07 Avqust 2021 00:20
1067
Mədəniyyət
A- A+

Qəbələ yenidən musiqi ab-havasına büründü

 

Ötən ilin martında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyanın bir sıra ölkələrini çənginə almaqda olan COVID-19 pandemiya elan olundu.

O vaxtdan kədərli hadisələr baş verdi. Bu təhlükəli infeksiya səbəbindən həyatını itirən, yaxud sağlamlığında ağır fəsadlar yarananlar çox oldu. Dünyanın əksər ölkəsi kimi, Azərbaycan da yeni növ koronavirus bəlası ilə mübarizə aparır. Bununla belə, qlobal pandemiyanın hökm sürdüyü şəraitdə Azərbaycan dövləti bütün vacib, zəruri tədbirləri həyata keçirir.

Dünyanın bəlasına çevrilmiş koronavirus uzun müddət həyatımızı məcrasından çıxarmağa müvəffəq oldu. Hələ də təhlükəli xisləti ilə insanların həyatını təhdid etsə də, artıq bütün zəruri, ehtiyat tədbirləri nəzərə alınmaqla müəyyən işlər görülür. Bu günlərdə Azərbaycanın zəngin tarixinin izlərini yaşadan qədim yaşayış məskənlərimizdən olan Qəbələ də yenidən bayram ab-havasına büründü.

Bu gözəl şəhər 2009-cu ildən başlayaraq Beynəlxalq Musiqi Festivalına evsahibliyi edir. I Qəbələ Beynəlxalq Musiqi Festivalına dünyanın 16 ölkəsindən - ABŞ, Fransa, İsrail, Meksika, Polşa, Rusiya, İtaliya, İspaniya və digər ölkələrdən gəlmiş tanınmış musiqiçilər qatıldılar. Tədbirə Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının uvertürasının ifası ilə start verildi. Beynəlxalq musiqi festivalı çərçivəsində gənc pianoçuların müsabiqəsi də keçirilib. Azərbaycan, Rusiya, Xorvatiya və Yaponiyanı təmsil edən 5 pianoçu mübarizə aparıb. Müsabiqənin ən yüksək mükafatı olan “Qran-pri”ni Rusiya pianoçusu İlya Maksimov qazandı. Finalda mübarizə aparan gənc pianoçular - xorvatiyalı Qoran Filipets, rusiyalı Aleksandr Yakovlev, azərbaycanlı Toğrul Hüseynli və yaponiyalı Şimomura Misako digər mükafatların sahibləri oldular. Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa etmək nominasiyası üzrə mükafatlara isə Nərgiz Kəngərli və Nataliya Landfed (ABŞ) layiq görüldülər.

2009-cu ildə bu möhşəm tədbirlə milli musiqi mədəniyyəti tariximizdə yeni ənənənin bünövrəsi qoyulub. 2010, 2011, 2012, 2013, 2014 və 2015-ci illərdə təşkil edilən Qəbələ Beynəlxalq Musiqi festivallarında dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər, dünya şöhrətli simfonik və filarmonik orkestrlər iştirak ediblər. Festivallar  çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, muğam, klassik, kamera, caz, vokal musiqi konsertləri keçirilib. 2016-cı ilin 30 iyulundan 5 avqustunadək keçirilən VIII Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycan, Avstriya, Bolqarıstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar çıxış ediblər.

Beləcə, ildən-ilə tamaşaçı auditoriyasının genişlənməsi, musiqi keyfiyyəti ilə diqqəti çəkən Qəbələ Beynəlxalq Musiqi festivalları dünyanın bir çox ölkəsindən olan musiqiçilər arasında yaradıcılıq əlaqələrinin yaranmasına və inkişafına təkan verib.

IX Qəbələ Beynəlxalq Musiqi Festivalı da möhtəşəmliyi ilə yadda qalıb. X Qəbələ Beynəlxalq Musiqi Festivalı isə həm də əlamətdar bir ildə - yubiley ilində düzənlənməsi ilə unudulmaz olub. Azərbaycanın zəngin musiqi mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasında, beynəlxalq mədəni əlaqələrin gündən-günə genişləndirilməsində, xalqlar arasında dostluğun möhkəmləndirilməsində bir çox işlər görən Qəbələ Beynəlxalq Musiqi Festivalının yubiley ilində təşkil olunmuş tədbirdə ölkəmizlə yanaşı, Rusiya, İsrail, ABŞ, İtaliya, Avstriya, İsveçrə, İspaniya, Türkiyədən olan görkəmli musiqiçilər, solistlər, dirijorlar iştirak ediblər.

X Qəbələ Beynəlxalq Musiqi Festivalı daha bir əlamətdar hadisə ilə yadda qalıb. Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunduğu ildə keçirilən tədbirdə görkəmli sənətkar yad edilib. Festival çərçivəsində bəstəkarın ölməz əsərləri səsləndirilib.

2019-cu ildə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı da ənənənin uğurlu davamı kimi yaddaşlara yazılıb. Festival tədbirlərində bir neçə ölkədən dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər iştirak ediblər.

Qeyd etdiyimiz kimi, dünyanı təhdid edən koronavirus infeksiyası əksər sahələrə öz mənfi təsirini göstərdi. Ancaq ona qalib gəlməyin yollarını axtaran bəşər övladları dünyanın gözəlliklərini qoruyub yaşatmağın da qayğısına qalır.

Füsunkar təbiəti ilə hər kəsi öz sehrinə salan Qəbələ şəhəri də bu il yenidən musiqisevərləri öz ətrafına toplayıb. Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalı iyulun 31-dən avqustun 4-dək davam edib.

XII Qəbələ Musiqi Festivalı əlamətdar hadisəyə - Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr edilib.

Festivalın ilk konserti iyulun 31-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə təqdim olunub. Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər. Pianoçular Leyla Zeynalova, Atabala Manafzadə, Cəmil Sədizadə, Rəşid Behbudov, Jalə Mayılova, Səbinə Muradova, Gülər Ağayeva və Fəqan Həsənlinin, violin ifaçıları Osman Mustafazadə, Zərrin Əliyeva və Aysel Abdullayevanın, violençel ifaçısı Orxan Hüseynovun, həmçinin viola, fleyta, klarnet və truba ifaçılarının, vokalçılar Nigar Əsgərova və Sübhan Rüstəmovun ifaları maraqla qarşılanıb.

Konsertdə S.Raxmaninov, H.Venyavski, A.Messager, A.Skryabin, A.Piazzolla, F.Şopen, D.Şostakoviç, həmçinin Azərbaycan bəstəkarlarından Tofiq Quliyev, Fikrət Əmirov və Müslüm Maqomayevin əsərləri səsləndirilib.

XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimində əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub. Məktubda 2009-cu ildən etibarən ənənəvi olaraq təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfəsini verən musiqi bayramı kimi ölkəmizin hüdudlarından kənarda da şöhrət qazandığı vurğulanıb. Ötən ilin xalqımız üçün olduqca məsuliyyətli və əlamətdar olduğu məktubda diqqətə çatdırılıb: “Bütün dünyanın mübarizə apardığı koronavirus pandemiyası səbəbi ilə festivalın təşkil olunmadığı 2020-ci il xalqımızın yaddaşına və tarixinə 44 günlük Vətən müharibəsi və Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri ilə əbədi həkk olundu. 30 ilə yaxın işğal altında qalan əzəli Azərbaycan torpaqları azad olundu və ölkəmizin ərazi bütövlüyü bərpa edildi!

Qarabağın tacı olan Şuşa şəhərini ölkəmizin mədəniyyət paytaxtı elan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu ilin may ayında “Xarıbülbül” musiqi festivalı bərpa olundu. Əfsanəvi Cıdır düzündə Azərbaycan musiqisini dinləmək arzusunda olan sənətsevərlərin uzunillik həsrətinə son qoyuldu”.

Mehriban Əliyeva məktubunda nəzərə çatdırıb ki, qloballaşan dünyada müxtəlif sivilizasiyalar və xalqlar arasında mədəniyyətlərarası dialoqun qurulması və inkişafı dövrümüzün ən vacib tələblərindən biridir. O, beynəlxalq aləmdə mövcud olan problemlərin, münaqişələrin həll edilməsində, ayrı-ayrı xalqlar arasında qarşılıqlı hörmətin təşviqində dialoqun ən gözəl vasitə olduğunu qeyd edib. Bildirib ki, əsrlərboyu mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan da tarixən müxtəlif millətlərin mədəniyyət və incəsənətinin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Bu baxımdan, artıq illərdir ki, təşkil olunan Qəbələ Musiqi Festivalının rolunu yüksək qiymətləndirən Mehriban Əliyeva builki festivalın əlamətdar bir vaxta - müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı olan Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin qeyd olunduğu ərəfəyə təsadüf etdiyini bildirib: “Milli musiqi sənətimizi bütün dünyada uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının yetirmələridir. Təsadüfi deyil ki, XII Qəbələ Musiqi Festivalının iştirakçıları da, əsasən, peşəkar musiqiçi kadrların hazırlanmasına və klassik musiqi irsimizin öyrənilməsinə xidmət edən Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti və onun məzunlarıdır”.

Musiqisevərlər tərəfindən böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də zəngin olub. Musiqisevərlər festival günlərində bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alıblar. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunub.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video