07 Mart 2021 00:48
1044
Elm və texnika
A- A+

Qan bahasına yaranan bayram

 

Çoxları elə bilir ki, 8 Mart  Beynəlxalq Qadınlar Günü xanımlara çiçək və hədiyyə almaq üçün təsis edilib. Ancaq tarixə nəzər salsaq, bu günün kökündə qadının cəmiyyətdəki rolu və hüquqları uğrunda mübarizəsinin dayandığı məlum olur.

1857-ci il martın 8-də Nyu York şəhərində tikiş və ayaqqabı fabrikində çalışan qadın işçilər nümayişə çıxırlar. Onlar 10 saatlıq iş günü, işıqlı və rahat iş yeri, kişilərlə eyni maaş tələb edirlər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində isə qəpik-quruş alırdılar. Ancaq polis nümayişi dağıtmaq üçün işçilərə hücum edir və fabrikin qapılarını bağlayır. İçəridə yanğın başlayır. İşçilər fabrikin qarşısında qurulan barrikadaları keçib qaça bilmirlər. Nəticədə çoxu qadın olmaqla 129 işçi yanaraq həyatını itirir. Beləliklə, qadınların haqqı uğrunda apardığı mübarizəyə qanla yekun vurulur.

Bu hadisədən 51 il sonra, 1908-ci il martın 8-də Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın daha az iş saatı, kişilərlə bərabər əməkhaqqı və səsvermə hüququ tələbi ilə nümayiş keçirir. Nümayişdə ilk dəfə olaraq analıq məzuniyyəti icazəsi də tələb olunur. Həmin qadınların şüarı “Çörək və gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha yüksək rifahlı həyat tərzini ifadə edirdi...

Bir il sonra, 1909-cu il fevralın 28-də Nyu Yorkda ilk Qadınlar Günü mərasimi baş tutur. Bu, Amerika Sosialist Partiyası tərəfindən qadın işçilərin 1908-ci ilki tətilinin xatırlanması münasibətilə təşkil olunmuşdu.

1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən 2-ci Beynəlxalq Sosializm Konfransında Almaniya Sosial Demokrat Partiyası liderlərindən olan Klara Setkin tikiş fabrikinin yanğını zamanı ölən qadın işçilərin xatirəsinə ehtiram olaraq 8 Martın “Dünya Qadınlar Günü” kimi qeyd olunmasını təklif edir və bu, qəbul olunur.

Qadınlar günü ilk dəfə Avstriya, Danimarka, Almaniya və İsveçrədə 1911-ci il martın 19-da qeyd edilir. O zaman milyondan artıq kişi və qadın nümayişlərə qoşulur.

1914-cü il martın 8-də Rusiyada Beynəlxalq Qadınlar Günü baş tutur. Həmin günün mərasimi qadınların 1918-ci ilə kimi qazana bilmədikləri seçki hüququna həsr olunur. Eyni tarixdə Londonda da qadınların seçki hüququna dəstək məqsədilə Trafalqar meydanına doğru yürüşü baş tutur.

1917-ci il martın 8-də Sankt-Peterburqda Qadınlar Gününün qeyd olunması ilə bağlı nümayişlər Fevral inqilabının əsasını qoyur. Həmin gün qadınlar “Çörək və sülh” şüarı ilə küçələrə çıxıb, I Dünya müharibəsinin, Rusiyadakı ərzaq qıtlığının və çarizmin bitməsini tələb edirlər. Bundan 4 gün sonra çar II Nikolay devrilir. Müvəqqəti hökumət qadınlara səsvermə hüququ verir.

Oktyabr inqilabından sonra bolşevik Aleksandra Kollontay və Vladimir Lenin 8 Martı  SSRİ-də rəsmi bayram elan edirlər. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 8 may 1965-ci il fərmanıyla Beynəlxalq Qadınlar Günü qeyri-iş günü elan olunur.

1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ilin “Beynəlxalq qadın ili” elan edilməsindən sonra Birləşmiş Millətlər Təşkilatında 8 Mart ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirilir. İki il sonra 1977-ci ildə isə BMT-nin Ümumi Qurultayında 8 Mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edilir.

8 Mart Beynəlxalq Qadınlar Günü hər il Azərbaycanda da dövlət səviyyəsində qeyd olunur. Ölkə Prezidenti bayram münasibətilə Azərbaycan qadınlarını təbrik edir, öz peşələrində uğur qazanan xanımları fəxri ad və mükafatlarla dəyərləndirir.

 

Xəyalə MURADLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video