27 Noyabr 2021 01:27
1640
İDMAN
A- A+

“QARABAĞ” sülhə razılaşdı

 

Ağdam klubu qələbəni son dəqiqədə əldən verdi

 

Avropa Konfrans Liqası

H qrupu, 5-ci tur

 

“Qarabağ” (Azərbaycan) - “Omoniya” (Kipr) - 2:2

Qollar: Dyuriç, 43-pen.(0:1), Psaltis, 49-avtoqol (1:1), Andrade, 88 (2:1), Qomez, 90 (2:2)

Qırmızı vərəqə: Kiko, 66 (“Omoniya”)

Baş hakim: Morten Krox (Danimarka)

Tofiq Bəhramov adına Respublika Stadionu

 

Oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunda, həqiqətən, futbol bayramı yaşanırdı. Havanın soyuq və yağmurlu olmasına baxmayaraq tribunalarda boş yer qoymayan azarkeşlər  Qarabağı tərənnüm edən şərqilər oxuyur, şüarlar səsləndirirdilər. Bir sözlə, hamı qələbəyə köklənmişdi. 

Lakin azarkeşlərdə buna olan inamı təəssüflər olsun ki, “Qarabağ” gerçəkləşdirə bilmədi. Ağdamlılar qarşılaşmadan qalib ayrılsaydılar, yenidən qrupda liderliyə yüksələrək son turda İsveçrədə “Bazel”lə görüşə əlavə psixoloji üstünlüklə çıxacaqdılar.

Hakimin start fitindən sonra komandamız oyuna sürətli başladı. Lakin topa daha çox sahib olan Qurban Qurbanovun komandası meydançanın 3-cü zonasında rəqibin səddini aşa bilmədi. Xatırladaq ki, qarşılaşmadan əvvəl “Omoniya”nı təhlil edərkən bildirmişdik ki,  Ağdam klubu müdafiənin arxasına atılan toplarda və standart vəziyyətlərdə daha çox diqqətli olmalıdır. Elə standart vəziyyətdən sonra penalti vurmaq imkanı əldə edən qonaqlar matçda hesabı açdılar.

Qoldan sonra görüşün yarıdan çoxunu təzyiq altında olan qonaqlar arabir əks-hücumlara keçsələr də, futbolçularımız onlara təhlükəli epizod yaratmağa imkan vermirdi və üstünlük “Qarabağ”da qalırdı. Komandamız fasilədən sonra həm toplu, həm də topsuz oyunda hazırlıqlı, ötürmələrdə daha sürətli olmağa başladı. Künc zərbəsindən sonra avtoqolla hesabda tarazlığı bərpa edən Ağdam klubu ikili mübarizələrdə də Kipr kollektivindən güclü idi. Qapıya uzaqdan vurulan zərbələrdən sonra geri qayıdan topların hamısına “Qarabağ” yiyələndi.

Bir sözlə, “Qarabağ” meydançanın bütün zonalarında sona qədər mübarizə aparırdı. Qurulan hücumlardan birində komandamız qol vursa da, görüşün danimarkalı referisi bunu oyundankənar vəziyyətlə əlaqəndirərək hesaba almadı. Halbuki bu epizodun əvvəldən ofsayd olmadığını tribunadan ekranlaradək hamı gördü. Amma yan xətt hakimi görmək istəmədi.

Qarşılaşmanı idarə edən danimarkalı referilərin verdiyi qərar daha ciddi fəsad doğurdu. Belə ki, komandamızın təmiz qolu qeydə alınsaydı, bəlkə də “Omoniya” futbolçuları oyundan daha tez düşəcəkdilər. Bir sözlə,  bu qərar Ağdam təmsilçisinin qrupda lideriliyə yüksəlməsini süni şəkildə əngəllədi.

Böyük təəssüf hissi ilə vurğulayaq ki, Azərbaycana qarşı ikili standartlar artıq idmana da tətbiq olunur. Bəlkə də siyasətdə ikili standartları hansısa şəkildə izah etmək olar. Çünki o siyasət gizli mətbəxlərdə hazırlanır və yalnız tətbiq ediləndə xəbər tutulur. Danimarkalı hakimlər briqadasının bu səhvi isə milyonlarla tamaşaçının gözü qarşısında baş verdi.

Bütün bunlara baxmayaraq “Qarabağ” sağ və sol cinahlardan qurduğu hücumların bəhrəsini gördü və Andradenin vurduğu qolla hesabda irəli çıxdı. Qolun sevincini yaşamamış qapıçı Şahruddin Məhəmmədəliyevin kobud səhvi Qurban Qurbanovun komandasına mükəmməl oyununu qələbə ilə tamamlamağa imkan vermədi - 2:2.

Qarşılaşmadan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının çıxışını belə dəyərləndirdi:  “Futbolçularımı təbrik edirəm. Qələbə qazanmaq istəyirdik. Futbolçularım bu il çox böyüdülər. Konfrans Liqasında bir oyunumuz qalıb. Bu istəklə həmin matça da hazırlaşacağıq. Futbolçulara heç bir iradım yoxdur. Bütün matçlarda döyüşçü kimi oynadılar. Maraqlı qollar alındı. Son vaxtlar qapıçı daha çox öndə oynayır. Burada Şahruddinin səhvindən çox rəqib oyunçunun ustalığı ön plana çıxdı. Çox yaxşı zərbə vurdu. Əlbəttə ki, daha diqqətli olsaydı, yaxşı olardı. Bu, hakim üçün böyük təcrübə oldu. Gəncdir, avrokubokların qrupunda ilk oyunu idi. Həyəcanlı olduğu hiss olunurdu. Amma biz tərəfə yox, əks tərəfə qarşı hər şey qaydasında idi. Epizodlara baxdıq. Təmiz qol vurduq, təmiz penaltini də vermədi. Az qala iki əllə topla oynadı. Rəqibə qırmızı vərəqə də verilmişdi. Sanki bunu sığortalamaq istəyi var idi”. 

Qrupun digər matçında isə İsveçrə “Bazel”i səfərdə “Kayrat”a (Qazaxıstan) 3:2 hesabı ilə qalib gəldi.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video