13 Oktyabr 2021 00:17
967
Mədəniyyət
A- A+

Qarabağın mədəniyyət mərkəzi  əvvəlki şöhrətinə qovuşdu

 

Qədim tarixi, zəngin mədəniyyəti olan, gözəl Azərbaycan şəhəri Şuşanın xoş günləri başlayıb. Otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalında qalmış, nəhayət, ötən il noyabrın 8-də müzəffər Azərbaycan Ordusu tərəfindən azadlığa çıxarılan bu şəhər artıq böyük quruculuq işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilir.

1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənədək Şuşa şəhərində hər il təşkil olunan daha bir tədbir də yenidən düzənləndi. Belə ki, işğaldan azad edildikdən sonra ilk dəfə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Vaqif Poeziya Günləri” keçirildi.

Xatırladaq ki, 1982-ci il yanvarın 14-də Azərbaycanın ozamankı rəhbəri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə xalqımızın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olub. Məhz bu səfər çərçivəsində Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada “Vaqif Poeziya Günləri” keçirilib.

Məqbərənin açıldığı gündən 39 il sonra, bu il yanvarın 14-ü Şuşanın tarixində daha bir əlamətdar gün oldu. Həmin gün Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi.

Görkəmli Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimi isə avqustun 29-da oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak etdilər, görülən işlərlə tanış oldular. Həmin gün Şuşa şəhərində Molla Pənah Vaqifin büstünün də açılışı oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, Molla Pənah Vaqifin 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilib, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqifin məqbərəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. Büst 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq dağıdılıb. Ölkə rəhbərinin göstərişinə əsasən, abidə bu il onun müəllifi, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan büst əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb.

Avqustun 30-da işğaldan sonra Şuşada ilk poeziya bayramı keçirildi. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Vaqif Poeziya Günləri”nin rəsmi açılışında iştirak ediblər. Dövlət başçısı açılış mərasimində çıxışında bu günün ölkəmizin həyatında çox əlamətdar bir hadisə olduğunu bildirdi. Cənab İlham Əliyev Vaqifin məqbərəsinin bütün digər tarixi abidələrimiz kimi işğal edilmiş torpaqlarda erməni vandalizminə məruz qaldığını vurğuladı: “Bildiyiniz kimi, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır”.

Şuşa işğala məruz qalandan sonra bütün tarixi-mədəni abidələrimiz kimi Vaqifin məqbərəsi işğalçı ermənilər tərəfindən uçurulub dağıdıldı. Dövlət başçısı diqqətə çatdırdı ki, Şuşanın işğalı xalqımızın böyük faciəsi idi: “Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı”.

Ancaq Azərbaycan dövləti, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində düşmənə layiq olduğu cavabı verdi. Dövlət başçısı çıxışında böyük qürurla bu tarixi zəfərdən danışdı: “Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır”.

Şuşanın bərpasının yanvarın 14-dən başlandığını qeyd edən Prezident

İlham Əliyev qısa müddət ərzində görülmüş böyük işlərdən danışdı. Dövlət başçısı dedi: “Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt “Vaqif Poeziya Günləri” keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. “Vaqif Poeziya Günləri” keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”.

Avqustun 31-də “Vaqif Poeziya Günləri”nin ikinci günü də maraqlı proqramla davam etdi. Xalq şairlərinin, eləcə də orta nəsil və gənc şairlərin çıxışları, muğam sənətkarlarının ifaları dinlənildi. Tədbir çərçivəsində “Nizamidən Vaqifə” adlı poetik kompozisiya təqdim olundu. Qarabağın mədəniyyət mərkəzi, musiqi beşiyi olan Şuşada builki “Vaqif Poeziya Günləri”nə “Qarabağ, ana yurdum” mahnısı ilə yekun vuruldu.

 

Z.FƏRƏCOVA,
“Azərbaycan”

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video