10 Avqust 2021 00:36
1122
İDMAN
A- A+

Qarabağda başlayıb Yaponiyada davam edən qələbə

 

Atletlərimiz Tokio Olimpiadasını 7 medalla başa vurdular

 

Tokioda olimpiya həyəcanı başa çatdı. Dünyanın 206 ölkəsindən 11 mindən çox idmançının qatıldığı turnirdə qalib olmaq hər bir atletin arzusu idi. Çünki planetin ən güclülərinin mübarizəsində ilk 3 pillədən birində yer almaq elə də asan qazanılan nəticə deyil. Bu baxımdan dördilliyin zirvə yarışına 44 idmançı ilə qatılan Azərbaycan komandasının turniri 3 gümüş və 4 bürünc medalla başa vurması uğur hesab olunmalıdır.

Doğrudur, istərdik ki, Azərbaycan idmançıları ən azından Rio Olimpiadasında qazanılan 18 medallıq nəticəni təkrar etsinlər. Lakin dünyanı ağuşuna alan koronavirus pandemiyası və Azərbaycanın böyük Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi idman və idmançılarımızdan da yan keçmədi. Azərbaycanda bir sıra obyektlərin, o cümlədən idman zallarının fəaliyyətinə məhdudiyyətlərin qoyulması, sərhədlərin bağlı olması səbəbindən idmançılarımızın bir sıra müxtəlif səviyyəli beynəlxalq yarışlara qatıla bilməmələri və s. səbəblərdən atletlərimiz Olimpiadaya normal şəkildə hazırlaşa bilmədilər. Ona görə də ümidləri doğrulda bilməyən idmançılarımız qınaq obyekti olmamalıdırlar, əksinə, gələcək yarışlara ciddi hazırlaşmaları üçün həvəsləndirilməlidirlər.

Bir məsələni xüsusilə diqqətə çatdırmaq yerinə düşərdi. Heç kim deyə bilməz ki, əsas favorit göstərdiyin idmançı Olimpiadada mütləq medal qazanacaq. Çünki dünyanın ən nüfuzlu yarışında qarşıdakı rəqib də güclü idmançıdır və o da qələbə uğrunda mübarizə aparır. Bir də, idmanda təcrübə və hazırlıqla yanaşı, şans da, idmançının konkret məqamda psixoloji vəziyyəti də önəmli rol oynayır.

Medal sıralamamızda isə bəzilərinin dediyi kimi, vəziyyət heç də acınacaqlı deyil. Belə ki, olimpiya yığmamız Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu, Londonda 204 ölkə arasında 30-cu yeri tutmuşdusa, son Olimpiadada medalların sayına görə 31-ci olduq.

Karateçilərimizdən Rafael Ağayev (kumite, 75 kq) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar. Digər gümüş medalın sahibi isə sərbəst güləşçi Hacı Əliyevdir.

Gümüş medalçılarımızın döyüş yoluna bir daha nəzər salsaq görərik ki, Olimpiadada heç bir qələbə asan əldə edilmir. Kişilərin karatedə 75 kq çəki dərəcəsində mübarizəsində B qrupunda çıxış edən Rafael ilk döyüşündə Noa Biçlə (Almaniya) görüşdü. O, hesabda geri düşsə də, yekunda 2:1 hesabı ilə qələbə qazandı. Karateçimiz ardınca Çuneari Yahiro (Avstraliya) ilə dueldən də qalib ayrıldı - 5:0. O, üçüncü cəhdində Nurkanat Ajiqanovu (Qazaxıstan) sınağa çəkdi. Rəqibini 3:2 hesabı ilə məğlub edən Rafael son turun nəticəsindən asılı olmayaraq yarımfinala vəsiqə qazandı.

Təmsilçimiz qrupun son görüşündə yarışın digər favoriti Luici Busa (İtaliya) ilə döyüşdü. Rəqibinə 1:3 hesabı ilə uduzan dünya çempionumuz qrupu 6 xalla 2-ci pillədə başa vurdu. O, yarımfinalda digər qrupun birincisi macarıstanlı Qabor Harspataki ilə üz-üzə gəldi. Beşqat dünya və onbirqat Avropa çempionumuz rəqibini 7:0 hesabı ilə məğlub edərək finala yüksəldi.

Həlledici mərhələdə Rafael yenidən prinsipial rəqibi olan Busa ilə üz-üzə gəldi. İtaliyalı rəqib ikinci dueldən də qalib ayrıldığından Rafael gümüş medalla kifayətləndi.

Karatedə qadınların +61 kq çəki dərəcəsində B qrupunda çıxış edən Avropa və dünya çempionumuz İrina ilk olaraq Yaponiya təmsilçisi Ayumi Ueska ilə qarşılaşdı və qarşılaşmanı 4:1 hesabı ilə qalib başa vurdu. O, ikinci görüşündə Silvia Semeraroya (İtaliya) da gücünü göstərdi. Təmsilçimiz bu dəfə 3:2 hesabı ilə qalib gəldi. Lakin Zaretska 3-cü qarşılaşmasında Sofiya Berultsevaya (Qazaxıstan) 4:5 hesabı ilə uduzdu. Əvəzində son döyüşündə Meltem Hocaoğluya qalib gəldi. Türkiyə idmançısını 4:0 hesabı ilə məğlub edən İrina qrupu 6 xalla birinci pillədə başa vuraraq adını yarımfinala yazdırdı.

Finala gedən yolda xanım karateçimiz digər qrupun ikincisi olan çinli Li Qonqla üz-üzə gəldi. Təmsilçimiz bu dəfə də qələbə qazanmaqda çətinlik çəkmədi - 7:2.

Həlledici mərhələdə Zaretska misirli Feryal Abdelazizlə qarşılaşdı. O, uğurlu seriyanı davam etdirə bilmədi və 0:2 hesabı ilə uduzaraq gümüş medalla kifayətləndi.

Sərbəst güləşdə 65 kq çəki dərəcəsində yarışan Hacı Əliyev mübarizəyə 1/8 final mərhələsindən başlamışdı. İlk rəqibi seneqallı Adama Dyatta oldu. Güləşçimiz rəqibini xalçaya çıxmağa peşman etdi: 4:0. Hacı 1/4 finalda Daulet Niyazbekovla (Qazaxıstan) qarşılaşdı və 9:1 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəldi. O, bu mərhələdə hindistanlı Bayranq Punişa ilə görüşdü və uğurlu seriyanı davam etdirdi. Pəhləvanımız 12:5 hesablı qələbə sayəsində finala vəsiqə qazandı.

Tokioda Azərbaycan millisinin heyətində həlledici görüşə yüksələn ilk idmançımız qızıl medal üçün yaponiyalı Takuto Otoquro ilə güləşdi. Təəssüf ki, görüş rəqibin 5:4 hesablı qələbəsi ilə yekunlaşdı. Nəticədə Hacı çıxışını gümüş medalla başa vurdu.

Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurdular. Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) yazdırdılar.

Beləliklə, komandamız 2-si karatedə və 1-i güləşdə 3 gümüş, 2-si güləş, 1-i cüdo və 1-i boksda, 4 bürünc medalla Vətənə döndü.

Sonda qeyd edək ki, Olimpiadada idmançılarımıza qarşı hakim səhvlərinin də şahidi olduq. Xüsusilə boks yarışlarında Cavid Çələbiyev Ermənistan təmsilçisi Ovanes Baçkova böyük üstünlüklə qalib gəldiyi halda, hakimlər heç bir səbəb göstərmədən əks tərəfi qalib elan etdilər. Bu, hakimlərin adına böyük fiasko idi. Təəssüf ki, bu yarışlarda idmançılarımızın qarşılaşdıqları yeganə ədalətsizlik deyildi. Atletlərimizlə bağlı mübahisəli məqamlarda verilən rəylər heç də həmişə obyektiv olmurdu.

Ümumiyyətlə, “Tokio-2020” bir sıra özünəməxsus cəhətləri ilə əvvəlki olimpiadalardan seçilirdi. Əsas səbəb də o idi ki, Yaponiya paytaxtında tarixən ikinci dəfə təşkil edilən Olimpiya Oyunları bütün dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən bir il müddətinə təxirə salınmışdı. Təşkilatçıların birlikdə qəbul etdikləri qərara əsasən, əcnəbi tamaşaçıların yarışlara azarkeşlik etmək üçün Yaponiyaya gəlişi qadağan edilmişdi. Yarışları izləmək üçün Yaponiyaya gələn rəsmi nümayəndə heyətlərinin tərkibi də kəskin azaldılmışdı.

Bütün hallarda mövcud reallıqların fonunda Azərbaycan atletlərinin Tokioda əldə etdiyi nəticə qələbədir - keçən il Qarabağda başlayıb, bu il Yaponiyada davam edən qələbə!

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video