03 Iyul 2021 00:25
682
Mədəniyyət
A- A+

Qələm peşəkarın əlində olanda...

 

Sabir Əliyevin imzası media nümayəndələrinə yaxşı tanışdır. Səbəbi isə əsl jurnalist kimi həmişə vətəndaş mövqeyinin və haqqın, ədalətin müdafiəsində durması, yazılarındakı obyektivlikdir.

Yadımdadır, ötən əsrin 80-ci illərinin sonunda respublikanı başına götürən hərc-mərclik Xanlar (indiki Göygöl) rayonunda da özünü büruzə verirdi. Bundan narazı olan ictimaiyyətin haqq səsinə səsini qatan jurnalist Sabir Əliyev redaktoru olduğu “Kommumist əməyi” qəzetində “Bağlı qapılar arxasında...”  tənqidi yazı ilə çıxış edir, rayonun bəzi idarə və müəssisələrində rüşvətxorluq və korrupsiya hallarının mövcudluğunu, bu yöndə vətəndaşların incidilməsinə, süründürməçiliyə son qoyulmasını diqqətə çatdırır.

Məqalə nəinki Xanlar rayonunda, ümumiyyətlə, qərb bölgəsində əks-səda yaradır. Camaatı narahat edən o idi ki, material qəzetdə çıxan gündən rayon partiya komitəsinin birinci katibi yaxın ətrafına qəti şəkildə tapşırmışdı: “Məqalənin müəllifi - rayon qəzetinin redaktoru Sabir Əliyev hansı yolla olursa-olsun, vəzifəsindən getməli və rayondan çıxarılmalıdır”. Birinci katibin pıçıltı ilə yaxınlarına dediyi bu sözlər Gəncəbasarda mötəbər məclislərdən tutmuş bazar və çayxanalaradək müzakirə mövzusuna çevrildi. Hamıya elə gəlirdi ki, bu gün-sabah redaktor “gedəcək”, hətta yerinə namizəd də tapıldığı deyilirdi.

Birinci katibin tapşırığına əsasən, hər həftə redaksiyaya yoxlama göndərilməsi məsələnin keçilməz və ciddiliyindən xəbər verirdi. Amma rayon qəzetində nə var idi ki, təftişçilər ondan yapışsın. Odur ki, təftişlərlə heç nəyə nail ola bilmədiyini görən katib bu dəfə hədə-qorxu yolu seçdi: “Ona deyin, öz xoşu ilə ərizəsini yazıb, işdən getsin, yoxsa...” “Yazdıqlarımda haqlıyam, bu yolda sonadək getməyə hazıram”, - deyən Sabir Əliyevin iradəsini sındıra bilməyən birinci katib məcbur olub məqalədəki faktları yoxlatmaq üçün Mərkəzi Komitədən komissiya tələb etdi.

Nə isə uzatmayaq. Həmin qarşıdurmanın nəticəsi bu oldu ki, Mərkəzi Komitənin büro iclasında Xanlar rayonunun birinci katibi və  onunla bərabər bir neçə məsul işçi vəzifəsindən azad olundu.

Sabir Əliyevin 50 illik jurnalistlik fəaliyyəti dövründə neçə-neçə belə hadisə və faktdan söhbət açmaq olar. Bir fikri xüsusi vurğulamaq yerinə düşər ki, Sabir Əliyev harada, hansı vəzifədə işləyibsə, jurnalist adını, təmsil etdiyi qəzetin və kollektivin nüfuzunu ləyaqətlə qorumuşdur.  

Sabir Əliyev 70 il bundan öncə - 1951-ci il iyulun 3-də Gəncədə dünyaya göz açıb. Orta məktəb illərindən çox sevdiyi müxbirliyə meyil edib. ADU-nun (indiki BDU) Jurnalistika fakültəsini bitirib. İlk iş yeri Gəncə şəhər mətbəəsi və “Kirovabad kommunisti” (indiki “Gəncənin səsi”) qəzeti olub. Burada ədəbi işçidən şöbə müdiri vəzifəsinədək yüksəlib. Daha sonra 10 ildən artıq Xanlar rayon qəzetinin redaktoru, Azərbaycan Dövlət Teleqraf Agentliyində (AZƏRTAC) bölgə müxbiri olub. Beş ildən artıqdır ki, “Azərbaycan” qəzetinin bölgə müxbiridir.

Jurnalist həmkarımızın əməyi ictimai rəydə, media aləmində və dövlət tərəfindən həmişə yüksək dəyərləndirilib. Sabir Əliyev ötən müddətdə respublika üzrə bir çox ədəbi müsabiqələrin qalibi olub. Dəfələrlə rayon sovetinin deputatı seçilib, ictimai-siyasi işlərdə fəallığı ilə diqqət çəkib. 1987-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatına, bundan 3 il sonra Azərbaycan mətbuatında səmərəli fəaliyyətinə görə Əməkdar jurnalist fəxri adına, 2010-cu ildə isə “Tərəqqi” medalına layiq görülüb.

Bu gün də sevdiyi peşəsindən ayrılmayan həmkarımıza yeni yaradıcılıq uğurları və ən azından COVID-19-dan kənar olmağı arzulayırıq.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video