03:22 18 May 2021
ONLINE XƏBƏR LENTİ
00:45 18.05.2021

Qarabağın MEHMANDARLARI


00:33 18.05.2021

Qarabağın zirvə tacı


00:32 18.05.2021

Şuşa, sən azadsan!


00:31 18.05.2021

Şuşanın Bülbülü…


00:29 18.05.2021

BİLDİRİŞ


00:28 18.05.2021

BİLDİRİŞ


00:27 18.05.2021

BİLDİRİŞ


00:26 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qarabağ milli dirçəlişin yeni rəmzi olacaq

ANA SƏHİFƏ / SİYASƏT
00:38 30.01.2021

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın, o cümlədən Şuşa şəhərinin azad edilməsindən bir neçə ay ötür. 44 günlük Vətən müharibəsi gedişində şəhər və kəndlərimizin düşməndən təmizlənməsi ilə bağlı xoş müjdələr indi də o əzəli-əbədi yurdlarımızın dirçəlişi yönündə görülən tədbirlərin sevinci ilə davam edir.

 

Qarabağın tacı

 

Yanvarın 27-də dövlət başçısı İlham Əliyev Şuşa rayonuna Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsini təyin etdi. Qeyd edək ki, düşməndən təmizlənmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutu yanvarın 19-da yaradılıb. İlk təyinatın məhz Şuşa rayonuna olması isə heç də təsadüfi deyil. Şuşa zəfərimizin rəmzidir, yenilməzlik nişanəsi, milli ruhumuzun sığınacağıdır. Azərbaycan Prezidenti Şuşa rayonuna xüsusi nümayəndə təyin edilmiş Aydın Kərimovu videoformatda qəbul edərək tapşırıq və tövsiyələrini verərkən bu şəhərin tarixi keçmişimiz, bu günümüz və gələcəyimiz üçün müstəsna əhəmiyyətini bir daha vurğulayıb: “Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib”.

Vətən müharibəsinin gedişində Azərbaycan Ordusunun əsas hədəfi Şuşa idi. Bu qədim şəhər sıldırım qayalıqlarından qalxaraq yüngül silahlarla tankın, topun üzərinə atılan qəhrəman övladlarımızın şücaəti sayəsində əsarətdən qurtuldu. Şuşanın azad edilməsindən sonra düşmən diz çöküb faktiki kapituliyasiya aktına imza atmaq məcburiyyətində qaldı.

Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqımıza Şuşanın azadlığı müjdəsini çatdırarkən bu tarixi məkanın tezliklə dirçəldiləcəyini bəyan etmişdi. Artıq o günlər də gəldi. Azərbaycan Prezidenti bu şəhəri ordumuzun gücü ilə azad etdiyi kimi, şəhərin bərpası, yenidən qurulması, abadlaşdırılması və tarixi Azərbaycan şəhəri olaraq bütün dünyada yenidən tanıdılması ilə bağlı da dəqiq, konkret planlara malikdir.

Şuşanın bərpası, inkişafı ilə əlaqədar bütün işlərin sistemli qaydada aparılması, şəhərin tarixi simasının saxlanılması, burada Şuşaya yad olan hər hansı bir tikiliyə yol verilməməsi dövlət rəhbərimizin qarşıya qoyduğu əsas vəzifələrdir. Bu məqsədlə artıq bir müddət bundan əvvəl Şuşaya mütəxəssislərdən ibarət böyük bir qrup ezam edilmişdir. Onlar bir neçə gün Şuşada qalaraq, lazımi təftiş, təhlil işlərini aparmış və Azərbaycan Prezidentinə məruzə etmişlər.

 

Mədəniyyət paytaxtı

 

Bu gün Şuşanın bərpadan sonrakı həyatı ilə bağlı strateji baxış da kifayət qədər aydındır. Ölkə rəhbəri artıq Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib və bu da şəhərin gələcəyi ilə əlaqədar məqsədyönlü planlara əsaslanır. “Bərpadan sonra Şuşada həyat qaynamalıdır. İnsanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalıdır. Həm ölkə daxilindəki tədbirlər, eyni zamanda bir çox beynəlxalq tədbirlər - festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni Şuşa nəinki Azərbaycanın, əminəm ki, bölgənin mədəniyyət paytaxtı adına layiq olacaqdır”, - deyir Prezident İlham Əliyev.

ISESCO rəhbərliyinin bir neçə gün əvvəl Azərbaycan Prezidenti ilə görüşündən sonra bu qurumun Şuşa şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi təklifindən çıxış etməyə hazırlaşması da qədim şəhərimizin gələcəyi ilə bağlı çox böyük önəm daşıyır. Yada salaq ki, indiyə qədər Azərbaycanın iki tarixi şəhəri - Bakı və Naxçıvan bu şərəfli ada layiq görülüb. Eyni zamanda bu yaxınlarda Türk Şurasının nümayəndə heyətinin Azərbaycan Prezidenti ilə görüşü əsnasında Türk Şurasının Baş katibi Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi təklifindən çıxış edib. Bütün bunlar təkcə Azərbaycan xalqının deyil, ümumən, türk, müsəlman dünyasının Şuşa şəhərinə olan böyük sevgi və marağından irəli gəlir.

Yanvarın 14-də Azərbaycan Prezide

ntinin və ailə üzvləri - ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və qızı Leyla xanım Əliyevanın Şuşaya səfəri, ora qalib kimi daxil olmaları zəfərimizin, öz haqlarımıza, milli dəyərlərimizə sahib çıxmaq əzmimizin, qurub-yaratmaq eşqimizin təcəssümünə çevrildi. Prezident İlham Əliyev möcüzə kimi görünənləri reallığa çevirdi. Ali Baş Komandanın Şuşada, əsgər və zabitlərimiz önündəki qalib duruşu, bu qədim mədəniyyət mərkəzimizin tarixi tikililərinə sevgi və qayğı dolu gözlərlə baxışı, Cıdır düzündə dayanıb əngin üfüqlərə baxması illər boyu bu günün həsrətini çəkmiş xalqımızın canlı simvolu kimi görünürdü. Şuşa bundan sonra bütün rəmzləri ilə birgə həm də xalqımızın milli birliyinin, bu birlikdən başlanan gələcək gözəl günlərimizin şəhəri olacaq. 2010-cu ildə Şuşa qalasının 260 illiyi qeyd olunmuşdu. Əfsuslar olsun ki, həmin tarixi Şuşa həsrəti ilə yaşamışdıq. Amma artıq Şuşa qalasının növbəti onilliklərini bu unikal məkanın özündə, qala divarlarına toxunaraq, bu müqəddəs şəhərimizin daş-daş, kərpic-kərpic tikilərək dünyanın ən gözəl şəhərlərindən birinə necə çevrilməsinə sevinərək keçirəcəyik. Beləliklə, Pənahəli xanın tikdirdiyi tarixi Şuşa şəhərinin yeni bir həyatı başlanır.

 

Sənət beşiyi

 

Tarixi Şuşa qalasına görə xalq arasında “Qala” adı ilə məşhur olan şəhər yaranışından zadəganların və sənətkarların əsrarəngiz məkanı kimi tanınırdı. Azərbaycanın müxtəlif mədəniyyət mərkəzlərindən bura köçənlər Şuşada məhəllə-məhəllə yerləşirdilər. Beləliklə, Şuşada spesifik mədəniyyət, kübar mühitı formalaşırdı. Şuşa o dövrdə inkişaf etmiş qədim Şərq şəhərləri üçün xarakterik olan “hər məhəllənin öz məscidi, hamamı, mədrəsəsi” və digər zəruri infrastruktur tikililəri prinsipi əsasında inşa olunurdu. Bu baxımdan Şuşa XVIII əsr üçün müasir şəhərsalma mədəniyyətinin Azərbaycandakı son nailiyyəti sayılır. Xan sarayı, Gövhər ağa məscidləri, türbələr, minarələr, karvansaralar, bulaqlar unikal memarlıq nümunələri kimi Şuşanın çiçəklənməsi dövrünün yadigarlarıdır. Bu abidələr hər addımda insana xoş bir hekayət danışır.

Şuşa həm də Azərbaycanın ən böyük təhsil, maarif mərkəzlərindən olub. Məktəb məsələlərinə bu şəhərdə tarixən böyük önəm verilib. Şəhərdə 1801-ci ildən İbrahim xan məscidi nəzdində məktəb açılmışdı. Bu məktəb XIX əsrin ikinci yarısında da fəaliyyətini davam etdirirdi. 1830-cu ildə isə Azərbaycan qəzaları içərisində ilk qəza məktəbi məhz Şuşada təşkil edilmişdi. Bu, ümumən, Azərbaycanda müasir tipli ilk məktəb demək idi. Şuşada ali ibtidai məktəb də yaradılmışdı. Bütün bunlar şəhərdəki yüksəksəviyyəli təhsil mühitindən irəli gəlirdi. Çünki orta məktəb bitirənlərin əksəriyyəti təhsilini davam etdirmək arzusunda idi. Şuşa eyni zamanda Azərbaycanda kütləvi kitabxanaların yaradıldığı ilk şəhərlərdəndir. Hələ XIX əsrdən burada kiçik bir mətbəə də vardı. Şəhərin mədəni mühiti, formalaşan mütərəqqi ənənələr, burada yaşayan ziyalılar Şuşanın inkişafına təkan verirdilər. Qədim diyarda Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Haşım bəy Vəzirov, Üzeyir bəy Hacıbəyli, Firudin bəy Köçərli, Həmidə xanım Cavanşir, Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Bülbül, Xan Şuşinski və minlərlə belə görkəmli şəxsiyyətlərimiz yetişib.

Şuşa həm də Azərbaycanın qədim poeziya və xanəndəlik məktəbidir. Azərbaycan ədəbiyyatının Molla Pənah Vaqif dövrü məhz bu şəhərdən başlanır. Vaxtilə Mir Mövsüm Nəvvabın Şuşada təşkil etdiyi “Məclisi-Fəramuşan” ədəbi məclisinin şöhrəti bütün Azərbaycana yayılmışdı. “Məclisi-üns” də bu şəhərdə yaradılmış məşhur ədəbi məclislərdən idi. Həmin məclislərdə tez-tez Xan qızı Natəvanın, Mirzə Möhsün Nəvvabın və Qarabağın müxtəlif yerlərindən olan çoxsaylı məşhur şairlərin iştirakı ilə şeir, musiqi tədbirləri keçirilər, Şuşa ədəbi mühiti daha da inkişaf edərdi.

Şuşa deyəndə yada düşən əsas dəyərlərimizdən biri də təbii ki, milli mədəniyyət incilərimizdən olan musiqimizdir. Şuşa musiqi mədəniyyətimizin beşiyidir, Qafqazın konservatoriyasıdır. Şəhər təşəkkül tapdığı ilk illərdən burada peşəkar xanəndə və çalğıçılardan ibarət məktəb formalaşmağa başlamışdı. İlk musiqi məktəblərinin yaranması ilə Şuşada xalq musiqisi ənənələri yayılır, zənginləşir və mədəniyyət tariximizdə böyük yeri olan sənətkarlar yetişdirirdi.

Mir Möhsün Nəvvab, Xarrat Qulu, Hacı Hüsü, Sadıqcan, Məşədi İsi, Əbdülbağı Zülalov, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev, Seyid Şuşinski, Bülbül, Zülfi Adıgözəlov, Xan Şuşinski, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, bəstəkarlardan Üzeyir bəy Hacıbəyli, Zülfüqar Hacıbəyov, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Rəşid Behdudov... Hər biri böyük bir sənət tarixinə işıq salan bu adlar Şuşanın dünya musiqisinə bəxş etdiyi sənətkar şəxsiyyətlərin hələ məhdud bir sırasıdır. Şuşanın musiqi mühitini təmsil edən bütün yaradıcı insanların həyat və fəaliyyətinin öyrənilməsi üçün geniş tədqiqat əsərlərinə hələ də ehtiyac var.

Tez-tez təşkil edilən musiqi məclisləri, ziyalı mühiti bu şəhərdə teatr ənənələrinin də erkən təşəkkül tapmasına şərait yaratmışdı. Belə ki, 1848-ci ildə Şuşada ilk teatr tamaşası təşkil edilmişdi. 1882-ci ildən başlayaraq isə şəhər ziyalıları Şuşanı Azərbaycanın əsas teatr mərkəzlərindən birinə çevirmişdilər. Şuşalı teatr həvəskarları sırasında “Otello”nun ilk tərcüməçisi, jurnalist, komediyalar müəllifi Haşım bəy Vəzirov, məşhur xanəndə C.Qaryağdıoğlu, tanınmış ziyalılar S.Vəlibəyov, B.Bədəlbəyov, Ə.Haqverdiyev, F.Köçərli və başqaları var idi.

1897-ci ildə Şuşada Ə.Haqverdiyev Füzulinin “Leyli və Məcnun”unu, 1902-ci ildə Nizaminin “Xosrov və Şirin”ini səhnələşdirmişdi. Cabbar Qaryağdıoğlu hər iki tamaşada baş rolda oynamışdı. “Şərq konserti” adlı yeni konsert forması da 1901-ci ildə ilk dəfə Şuşada təşkil olunmuşdu. Bu konsertin ilk səhnələşdirilmiş musiqi tamaşası kimi milli operanın yaranmasına böyük təsiri olmuşdur. 1904-cü ildə Şuşa səhnəsində ilk dəfə Şekspirin “Otello” əsəri tamaşaya qoyulmuşdu.

Qarabağ xanlığının mərkəzi olması, şəhərdə xeyli sayda sənətkar, tacir ailələrinin yaşaması Şuşanın sosial-iqtisadi inkişafını təmin edirdi. Şəhər mədəniyyət inciləri ilə yanaşı, ipək parça toxuculuğu, xalçaçılıq, şərabçılıq ənənələri ilə də şöhrət tapmışdı.

 

“Şuşanı dirçəldəcəyik”

 

Şuşa şəhərinin inkişafı sovet dövründə də davam etmişdi və burada Ulu Öndər Heydər Əliyevin böyük rolu vardı. Ermənilərin separatçı hərəkətlərinin qarşısını almaq üçün Ümummilli Lider əhalisinin 99 faizi azərbaycanlılardan ibarət olan Şuşa şəhərinə mənəvi qala kimi baxırdı. Onu da xatırladaq ki, 1921-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşanı bu vilayətin tərkibinə daxil etdirməklə, ermənilərin güddükləri əsas məqsəd tədricən Şuşada Azərbaycanın izlərini silmək idi. Amma 1969-1982-ci illərdə Heydər Əliyev bu prosesin qarşısını aldı, Şuşanı Azərbaycan şəhəri kimi inkişaf etdirdi. O günlər artıq yenidən qayıdır. Prezident İlham Əliyev bu il Şuşada iki tədbirin keçirilməsi ilə bağlı tapşırıqlarını verib. “Xarıbülbül” festivalı, Vaqif poeziya günləri bərpa ediləcək. Böyük şairimiz Vaqifin vaxtilə Heydər Əliyevin təşəbbüsü ilə ucaldılmış, ermənilərin işğal dövründə viran qoyduqları məqbərəsinin yenidən inşası ilə bağlı işlərə start veriləcək. Məqbərənin bu il bərpa edilməsi əsas tapşırıqlardandır. Çünki Vaqif poeziya günləri məqbərənin önündə keçiriləcək. Ulu Öndərin milli dövlətçilik fəlsəfəsi ruhunda Azərbaycanı ən qüdrətli inkişaf mərhələsinə yetirmiş, bizi tariximizin ən şanlı zəfərinə qovuşdurmuş Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşanın, Qarabağ torpaqlarının və ümumən, Azərbaycanın mədəni intibahı başlanır.

“Bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi və bir daha göstərdi ki, nəyi demişəmsə, onu da etmişəm. Təsadüfən demirdim ki, mən bilirəm nəyi, necə, nə vaxt etmək lazımdır. Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki, hər şey yaxşı olacaq. İstədiyimizə nail olacağıq, sadəcə olaraq, hər şeyin vaxtı var. Müharibə dövründə, sadəcə olaraq, bir dəfə Şuşa haqqında demişdim, o da müxbir soruşdu ki, bəs Şuşa nə vaxt alınacaq? Əlbəttə ki, bunu biz deyə bilməzdik, dedim ki, Şuşasız bizim qələbəmiz yarımçıq olacaq. Ancaq heç şübhə etmirdim ki, biz əziz, doğma Şuşamızı erməni əsirliyindən xilas edəcəyik, Azərbaycan bayrağını qaldıracağıq. O vaxt demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq. Bu gün isə deyirəm ki, biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik!”

Azərbaycan Prezidentinin bu qətiyyətli kəlmələri Şuşadan başlanan böyük gələcəyimizin müjdəsidir.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM