07:06 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


00:21 20.06.2021

Qızılı şəfa


00:19 20.06.2021

Bu çörək bir möcüzədir


00:18 20.06.2021

Həyat eleksiri


00:17 20.06.2021

Gəncliyə uzanan yol


00:16 20.06.2021

BİLDİRİŞ


00:15 20.06.2021 BİLDİRİŞ
Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qarabağın MEHMANDARLARI

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:45 18.05.2021

 

Şuşadan kök ataraq adını Azərbaycan tarixinə şərəflə həkk etdirən məşhur şəcərənin izi ilə...

 

...Bir dəstə atlı, Topxananın başına dolanaraq Cıdır düzünə doğru sürünən bəm-bəyaz duman selini yararaq irəli çapır, sıldırım qayalar üzərində bina edilmiş büllur qəsrin tamaşasına tələsir, Qarabağ atlarının daşlara dəyərək dırnaqlarından çıxan qığılcımlar isə ulduz kimi ətrafa saçılır.

Şuşa İbrahimxəlil xanın növbəti əziz-girami qonaqlarını mehman etməyə hazırlaşırdı...

Bu saray qanunu idi: Qarabağın şanlı xanının fəxri qonaqları onun ehtişamına yaraşan şəkildə qəbul edilməli, hörmət və qulluq göstərilməli, izzətlə də yola salınmalı idilər...

- Xan sağ olsun, buyurduğunuz kimi, qonaqların pişvazına çıxdım, onları Pənahabadın gəzməli-görməli yerləri ilə tanış etdim, Şuşanın ləziz təamlarına qonaq etdim, indi isə istirahətə çəkiliblər...

İbrahimxəlil xan razılıqla əlini mehmandarının çiyninə vuraraq ucadan söylədi: “Əhsən, Mirzə Əli bəy...”

Bəli, bu, o Mirzə Əli bəy idi ki, Qarabağ xanı İbrahimxəlil və oğlu Mehdiqulu xanın dövründə mehmandarlıq etmiş, hər zaman vəzifəsini yüksək səviyyədə və layiqincə icra etmişdi ki, elə bu məziyyətlərindən də irəli gələrək İbrahimxəlil xan ona “bəy” titulu vermiş, savadlı olduğuna görə isə hər kəs tərəfindən “mirzə” deyə çağrılmışdı...

Sonradan isə şəcərəsi onun şərəfinə Mehmandarov soyadını götürmüş və bu fəxarətli soyadı daşıyan xeyli vətənpərvər və ziyalı azərbaycanlı yetişərək xalqımızın həyatında müstəsna rol oynamış, öz adlarını qızıl hərflərlə Azərbaycan tarixinə həkk etmişdilər...

Şuşa Azərbaycanın milli qürur, milli kimlik ünvanıdır. Mayın 12-də keçirilən “Xarıbülbül” musiqi festivalında da Cıdır düzündən Prezident İlham Əliyevin bütün dünyaya bəyan etdiyi kimi, bir qərinəlik zaman ərzində ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər.

Şuşanın milli ruhu təkcə onun qədim yerləri, tarixi abidələri ilə məhdudlaşmır, bu ruhu həm də Şuşanın adlı-sanlı şəcərələri, nüfuzlu nəsilləri daşıyır. Hətta elə nəsillər var ki, onların yalnız soyadları bir tarix, iftixar mənbəyidir. Elə Mehmandarovlar Şuşa ilə birgə andığımız, Şuşa ilə qoşa xatırladığımız bu cür qürurlu nəsillərdən biridir...

 

İki xanın mehmandarı

 

Qarabağ xanlığının idarəetmə aparatında bir çox hərbi və mülkü vəzifələr vardı. Bu vəzifələrdən biri də mehmandar (“qonaqpərvər”, “qonaqsevər”) idi. Mehmandarın vəzifə borcu xarici dövlətlərin nümayəndələrini və digər rəsmi qonaqları ölkənin sərhədində qarşılayıb, müşayiət edərək hörmət və ehtiramla xanlığın paytaxtına gətirib yerləşdirmək, yedirib-içirmək, onların istirahətlərini yüksək səviyyədə təşkil etmək və başqa xidmətlər göstərmək, eyni zamanda gələn qonaqların məktublarını saraya, xanın məktublarını isə onlara çatdırmaq idi. İş başında olarkən mehmandarı 100 atlıdan ibarət silahlı dəstə müşayiət edirdi.

Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin və oğlu Mehdiqulu xanın hakimiyyətləri dövründə isə bu məsuliyyətli vəzifəni Mirzə Əli bəy həyata keçirirdi.

Elə buna görə də 1830-cu illərdə Azərbaycanda yeni soyadı sistemi formalaşarkən Mirzə Əli bəyin törəmələri babalarının keçmiş vəzifəsini və el-obanın onlara verdiyi bu şərəfli adı özlərinə götürüblər və bütün rəsmi dövlət sənədlərində Mehmandarovlar kimi qeydə alınıblar.

Mirzə Əli bəy yaşı ilə əlaqədar mehmandarlıq vəzifəsindən istefaya çıxarkən Mehdiqulu xan Cavanşir bir çox mükafatlarla yanaşı, ona Şuşanın “Təzə Məhəllə”sində əlavə torpaq sahəsi də bağışlamışdı. Mirzə Əli bəy də burada dövrünün məşhur memarı Kərbəlayi Səfixan Qarabağiyə memarlıq üslubu, ehtişamı ilə digər heç bir binaya bənzəməyən cah-cəlallı saray ucaltdırmışdı. Mehmandarovlar ailəsinə məxsus yaşayış kompleksinə Böyük yaşayış binası, Kiçik yaşayış binası və ailə məscidi daxil idi. Mirzə Əli bəy evinin daxili bəzək işlərini isə zəmanəsinin məşhur dekorativ boyakarlıq və ornament ustası Usta Qəmbər Qarabağiyə əmanət etmişdi. Usta Qəmbərin “Mehmandarovların imarəti”ndə sərgilədiyi möhtəşəm əl işinin şöhrəti isə Azərbaycanın hüdudlarından da kənara aşmışdı... Usta Qəmbər imarətin otaqlarının divarlarını quşların, al-əlvan gül-çiçəklərin, dahi Firdovsinin “Şahnamə”sinin qəhrəmanlarının şəkilləri ilə elə məharətlə bəzəmişdi ki, bir baxan deyirdi, bir də tamaşa edim...

Mehmandarovların bu məşhur imarəti sovet hakimiyyəti illərində rayon xəstəxanası və bir çox digər dövlət idarəsi kimi fəaliyyət göstərmiş, 1986-cı ildən isə qapılarını xalça muzeyi kimi qonaqlarının üzünə açmışdı. Yaşayış kompleksinə daxil olan məhəllə məscidi isə 1984-cü ildən etibarən “Dərman bitkiləri muzeyi” kimi fəaliyyətə başlamışdı...

Təəssüf ki, mənfur ermənilərin 30 il müddətində Qarabağda maddi-mədəni irsimizə qarşı törətdikləri vandallıqlarından Şuşanın bu memarlıq incisi də kənarda qalmayıb...

 

Şair təbiətli hüquqşünas

 

Mirzə Əli bəyin 3 oğul övladı vardı: Mirzə Həsən bəy, Mirzə Sadıq bəy və Mirzə Mustafa bəy.

Mirzə Həsən bəy Mehmandarov (1813-1897) mədrəsə təhsili görmüş, dövrünün tanınmış elm və din xadimlərindən dərs almışdı. Savadlı olduğuna görə ona “mirzə” deyə müraciət edirdilər. Dövlət idarələrində çalışdığı üçün quberniya katibi mülki rütbəsi də vardı. Həsən bəy həm də zəmanəsinin tanınmış şairlərindən hesab olunurdu və şeirlərini “Salik” təxəllüsü ilə yazırdı.

Şairin 1837-ci il təvəllüdlü oğlu Qasım bəy də atası və əmiləri kimi savadlı olduğu üçün el-obası ona “mirzə” deyə müraciət edirdi. İlk təhsilini atasından alan Qasım bəy Mehmandarov sonra qəza məktəbini bitirmiş və 1848-ci ildən Şuşa qəza idarəsində xidmətə başlamış, 1849-cu ildə II dərəcəli dəftərxana xidmətçisi mülki çini almışdı. 1852-ci ildə həmin qəzada katib işləmişdi. Daha sonra isə kollej qeydiyyatçısı çini ilə şöbə müdiri vəzifəsinədək yüksəlmişdi.

Mirzə Qasım bəy Mehmandarov 1858-ci ildə Kuban vilayəti Temryuk qəzası III sahəsinə məhkəmə müstəntiqi vəzifəsinə göndərilmiş, burada bir müddət işlədikdən sonra, doğma Şuşaya qayıtmışdı. 1873-cü ildən Yelizavetapol (Gəncə) Dairə məhkəməsində kiçik notarius məmuru kimi işə başlamış, sonra bu notariat kontorunun müdiri olmuşdu. Qasım bəy Mehmandarov şəcərəsinin nəcib və xeyirxah ənənələrinin davamçısı kimi də tarixdə iz buraxmışdı. O, əmisi Mustafa bəylə birlikdə Şuşa şəhərinin “Təzə məhəlləsi”nə su çəkdirmiş və bulaq inşa etdirmişdi.

Mirzə Həsən bəyin ikinci oğlu Abbas bəy Şuşa qəza idarəsində XII dərəcəli şöbə müdiri vəzifəsində işləmiş, Əli bəy adlı oğlu isə Bakı Realnı Progimnaziyasında oxumuşdu.

Həsən bəy Mehmandarovun Mina xanım (yazıçı dramaturq Nəcəf bəy Vəzirovun anası), Ağca xanım (Camal bəy və Cəmil bəy Vəzirovların anası), Nabat xanım (Abbas bəy Haqverdiyevin arvadı), Məhtəban xanım və Fatma xanım adlı qızları vardı.

 

Mehmandarovların Lənkəran qolu

 

Mirzə Əli bəyin ikinci oğlu Mirzə Sadıq bəy Mehmandarov (1815-1885) Muğanda, Şamaxıda sahə iclasçısı işləmiş, sonra xidmətini Lənkəran şəhərində davam etdirmişdi. Və elə bu sayədə də Mehmandarovların bir qolu Lənkəran şəhərindən boy atıb budaqlanmışdı...

Belə ki, Mirzə Sadıq bəy Şuşada rus-tatar məktəbini bitirdikdən sonra Peterburq Universitetinin Hüquq fakültəsinə daxil olmuş və burada Hacı Mir Abbas bəy Talışinski ilə tanış olmuşdu. Tələbəlikdən başlanan bu tanışlıq dostluğa, sonradan isə doğma qohumluğa çevrilmişdi. Mirzə Sadıq bəy, Mir Abbas bəyin dəvəti ilə onun Lənkərandakı mülkünə baş hüquqçu vəzifəsinə işə qəbul olunmuş, sonradan tale elə gətirmişdi ki, Sadıq bəy ailə xoşbəxtliyini də elə bu nəsildə tapmış və Mir Abbas bəyin yaxın qohumu, general-mayor Mir Mustafa bəy Talışinskinin nəvəsi ilə evlənmişdi.

Mirzə Sadıq bəy Lənkəranda həmişə elmi, maarifi, mədəniyyəti təbliğ etmiş, yeni üsullu tədris müəssisələrinin açılmasına köməyini əsirgəməmişdir. O, hökumət qulluğunda da qüsursuz çalışmış, vəzifəsini vicdanla yerinə yetirmiş və buna görə də xidmətləri daim yüksək qiymətləndirilmişdir.

Mirzə Sadıq bəyin Tağı bəy, Ələsgər bəy, Nağı bəy, Məmmədcavad bəy, Vəliməmməd bəy, Baba bəy, Səməd bəy, İbrahim bəy, İsa bəy, Yusif bəy adlı oğlanları, Balaxanım xanım, Məryəm xanım, Rüxsarə xanım, Mehparə xanım, Qönçə xanım və Ağabacı xanım adlı qızları vardı.

Mirzə Sadıq bəy övladlarına yüksək təlim-tərbiyə vermiş, onları müxtəlif təmayüllü məktəblərdə oxutmuşdu. Böyük oğlu Ələsgər bəy hərbi məktəbdə oxumuş və yunker rütbəsi almışdı.

 

Cəhalət düşməni

 

Mirzə Sadıq bəyin digər oğlu Nağı bəy isə Avropa təhsili görmüş, gənc yaşında Lənkəran şəhərinin qradonaçalniki-şəhər rəisi vəzifəsinə təyin edilmişdi.

Nağı bəyin Rəşid bəy adlı oğlu (o, 1942-ci ildə həbs olunmuş, 10 il iş almışdı. Cəzasını çəkəndən sonra Bakının Lenin rayon elektrik şəbəkəsinin Abşeron sahəsində rəis müavini vəzifəsində işləmişdir), Sona xanım və Sürəyya xanım adlı iki qızı vardı.

Kiçik qızı Sona xanım ixtisasca diş həkimi idi. Məlum repressiya illərində həbs olunmuş və Qazaxıstanın Cambul şəhərinə sürgün edilmişdi. Cəzasını çəkdikdən sonra Bakıya qayıdaraq ömrünün axırına qədər burada yaşamışdır.

Elə Nağı bəyin böyük qızı, qənirsiz gözəl Sona xanımın da taleyi bənizi kimi gözəl olmamışdı...

Müasir düşüncəli Nağı bəy qızı Sona xanıma da yüksək təhsil vermək üçün evə xüsusi müəllimlər çağırmış, elə bunun sayəsində də o, fransız və rus dillərini mükəmməl öyrənmişdi. Bundan sonra isə atası onu gimnaziyada oxumağa göndərmiş və qızının Avropada təhsil almaq arzusunu müsbət qarşılamışdı.

Amma Sonanın gözəlliyi getdikcə dillərə dastan olmuş və qapılarını döyən elçilərin sayı-hesabı bilinməmişdi. Lakin niyyəti təhsil almaq olan Sona xanımın bütün elçilərə cavabı “yox” olmuşdu...

Bir gün Lənkəranın varlı ailələrindən olan Zeynalovların oğlu Əhməd bəy Sonaya elçi düşür. “Yox” cavabı alan Əhməd bəy bunu “qüruruna” sığışdırmır və gecə xəlvətcə Nağı bəyi evində güllələtdirir...

Cəhalət düşməni Nağı bəy Mehmandarov nadanlığın qurbanı olur...

 

Dünya gözəli

 

Atasının faciəli ölümündən dərin sarsılan Sona xanım özünə qapılır, dərddən ürəyi yara bağlayır. Qızının halını belə görən anası Bikə xanım isə Sonanı Lənkərandan uzaqlaşdırmaq üçün onu Bakıya qohumlarının yanına göndərir.

Beləcə bir müddət keçir və 1912-ci ilin əvvəllərində Bakıda ictimai tədbirlərin keçirildiyi “Obşestvennoye sobraniye” (indiki Filarmoniyanın binası) adlanan binada gözəllik müsabiqəsi təşkil edilərkən Sona xanım da qohumlarının təkidi ilə qalib gələcəyinə inanmasa belə, bu müsabiqəyə qoşulur. Lakin münsiflər heyəti ilk baxışdanca “təbii gözəlliyini qoruyub saxlamış, zərif və nəcib görkəmli əyalət qızını” qalib elan edir və o, Tiflisdə keçirilən gözəllik müsabiqəsində iştirak etmək üçün dəvət alır. Tiflisdə “Qafqaz incisi” adını qazanaraq Sankt-Peterburqda keçiriləcək “Miss Rusiya” müsabiqəsinə vəsiqə qazanan Sona xanım füsunkarlığı, zərafəti ilə bu yarışmada da birincilik və qiymətli tac əldə edir. Növbəti şanlı uğur isə onu xəyallar şəhəri Parisdə gözləyirdi. 1912-ci ilin sonlarında Parisdə keçirilən “Dünya gözəli” final müsabiqəsinə yollanan “Qafqaz incisi” - Sona Nağı qızı Mehmandarova “Dünya gözəli” titulunu - “Qran-Pri”ni qazanır...

Amma Azərbaycanın su sonası xoşbəxtliyi dünya gözəlliyində, şan-şöhrətdə deyil, ailə həyatında görürdü. Elə ona görə də “dünya gözəli” müsabiqəsindən bir il sonra əslən dağıstanlı bir gənclə ailə qurur, lakin nə qəribədir ki, dünyanın bütün gözəlliklərini Sona xanıma bəxş edən tale ona analıq hissini yaşatmağa qıymır, qismətinə övlad yazmır...

1917-ci ildə Sona xanımın ailəsi müflisləşir. Azərbaycan gözəlinin sonrakı taleyi isə daim şəcərəsinin məruz qaldığı repressiya qorxusu altında keçir, hətta o dəhşətli illərdə izini itirmək üçün bütün sənədlərini və şəkillərini yandırdığını, məhv etdiyini də deyirlər. Nəhayət, 1966-cı ildə qohumlarının təkidi ilə Bakıya qayıdan Sona xanım bir neçə ildən sonra burada dünyasını dəyişir...

 

İlk ali təhsilli azərbaycanlı mühəndislərdən biri

 

Mirzə Sadıq bəyin oğlu Baba bəy Mehmandarov Bakı realnı Progimnaziyasını bitirmiş, bir çox dövlət idarələrində dəftərxana xidmətçisi və vəkil işləmişdi. Digər oğlu Yaqub bəy Mehmandarov müəllimlik etmişdi. İbtidai təhsilini Lənkəranda almış, Bakı Realnı Məktəbinin 4-cü sinfini bitirmişdi. Pedaqoji fəaliyyətinə Lənkəran, Kürdəmir və sair kənd rus-tatar məktəblərində keçirmiş, müdir və müəllim vəzifələrində işləmişdi.

İsa bəy Mehmandarov isə ilk ali təhsilli azərbaycanlı mühəndislərdən biri olmuşdur. Yusif bəy Mehmandarov Bakı Realnı Məktəbini bitirmiş, daha sonra Lənkəranda yaşayaraq qəzanın Seyfəddinli kəndindəki şəxsi təsərrüfatını idarə etməklə məşğul olmuşdu. Yusif bəyin oğlanları Sadıq bəy, Sultan bəy və Feyruz bəy də amansız repressiya burulğanına düşən Mehmandarovlardan olmuş, illərlə həbsxanada yatmışdılar...

Mehmandarovlar nəslinin tanınmış nümayəndələrindən biri də İbrahim bəy Mirzə Sadıq bəy oğlu Mehmandarov olmuşdur. Peterburqda Tibb-Cərrahiyyə Akademiyasında təhsil alan İbrahim bəy 1879-cu ildə buranı bitirib Poltava Quberniyasının qəza şəhəri olan Kobelyakində cərrah kimi fəaliyyətə başlamış, sonra isə Jekaterinoslav quberniyasına dəyişilmişdir.

Yaşının irəliləyən çağlarında İbrahim bəy könül verdiyi rus qızı ilə ailə qurur. O, tibb ictimaiyyətində Vladimir Aleksandroviç Mehmandarov kimi tanınmağa başlayır. Uzun illərdən sonra - 1917-ci ildə Azərbaycana dönən İbrahim bəy bir müddət Bayıl xəstəxanasında, daha sonra isə Bakı Sosial Sığorta Komitəsində səyyar həkim kimi çalışır. Həyatının sonlarına yaxın Lənkərana köçən İbrahim bəy 85 yaşında doğma torpağında bu dünyayla vidalaşır. İbrahim bəy xalq arasında rəhmdil, xeyirxah insan kimi tanınır və onun haqqında deyirlər ki, çox vaxt xəstələrinə dərman pulu da verərmiş...

 

Dahi sərkərdə

 

Sadıq bəyin 6-cı oğlu Səməd bəy isə nəcabətli Mehmandarovlar soyunun heç şübhəsiz ən şanlı-şöhrətli qəhrəmanıdır. Azərbaycanın taleyində çox böyük rol oynamış, ilk müstəqil respublikanın 40 min nəfərlik ordusunu yaratmış dahi sərkərdə Səməd bəy fəxarətli, təkrarolunmaz ömür yaşamış şəxsiyyətlərdəndir.

1855-ci il oktyabr ayının 16-da Lənkəran şəhərində anadan olan Səməd bəy ilk təhsilini Bakı realnı məktəbində almış və ən böyük arzusu hərbçi olmaq imiş. Buna görə də 16 yaşında ikən Peterburqda yerləşən ikinci Konstantinovka artilleriya məktəbinə daxil olmuş və 1875-ci ildə təhsilini uğurla başa vuraraq ilk təyinat yerinə göndərilmişdi.

Hərb sahəsində atdığı ilk qətiyyətli addımlarından özünü nizam-intizamlı və bacarıqlı kadr kimi göstərən Səməd bəyə həmin ilin dekabrında podporuçik rütbəsi verilir. Bir neçə müddətdən sonra isə xidmətdə xüsusi fərqləndiyinə görə, üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif edilir.

Ardıcıl olaraq, Səməd bəyə 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor, rus-yapon müharibəsində böyük rəşadət göstərdiyinə görə 1908-ci ildə tam artileriya generalı rütbəsi verilir. 1904-cu ildə rus-yapon muharibəsi başlananda Səməd bəy Mehmandarovun qırx səkkiz yaşı vardı və o Port-Artur döyüşlərində dəyanətinə, komandirlik bacarığına gorə Şərq cəbhəsinin rəisi təyin edilmişdi.

I Dünya müharibəsi zamanı diviziya komandiri Mehmandarovun fitri istedadı ona Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə qazandırmağa müvəffəq etmişdi.

1915-ci ildə böyük hərbçi korpus komandiri təyin edilmişdi. 1917-ci ilin əvvəlində Səməd bəy Mehmandarov Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif olunmuşdu.

1917-ci ilin aprel ayında Mehmandarov vəzifəsini həmişəlik tərk edib istefaya çıxmış, bir müddət Vladiqafqaz şəhərində yaşamış, sonra Azərbaycana gəlmişdir.

1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cumhuriyyəti Hökuməti Hərbi Nazirliyi bərpa etmək barədə qərar qəbul edərkən Mehmandarov cümhuriyyət ordusunda xidmətə çağırılaraq, hərbi nazirin müavini təyin edilmişdi. Səməd bəyin peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, başlıcası isə Azərbaycanın müstəqilliyinə sədaqəti yeni şəraitdə də öz təsdiqini tapmış və 1918-ci il dekabrın 25-də o, hərbi nazir təyin edilmişdi. O, qısa fəaliyyəti dövründə 30 minlik ordu yaratmağa nail olmuşdu.

Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti ordusu quruculuğunun memarı olmuşdu. O, hər şeydən əvvəl, bu prosesin mahiyyətini, onun dövlət quruculuğundakı yerini dəqiqliklə müəyyənləşdirmiş və bütün imkanları da bu məsələlərin həllinə istiqamətləndirmişdi. Mehmandarov dəfələrlə bəyan etmişdi ki, cümhuriyyət ordusu, siyasətdən kənarda qalmaqla, yalnız Azərbaycanın müstəqilliyinin keşiyində dayanmalıdır. Bu prinsipə hərbi nazir olduğu bütün müddət ərzində dönmədən riayət edən Mehmandarovun mövqeyi hakimiyyətdə təmsil olunan siyasi qüvvələr tərəfindən də yüksək qiymətləndirilmiş və bunun nəticəsi idi ki, cümhuriyyətin mövcud olduğu dövrdə hökumətdə hərbi nazir portfeli yalnız ona tapşırılmışdı.

Səməd bəy sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində 1921-1928-ci illərdə müəllimlik etmişdir. General 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmiş, 1928-ci ildə səhhətinə görə orduda xidmətdən tərxis olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi. Türk və fars dillərini yüksək səviyyədə bilən Səməd bəy ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur. Böyük sərkərdə Səməd bəy Mehmandarov 12 fevral 1931-ci ildə Bakıda vəfat etmiş və “Çəmbərəkənd” qəbiristanlığında dəfn edilmişdir.

Səməd bəy Mehmandarov Kiyev zadəgan ailəsindən olan Yelizaveta Nikolayevna Teslav ilə ailə həyatı qurmuşdu və bu nikahdan bir övladları - İqor Samedoviç Mehmandarov anadan olmuşdu. Səməd bəy vəfat etdikdən sonra ailəsi siyasi təqiblərlə, təzyiqlərlə üzləşmiş və əvvəlcə Saratova, daha sonra Böyük Vətən müharibəsi başlananda Sibirə sürgünə göndərilmişdi. Səfər zamanı qatara qəfildən alman aviasiyasının hücum etməsi nəticəsində Mehmandarovun həyat yoldaşı həlak olmuşdu. Oğlu İqor Mehmandarov İza Polagina adlı qadınla evlənmiş, lakin onların övladları olmamışdır. 1977-ci ildə İqor Bakıya qayıdaraq burada yaşamış və elə dünyaya da ata vətənində əlvida demişdir...

 

Azərbaycanlı ilk tibb akademiki

 

Qarabağ xanının mehmandarı Mirzə Əli bəyin sonbeşik oğlu isə Mustafa bəy Mehmandarov idi. 1825-ci ildə anadan olan Mustafa bəy Şuşa qəza məktəbini bitirmiş, 1843-cü ildən Şuşa Qəza İdarəsində X dərəcəli katib işləmişdi. Mustafa bəy Şuşa və Zəngəzur qəzalarında seçki üzrə ali müsəlman silkindən Şuşa bəy komissiyasının üzvü idi. Kollej katibi, titulyar müşavir və kollej asessoru mülki rütbəsi vardı. 1853-1856-cı illər rus-türk müharibəsi şərəfinə Vladimir lentində gəzdirməklə tünd bürünc medal almışdı. Mustafa bəy Mehmandarov Ayna xanım Şirin bəy qızı ilə ailə qurmuş və bu nikahdan Kərim bəy, Abdulla bəy və Bilqeys xanım adında övladları olmuşdu.

Mustafa bəyin böyük oğlu Kərim bəy Mehmandarov ilk ali təhsilli azərbaycanlılardan biri, “Difai” təşkilatının rəhbərlərindən olmuşdur. Kərim bəy həm də böyük xeyriyyəçi idi. O, 1905-ci il hadisələrindən sonra Şuşada evində xəstəxana və yetim qalmış uşaqlar üçün məktəb, qiraətxana açmış, onun təşəbbüsü ilə Şuşada ilk dəfə qız məktəbi açılmışdır. Kərim bəy Mehmandarovun dörd oğlu, 5 qızı vardı.

Kərim bəy Peterburqda yaşayarkən Aleksandra Mixaylovna Dolqanova ilə evlənmiş və bu nikahdan onun Mixail adlı (Mixail Kərim bəy oğlu Mehmandarov-Tuşinski) oğlu olmuşdur. İkinci dəfə isə Şuşada Bəhmən mirzə Qacarın qızı Zəringül (Şahbacı) xanımla ailə həyatı qurmuş və bu nikahdan da onların 8 övladı dünyaya gəlmişdi.

Mixail Kərim bəy oğlu 24 yanvar 1882-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuş, mükəmməl təhsil alaraq atası kimi tibbə yönəlmiş və bu sahədə zirvəyə qədər yüksələrək adını ilk azərbaycanlı akademik olaraq tariximizə silinməz hərflərlə həkk etmişdir. O, 1945-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdi. Görkəmli alim ilk dəfə 1929-cu ilin payızında Şuşaya gələrək atası Kərim bəylə görüşmüş və həyatının ən unudulmaz həmin ilindən ömrünün sonuna kimi müntəzəm olaraq Azərbaycana, Şuşaya gəlmiş, doğma qohumları ilə görüşmüş, daim məktublaşmışdır. Mixail Mehmandarov-Tuşinskinin 2 övladı olmuşdur: Mariya və Mixail.

 

Repressiyanın qənim kəsildiyi nakam talelər

 

Kərim bəyin oğlu Rəşid bəy Mehmandarov 1885-ci ildə Şuşa şəhərində anadan olmuş, Şuşa Realnı Məktəbini bitirəndən sonra Tiflis Hərbi Məktəbinə daxil olmuşdu, sonra isə Kiyevdə oxumuşdu. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində zabit olan Rəşid bəy Mehmandarov Azərbaycan sovetləşəndən sonra təcrübəli mütəxəssis kimi xalq maliyyə komissarlığında, sənaye və dövlət banklarında, toxuculuq sənayesi və sair sahələrdə çalışmışdır. Lakin 1937-ci ildə Xalq Daxili İşlər Komissarlığı ermənilərin də saxta şahidliyi ilə Rəşid bəyi həbs etmiş və Bakıya apararaq ona güllələnmə hökmü çıxarmışdılar. Bu nahaq hökm isə 1938-ci il yanvarın 14-də həyata keçirilmişdi.

Ədil bəy Mehmandarov Kərim bəyin üçüncü oğlu idi. Şuşa Realnı məktəbini və Bakıda 3 illik feldşerlik kursunu bitirmişdi. 1918-ci ildə Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun Şuşanı əcnəbilərin əlindən almaq üçün yaratdığı özünümüdafiə dəstələrinin birinin də önündə Ədil bəy olmuş və o dəfələrlə erməni basqınlarının qarşısını almışdı.

Daha sonra Bakıda gizli fəaliyyət göstərən “Müsavat” partiyasının Şuşa şöbəsinin üzvü olan Ədil bəy 1926-cı ilə qədər burada siyasi fəaliyyət göstərmişdi. Amma bu fəaliyyəti onun sonrakı bəlalı taleyinə yol açmışdı. Belə ki, Ədil bəy repressiyanın dəmir məngənəsinə düşmüş, 1927-ci, 1930-cu və 1937-ci illərdə həbs edilmişdi. 1937-ci ildə isə güllələnmə cəzası almış və bu hökm həmin ilin sentyabrın 1-də icra edilmişdi...

Surxay bəy Mehmandarov Kərim bəyin oğul övladlarından sonuncusu idi. Orta təhsil almış, ömür boyu Şuşada yaşamış, atası ilə birlikdə camaatın xeyir-şər işlərində fəal iştirak etmiş, doğma şəhərin gigiyenasına, yaşıllaşdırma işlərinə xüsusi diqqətlə yanaşmışdı. Surxay bəy gənc yaşlarında vəfat etmişdi.

 

Nəsildən-nəslə ötürülən ənənə...

 

Kərim bəyin qızı Zəhra xanım Mehmandarova-Vəzirova Azad bəy Vəzirovla ailə həyatı qurmuşdu. Musa, Süleyman, İsa, Firuz adlı oğlanları, Xeyransa, Qönçə, Gülrux adında qızları vardı. Evdar qadın olmuşdu.

Turan xanım Mehmandarovanın-Rüstəmbəyovanın orta təhsili vardı. Fətulla bəy Rüstəmbəyovla ailə həyatı qurmuşdu. Əsəd, Faiq və Tofiq adlı oğlanları, Züleyxa xanım, Aliyə xanım və Adilə xanım adında qızları vardı. Aliyə alman faşizminə qarşı mübarizədə xüsusu fəallığı ilə tanınmış “Partizan Aliyə”dir.

Kübra xanım Mehmandarova-Tağıbəyova Bala bəy Tağıbəyovla ailə həyatı qurmuşdu. İsgəndər, İsrafil, Əbülfət, İzzət, Fikrət adlı oğlanları, Qəmər xanım adlı qızları vardı.

Nüşabə xanım Mehmandarova-Rüstəmbəyova Bakıda “Müqəddəs Nina” hərbi tibb kursunu bitirmiş, 1913-cü ildə atası onu Kiyevə oxumağa göndərmişdi. 1915-ci ildə Fətulla bəyin kiçik qardaşı Şahbaz bəy Rüstəmbəyovla ailə həyatı qurmuş, bu nikahdan Nadir adlı oğlu, Nailə və Dilarə adlı qızları olmuşdur.

Kərim bəyin kiçik qızı Məhbubə xanım Mehmandarova-Mahmudbəyova respublikanın tanınmış mama-ginekoloqu, tibb elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar həkimi idi. Məhbubə xanım Mehmandarova Azərbaycanın ilk maarifçilərindən olan Həbibbəy Mahmudbəyovun ocağına gəlin gəlmiş, görkəmli ictimai xadim Şamil bəy Mahmudbəyovla ailə həyatı qurmuşdu, Elmira adlı qızları vardı. İxtisasca kardioloq olan Elmira xanım da Tibb İnstitutunu bitirmiş, tibb elmləri namizədi alimlik dərəcəsini almışdır.

Bu, nüfuzlu Mehmandarovlar şəcərəsinin bir qisim görkəmli nümayəndəsinin Azərbaycanda bir çox sahələr üzrə fəth etdikləri zirvə yollarına qısa nəzər idi. Və elə bu qısa səyahət də əsilzadə soyun görkəmli nümayəndələrinin hər birinin böyük dastana sığacaq həyat yaşadığının şahidi olmağa bəs edir. Onu da vurğulayaq ki, Şuşadan, Lənkərandan boy ataraq səs-sorağı dünyaya yayılan bu ziyalı nəslin qət etdiyi tarixi yol barədə qiymətli faktlar tədqiqatçı-jurnalist Vasif Quliyevin “Mehmandarovlar” adlı kitabındandır.

Bu gün də Mehmandarovlar nəslinin nümayəndələri dədə-babalarının nəcib soyunu fəxarətlə davam etdirir, məşğul olduqları sahələrdə nailiyyətlər qazanır, Azərbaycan dövlətinə şərəflə xidmət edirlər. Mehmandarovlar soyunun təmsilçiləri, - hətta bəziləri ana tərəfdən olduqlarından, bu soyadı daşımasalar da, -  öz fəaliyyətlərində ləyaqətli, vicdanlı, vətənpərvər insanlar, kadrlar kimi tanınır, layiqli varislik göstərirlər.

...Mayın 12-də Şuşada, Cıdır düzündə Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır!”, “Şuşa Azərbaycandır!” hayqıranda canları, qanları ilə Şuşaya azadlıq bəxş edən Birinci, İkinci Qarabağ müharibəsinin şəhidlərinin və Şuşanın qurucusu Pənahəli xanın ruhu ilə yanaşı, Şuşanın milli kimliyinin daşıyıcıları olan məşhur şəcərələrinin nümayəndələrinin, Mehmandarovların da ruhu şad oldu...

Çünki o gün onların da ruhu Şuşanın səmasında bəxtəvərcəsinə dolaşırdı...

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM