04 Mart 2021 00:47
1310
SİYASƏT
A- A+

Qalib Sərkərdənin uğurlu “yol xəritəsi” hazırdır

 

İlham Əliyev postmüharibə dövründə regionun yeni inkişaf istiqamətlərini müəyyənləşdirir

 

İkinci Qarabağ müharibəsində hərbi-siyasi qələbəmiz regionda yeni reallıqlar yaratmaqla yanaşı, dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltdi. İndi dünya Azərbaycandan, onun qətiyyətli lideri İlham Əliyevdən danışır.

Hələ Vətən savaşı dövründə 30-a yaxın xarici KİV-ə müsahibəsi ilə Azərbaycanın informasiya müharibəsində qələbəsini təmin edən İlham Əliyev bu gün qalib Sərkərdə kimi postmüharibə dövrünün reallıqlarını izah edir və regionun inkişaf xəritəsini müəyyənləşdirir.

 

Prezident təkcə Ermənistana deyil, dünya birliyinə də mühüm mesajlar verdi

 

Bu bir həqiqətdir ki, beynəlxalq media qurumları Azərbaycanla bağlı heç zaman indiki qədər geniş və əhatəli məlumat yaymayıblar. Əvvəllər Azərbaycan həqiqətləri ilə bağlı susqunluq nümayiş etdirən xarici KİV-in əməkdaşları indi mövcud reallığı öz gözləri ilə görür və qiymət verirlər.

Yəni ölkəmizdə gedən proseslər artıq kənardan deyil, Azərbaycana səfərlər edilməklə izlənilir. Çoxsaylı xarici jurnalistlər işğaldan azad edilmiş ərazilərimizdə olaraq ermənilərin törətdikləri vəhşiliklərin düzgün dəyərləndirilməsini aparırlar.

Fevralın 26-da İlham Əliyevin keçirdiyi mətbuat konfransında 35-dən çox xarici media orqanının 50-yə yaxın sualını dəqiqliklə, məntiqlə, faktlar əsasında cavablandırması və əsl həqiqətləri bəyan etməsi həm də dünya birliyinə bir mesaj idi. Prezident bir daha bəyan etdi ki, bölgədəki sabitlik təkcə Azərbaycan üçün deyil, bütün xalqların və ölkələrin sülhə, sabitliyə və inkişafa ehtiyacı var. Dünya ictimaiyyəti növbəti dəfə İlham Əliyevin nə qədər uzaqgörən, müdrik siyasi xadim olduğunu gördü.

Prezident əsl lider kimi, yüksək diplomatik bacarıqla beynəlxalq media qurumları vasitəsilə baş verən bütün hadisələrə aydınlıq gətirdi. Məğlub Ermənistana yenə də vəziyyətdən qurtuluş yolunu göstərdi. Qeyd etdi ki, ilk növbədə Ermənistan hakimiyyəti 10 noyabr Bəyanatının müddəalarını icra etməlidir. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər. Atəşkəs və üçtərəfli Bəyanatın icrası ilə bağlı Rusiya Prezidenti Vladimir Putinin bir müddət öncə verdiyi reaksiyaya nəzər yetirsək, hər şey aydın olar. Belə ki, Rusiya Prezidentinə ünvanlanan “Ermənistan bu bəyanatın icrasından boyun qaçırmaq istəsə nə olacaq” sualına cavabında Vladimir Putin dedi ki, bu, Ermənistan üçün sui-qəsd olacaq.

İlham Əliyev həmçinin təxribat xarakterli dezinformasiyalara da ətraflı, məntiqli və dəqiq şəkildə cavab verməklə göstərdi ki, Azərbaycana qarşı belə ucuz kampaniyaların aparılması mümkünsüzdür. Çünki zaman-zaman Azərbaycana qarşı belə çirkin kampaniyalar aparılıb və onların hamısı fiaskoya uğrayıb. Bu gün isə qalib ölkəyik və real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğat hər zaman zəfər qazanır. 

 

Region üçün yeni imkanlar

 

Prezident bölgədə uzunmüddətli sülhün təmin edilməsinin istiqamətlərini də göstərərək ümumilikdə regionun gələcək inkişafı üçün bütün imkanların mövcud olduğunu söylədi.

Müharibə başa çatdığı üçün artıq diqqətlər gələcəyə yönəlməlidir. Çünki postmüharibə dövrü əməkdaşlıq, kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaradır. İlham Əliyev bəyan etdi ki, regionun inkişafı naminə icra ediləcək hər bir layihə özündən sonra digər layihənin reallaşmasına real zəmin yaradacaq.  Bu gün artıq regionun gələcək inkişafı üçün yeni şərait yetişib. Nikbinliyə səbəb olan digər amil odur ki, qonşu dövlətlər də  Azərbaycanla eyni mövqeni bölüşürlər. Regionun yüksəlişi üçün inteqrasiya layihələrinin icrası ilə bağlı fikir ayrılığı yoxdur. Əgər təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistanın maraqlarına cavab vermir. Bu, bütün regionun  maraqlarına cavab verir. Yəni Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər.

İlham Əliyev Ermənistana bu məsələ ilə bağlı da mesaj ünvanladı. Bildirdi ki, Ermənistan da regionda gedən proseslərin tərkib hissəsi ola bilər, əgər üzərinə düşən öhdəlikləri icra edərsə. Əgər icra etməzsə, növbəti dəfə bu tarixi şansı itirə bilər, 90-cı illərdəki kimi... Reallaşacaq layihələr yenə də bu ölkədən yan keçəcək, Ermənistan bir quruş da mənfəət görməyəcək. Yəni bu günün reallığını qəbul etməsələr, yenə də eyni aqibətlə üzləşəcəklər. Azərbaycan isə əməkdaşlığa hazırdır və hesab edir ki, bu əməkdaşlıq bölgədə uzunmüddətli sülhün əsas təminatçısı ola bilər.

Azərbaycan, Türkiyə, Rusiya və İran arasında regionun gələcəyi ilə bağlı aydın fikir var. Ona görə də Ermənistan buna qarşı addım atmağa cəhd etməməlidir. Onun siyasi, hərbi və iqtisadi konfiqurasiyasının asılı vəziyyətdə olması bunu şərtləndirir.

Azərbaycan bu regionun tərkib hissəsi olub hər zaman uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndirilib. Yəni Azərbaycan regionun məsuliyyətli ölkəsidir. Yeni reallıqlar da göstərir ki, Azərbaycan doğru yolda inamla addımlayır. Prezident bunu belə qiymətləndirdi: “Bizim strateji baxışımız var. Biz nə istəyirik, bu günə qədər nə istəmişik, bundan sonra nə istəyirik. Bu arzulara, hədəflərə çatmaq üçün nə etməliyik? Bizdə çox aydın baxış və təsəvvür var. Biz bu ümumi plan çərçivəsində bundan sonra da öz addımlarımızı atacağıq və yeni nailiyyətlər, uğurlar da olacaqdır”.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video