29 Sentyabr 2021 22:23
643
PARLAMENT
A- A+

Qazaxıstan Senatının sədri: Azərbaycanla qarşılıqlı əlaqələri genişləndirmək üçün böyük potensial mövcuddur

 

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana rəsmi səfəri çərçivəsində sentyabrın 29-da Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədrini salamlayan Qazaxıstan Parlamenti Senatının sədri Vətən müharibəsində qazanılmış Qələbə münasibətilə Azərbaycana təbriklərini çatdırıb. O, iki ölkə arasında diplomatik əlaqələrin tarixindən söz açaraq müstəqillik dövründə münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Azərbaycanı və Qazaxıstanı birləşdirən ortaq dəyərlərdən danışan Senatın sədri qarşılıqlı əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu deyib, əməkdaşlığın intensivləşdirilməsinin vacibliyindən danışıb. O, Azərbaycanın TÜRKPA çərçivəsində əməkdaşlığa verdiyi töhfələri yüksək qiymətləndirib, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Səmimi görüş üçün təşəkkürünü bildirən Sahibə Qafarova Qazaxıstana səfərindən və TÜRKPA-nın 10-cu plenar iclası çərçivəsində aparılan müzakirələrdən, keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib.

İkitərəfli əməkdaşlıq əlaqələrinin genişlənməsində dövlət başçılarının xüsusi rolunu vurğulayan Sahibə Qafarova bildirib ki, ötən illər ərzində ölkələrimiz arasında münasibətlərin güclü hüquqi bazası formalaşdırılıb. Sədr parlamentlərimiz arasında əlaqələrin genişlənməsi istiqamətində hər iki tərəfdən dostluq qruplarının səmərəli fəaliyyət göstərdiyini qeyd edib.

Ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Sahibə Qafarova Qazaxıstanın TÜRKPA-ya sədrliyi dövründə bu əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə edib. O, iqtisadi münasibətlərin önəmini qeyd edərək, hər iki ölkədə qarşılıqlı olaraq Azərbaycan və Qazaxıstan şirkətlərinin təqdirəlayiq fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edən Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu, ölkələrimizin və xalqlarımızın mənafeyinə xidmət edir.

Söhbət zamanı ölkələrimizin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasındakı fəaliyyəti yüksək qiymətləndirilib.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə barədə məlumat verən Milli Məclisin sədri deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz torpaqlarımızı Ermənistanın 30 illik işğalından azad edib. Bununla da ölkəmiz öz ərazi bütövlüyünü bərpa edib. Sahibə Qafarova diqqətə çatdırıb ki, artıq münaqişə tarixə qovuşub, Qarabağın statusu məsələsi birdəfəlik aradan qalxıb və Azərbaycan azad olunmuş ərazilərinin bərpa və yenidənqurma işlərinə start verib. Ermənistan işğal dövründə şəhər və kəndlərimizi vəhşicəsinə dağıdıb və talan edib. Buna görə də bu ərazilər Xirosimaya bənzədilir. Bu günlərdə ölkəmizdə səfərdə olan Qazaxıstan parlament nümayəndə heyətinin üzvləri həmin ərazilərə gedərək reallıqla tanış oldular.

Sonra Milli Məclisin sədri həmkarının diqqətinə çatdırıb ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi Xocalı soyqırımının 30 illiyi ərəfəsindəyik. Bir çox dünya ölkələrinin parlamentləri bu soyqırımını tanıyıblar. Qazaxıstan parlamentinin də Xocalı soyqırımına münasibət bildirməsi yaxşı olardı.

Görüşdə digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri Nur-Sultandakı “Astana-Bayterek” abidəsini ziyarət ediblər. Burada nümayəndə heyətimizin üzvlərinə abidə haqqında geniş məlumat verilib.

Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan nümayəndə heyətini müşayiət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video