31 Iyul 2021 00:56
3158
SİYASƏT
A- A+

Qarabağın dirçəlişi  - Azərbaycanın yüksəlişi

 

İlham Əliyevin postmüharibə dövrünə hazırladığı prioritetlər davamlı inkişaf üçün mühüm dövlət konsepsiyasıdır

 

İqtisadi qüdrəti möhkəm olan dövlət bütün sahələrdə uğur qazanmağa qadirdir. Son 18 ildə yaranan potensial Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Ölkəmiz regional iqtisadiyyatın lokomotivi olaraq dünyada enerji təhlükəsizliyi ilə bağlı etibarlı tərəfdaşlardan birinə çevrilib. Bütün bunlar, əlbəttə ki, Azərbaycanın regionda iqtisadi rolunu daha da yüksəldib, ölkəyə böyük uğurlar qazandırıb.

 

Pandemiya ilə mübarizə dövründə də heç bir sosial layihə təxirə salınmayıb

 

Düzdür, qlobal pandemiya dövründə iqtisadiyyatımız zərər görüb. Amma bu böhran ölkəmizin ümumi sosial-iqtisadi inkişaf tempinə, hətta regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına belə təsir göstərə bilməyib. Ölkədə heç bir sosial layihə təxirə salınmayıb.

Təkcə son 6 ayın statistik göstəricilərinə nəzər yetirsək görərik ki, artıq bir çox sahələrdə yüksəliş də var. Ölkə iqtisadiyyatı 2 faiz, qeyri-neft sektoru 5 faiz, qeyri-neft sənayesi 16,6 faiz, kənd təsərrüfatı 5,6 faiz artıb. Valyuta ehtiyatlarımız 1 milyard dollar artaraq 52 milyarda yüksəlib. Hazıda valyuta ehtiyatlarımız xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur. Bu nailiyyətlər, əlbəttə ki, İlham Əliyevin uğurlu siyasəti hesabına əldə edilib.

Bu gün isə qalib dövlət kimi Azərbaycan qarşısında çox böyük imkanlar açılıb. Bunu nəzərə alan dövlət başçısı növbəti illərdə hərtərəfli tərəqqi üçün yeni Milli Prioritetlər müəyyənləşdirib.

 Bütün dövrlərdə baş verə biləcək neqativlərə qarşı əvvəlcədən tədbirlər görən, mühüm qərarlar qəbul edən İlham Əliyev yeni dövrdə də Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi, növbəti onillikdə sosial-iqtisadi inkişafının yüksəlişinin təmini üçün yol xəritəsi hazırlayıb. Sosial-iqtisadi inkişafa dair hazırlanan prioritetlər özündə beş istiqaməti cəmləşdirir - dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi...

Qarşıdakı 10 illik müddəti əhatə edən bu vacib iqtisadi sənəd eyni zamanda postmüharibə dövrünün reallıqlarını özündə əks etdirir.

Həmçinin növbəti onillikdə iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini təmin etmək baxımından tamamilə yeni imkanlar açır. Milli Prioritetlər ölkəmizin bütün sahələrdə sürətli inkişafına təkan verən vəzifələrin müəyyən olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Mütəxəssislər Milli Prioritetləri mühüm dövlət konsepsiyası adlandırırlar. Qeyd edilir ki, sənəddə nəzərdə tutulan tədbirlər həddindən artıq geniş və çoxşaxəlidir. Bu sənəd həmçinin  bir çox dövlət orqanları qarşısında mühüm vəzifələr qoyur. Ona görə də Milli Prioritetlərə əsasən, müxtəlif proqram və layihələr hazırlanmaqdadır.

 

Böyük qayıdış və “yaşıl artım” ölkəsi

 

İkinci Qarabağ müharibəsində şanlı qələbədən sonra yaranan reallıq göz önündədir. Qarşıya qoyulan bir nömrəli prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq, bir sözlə, Qarabağı yenidən cənnətməkana çevirməkdir.

Prezident beş prioritetin iki bəndini (işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və təmiz ətraf mühit, “yaşıl artım” ölkəsi) məhz bu istiqamətə uyğun müəyyənləşdirib. Çünki işğaldan azad olunmuş ərazilər böyük iqtisadi potensiala malikdir və təbii ki, Azərbaycan bu potensialdan maksimum yararlana bilər. Bu iki istiqamətin uğurlu icrası da onu deməyə əsas verir ki, tezliklə Qarabağın iqtisadi imkanlarından əldə ediləcək dividendlər ölkənin qüdrətinin daha da yüksəlişi üçün real zəmin yarada bilər. Çünki Qarabağda dağ-mədən sənayesi, metallurgiya, yeyinti sənayesi, trikotaj, turizm, aqrar və “yaşıl enerji” kimi sahələrin böyük inkişaf potensialı var. Yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması isə ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına da əhəmiyyətli təkan verəcək.

Dövlət büdcəsi hesabına Qarabağda 2,2 milyard manatlıq sərmayənin qoyuluşu da təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq iqtisadi infrastrukturlar dayanıqlı inkişafa böyük imkan yaradacaq. Eyni zamanda xarici dövlətlərin iri şirkətləri də bu gün işğaldan azad edilmiş torpaqlarda investisiya yatırımına böyük maraq göstərirlər. Artıq Türkiyə, İtaliya, Böyük Britaniya, Pakistan, İsrail kimi dövlətlərdən Qarabağın bərpasına sərmayə axını başlayıb.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə inşa olunan mühüm infrastrukturlara nəzər yetirsək görərik ki, bu gün Qarabağda Bərdə-Ağdam avtomobil yolu, Zəfər yolu (sentyabr ayında asfalt döşənməsi də başa çatacaq), Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu, Zəngilan-Qubadlı-Laçın yolu, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları, Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yollar çəkilir. Həmçinin Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir.

Prezident İlham Əliyev iyulun 28-də Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən sözügedən iki rayon ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən 10 milyon manat ayrılıb.

Üç aeroport tikilir. Ağdam şəhəri Baş Plana uyğun olaraq yenidən qurulur. Füzulinin, Cəbrayılın baş planlarının ilkin versiyası Prezidentə təqdim edilib. İndi müfəssəl plan üzərində iş aparılır. Yaxın aylarda Füzuli və Cəbrayıl şəhərlərinin baş planı ictimaiyyətə təqdim ediləcək. Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə artıq başlanılıb.

Prezident İlham Əliyev Daskəsənə səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə vurğulayıb ki, ilin sonuna qədər azad edilmiş torpaqlarda - həm Qarabağda, həm Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq. Günəş elektrik stansiyası, yeni  ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları tikiləcək.

Onu da vurğulayaq ki, Azərbaycan bütün bu işləri heç kimdən yardm almadan öz hesabına edir. Xarici şirkətlər bu işlərə cəlb edilib, amma podratçı kimi. Bütün vəsait dövlət büdcəsindən xərclənir.

Əminliklə deyə bilərik ki, İlham Əliyevin müəyyən etdiyi Milli Prioritetlər qarşıdakı 10 il ərzində ölkəmizdə müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə və keyfiyyətcə yeni mərhələyə yüksəldəcək və Azərbaycan inkişaf etmiş ölkələr sırasında layiqli yerini daha da möhkəmləndirəcək.

 

Qarabağın inkişaf strategiyası - iqtisadi rayonların yeni bölgüsü

 

İlham Əliyevin iyulun 7-də iqtisadi rayonların yeni bölgü ilə bağlı imzaladığı  fərman da uzaqgörən iqtisadi və siyasi planın tərkib hissəsi oldu. Sənəddə vurğulanır ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.

Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik olan qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacib idi.

Sənədə əsasən bu məqsədlə yeni iqtisadi rayonlar yaradıldı - Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları).

Ümumilikdə iqtisadi rayonların sayı 10-dan 14-ə yüksəldi. Çünki Azərbaycan iqtisadiyyatı üç dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektoral strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar yaradıb.

İqtisadçılar hesab edirlər ki, yeni reallıq iqtisadi rayonlaşdırmaya yeni yanaşmanı əsaslandırır. Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü, xüsusən Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasına töhfə verəcək. Ölkədə iqtisadi idarəetmədə çevikliyin təmin olunmasına, institusional islahatlar aparılmasına xidmət edəcək. Xüsusən də iqtisadi rayonlar üzrə planlaşdırma işinin səmərəliliyini artıracaq. Regionların sosial-iqtisadi inkişaf proqramı, eyni zamanda Qarabağın inkişaf strategiyası da iqtisadi rayonların yeni bölgüsünə uyğunlaşdırılacaq.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video