19 May 2012 12:05
306
Mədəniyyət
A- A+

Qədim və müasir İçərişəhər «Eurovision-2012» mahnı müsabiqəsinin qonaqlarını möhtəşəm «Meydan bazarı» ilə qarşılayacaqdır

 

Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi günlərdə ölkəmizin  çoxsaylı xarici qonaqları arasında  mədəniyyətimizin və tariximizin təbliği, xalq tətbiqi sənətinin dəstəklənməsi və sənətkarların əl işlərinin sərgi-satışının təşkili, turistlərin əyani şəkildə sənətkarlıq məhsullarının hazırlanması prosesini izləmələri üçün mayın 20-dən 25-dək hər gün saat 12:00-dan 20:00-dək Qoşa qala qapısı meydanında ənənəvi "Meydan bazarı" təşkil olunacaqdır.

 AzərTAc xəbər verir ki, bununla yanaşı, ziyarətçilər müsabiqə günlərində həm "Meydan bazarı"nda, həm də bütövlükdə İçərişəhər ərazisində "İçərişəhərin tarixi tipajları"nı görə və onlarla canlı ünsiyyət qura biləcəklər.

Tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, "Azerfon" və "Gazelli International ltd" şirkətlərinin dəstəyi ilə keçiriləcəkdir.

Ümumiyyətlə, əsrlər boyu Bakının döyünən ürəyi kimi tanınan İçərişəhər sözünü-söhbətini, qonaqpərvərliyini bu məkana qədəm basan heç kimdən əsirgəməmişdir. Bu yer qlobal dünyaya inteqrasiya edən paytaxtımızda öz abidələri, xalqımızın ən gözəl ənənələrinin təcəssümü ilə hər zaman  qonaqları heyrətləndirməkdədir.

Mütəmadi olaraq qədim şəhərin tarixinin, abidələrinin, milli adət-ənənələrimizin, mədəniyyətimizin təbliği istiqamətində müxtəlif layihələr həyata keçirən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq işləri özəlliyi ilə seçilir.

Bakı şəhərinin simvolu olan Qız qalası abidəsində muzey konservasiyası işlərinin birinci mərhələsinin bitməsi ilə əlaqədar olaraq abidənin fasadında quraşdırılmış ayaqaltılar və digər avadanlıqlar sökülmüşdür. Beləliklə, Qız qalası özünün ilkin görkəmində turistlərin zövqünü oxşayır.

Bir humanitar addım, ətraf mühitə hörmət əlaməti olaraq, dünyada ekoloji proseslər istiqamətində həyata keçirilən tədbirləri nəzərə alaraq Qız qalasının yanındakı binada quraşdırılmış 510 yuvaya doğru uçan quşların cəh-cəhi isə buranın tarixi daşlarına insan ruhunu oxşayan səsləri əlavə edir. Bakının qədim guşəsi olan "Arxeoloji park"da şəhərimizin qonaqları vaxtlarını xoş və səmərəli keçirəcək, həmçinin tarixi irsimiz və zəngin mədəni keçmişimizlə də tanış ola biləcəklər.

Qədim şəhərə müxtəlif istiqamətlərdən  daxil olan turistlərə pulsuz olaraq İçərişəhərin xəritəsi paylanılır. Həmçinin hər girişdə məlumat mərkəzi yerləşdirilmişdir. Bu məlumat mərkəzlərində otel rezervasiyası, tur,  bələdçi sifariş etmək, restoranlar və digər ictimai-iaşə obyektləri haqqında geniş məlumat əldə etmək mümkündür.  Beş dildə - Azərbaycan, rus, ingilis, fransız, alman dillərində məlumatlar yerləşdirilmiş audiobələdçini alan turist artıq heç kimin köməyi olmadan tarixi tikililər, görməli yerlərlə sərbəst tanış ola bilir.

Xüsusi olaraq "Euovision-2012" üçün həyata keçirilən "Ask me" ("Məndən soruş") layihəsi çərçivəsində Bakıda yaşayan avropalılar xarici turistlərə ölkəmiz haqqında könüllü olaraq bilgilər verəcəklər. Üzərində "Ask me" yazılmış köynəklərdə gəzən könüllülər, həmçinin turistlərə bukletlər və təbliğat materialları paylayacaqlar. Layihənin əsas maraqlı cəhəti burada turistlərə informasiyanın artıq Azərbaycanda müəyyən müddət yaşayan, mədəniyyətimiz və tariximizlə tanış olan xarici könüllülər tərəfindən verilməsidir. Bu layihəyə, həmçinin azərbaycanlı könüllülər də qoşulacaqlar.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əcnəbi qonaqların asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirdiyi layihələr çərçivəsində elektromobillər vasitəsilə turlar da maraqlıdır. Belə elektromobillərdən istifadə etməklə turistlər qədim şəhəri əlavə vaxt sərf etmədən çox asanlıqla gəzirlər. Mədəni-tarixi abidələrimizlə maraqlanan turistlər üçün bölgə turlarının - "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna, Suraxanıdakı "Atəşgah" məbədinə və Abşeronun digər görməli yerlərinə, həmçinin Qobustana turların həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə turlarda iştirak xarici qonaqlarda Odlar Yurdunun möcüzəli yerləri, qədim abidələri haqqında unudulmaz təəssüratlar yaradacaqdır.

İçərişəhərdə həmişə yüksək səviyyədə olmuş muzeylərin, qalereyaların, sərgilərin, otellərin, restoranların da ab-havasına "Eurovision" nəfəsi əlavə olunmuşdur. Mahnı yarışması ilə əlaqədar  buradakı muzeylər səhər saat 9.00-dan axşam saat 21.00-dək iş rejiminə keçmişlər. Turistlər restoranlarda Azərbaycan mətbəxinin çeşidli və ləzzətli xörəklərini dadmaqla yanaşı, milli musiqimizdən zövq alırlar. Avropada geniş yayılmış "fast food" nəzərə alınaraq İçərişəhərə  Filarmoniya bağı, "Yaşıl aptek" istiqamətlərindən girişdə açılmış ikinci təndirdə həm ətirli çörək almaq, həm onun hazırlanmasını müşahidə etmək, həm də turistlərin milli mətbəximizin tez bişən nümunələrindən dadmaları mümkündür. Qədim şəhərin özünəməxsus çay ənənələri, onun rəngarəng növləri bir daha milli adətlərimizi diqqətə çatdırır.

Həmçinin İçərişəhərdə olan bütün otel, ticarət və ictimai-iaşə obyektlərinin işçilərinə xüsusi treninqlər keçirilmiş və onlara Azərbaycanca-ingiliscə danışıq kitabçaları paylanılmışdır. Bununla yanaşı, qoruq idarəsinin tabeliyində olan muzeylərin bələdçiləri üçün vahid geyim formaları hazırlanmış və muzey işçilərinə turistlərin qarşılanması və davranış qaydalarına dair seminarlar keçirilmişdir.

Günün müxtəlif çağlarında "Eurovision" fanklubunun üzvləri burada müxtəlif aksiyalar həyata keçirirlər. 

Müasir turizm infrastrukturu çərçivəsində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Wİ-Fİ şəbəkəsi də yaradılmışdır ki, sistemə mobil telefon vasitəsilə qoşularaq audiobələdçi informasiya mənbəyindən pulsuz istifadə etmək olar.

Beləliklə, İçərişəhər bu dəfə tarixi və müasirliyinə "Eurovision-2012" nəfəsi qatmaqla öz ziyarətçilərini heyrətləndirəcəkdir.

Tam əminliklə deyə bilərik ki, Odlar Yurdunun bu qədim məkanına gələn qonaqlar İçərişəhərdə asudə vaxtlarını şən və mənalı keçirəcək, öz ölkələrinə alovlandırdıqları məşəldən qaynaqlanan ən isti təəssüratlarını aparacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video