10 Dekabr 2020 00:32
2376
SİYASƏT
A- A+

Qardaş qardaşın yanındadır


Azərbaycan və Türkiyə birlikdə güclüdürlər


Müasir dünyada Azərbaycan və Türkiyə kimi iki elə ölkə yoxdur ki, bir-biri ilə bu qədər yaxın olsun. Məlum olduğu kimi, xalqları qardaşlaşdıran dil və dini-mənəvi dəyərlərdir. Amma elə qardaş ölkələr var ki, onlar arasında qarşılıqlı münasibətlər bu və ya digər səbəbdən düşmənçilik həddinə gedib çıxır. Hazırda bir sıra silahlı münaqişələrdə bir-birinə qarşı duran tərəflərin ya dil, ya din qohumluğu onların düşmən mövqelərdə dayanmasının qarşısını almır. Qardaş xalqlar fərqli maraqları ucbatından bir-birinin qanını axıdır, alovlanmış münaqişəyə son qoymaq naminə, azacıq da olsa, güzəştə getmir.

Azərbaycan-Türkiyə qardaşlığı isə eyni qandan olan xalqlara nümunə göstərilə bilər. Hətta iki ölkənin xalqlarının əsrlərboyu coğrafi baxımdan bir-birindən aralı düşməsinə, elementar qarşılıqlı münasibətlərdən məhrum olmasına baxmayaraq, onlar qardaş olduqlarını heç vaxt unutmamış, kiçicik fürsət düşən kimi qol-boyun olmuşlar. 2018-ci ildə Azərbaycan milli müstəqilliyini elan edəndə osmanlı dövləti İkinci Dünya müharibəsində iştirak etməsinə baxmayaraq, "olum, ya ölüm” dilemması qarşısında qalmış qardaşına kömək əli uzatmış, müsəlman Şərqində ilk demokratik respublikanı boğmağa calışan erməni-bolşevik qüvvələrinin bəd niyyətini gözündə qoymuşdur. O vaxt Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycanı tək qoymayıb, Xalq Cümhuriyyətini xilas etmək vəzifəsini üzərinə götürdü və Azərbaycan-Türkiyə qardaşlığı tarixinə şərəfli səhifə yazdı. Çox keçməmiş osmanlı dövləti İkinci Dünya müharibəsində məğlub oldu və ardınca imperialist dövlətlər Anadolu türklərini diz çökdürmək, onların torpağını parçalamaq niyyətinə düşdü. Lakin imperialistlərin cızdığı planlar Anadoludakı türk xalqının polad iradəsi ilə alt-üst oldu. Qazi Mustafa Kamal Atatürkün rəhbərlik etdiyi milli azadlıq hərəkatı (1919-1922) vüsət aldı, nəticədə türk torpağını bölməyi hədəfləyən mənfur düşmənlər geri çəkilmək məcburiyyətində qaldılar. O vaxt Azərbaycan çətin vəziyyətə düşmüş qardaşını tək qoymadı, milli azadlıq hərəkatını zəfərlə başa çatdırmaq naminə Türkiyəyə əlindən gələn köməyi etdi.

Azərbaycan 1991-ci ildə milli müstəqilliyini bərpa etdikdən sonra iki qardaş ölkə arasında münasibətlər keyfiyyətcə yeni xarakter aldı. Artıq Azərbaycan-Türkiyə əlaqələri iki müstəqil dövlət arasında davamlı olaraq möhkəmlənən hərtərəfli əməkdaşlıq kimi özünü göstərməyə başladı. Atatürkün vaxtilə səsləndirdiyi "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamı adi şüar olmayıb, real məzmun kəsb etdi. Öz növbəsində Ulu Öndər Heydər Əliyev Azərbaycanla Türkiyəni "Bir millət, iki dövlət” kimi səciyyələndirərək ikitərəfli münasibətlərin gələcək istiqamətini müəyyənləşdirdi.

Ötən dövrdə iki qardaş ölkə arasında əməkdaşlıq böyük məsafə qət etmişdir. Bakı və Ankara istisnasız olaraq bütün sahələrdə qarşılıqlı əlaqələri dərinləşdirmək üçün maksimum səy göstərmişdir. Eyni zamanda Bakı və Ankara istər regional, istərsə də beynəlxalq problemlərə münasibətdə eyni mövqe nümayiş etdirmişdir. Türkiyə Azərbaycan ərazisində beynəlxalq inkişaf layihələrinin, xüsusilə neft-qaz müqavilələrinin reallaşdırılmasına qoşulmuşdur. 2006-cı ildə işə düşmüş Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri Gürcüstan və Türkiyənin ərazisindən keçərək Azərbaycan "qara qızıl”nı dünya bazarına çıxarmışdır. Bir ildən sonra Bakı-Tbilisi- Ərzurum qaz kəməri istifadəyə verilmişdir. 2017-ci ildə daha bir regional inkişaf layihəsi - Bakı-Tbilisi-Qars dəmir yolu işə düşmüşdür.

İki il əvvəl Trans-Anadolu qaz boru kəmərinin (TANAP) inşası başa çatmışdır. TANAP "Cənub qaz dəhlizi”nin mərkəzi komponentidir. Bu layihənin məqsədi "Şahdəniz” qaz-kondensat yatağını tammiqyaslı işlətmək, bu zaman hasil ediləcək təbii qazı genişləndirilən "Cənubi Qafqaz qaz boru kəməri” (Bakı-Tbilisi-Ərzurum kəməri), TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixrac etməkdir. Eyni zamanda yeni nəhəng layihənin köməyi ilə Avropaya qaz nəqlinin təhlükəsizliyi və artırılması təmin ediləcək. "Cənub qaz dəhlizi”nin inşası artıq başa çatmışdır. Dəhliz vasitəsilə Avropaya qazın nəqlinə yaxın vaxtlarda start veriləcək. Bu layihənin həyata keçirilməsində Türkiyə şirkətləri mühüm rol oynamışdır.

Azərbaycan və Türkiyə qarşılıqlı münasibətlərin həmişə ən yüksək səviyyədə olması səbəbindən təbii müttəfiqlərdir. 2010-cu ilin avqustunda imzalanmış Türkiyə-Azərbaycan strateji əməkdaşlıq sazişi iki ölkə arasında davamlı olaraq inkişaf edən əlaqələrin zirvəyə çatması mənasına gəlir.

Azərbaycanın hələ milli müstəqilliyini bərpa etməzdən əvvəl qarşılaşdığı erməni təcavüzü Türkiyənin diqqətindən kənarda qala bilməzdi. Ankara münaqişə başlayandan bəri ölkəmizin haqq işini birmənalı şəkildə müdafiə etmək xətti götürmüşdür. Doğrudur, 1990-cı illərdə Türkiyə indiki kimi güclü dövlət deyildi və ona görə də qardaşı Azərbaycana yetərli dəstək verə bilmirdi. Bununla belə, Türkiyə rəhbərliyi məqamı gələndə təcavüzkar Ermənistana həddini göstərirdi. Rəsmi İrəvan Ankaradan ilk güclü zərbəni 1992-ci ilin aprelində Kəlbəcər rayonu qəsb ediləndə almışdır. O vaxt Türkiyə Ermənistanla sərhədini bağladı və bəyan etdi ki, sərhəd yalnız Azərbaycan torpaqlarının işğalına son qoyulduqdan, eləcə də İrəvan "erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanıtmaq cəhdlərindən əl çəkəndən sonra açıla bilər. Ermənistan Türkiyə tərəfindən qanunsuz olaraq mühasirəyə alınması barədə cəfəng iddialar irəli sürməyə başladı və bu yolla havadarlarının təzyiqi ilə Ankaranı tutduğu mövqedən geri çəkilməyə cəhd göstərdi. Amma əbəs yerə. Türkiyə-Ermənistan sərhədi hələ də bağlıdır.

2002-ci ildə Türkiyədə Rəcəb Tayyib Ərdoğanın liderlik etdiyi Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndən sonra Bakı-Ankara münasibətləri tarixində keyfiyyətcə yeni səhifə açıldı. İki qardaş ölkə bütün sahələrdə olduğu kimi, hərbi-texniki sahədə də sıx işbirliyi qurdu. Məsələ burasında idi ki, düşmən hərbi qarşıdurmada özünü qalib kimi aparır və güclü havadarlarının köməyi ilə əldə etdiyi mövqeləri axıradək qoruyub saxlayacağına ümid edirdi. Ona görə də İrəvan Ermənistan-Azərbaycan münaqişəsinin dinc vasitələrlə tənzimlənməsinə barmaqarası baxır, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə keçirilən danışıqları sonsuzluğadək uzatmağa çalışırdı, hərçənd Prezident İlham Əliyev qarşı tərəfə və onun havadarlarına təkrar-təkrar xəbərdarlıq edirdi ki, problemin hərbi vasitələrlə həlli istisna olunmur. Beynəlxalq vasitəçilər isə hadisələrin gedişini seyr etməklə kifayətlənir, təcavüzkarla təcavüz qurbanına eyni cür baxır, hətta Azərbaycanı mövcud reallığı qəbul edib ərazisinin 20 faizinin işğalı ilə barışmağa və Ermənistanla əlaqələri normallaşdırmağa çağırırdı.

Təbii ki, hərbi təcavüzə məruz qalmış, ərazisi işğal olunmuş, yüz minlərlə vətəndaşı yurd-yuvasından didərgin düşmüş Azərbaycan belə bir vəziyyətlə barışa bilməzdi. İşğalçı tərəfi sülhə məcbur etmək üçün hərbi gücə əl atmaqdan başqa yol qalmamışdı. Odur ki, müasir dövrün tələblərinə cavab verən ordu qurulması prioritet vəzifə kimi qarşıya qoyuldu. Dövlətin hərbi büdcəsi nəzərəçarpacaq dərəcədə artırıldı, müxtəlif xarici ölkələrdən silah-sursat, hərbi texnika alındı. Hərbi kadrların hazırlanmasında və Silahlı Qüvvələrimizin müasir texnologiyalarla təchiz olunmasında türkiyəli mütəxəssislər mühüm rol oynadılar. İki ölkənin silahlı qüvvələrinin iştirakı ilə birgə hərbi təlimlər müntəzəm xarakter aldı.

Ordu quruculuğu istiqamətində görülən işlər getdikcə özünü göstərməyə başladı. Düşmən 2016-cı ilin aprelində və bu ilin iyulunda ordumuzun gücünü öz üzərində hiss etdi, amma yenə də anlamadı ki, Azərbaycan 27 il əvvəlki Azərbaycan deyil və məqam gələndə ordu işə qarışacaq. Nəhayət, sentyabrın 27-də düşmənin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri işğal altında qalan torpaqları düşməndən təmizləmək üçün əks-hücuma keçdi və beləliklə, İkinci Qarabağ müharibəsi - Vətən müharibəsi başladı. 44 gün davam etmiş müharibə rəşadətli ordumuzun möhtəşəm qələbəsi ilə başa çatdı, Ermənistan isə Azərbaycanın şərtlərini qəbul edərək biabırçı məğlubiyyətə uğradı. Azərbaycanın zəfəri heç kimi təəccübləndirmədi: dünya Azərbaycan Silahlı Qüvvələrinin timsalında XXI əsrin ordusunu gördü.

Vətən müharibəsinin gedişində Türkiyə həmişə qardaşı Azərbaycanın yanında oldu, çünki Qarabağ problemini öz problemi hesab edirdi. Təcavüzkar Ermənistanın havadarlarının təzyiqləri ilə qarşılaşan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qətiyyətlə bildirirdi ki, onun ölkəsi ədalətin, haqq işinin tərəfindədir və ona görə də Azərbaycanı dəstəkləməkdə davam edəcək. O, xəbərdarlıq edirdi ki, Ankara Ermənistan-Azərbaycan müharibəsinə üçüncü tərəfin qarışmasına dözməyib hadisələrin gedişinə dərhal müdaxilə edəcək. Özü də Türkiyə mövqeyində kifayət qədər ciddi idi. Məlum olduğu kimi, Vətən müharibəsindən qabaq Azərbaycanda keçirilmiş hərbi təlimlərə qatılmış Türkiyənin hərbi aviasiyası ölkəmizi tərk etməmişdi; qardaş ölkənin hərbi komandanlığı Qarabağ cəbhəsində hadisələrin gedişini izləyirdi.

Hazırda Ermənistan-Azərbaycan cəbhəsində atəşin dayandırılmasına baxmayaraq, problemin birdəfəlik həll olunduğunu söyləmək hələ tezdir. İndi atəşkəs rejiminin davamlılığını təmin etmək lazımdır. Bu işi türkiyəli hərbçilər rusiyalı sülhməramlılarla birgə görəcəklər. İki tərəf imzalanmış sazişə uyğun olaraq tezliklə atəşkəsin monitorinqi mərkəzi yaradacaq. Yəni Türkiyə yenə də qardaşının yanındadır.

Şübhə etməmək olar ki, Azərbaycan və Türkiyə bundan sonra da birlikdə olacaq, sevinclərini də, dərdlərini də bölüşəcəklər.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video