05 Mart 2021 00:51
890
SİYASƏT
A- A+

Qarabağ həqiqətlərini boğmaq mümkün deyil

 

Xüsusən də onun İlham Əliyev kimi carçısı varsa

 

Prezident İlham Əliyevin xarici KİV-ə 44 günlük Vətən müharibəsi ərzində verdiyi 30-dan artıq müsahibə və Qələbədən sonra xarici və yerli mətbuat təmsilçiləri üçün bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransı bir daha onu təsdiq edir ki, Azərbaycan informasiya müharibəsində də erməni təbliğat  maşınını darmadağın edir.

Xatırladaq ki, bəzi xarici KİV-in təmsilçiləri aldıqları müsahibələrdə Azərbaycanı işğalçı tərəf kimi qiymətləndirməkdən belə, çəkinmirdilər. Onlar sanki müsahibə almağa yox, bütün həqiqətləri inkar etməyə və işğalçı Ermənistanın məkrli maraqlarını qorumağa gəlmişdilər.

Prezident, Ali Baş Komandan bu cür müsahibələrdən, əlbəttə ki, imtina edə, onları təxirə sala bilərdi. Lakin dövlət başçısı hamıya kifayət qədər vaxt ayırır, bütün suallara səbirlə ətraflı cavab verir, Azərbaycanın ədalətli mövqeyini sonadək müdafiə edirdi. İlham Əliyev xarici jurnalistlərin açdığı ideoloji cəbhədəki bütün həmlələri asanlıqla dəf edir, tutarlı arqumentlər, ciddi tarixi faktlar və dərin diplomatik gedişləri ilə Azərbaycan həqiqətlərini xarici müxbirlərin öz ana dillərində səlis izah edirdi.

Faktiki olaraq hər müsahibənin sonunda biz Azərbaycan Prezidentinin necə qələbə çalmasının şahidi olurduq. Dünyanın ən məşhur qələm və söz sahibləri ingilis dilində kəkələməyə cəhd edən Paşinyanı bircə sualla diz çökdürüb nüfuzdan salırdılar. Amma Prezident İlham Əliyevlə görüşlərdə anlayırdılar ki, onların qaşısında böyük dövlətçilik təcrübəsinə, diplomat qətiyyətinə, sərkərdə cəsurluğuna və yenilməz Ali Baş Komandan keyfiyyətlərinə malik olan lider dayanır.

44 günlük savaş zamanı erməni təbliğat maşını Qarabağ münaqişəsini regional müharibəyə çevirmək, Rusiya ilə Türkiyəni qarşı-qarşıya qoymaq üçün dəridən-qabıqdan çıxırdı. Erməni siyasətçiləri indinin özündə belə bunun üçün bütün güc və bacarıqlarını səfərbərliyə alıblar. Məqsədləri Qafqazı həmişəki kimi qan çanağına çevirməkdir.

Azərbaycanın möhtəşəm qələbəsindən sonra Ermənistanda siyasi partiyaların dərinləşən mübarizəsi bu gün Yerevanda xalqın məğlubiyyətlə barışmaması kimi təqdim edilir. Reallıqda isə xalq özgə torpağında döyüşmək istəmir, sülhün marağındadır. Baxmayaraq ki, siyasi partiyalar erməni xalqının maraqları çərçivəsində yox, qulluq etdikləri erməni diaspor təşkilatlarının tələblərinə uyğun hərəkət edir, yenidən müharibəni alovlandırmağa çalışırlar. Bu baxımdan Azərbaycan Prezidentinin ən böyük xidmətlərindən biri də odur ki, o, nadir keyfiyyətlərə malik diplomat kimi Rusiya-Türkiyə münasibətlərinin qarşıdurmaya çevrilməməsi üçün vacib olan səylər göstərərək erməni diasporunun fəal şəkildə Rusiyanı müharibəyə cəlb etmək cəhdlərini alt-üst edir.

İlham Əliyev xarici və yerli KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da erməni faşizmini bütün çılpaqlığı ilə ifşa etdi, bizim öz torpaqlarımızı işğaldan azad etmək uğrunda kimsədən kömək istəmədən təkbaşına döyüşdüyümüzü bir daha başa saldı. Dövlət başçısı növbəti dəfə dünyaya bəyan etdi ki, Türkiyə və Rusiya kimi iki nəhəng dövlət Qarabağ müharibəsində qarşı-qarşıya dayanmamışdır, əksinə, sülhməramlılar qismində əməkdaşlıq etməyə başlamışlar. Məhz bunun sayəsində erməni nasistlərinin bütün səyləri boşa çıxmış, Qafqaz regionunda qlobal müharibə alışmamışdır.

Həmin mətbuat konfransında yaddaqalan başqa məqamlar da olmuşdur. Məsələn, İspaniyanın “La Vanguardia” qəzetinin əməkdaşı Azərbaycan Prezidentinin bir neçə dildə sərbəst  danışmasına heyran qaldığını bildirmişdir: “Bizdə, İspaniyada siyasətçilər bunu edə bilmir”. Böyük Britaniyadan müstəqil jurnalist isə mətbuat konfransının keçirilmə vaxtına görə Azərbaycan Prezidentinin artıq yeni dünya rekorduna imza atdığını, 25 illik jurnalistika fəaliyyətində hər hansı bir dövlət və hökumət başçısının bu cür mətbuat konfransı aparmasının şahidi olmadığını etiraf edərək soruşmuşdur: “Siz dünya mediasının Azərbaycana olan münasibətini necə qiymətləndirirsiniz? Burada bir çox jurnalistlər var, Sizin onlara mesajınız nədən ibarət olacaq və Siz gələcəyi necə görürsünüz? Azərbaycanın mövqeyinin dünyaya çatdırılması baxımından hansı planlarınız var?” Prezident İlham Əliyev bu suala cavabında müharibənin getdiyi 44 gün ərzində 30-dan artıq müsahibə verdiyini qeyd etmişdir: “Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur. Bu gün sizinlə razılaşıram ki, bu da xüsusi bir gündür”.

Dünya mətbuatının Azərbaycana münasibətinə gəldikdə Prezident onu vurğulamışdır ki, yanaşmalar və mövqelər  dəyişir və reallıqlar artıq daha yaxşı dərk edilir: “Ancaq bu gün siz buradasınız, siz hamınız peşəkarsınız, ağıllı insanlarsınız və bilirsiniz ki, doğru və yanlış nə deməkdir. Siz həmin dağıdılmış ərazilərə səfər edirsiniz və bu, hər bir sözdən artıqdır, bunu öz gözünüzlə görmək imkanınız olur. Ona görə hesab edirəm ki, müharibə vaxtı mən, səmimi desəm, bir balaca fərqli yanaşma gözləyirdim, çünki uzun illərdir ki, Azərbaycana qarşı ədalətsizlik hökm sürürdü, bizə qarşı müxtəlif media qrupları tərəfindən hücumlar var idi. Bəzən bu, məlumat qıtlığından qaynaqlanırdı, ancaq bir çox hallarda erməni lobbi təşkilatlarının sayəsində baş verirdi”.

Dövlət başçısı həmçinin  dünya mediasında Azərbaycana ədalətli mövqelərin sərgilənməyə başlanıldığını qeyd etmişdir: “Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun. Nəyə görə mən bunu deyirəm? Mən bilirəm ki, biz əlaqələndirilmiş, təşkilatlanmış informasiya hücumuna məruz qalırdıq. Bu əməllər bizim etdiyimizi gözdən salmaq, bizə ləkə yaxmaq və Azərbaycan haqqında, onun hökuməti haqqında yanlış təsəvvürlər yaratmaq məqsədi daşıyıb. Ona görə də sizə səslənirəm ki, həqiqəti söyləyin, mövqeyinizi açıq ifadə edin. Ola bilər ki, bu, jurnalistlərə verə biləcəyim o qədər də yaxşı tövsiyə olmaz. Amma rəhbərlərinizin dediklərinə hər zaman əməl etməsəniz, bəlkə daha yaxşı olardı”.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video