20:04 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qalib Sərkərdənin Zəngəzur diktəsi: Qayıdacağıq!

ANA SƏHİFƏ / SİYASƏT
00:53 23.04.2021

 

İlham Əliyevin növbəti dəfə göstərdiyi qətiyyət və cəsarət Ermənistanda şok effekti yaradıb

 

“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

İkinci Qarabağ müharibəsinin qalib Sərkərdəsinin bu fikirləri siyasi və sosial-iqtisadi xaosa bürünmüş məğlub Ermənistanı çox bərk silkələyib. Əgər belə olmasaydı, İlham Əliyevin aprelin 20-də Hacıqabulda səsləndirdiyi fikirləri bu ölkənin XİN-i dərhal konteksdən çıxararaq “Ermənistanın ərazi bütövlüyünə təhdid” olduğunu iddia edib dünyaya car çəkməzdi. Amma belə iftiralar, oyunlar Azərbaycanı zərrə qədər qorxutmur. Çünki bu gün qalib Lider kimi diktəni İlham Əliyev edir, Azərbaycanın Baş Sərkərdəsinin sözü keçir.

 

Artıq Azərbaycanla oyun  oynamağın faydası yoxdur

 

Fakt budur ki, müharibədən öncə Azərbaycan Prezidentinin dəfələrlə Ermənistana etdiyi xəbərdarlıqlara əhəmiyyət verməyən işğalçı ölkə, indi İlham Əliyevin hər bir mesajından sonra əl-ayağa düşür. Çünki erməni xalqı artıq reallığı görür və bununla  barışır. Bilirlər ki, İlham Əliyev dediyi sözün arxasında durur, verdiyi vədi mütləq gerçəkləşdirir. Erməni xalqı dəmir yumruğun zərbəsinin çox acı nəticələr verdiyini də unutmur və anlayır ki, artıq Azərbaycanla oyun oynamağın faydası yoxdur. Həqiqətən də bu ölkənin vətəndaşları bu gün reallığın, gerçəkliyin fərqinə varmaqdadırlar, buna məcbur və həm də məhkumdurlar.

İlham Əliyevin Hacıqabuldakı bəyanatı bu gün geniş müzakirə mövzusuna çevrilib. Çünki Azərbaycanın Lideri qətiyyətli şəkildə bəyan etdi ki, əsas rəqibimiz zamandır. Ona görə ki, dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Bu səbəbdən də bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Layihə başa çatdıqdan sonra Azərbaycan xalqı 101 il bundan əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq.

Bu ciddi, birmənalı bəyanatın arxasında, əlbəttə ki, siyasi iradə və qətiyyət dayanır. İlham Əliyevin indiyədək yürütdüyü tam müstəqil siyasət, prinsipiallıq, ədalətlilik, humanizm prinsiplərinə sadiqliyi hər kəsə bəllidir. Dünya İlham Əliyevi belə qəbul edir.

Azərbaycan Prezidentinin fikirlərində Ermənistanın ərazi bütövlüyünə heç bir təhdid əlaməti yoxdur. İlham Əliyev hər zaman olduğu kimi, fikirlərini kifayət qədər aydın və konkret şəkildə ifadə edib. Lakin Ermənistan XİN eşitdiklərini istədiyi şəkildə yozaraq bir daha öz mənfur niyyətini, erməni xislətini ortaya qoyub.

Onu da əlavə edək ki, Bakıda Hərbi Qənimətlər Parkının açılışı da Ermənistanda böyük hay-haraya səbəb olmuşdu. Hətta Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Margaryan bununla bağlı Antonio Quterreşə məktub da göndərmişdi. Guya parkda erməni hərbçilərin boş qalmış dəbilqələri və şəxsi əşyaları, maketləri qeyri-insani şəkildə təqdim edilib. Nə qədər həyasız olmalısan ki, bu ifadələri işlədə biləsən...

 

“Zəngəzur dəhlizi mütləq istifadəyə veriləcək”

 

İlham Əliyev yalnız 10 noyabr bəyanatında göstərilən müddəaların icra prosesini dəyərləndirərək Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınma hallarının ola biləcəyi halda bu ölkə üçün baş verə biləcək nəticələrə diqqət çəkib. Yəni görülən işlər 10 noyabrda təsdiq olunmuş öhdəlikdir. Bu baxımdan öhdəliyin həyata keçirilməsində qalib dövlət kimi Azərbaycan israrlıdır.

Təbii ki, bu bəyanat Moskvada 3 ölkə arasında imzalandığı üçün Rusiya da Azərbaycanın mövqeyini dəstəkləməlidir. Belə olan halda Ermənistan da yaxşı bilir ki, istənilən bəhanə, hansısa öhdəlikdən boyun qaçırması özünə zərbə olacaq.

Hələ aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışında da İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı məsələyə aydınlıq gətirmişdi.

ABŞ-ın Prinston Universitetinin dosenti Maykl Reynoldzın “Azərbaycan hazırkı Ermənistan ərazisinin bir hissəsinin tarixən Azərbaycana məxsus olması və həmin ərazilərin bir gün Azərbaycan tərəfindən geri qaytarıla biləcəyi ilə bağlı iddialardan çəkinəcəkmi?” sualına cavabında İlham Əliyev birmənalı şəkildə vurğulamışdır ki, Zəngəzur qədim Azərbaycan torpağıdır. Bu məkan 1920-ci ildə, 101 il əvvəl Ermənistana verilib. Yəni ondan əvvəl o torpaq Azərbaycana məxsus olub. Tarix sübut edir ki, ermənilərin bu gün Sevan adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. XX əsrin əvvəlindəki xəritələrdə o göl Sevan deyil, Göyçə kimi göstərilib.

İlham Əliyev İrəvanla bağlı da məsələnin eyni olduğunu izah edərək vurğulamışdır ki, ermənilər İrəvanın tarixi hissəsini məhv edib özünküləşdirməyə çalışıblar. Ancaq tarixi faktlar var: “Azərbaycanlılar orada yaşamışlar, o cümlədən mənim ulu babalarım. Bunlar hamısı faktlardır, lakin bizim ərazi iddiasında olmağımız anlamına gəlməməlidir. Bilmirəm bunu eşitmisiniz, yoxsa yox, mən demişəm ki, biz oraya qayıdacağıq. Ancaq mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik”.

Zəngəzur dəhlizi ilə bağlı aparılan danışıqlara, görülən işlərə gəlincə isə İlham Əliyev qətiyyəti şəkildə vurğulamışdır ki, bu dəhliz mütləq istifadəyə veriləcək. Çünki müharibənin nəticələrindən biri də bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli bəyanatda xüsusilə bu məsələnin əks olunması savaşdan qalib çıxan Azərbaycanın həm də böyük siyasi qələbəsidir.

 

Beynəlxalq məhkəmədə cavab verəcəklər

 

Hacıqabulda Azərbaycan Televiziyasına müsahibəsində Qarabağda aparılan ümumi abadlıq-quruculuq işlərindən söz açan İlham Əliyev əsas kimi yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər getdiyini söylədi. Bəlli oldu ki, yaxın günlərdə Füzuli-Şuşa yolu, yəni Zəfər yolundan başqa, Horadiz-Zəngilan avtomobil yolunun da təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlayıb və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Prezident bu yolun Zəngəzur dəhlizinə gəlib çatacağını və artıq cədvəl üzrə işlərin getdiyini də vurğuladı.

Prezident həmçinin bu işlərlə paralel olaraq, vurulmuş ziyanın hesablanması prosesinin də davam etdirildiyini, bu işə xarici mütəxəssislərin cəlb olunduğunu diqqətə çatdırdı. Məqsəd bəllidir - təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları beynəlxalq məhkəmədə cavab verməlidirlər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib.

Müharibəyə qədər istədiyi oyunlardan çıxan, həmsədr dövlətlərin, beynəlxalq təşkilatların yaratdıqları cəzasızlıq mühitindən lazımınca yararlanan Ermənistan indi dalana dirənib. Bütün bunlara rəğmən, yəni azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətməsi, tarixi, dini abidələrimizi dağıtması fonunda belə İlham Əliyev Ermənistanla əməkdaşlıq məsələsinin də mümkünlüyünü vurğuladı. Təbii ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmayacaq və heç vaxt bağışlamayacaq. Amma bununla paralel olaraq, öz maraqlarımızı təmin etmək üçün lazımi addımların atılması labüddür. Bu da Azərbaycanın ilk növbədə milli maraqları naminə atılan addımlardır.

Bir sözlə, məğlub Ermənistan götürdüyü bütün öhdəliyi yerinə yetirmək məcburiyyətindədir. Ən azı ona görə ki, artıq qarşısında güclü və haqlı Azərbaycan dövləti var. Prezidentin söylədiyi kimi, nə qədər bunu tez qəbul etsələr, özləri üçün daha xeyirlidir. Etməsələr də, zorla həll edə bilərik.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM