidor satışı dayanır, ikinci yerdə qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda), üçüncü yerdə isə pambıq mahlıcı qərarlaşıb.

Məlumdur ki, qeyri-neft sektorunda əhatə etdiyi coğrafiyaya və bu sahə ilə məşğul olan əhalinin sayına görə kənd təsərrüfatı üstün mövqedədir. Dövlətin aqrar sektorda həyata keçirdiyi ardıcıl islahatlar, fermerlərə dövlət tərəfindən verilən dəstək bu sahədə məhsul istehsalının ildən-ilə artmasına imkan yaradır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aqrar sektorun ölkə üçün xüsusi əhəmiyyətini qeyd edərək demişdir: "Kənd təsərrüfatı çox ciddi, böyük sahədir. Əhalinin, demək olar ki, yarısı kənddə yaşayır. Ona görə bu sahə daim diqqət mərkəzindədir. İri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində də yaxşı nəticələr var. Proqrama görə, bizdə, ümumiyyətlə, 51 aqropark və iri fermer təsərrüfatları yaradılmalıdır.

Onlardan 17-si yaradılıb və bu 17 aqroparkın ümumi sahəsi 104 min hektardır... Mən əminəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatı istehsalı böyük dərəcədə artacaq, o cümlədən ixrac artacaq, daxili tələbat daha çox yerli məhsullar hesabına təmin ediləcəkdir. Özümüzü təminetmə əmsalı artacaq, qeyd etdiyim kimi, ixrac imkanlarımız genişləndiriləcək, biz yeni bazarlara çıxış əldə edəcəyik”.

Elə cari ilin 8 ayı ərzində meyvə-tərəvəz ixracının artaraq 361,7, pambıq lifi ixracının 86,2, alkoqollu və alkoqolsuz içkilərin ixracının 18,9, pambıq ipliyi ixracının 20,2, şəkər ixracının 20,1 milyon dollara çatması da fermerlərə dövlət dəstəyi və aqrar sektorda aparılan islahatlar nəticəsində mümkün olub.

Həmin dövrdə qeyri-neft sənayesində də məhsul ixracı artmaqda davam edib. Plastik kütlə və ondan hazırlanan məmulatların ixracı 136,8, alüminium və ondan hazırlanan məmulatların ixracı 81,3, kimya sənaye məhsullarının ixracı 68,5, elektrik enerjisinin ixracı 58,4, qara metallar və ondan hazırlanan məmulatların ixracı 41,4 milyon dollar təşkil edib. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə alkoqollu və alkoqolsuz içkilərin ixracı 2 dəfə, kimya sənayesi məhsullarının ixracı 68,7, plastik kütlə və ondan hazırlanan məmulatların ixracı 51,3, pambıq lifinin ixracı 49,4, pambıq ipliyinin ixracı 40,3, şəkər ixracı 15,5, meyvə-tərəvəz ixracı 14,5 faiz artıb.

2019-cu ilin avqust ayında isə qeyri-neft sektoru üzrə ixrac 144,4 milyon ABŞ dolları təşkil etmişdir. 2018-ci ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında qeyri-neft sektoru üzrə ixrac 19 milyon ABŞ dolları və ya 15 faiz artıb. Bu ilin avqust ayında qeyri neft-qaz məhsullarından ən çox mal Rusiyaya (31,2 milyon ABŞ dolları), Türkiyəyə (27,4 milyon ABŞ dolları), İsveçrəyə (23,2 milyon ABŞ dolları), Gürcüstana (10,3 milyon ABŞ dolları) və Çinə (6,4 milyon ABŞ dolları) ixrac edilib.

2019-cu ilin avqust ayında qeyri-neft sektoru üzrə ixracda qızılın (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) 22,7 milyon dolları birinci, emal olunmamış, aşqarlanmamış alüminiumun 11,6 milyon dolları ikinci, metanolun 9,6 milyon dolları üçüncü olub.

Azərbaycan dünyaya təkcə kənd təsərrüfatı məhsullarını ixrac etmir. Eyni zamanda ölkəmiz dünyaya yüksək texnologiyalara əsaslanan xidmətlər də ixrac edir. Belə ki, cari ilin yanvar-avqust aylarında "Azərkosmos” ASC tərəfindən dünyanın 23 ölkəsinə 28 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub. "Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. Bu ilin avqust ayında isə "Azərkosmos” ASC dünyanın 18 ölkəsinə 2,5 milyon dollar dəyərində xidmət ixracı göstərib. "Azərkosmos” ASC-nin cari ilin yanvar-avqust aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya, BƏƏ-dir.

"İxrac icmalı”nda həmçinin bu ilin yanvar-avqust aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Həmin icmalda göstərilir ki, cari ilin 8 ayında Azexport.az portalına 399,3 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 8 ayı ərzində ixrac sifarişlərinin 8,8 faiz artması deməkdir. 2019-cu ilin avqust ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 52,7 milyon dollar təşkil edib ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 2,3 faiz çoxdur. Həmçinin həmin dövrdə portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya 11,4, Türkiyə 5,8, ABŞ 5,8, Hindistan 5,5 və İngiltərə 5,2 faizlə qərarlaşıb.

Bu ilin avqust ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq məhsulları, tütün, şərab, toyuq əti, yumurta, soğan, meyvə şirəsi, qənnadı məhsulları, tikinti materialı, xiyar, çay, qurudulmuş meyvə, zəfəran, bal, meyvə tamlı süd, qablaşdırılmış mineral su, mühərrik yağı, mebel dəsti, gül və s. mallara daxil olub.

"İxrac icmalı”nda göstərilib ki, bu ilin sentyabr ayında "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 8,2 milyon dollar olub. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun sayəsində 99,9 milyon dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video