26 Iyun 2021 01:23
1933
SİYASƏT
A- A+

Qaliblərin bayramı

 

- Böyüyəndə nə olmaq istəyirsən?

- Əsgər.

- Niyə?

- Çünki güclü olub torpaqlarımızı qorumaq istəyirəm.

- Sənə nəyin hədiyyə edilməsini arzulayırsan?

- Əsgər forması...

Oğlan uşaqlarına bu sualları verdiyimiz zaman daha çox eyni cavabları eşidirik. Onların demək olar ki, çoxu hərbi forma geyinib əsgər olmağı xəyal edir. Çünki əsgər onların anlamında məğlubedilməz qəhrəmandır.

Elə kiçiklikdən qəhrəmana çevrilmək, bu Vətənə xidmət etmək, ordunun yenilməz əsgəri olmağı arzulayır, düşmənə qalib gəlməyi şərəf bilirlər.

Azərbaycan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə məhz bu ruhda yetişmiş gənclərin, onlardan formalaşmış vətənpərvər ordunun sayəsində qalibiyyəti əldə etdi, işğaldan azad edilmiş torpaqlarımızda zəfər bayrağını göylərə qaldırdı.

 

Yalnız güclü ordusu olan xalq öz haqqına sahib çıxa bilər

 

Azərbaycan Ordusu 103 illik tarixində bu il ilk dəfədir ki, 26 iyun-Silahlı Qüvvələr Gününü zəfər qazanmış ordu kimi böyük ruh yüksəkliyi ilə qeyd edir.

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov bildirir ki, bu il Silahlı Qüvvələr Gününün keçirilməsi daha qürurvericidir. Çünki Azərbaycan Ordusu öz zəfəri ilə builki bayramı qaliblərin bayramına çevirdi.

Onun sözlərinə görə, diplomatik döyüşdə Azərbaycanın haqq işinə mane olan qüvvələrin müqavimətini qırmağa  nail  olan Ali Baş Komandanın Vətənə məhəbbət ruhunda yetişdirdiyi əsgər və zabitlər cəbhədə  əsl qəhrəmanlıq göstərdilər, düşməni torpaqlarımızdan qovdular. Azərbaycan Ordusunun torpaqlarımızı azad etməsi Vətən müharibəsinin qələbə ilə nəticələnməsinə səbəb oldu: “Düşmən tarixi  Azərbaycan torpaqlarından çıxmaqdan imtina edəndə Ali Baş Komandan siyasi qərarını verdi. Problemin həllinə beynəlxalq hüququn gücü çatmayanda Azərbaycan güc hüququndan istifadə edərək tarixi torpaqlarımızı  azad etmək üçün Vətən müharibəsinə başladı, xalq bir yumruq kimi birləşdi, qələbə qazandı”.

Qalibiyyət üçün güclü ordunun olmasını vacib sayan tarixçi alimin sözlərinə görə, yalnız güclü ordusu olan xalq öz torpaqlarına sahib ola bilər: “Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra xarici müdaxilə və daxili siyasi böhranla üz-üzə dayandı. Hakimiyyət mövcud vəziyyətdən baş çıxara bilmədi, torpaqlarımızın xeyli hissəsi düşmən qüvvələri tərəfindən işğal olundu. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gələndən sonra ordu quruculuğu işinə başladı. Ümummilli Lider müasir Azərbaycan Ordusunun qurulması üçün qısa zaman kəsiyində ali hərbi məktəblərin yaradılmasına nail oldu, hərbi  əməkdaşlıq sahəsində bir sıra dövlətlərlə əməkdaşlığa başlandı. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu işi “17 illik hakimiyyətim dövründə hər gün əsgərimin yanında oldum. Bu müharibənin qəhrəmanı Azərbaycan əsgəridir” deyən Azərbaycan Prezidenti, Ali Baş  Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

 

Ən qüdrətlilər sırasında

 

Son illər ərzində uğurla inkişaf edərək Qafqazın hərbi gücünə çevrilən, dünyada orduların vəziyyətini qiymətləndirən sanballı qurumların reytinq siyahısına düşən Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibədə təkcə regionun ən güclüsü olduğunu təsdiqlətmədi. O, həm də dünyanın 50 ən güclü ordusundan biri olduğunu real şəkildə beynəlxalq aləmə nümayiş etdirdi.

Prezident İlham Əliyevin vurğuladığı kimi, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin atəş nöqtələrini qısa zamanda uğurla məhv edən ordumuzun Vətən müharibəsindəki müasir döyüş taktikası dünyanı heyrətləndirdi. Onun apardığı müharibə güclü məntiqə əsaslanmış, “ağıllı” müharibə idi.

Ərazi bütövlüyümüzün bərpası üçün əsas güc strukturu olan Azərbaycan Ordusunun hazırkı yüksək səviyyəyə gəlib çatması asan məsələ deyildi. Bu uğurların baş verməsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, ordu quruculuğu sahəsində aparılan səmərəli islahatlar olduqca mühüm rol oynayıb. Son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı üçün milyardlarla dollar vəsait xərclənib.

İlham Əliyev dəfələrlə Azərbaycan Silahlı Qüvvələrinin texniki təchizat baxımından güclü ordular sırasında olduğunu, zirehli texnikanın ən yüksək standartlara cavab verdiyini, hava hücumuna qarşı müdafiə sisteminin müasirləşdiyini söyləyib. Hələ ötən il Prezident İlham Əliyev “Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim Prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir” deyərək Azərbaycan Ordusunun çox yüksək peşəkarlığa malik olduğunu nəzərə çatdırıb. 

Ehtiyatda olan polkovnik, hərbi ekspert  Şair Ramaldanov hesab edir ki, Ümummilli Lider Heydər Əliyevin yolunu davam edən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin ən müasir texnika və avadanlıqla təmin edilməsi, ordunun döyüş potensialının inkişafına şəraitin yaradılması onun qısa zaman ərzində dünyanın 50 ən güclü ordusu sırasında yer alması iə nəticələndi.

Ekspertin sözlərinə görə, Azərbaycan zabitləri həm postsovet məkanında, həm NATO ölkələrində keçirilən bütün tədbirlərə dəvət alırdılar və oradan ən yeni təşəbbüslərlə qayıdırdılar. Azərbaycan Ordusunda daim aparılan islahatlar nəticəsində onun güclü olmasına, döyüş potensialının yüksəlməsinə nail olunub. Bütün bu nailiyyətlərin nəticəsində Azərbaycan Ordusu 44 gün ərzində Ermənistanın işğalçı qüvvələrini darmadağın edə və dövlətin ərazi bütövlüyünü bərpa edə bildi: “Azərbaycan Ordusunun bu nailiyyətlərini məhz peşəkarlıq, qəhrəmanlıq nümunələri kimi dəyərləndirmək olar. Ordunun qalibiyyət əldə etməsinin əsas səbəbləri onun müasir silahlarla təmin edilməsi, yüksək intellektual potensiala malik olan şəxsi heyətin Azərbaycan Ordusuna gətirilməsi, Azərbaycanın öz torpaqlarını azad etməsi üçün apardığı haqq işi, Prezident İlham Əliyevin həm bir sərkərdə kimi müdrikliyi, həm də bir siyasətçi kimi müdrik siyasət yeritməsidir”.

 

Qibtə doğuran ordu

 

Müstəqilliyimizin ilk illərində ölkə daxilində hakimiyyət uğrunda  qarşıdurmaların baş verməsi hərbi sahədə də pərakəndəliyin yaranmasına səbəb olmuşdu. Bu isə getdikcə daha çox torpağımızın ermənilər tərəfindən işğal edilməsi ilə nəticələnirdi. Erməni təcavüzü ilə uğurla mübarizə aparmaq üçün, ilk növbədə, qüdrətli ordu yaratmaq, bu sahədə buraxılmış kobud səhvləri aradan götürmək, xalqın döyüş ruhunu yüksəltmək, müharibə dövrünə uyğun təbliğat aparmaq lazım idi.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov deyir ki, ordu quruculuğunu daim diqqət mərkəzində saxlayan Azərbaycanın Ordusu regionda və bütün dünyada qibtə doğurur. Ancaq hazırkı müzəffər ordunun qurulması uzun yollardan keçərək bugünkü vəziyyətinə  çatıb: “Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etsə də, həmin dövr təkcə formal müstəqillik deyil, həm də formal ordu gerçəkliyi hadisəsi idi. Ona görə də cəlb edildiyimiz müharibədə ordumuz erməni işğalçılarının həmlələrini dəf edə bilmir, milli təhlükəsizliyimizi qorumağı bacarmırdı. Bu azmış kimi Milli Ordumuz ölkəmizdə cərəyan edən siyasi proseslərə cəlb edilir, ayrı-ayrı siyasətçilərin hərbi birləşmələrinə çevrilirdi. Nəticədə ərazilərimizin 20 faizi işğala məruz qaldı, ölkəmizdə  vətəndaş müharibəsi başladı” .

Hikmət Məmmədov bildirir ki, yalnız 1993-cü ildə böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə sözün əsl mənasında milli ordu quruculuğuna start verildi. Bütün qeyri-qanuni hərbi birləşmələr buraxıldı. Vahid komandanlığa tabe olan nizami ordu qurulmağa başlandı. Beləliklə də ordu quruculuğu işində ilk və olduqca mühüm addım atıldı.

Hərbi  ekspert  Şair Ramaldanov da qeyd edir ki, hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Ordusunun formalaşdırılması üçün ilk addımlarını atan Ümummilli Lider Heydər Əliyev hərbi sahədə apardığı işlər sayəsində qısa bir zamanda düşmənin irəliləməsinin qarşısını aldı. 1994-cü ilin yanvar ayında Horadiz əks-hücum əməliyyatı keçirərək 22 yaşayış məntəqəsi, o cümlədən Horadiz qəsəbəsinin, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin düşməndən azad edilməsinə nail oldu: “Düşmən Bişkek sazişini imzalamağa məcbur edildi və atəşkəs elan olundu. Ondan sonra Azərbaycan Ordusu sürətlə inkişaf edərək qısa bir zamanda bölgədə birinci oldu”.

Şair Ramaldanov Azərbaycan Ordusunun son 20 il ərzində böyük inkişaf yolu keçdiyini və daim yeniliklər axtarışında olduğunu söyləyir. Onun sözlərinə görə, Azərbaycan Ordusu 20 il ərzində bütün istiqamətlərdə dəyişdi, Silahlı Qüvvələrin bütün qoşun növləri müasir texnika ilə təmin olundu. Bu illər ərzində Azərbaycan Ordusu onun qarşısında qoyulan əsas döyüş tapşırığını yerinə yetirməyə - torpaqlarımızı işğaldan azad etməyə tam hazır oldu. Ali Baş Komandanın əmrini gözləyən Ordu tapşırıq alandan sonra böyük qəhrəmanlıq göstərərək zəfər qazandı: “Biz Azərbaycan Ordusunun son 20 il ərzindəki inkişafının nəticələrini döyüş meydanında gördük. Düşmənin işğal etdiyi ərazilərimizdə müdafiə istehkamlarını möhkəmlətməsinə baxmayaraq, hərbçilərimiz çətin relyefi olan ərazini qısa bir zamanda qət edərək Şuşaya gedib çıxdılar, düşməni darmadağın etdilər. Kapitulyasiya aktının imzalanmasını Azərbaycan Ordusunun son 20 ildəki nailiyyətlərinin nəticəsi kimi qeyd etmək olar”.

 

Yeni mərhələ

 

2003-cü ildən sonra ordu quruculuğu prosesində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tamamilə yeni bir mərhələ başlayıb. Hikmət Məmmədovun sözlərinə görə, bu mərhələ indiki müzəffər ordumuzun yenidən komplektləşdirilməsi, hərbi texnika ilə təchiz edilməsi mərhələsidir. Yeni mərhələ həm də Azərbaycanda ilk dəfə hərbi sənayenin yaradılması dövrüdür.

Deputatın fikrincə, verilən strateji qərarlar ötən müddət ərzində ordumuzda kordinal keyfiyyət dəyişiklikləri yaratdı, 2016-cı ilin Aprel döyüşlərində öz gücünü göstərib ilk dəfə düşmən üzərində qələbə qazanmaqla həm də özünəinamı bərpa etdi. Hərbi-psixoloji baxımdan bu qələbə olduqca mühüm hadisə idi: “Cəmi dörd il sonra Azərbaycan Ordusu sübut etdi ki, o, dünyanın ən yaxşı təchiz edilmiş, ən yüksək döyüş qabiliyyətli və ən vətənpərvər ordularından biridir. 2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi şanlı ordumuzun qəti qələbəsi ilə tarixə yazıldı. Düşmən Ermənistanın işğalçı ordusu darmadağın edildi. Bu mühüm  hadisə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin və onun qurduğu şanlı  ordumuzun adını tarixə qızıl hərflərlə əbədi olaraq yazdı. Bu artıq yaşanmış gerçəklikdir və hər bir azərbaycanlı öz Prezidenti və Ordusu ilə fəxr edir”.

 

İki dövrün müqayisəsi

 

44 günlük müharibə nəticəsində qazanılmış zəfərdə payı olan şəxslərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, jurnalist həmkarımız Rəşad Baxşəliyevdir. 2001-2003-cü illərdə taqım komandiri kimi hərbi xidmət keçən Rəşad Baxşəliyev Vətən müharibəsinin könüllü iştirakçısıdır. Cəbrayıl, Qubadlı, Xocavənd, Şuşa istiqamətlərində aparılan döyüşlərdə iştirak edib. Göstərdiyi şücaətə görə, “Qubadlının azad edilməsinə görə” medalı ilə təltif edilən müsahibimiz ordumuzun həm əvvəlki, həm də müasir vəziyyətini canlı görən ehtiyatda olan hərbçilərimizdəndir.

Hərbi xidmət keçdiyi dövrlə müharibə dövründəki vəziyyəti müqayisə edən Rəşad Baxşəliyev deyir ki, islahatlara yeni başlayan Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətində 2001-2003-cü illərdə vətənpərvərlik, döyüş əzmi yüksək olsa da, hərbi təchizat indiki kimi deyildi. “Hələ də keçmiş sovet dövründən qalmış hərbi texnikalar, silah-sursatlardan istifadə edirdik. Ordumuzun ümumi təminatı bu gün olduğu kimi ən müasir standartlar səviyyəsinə çatmamışdı. Ancaq Vətən müharibəsində tam başqa - istənilən döyüş tapşırığını qalibiyyətlə yerinə yetirməyə qadir qüdrətli ordu gördüm. Vətən müharibəsinədək Azərbaycan Ordusunun gücü bəlli idi, paradlarda qoşunların arsenalına hansı hərbi texnikaların daxil edildiyini görmüşdük. Ancaq 44 günlük savaş əsl reallığı ortaya qoydu. Düzdür, İkinci Qarabağ müharibəsinədək ordumuzun uğurlu Aprel, Günnüt və Tovuz döyüşləri olmuşdu. Lakin həmin döyüşlərdə Silahlı Qüvvələrin arsenalında olan az bir qisim hərbi texnika və silah-sursatdan istifadə edilmişdi. Vətən müharibəsi isə Azərbaycan Silahlı Qüvvələrinin gücünü, şəxsi heyətinin döyüş ruhunu, əzmini dünyaya nümayiş etdirdi”.

Rəşad Baxşəliyevin sözlərinə görə, Vətən müharibəsi zamanı işğalçı ölkə bir daha gördü ki, qarşısında 1990-cı illərin əvvəllərində olduğu kimi, pərakəndə hərbi dəstələr deyil, peşəkar, ən müasir silahlarla təchiz olunan, döyüşkən və regionun ən güclü nizami ordusu var: “Qürurverici hal idi ki, müharibə başlayan gündən Silahlı Qüvvələrin şəxsi heyəti qisas və qələbə hissi ilə döyüşə girmişdi. Azərbaycan əsgəri yalnız öz gücünə, peşəkarlığına, xalqına və ən əsası Ali Baş Komandanı İlham Əliyevə güvənərək ərazi bütövlüyümüzün bərpasına qadir olduğunu dünyaya nümayiş etdirdi. Onu da xüsusi olaraq vurğulayım ki, Azərbaycan Ordusu çətin relyef şəraitində, mürəkkəb istehkamları darmadağın edərək qələbə qazandı. Prezidentimizin də söylədiyi kimi, Azərbaycan Ordusu XXI əsrin müharibəsini apardı”.

Müsahibimiz əlavə edir ki, Azərbaycan dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları silahlara, texnikalara sahibdir. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırılıb. Silahlı Qüvvələrimizin hədəfi son dərəcə yüksək dəqiqliklə vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə tam modernləşdirilməsi Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərdəndir: “Bunun nəticəsidir ki, son bir neçə ilin statistikasına əsasən, Azərbaycan müasir silahlanmaya görə Avropada 2-ci, dünyada 3-cü yerdə qərar tutub: “Şübhəsiz ki, bütün bu uğurlar həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasəti sayəsində mümkün olub. Əgər belə olmasaydı, Azərbaycan BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra və cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi”.

Ehtiyatda olan hərbçi hesab edir ki, hərbi sənaye kompleksini də formalaşdıran Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Azərbaycan öz ordusunu istehsal olunan yerli hərbi təyinatlı məhsullarla əhəmiyyətli dərəcədə təchiz edə bilir: “Bütün bunlar göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində kompleks islahatlar aparılır. Həm ordunun arsenalına ən modern silahlar daxil edilir, həm qoşun növlərinin döyüş qabiliyyəti artırılır, həm də hərbçilərin sosial şəraiti yüksəldilir”.

  

Ordumuz daha güclü, dövlətimiz daha qüdrətli olacaq

 

Alınmaz qala sayılan Şuşanı azad etmək üçün Vətən oğulları güllə yağışı altında qayalara dırmaşaraq dillərə dastan düşən qəhrəmanlıqlar göstərdilər, bayrağımızı ən uca zirvələrdən asdılar. Bu oğullar torpağımızın işğal altında olan hər qarışının azad edilməsi üçün fədakarlıq göstərdilər. “Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” deyərək verdiyi vədi yerinə yetirən Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan Ordusunun məhz belə igidləri sayəsində  torpaqlarımızın işğaldan azad edilməsinə nail olduq.

 Ən böyük hünər və qəhrəmanlıqlar Vətən naminə edilir. Bu müharibə də Azərbaycan Ordusunun hünər, qəhrəmanlıq meydanı idi. Öz qüdrəti ilə yeni tarix yazan ordumuz dünyanın güc ölkələrinin edə bilmədiyini öz gücü ilə etdi.

30 ilə yaxın erməni tapdağı altında əzilən torpaqlarımız bu gün məğlubedilməz Azərbaycan əsgərinin şanlı, zəfər addımlarının gücündən möhkəmlənir, əvvəlki qüdrətini bərpa edir. Torpağımız onu mənfur düşmənə təslim etməyəcək Azərbaycan əsgərinə, Azərbaycan əsgəri isə onu yenilməz edən Ali Baş Komandanına güvənir. Azərbaycan əsgəri qalib sərkərdəsinin arxasında qürurla addımladıqca bu ordu daha güclü, bu dövlət daha qüdrətli olacaq!

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video