13 Yanvar 2012 12:01
341
SİYASƏT
A- A+

QANLI 20 YANVAR FACİƏSİ

 

Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi sayılan 20 Yanvar faciəsi yeni tariximizə həm də bir qürur günü kimi yazıldı. Çünki bu hadisə günahsız insanların amansız bir formada qətlə yetirilməsi ilə nəticələnsə də, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, məğrurluğunu bir daha bütün dünyaya, o cümlədən ovaxtkı imperiya rəhbərliyinə aydın şəkildə  nümayiş etdirdi. Tarixə qanla yazılan 20 Yanvar faciəsi Vətəni, azadlığı uğrunda ölümün gözünə dik baxan Azərbaycan övladlarının varlığını bir daha dünyaya tanıtmaqla yanaşı, SSRİ adlanan nəhəng imperiyanın çöküşündə əsas amillərdən biri oldu.

 

Süquta məhkum olmuş sovet rejimi özünün son günlərində bütün mövcudiyyəti ərzində törətmiş olduğu cinayətlər sırasına misli görünməmiş bir faciəni də əlavə etdi. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakı şəhərinə yeridilən sovet ordusu hissələri Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə və Azərbaycanın o zamankı rəhbərliyinin xəyanətkar siyasətinə etiraz əlaməti olaraq ayağa qalxmış xalqımıza vəhşicəsinə divan tutdu.

 

Faciəyə gedən yol

 

Faciəyə gedən yolun başlanğıcı onun törədilməsindən xeyli müddət əvvələ, SSRİ rəhbərliyinə M.Qorbaçovun gəlişi ilə başlamışdı. Qorbaçovun simasında daim Azərbaycana qarşı məkrli, xəyanətkar mövqe tutmuş ermənilər özlərinə yaxın himayədar tapmışdılar. Əlbəttə, nə qədər ki, Heydər Əliyev SSRİ rəhbərliyində təmsil olunurdu, ermənilər Azərbaycanla bağlı bədnam niyyətlərini həyata keçirə bilmirdilər. Çünki Heydər Əliyevin Siyasi Büroda olması ermənilərə və Qorbaçova Azərbaycanla bağlı planlarının reallaşmasına, o cümlədən Qarabağ münaqişəsinin törədilməsinə imkan vermirdi. Elə buna görə Qarabağ məsələsinin Heydər Əliyev Siyasi Bürodan istefa verdikdən cəmi 15 gün sonra ortaya çıxması təsadüfi sayılmamalıdır. O vaxt M.Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan Aqanbekyan Parisdə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Ermənistana verilməsi iddiasını irəli sürmüş, “Humanite” qəzetindəki bəyanatında Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsinə dair Moskvanın razılığının olduğunu bildirmişdi.

SSRİ rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana verilməsinə dair razılığının olduğu 1988-ci ilin əvvəllərində M.Qorbaçovun Silva Kaputikyan başda olmaqla, bir qrup şovinist erməni ilə görüşü zamanı da üzə çıxdı. Bunun ardınca Xankəndidə, Yerevanda antiazərbaycan və antitürk ruhlu mitinqlər genişləndi.

Məhz bundan sonra erməni “Qarabağ Komitəsi”, onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı olan “Krunk” gizli fəaliyyətlərinə son qoyaraq açıq şəkildə niyyətlərini bəyan etməyə, Azərbaycana qarşı ərazi iddiaları səsləndirməyə başladı. Bunun nəticəsi olaraq ermənilər tərəfindən “Miatsum” adlanan hərəkat formalaşdırıldı.

Bütün bunlar 1988-ci ilin fevralından etibarən hadisələrin daha gərgin və aqressiv məcrada inkişafı ilə nəticələndi. Məhz həmin dövrdə həm Dağlıq Qarabağda, həm də Yerevanda Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi tələbi ilə silsilə mitinqlər başladı. SSRİ rəhbərliyi tərəfindən heç bir ciddi müqavimət görməyən və bundan daha da ruhlanan ermənilər Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət qəbul etməsinə nail oldular.

 

Baş verənlərə paralel olaraq Ermənistanda və Qarabağda etnik təmizləmə siyasəti həyata keçirilirdi

 

Azərbaycanın o vaxtkı rəhbərliyi hadisələrə fəal müdaxilə etmək əvəzinə, Kremldən gələn əmrlər əsasında hərəkət edir və bununla xalqın taleyinə biganə yanaşırdı. Kreml isə həm Azərbaycana göndərdyi emissarlar, həm də ölkənin qətiyyətsiz rəhbərliyi vasitəsilə daha məkrli ssenarilər hazırlamaqda idi. Erməni təxribatçılarının da yaxından iştirak etdiyi bu ssenarilərin əsas hədəflərindən biri Azərbaycanda ermənilərə qarşı dözümsüz münasibətin formalaşmasına dair görüntülər yaratmaq idi. Elə bu məqsədlə də 1988-ci ilin fevralında məlum Sumqayıt hadisələri törədildi.

Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı sənaye şəhəri olan Sumqayıtda iğtişaşlar yaratmaqla siyasi dünyanın yeni səviyyədə gündəminə gətirilmiş “böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsi üçün ermənilərə çox lazım idi. Lakin bu məsələdə sovet DTK-nın da özünəməxsus rolu oldu. Beləliklə, əvvəlcədən planlaşdırılmış Sumqayıt olayları törədildi və o dövrdə Azərbaycanda hakimiyyətdə olanlar SSRİ rəhbərliyinin, ermənilərin niyyətini, qlobal hadisələrin mahiyyətini axıra kimi dərk etmək iqtidarında olmadıqlarından qanlı hadisələrin yaşanmasının qarşısını almaq üçün müvafiq addımlar atılmasında acizlik nümayiş etdirdilər. Sumqayıt hadisələrinin əvvəlcədən hazırlandığını o da sübuta yetirir ki, olaylar baş verən yerlərdə öncədən çoxlu telefoto operatorlar, jurnalistlər yerləşdirilmişdi. Bunun nəticəsində düşünülmüş, ssenarisi əvvəlcədən cızılmış Sumqayıt hadisələri saxtakarlıqlarla, uydurmalarla dünyaya yayıldı. Bundan sonra ermənilər Ermənistanda və Dağlıq Qarabağda belə bir əhval yaratdılar ki, artıq azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməzlər. Bunun nəticəsi olaraq indiki Ermənistanın yarandığı əzəli Azərbaycan torpaqlarında yaşayan yüz minlərlə soydaşlarımız 1988-ci ilin sonuna kimi qətlə yetirilməklə, əmlakları talan olunmaqla ən qəddar formada deportasiya olundular.

Dağlıq Qarabağda da vəziyyət getdikcə gərginləşirdi və bu işdə yenə əsas rol oynayan tərəflərdən biri Azərbaycan rəhbərliyinin acizliyindən istifadə edərək hadisələri istədiyi kimi istiqamətləndirən Kreml təmsilçiləri idi. Bütün bunlara qarşı Azərbaycan rəhbərliyi tərəfindən heç bir qətiyyətli addım atılmadı. M.Qorbaçov isə tədbir görmək əvəzinə, DQMV-nin sosial-iqtisadi inkişafının geridə qalması barədə ermənilərin uydurduqları yalanı müdafiə edərək ittifaq büdcəsindən vilayətə 400 min rubl vəsait ayrılmasına göstəriş verdi. 1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. İyul ayında SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə edilən zaman Azərbaycandan olan deputatlarla yanaşı, qanunazidd olaraq Ermənistandan olan deputatlar da eyni hüquqda orada iştirak etdilər. Bu isə Qorbaçov və onun ətrafının Ermənistan üçün yaratdığı yeni imkan demək idi.

İttifaq rəhbərliyinin Azərbaycan xalqına qarşı ən böyük xəyanəti özünü növbəti dəfə 1989-cu ilin yanvarında göstərdi. Belə ki, həmin il yanvarın 12-də “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında” SSRİ Ali Soveti qərar qəbul etdi və bu, ermənilərin istəyinə tam uyğun idi. Çünki DQMV-də xüsusi idarəçilik forması tətbiq edildiyi ilk gündən birbaşa Moskvaya tabe olan ermənipərəst A.Volski burada yaşayan bütün azərbaycanlı soydaşlarımızın çıxarılmasına nail oldu. Qısa müddətdə 50 min nəfər azərbaycanlı DQMV-dən qovuldu. Halbuki Azərbaycanın siyasi rəhbərliyi sözügedən idarənin yaranmasını böyük uğur kimi qiymətləndirir və bu idarəyə çox böyük ümidlər bəsləyirdi. Yalnız xalq hərəkatının təsiri altında 1989-cu il noyabrın 28-də vilayətin idarəsi mərkəzin nəzarəti altında olan Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı. Təşkilat Komitəsinin sədri təyin edilən V.Polyaniçko əslində öz sələfinin siyasətini davam etdirdi və azərbaycanlılar daha da sıxışdırılırdı.

Ümumiyyətlə, 20 Yanvar faciəsinə qədər SSRİ və respublika rəhbərliyinin çıxardığı qərar və fərmanların heç birində Azərbaycanın xeyrinə bircə maddə belə olmadı. Bir tərəfdən Azərbaycan xalqını sakitləşdirməyə yönələn addımlar atılır, digər tərəfdən isə respublikanın suverenliyinə, ərazi bütövlüyünə xələl gətirən qərarlar qəbul olunurdu. Bu, Ermənistanın SSRİ rəhbərliyi tərəfindən ən yüksək səviyyədə müdafiə olunduğunu göstərirdi.

1989-cu ilin noyabrından səbr kasası dolmuş xalq Bakının mərkəzi meydanında mitinqlərə başladı. Yanvarın 18-də Bakıda və Azərbaycanın 11 rayonunda keçirilən izdihamlı mitinqlərdə ümumi tətilin başlandığı elan edildi. Lakin genişlənməkdə olan xalq hərəkatına ilk dövrlərdə səriştəsiz rəhbərlik, edilən xəyanətkarlıq ölkəni daha ağır vəziyyətə salırdı. Bununla belə, Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsinə şərait yaradan Qorbaçov respublikada genişlənən milli-azadlıq hərəkatının boğulması üçün müxtəlif vasitələr üzərində baş sındırırdı.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəzirov isə Moskvanın marionetkası olaraq həm Dağlıq Qarabağın ermənilərin əlinə keçməsinin qarşısını almaq, həm də ölkədəki vəziyyəti sabitləşdirmək üçün heç nə edə bilmirdi. Əksinə, özünün səhv addımları, yarıtmaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurumu daha da dərinləşdirirdi. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi irəli sürülmüşdü. Bu dövrdə xalq hərəkatına rəhbərlik edənlər də böyük səriştəsizlik göstərir, çox vaxt DTK-nın istədiyi ssenarilərə uyğun hərəkət edirdilər.

1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskinləşdi, qarşıdurma dərinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti son dərəcədə zəiflədi. SSRİ rəhbərliyi isə Azərbaycanı növbəti dəfə cəzalandırmaq üçün Sumqayıt ssenarisinə uyğun təxribatlara start verdi. Milli-azadlıq hərəkatının mərkəzi olan Bakıda ilk olaraq yerli milis tərksilah edildi, mərkəzdən isə daxili qoşun hissələri şəhərə gətirildi. Yanvarın 13-də Bakıda bir erməninin iki azərbaycanlını öldürməsi fitnəkarlıqlar üçün əsas oldu və iki gün ərzində Bakıda süni şəkildə erməni talanı təşkil edildi. Mərkəz tərəfindən düşünülmüş və taktiki baxımdan hərtərəfli hazırlanmış bu məkrli plan hazır ssenari üzrə aparıldı. Elə bu səbəbdən də ayrı-ayrı dəstələrin əməllərinin qarşısını almaq üçün ali hakimiyyət və hüquq-mühafizə orqanları tərəfindən heç bir tədbir görülmədi. Halbuki Bakıda SSRİ Daxili İşlər Nazirliyinin 12 min nəfərlik silahlı qüvvəsi var idi. Bu dövrdə ölkəyə rəhbərlik edən Vəzirov isə yaranan vəziyyətdən istifadə edərək sovet qoşunlarının müdaxiləsinə şərait yaratmağa, bununla həm də xalq hərəkatını boğmağa çalışırdı.

Yanvarın 14-də Azərbaycan KP MK-nın Bürosunda vəziyyət müzakirə olundu və Vəzirovun təkidi ilə çağırılan Azərbaycan SSR Ali Sovetinin sessiyasında DQMV-də və zəruri olarsa, ona bitişik rayonlarda, eləcə də sərhəd boyunca fövqəladə vəziyyət elan edilməsi, lazım gələrsə, mərkəzdən kömək göstərilməsi haqqında qərar qəbul olundu. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin müraciəti ilə SSRİ Ali Sovetinin Rəyasət Heyəti yanvarın 15-də “Dağlıq Qarabağ və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında” fərman verdi. Həmçinin SSRİ Ali Soveti Bakı, Gəncə şəhərlərində, eləcə də başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq edilməsini və digər zəruri tədbirlər görülməsini Azərbaycan SSR Ali Sovetinə təklif etdi.

 

Müdhiş gecə...

 

Bu dövrdə Mərkəzdən Azərbaycana, xüsusən də Bakı ətrafına əlavə qoşun hissələri və hərbi texnika gətirilməsi prosesi davam edirdi. Əslində bu, Bakıya qoşun yeridilməsi üçün ilkin hazırlıqdan başqa bir şey deyildi. Xalq hərəkatına rəhbərlik edənlər, o cümlədən Xalq Cəbhəsinin təmsilçiləri isə vəziyyəti düzgün qiymətləndirmək əvəzinə, şəhərin ətrafında, o cümlədən Bakı qarnizonu ətrafında sədlər, barrikadalar yaratmağa başladı. Yük və minik maşınlarından, avtobus və trolleybuslardan, eləcə də başqa vasitələrdən istifadə etməklə barrikadalar quruldu, piketlər düzəldildi. Lakin 20 Yanvarda bu düzgün olmayan taktikadan bəhrələnən sovet ordusu çoxlu sayda dinc əhalinin qırılmasına, yaralanmasına rəvac verdi.

Yanvar hadisələri ərəfəsində Moskva SSR Ali Soveti İttifaq Sovetinin sədri Y.Pirmakovu və Sov.İKP MK katibi Girenkonu Bakıya göndərdi. Lakin onların AXC-nin radikal və liberal qanadları ilə görüşüb apardığı danışıqlar heç bir nəticə vermədi. Yanvarın 17-də Azərbaycan KP MK binası qarşısında böyük mitinq başlandı və üç gün davam etdi. Mitinqlərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulması, Bakı ətrafına yığılmış qoşunların Dağlıq Qarabağa göndərilməsi, respublika rəhbərliyinin istefası və digər tələblər irəli sürüldü.

Sovet rəhbərliyi isə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin qarşısını almaq, milli-azadlıq hərəkatına zərbə vurmaq, habelə digər müttəfiq respublikalara dərs vermək üçün 1990-cı il yanvarın 19-da “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” fərman imzaladı. Halbuki bununla Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozurdu.

Digər tərəfdən bu fərmanın tətbiqi barədə əhaliyə məlumat verilməmişdi. Xalqdan fərqli olaraq respublika rəhbərliyi yanvarın 20-nə keçən gecə Bakıya ordu yeridiləcəyindən xəbərdar idi. Həmin günlər güman edilirdi ki, ölkə rəhbərliyinin istefa verməsi gərginliyi nisbətən azaldar, adamlar barrikadaları tərk edərək dağılardılar. Lakin bunun əksinə olaraq, axşamçağı boş küçələrdə üstünə səsgücləndirici quraşdırılmış maşınlardakı insanlar xalqı piketlərə səsləyirdilər.

Yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbəri M.Qorbaçovun göstərişi və Azərbaycanın o zamankı səriştəsiz rəhbərlərinin razılığı ilə Bakıya qoşun yeridildi. Azərbaycanı informasiya blokadasına almaq və xalqın haqq səsini boğmaq üçün SSRİ DTK-nın “Alfa” qrupu respublika televiziyasının enerji blokunu yanvarın 19-da partlatdı. Televiziya susduruldu, kütləvi informasiya vasitələri üzərinə, qəzet və jurnalların nəşrinə qadağalar qoyuldu. Beləliklə, Azərbaycan tam şəkildə blokadaya düşdü, əhali hər hansı bir məlumat almaq mənbəyindən məhrum oldu.

Bakıya qoşun yeridiləndə isə tanklardan, zirehli transportyorlardan, piyadaların döyüş maşınlarından istifadə edildi. Zirehli texnikanın üstündə nömrələr yox idi. Qırmızı Bayraq Ordenli Xəzər Hərbi Donanmasının gəmilərindən desant çıxarılmışdı. Tanklar və ZTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər qarşılarına çıxanları amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Gözlərini qan tutmuş hərbçilər yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

 

(ardı var)

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video