05 Noyabr 2021 03:02
1334
Mədəniyyət
A- A+

Qəhrəmanlıq salnaməsi dastan boylarında

 

Baş verən mühüm hadisələr bir müddət keçəndən sonra ya poetik, ya da nəsr yolu ilə ədəbiyyat nümunəsinə,  kitaba çevrilir. Bunun bariz nümunəsi ötən il sentyabrın 27-də başlayıb, noyabrın 10-da Zəfər qələbəsi ilə başa satan 44 günlük Vətən müharibəsidir. Zəfər qələbəsinin qüruru, sevinci, şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin döyüşkənliyi, əsgər və zabitlərimizin şücaəti, xalqımızın birliyi, həmrəyliyi yazıçılarımızın, şairlərimizin indi qələminə mövzu olub.

Bu mövzuya həsr edilmiş ən gözəl nümunələrdən biri də bu günlərdə Əməkdar jurnalist Mətanət Məmmədovanın müəllifliyi ilə Naxçıvanda, “Əcəmi” nəşriyyatında çapdan çıxmış 472 səhifəlik “Qarabağ dastanı” kitabıdır. Bundan əvvəl də bu mövzuda bir neçə toplunun müəllifi olan M.Məmmədovanın yeni kitabında İkinci Qarabağ savaşını əhatə edən 44 günlük Vətən müharibəsindən bəhs edilir. Kitabda Ali Baş Komandan İlham Əliyevin müharibə dövründə müsahibələri, görüşləri, həyata keçirdiyi tədbirlər, ölkə Prezidentinin torpaqlarımız yağı düşməndən azad edildikcə xalqa müraciətlərinin hər birinin əsasında müəllifin yaratdığı “Qarabağ dastanı”nın boyları öz əksini tapıb.

Yeni nəşrdə 1990-cı illərin əvvəllərində erməni terrorçu dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən faciələr, nankor ermənilərin qızışdırılıb ortaya salınması ilə sərhəd bölgələrimizdə yaradılan iğtişaşlar, onların Azərbaycan torpaqlarından pay verilməsinə şirnikləndirilməsi, bütün bu hadisələrin fonunda xalqımızın Birinci Qarabağ müharibəsi dövründə öz əzəli torpaqlarını itirməsi, çoxsaylı şəhidlər verməsi gündəmə gətirilir. Həmçinin İkinci Qarabağ müharibəsində baş verən bütün hadisələr Birinci Qarabağ müharibəsi dövrü ilə müqayisə olunaraq  dastanın boylarında şərh olunur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bütöv Azərbaycan uğrunda dövlət başçısı İlham Əliyevin uzun illər ərzində apardığı siyasətə, torpaqlarımızın işğaldan azad olunması üçün həyata keçirdiyi genişmiqyaslı, dünya səviyyəli tədbirlərə nəzər salınır, bunların fonunda beynəlxalq təşkilatların tarixi ədalətə ədalətsizliklə yanaşmaları diqqətə çatdırılır. Kitabda dövlət-xalq birliyindən, ötən 17 ildə ölkə gənclərinin mənəvi tərbiyəsindən, vətənpərvərlik ruhunda böyüməsindən, torpaqlarımızın ruh yüksəkliyi ilə erməni işğalından azad olunmasından, 44 günlük savaşın dünyanı heyrətə gətirməsindən, qardaş Türkiyənin xalqımıza dəstəyindən geniş bəhs olunur.

Qəhrəmanlıq mövzusunda yazılmış əsərdə müəllif publisistik dillə, yazıçı peşəkarlığı ilə şifahi xalq ədəbiyyatının məqsədəmüvafiq folklor janrına müraciət  edib. Müəllif İkinci Qarabağ müharibəsində şəhid olan 2907, itkin düşən 7 igidin adını nəzmə çəkərək bayatılarda yaşatmağa çalışıb. Azərbaycanın qədim tarixi, gəncliyə nümunə olan qəhrəmanları, əzəli torpaqları, Vətənə məhəbbət, sədaqət hissi, torpağa, yurda vurğunluq, vətənpərvərlik, kədər, bu kədərin yaratdığı qürur duyğuları bayatıların leytmotivini təşkil edir.

Kitabı vərəqlədikcə aydın olur ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu ermənilərin özləri barədə uydurduğu “qəhrəman xalq” mifini darmadağın edib, “dənizdən-dənizə” fikrinin xam xəyal  olduğunu sübutlayıb, qədim Azərbaycan torpaqlarının hissə-hissə ermənilərə bəxşiş olunan ərazilərini yerinə qoyub, adı, soyadı və ünvanı dəyişdirilmiş kəndlərimizin, rayonlarımızın, bölgələrimizin kimə məxsusluğunu və əzəli adını bərpa edib.

Başda Ali Baş Komandan olmaqla əsgər və zabitlərimiz xalqımızın mənəviyyatını, ləyaqətini, şərəfini və namusunu qorudu, şərəfləndirdi. İmperiya qüvvələrinin xəyanəti nəticəsində pozulmuş dövlət sərhədlərini yerbəyer etdi. Xocalı soyqırımına bənzər qırğınlar, kütləvi qətliamlar törətmək istəyənlər, tarixi Azərbaycan torpaqlarının, cənnətməkan Qarabağın və ətraf rayonların işğalına yönəlmiş qüvvələr tamamilə məhv edildi, külə döndərildi... “Qarabağ dastanı”ndan da göründüyü kimi, Zəfər qələbəsi ilə Azərbaycan xalqının dövlətçilik tarixinə yeni reallıqlar gətirildi. Bu reallıqların yaradıcısı Azərbaycan xalqının birliyi, Müzəffər Ordumuz və Ali Baş Komandan, Prezident İlham Əliyevdir.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video