14 Oktyabr 2021 00:45
1932
CƏMİYYƏT
A- A+

Qalib Komandanın  qəhrəman əsgəri

 

Birinci Qarabağ müharibəsi məğlubiyyətimizlə bitsə də, bu savaşda Azərbaycanın yüzlərlə vətənpərvər igid oğlu əsl qəhrəmanlıq nümayiş etdirdilər. Onlar hətta bəzən  yüngül atıcı silahlarla ağır hərbi texnikalarla təchiz edilmiş düşmənə qarşı illərlə savaşdılar. Göstərdikləri şücaətlə, igidliklə tək romanların, hekayələrin deyil, həm də könüllərin qəhrəmanına çevrildilər. 

Həmin dövrdə ordunun başında məhz Ali Baş Komandanın olmaması, pərakəndəlik və bəzi qüvvələr arasındakı hərc-mərclik Azərbaycan üçün acı sonluqla nəticələnsə də, qəhrəmanlarımızla hər zaman qürur duyduq, özümüzə örnək seçdik.

Həmin qəhrəmanlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, “Azərbaycan bayrağı” ordenli xüsusi təyinatlı İbad Hüseynovdur.

 

Canlı əfsanə,  qurdürəkli qəhrəman

 

Cəsur qəhrəmanımızı hamımız tanıyırıq, igidlikləri haqqında çox eşitmişik... Həyatına həsr edilən “Əsgər”, “Kəşfiyyatçı” sənədli filmləri və “Qorxulu yuxuların qəhrəmanı”, “Xüsusi təyinatlı İbad”, “Xüsusi Təyinatlı İbad - 2” filmləri lentə alınıb. Ağcabədi və Abşeron ərazisindəki, eyni zamanda, Türkiyənin Ankara şəhərində və Kırşəhər vilayətindəki küçələrə, Qaziantep şəhərində parka adı verilib.

İbad Hüseynovun keçdiyi döyüş yolu, göstərdiyi şücaət hər bir vətənpərvər Azərbaycan gənci kimi elə mənim üçün də örnək olmuşdu. Haqqında bilgilər toplayanda, həqiqətləri eşidəndə onun əsl qəhrəman olduğunu müəyyənləşdirmişdim və ona görə də hər zaman haqqında qürurla, fəxrlə danışırdım.

Məhz İbad Hüseynov kimi igidlərimizin bizə aşıladığı Vətən sevgisi, yüksək döyüş ruhu illər sonra İkinci Qarabağ müharibəsindəki Şanlı Qələbəmizi şərtləndirən ən əsas amil oldu. Bizi qələbəyə, Böyük Zəfərə aparan o igidlərdən aldığımız mənəvi ruh idi. Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi könüllü olaraq yollandığım Vətən müharibəsində də tabeliyimdə olan əsgərləri motivasiya edərkən, onların döyüş ruhunu artırarkən İbad Hüseynovu nümunə göstərirdim. Çünki İbad canlı əfsanə, əsl qəhrəman idi.  

Elə Vətən müharibəsi başa çatdıqdan sonra Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli sərəncamı ilə İbad Mövsüm oğlu Hüseynovun Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsi də bunu təsdiqləyir. Bu, İbadın Birinci Qarabağ müharibəsindəki xidmətlərinə görə verilən yüksək dəyərin göstəricisi idi...

Oktyabrın 9-da isə çox maraqlı və tarixi hadisə yaşandı. Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin birinci ildönümündə Ali Baş Komandan Qalib Sərkərdə kimi həmin əraziyə səfər etdi. Tuğ kəndi ilə tanışlıq zamanı Müzəffər Komandanın yanında Milli Qəhrəman İbad Hüseynov addımlayırdı. Bu, bəlkə də xüsusi təyinatlı baş çavuşun həyatına ən dəyərli və yaddaşında silinməz iz buraxan anlar kimi yazıldı.   

Mən də savaşçı jurnalist kimi əfsanəvi qəhrəmanla görüşüb ondan yaşadığı bu tarixi günün xoş təəssüratlarını bölüşməsini istədim. Keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlarla bağlı çox danışmaq istəməsə də, Ali Baş Komandanla görüşü ilə bağlı çox maraqlı fikirlər səsləndirdi.

Qısa arayış: 18 oktyabr 1970-ci ildə Qarabağda, Xocavəndin Muğanlı kəndində zəhmətkeş bir ailədə doğulub. Ailədə 8 uşaq olublar: 5 qardaş, 3 bacı.

Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman İbad Hüseynov Rusiyanın Amur şəhərində yerləşən hərbi hissədə sovet ordusunda qulluq edirdi. Burada o, sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlilərinin öldürüldüyünü öyrənir və Azərbaycandan olan digər hərbçilərlə birlikdə onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Nəticədə rəhbərlik İbad Hüseynov və aclıq aksiyasında iştirak edən dörd nəfər əsgər yoldaşını 4 ay öncədən tərxis edir.

İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası başlayır. İbad və digər 4 qardaşı Eyvaz, İlyas, Əbülfət və Füzuli Hüseynovlar döyüşlərin ön cəbhəsində idilər. Ailənin böyük oğlu Eyvaz Hüseynovun rəhbərliyi altında könüllü özünümüdafiə dəstələri yaradılmışdı.

Döyüş yolu könüllü taborundan başlayan İbad Hüseynov tezliklə kəşfiyyat bölüyünün komandiri kimi yaxın-uzaq ətrafa qəhrəmanlığı ilə səs saldı. Onun gətirdiyi əməliyyat məlumatları düşmən arxasında icra etdiyi əmrlər, göstərdiyi rəşadət artıq düşməni əməlli-başlı narahat etməyə başlamışdı. Hərbi sursat və texnika olmadığından İbad Hüseynov ermənilərin çox sayda silah və təchizatını ələ keçirərək dəstənin silahlanmasında böyük rol oynadı.

Bir çox uğurlu əməliyyatlar həyata keçirir və hətta Ermənistanı, bütün dünya ermənilərini 3 gün matəmə qərq edir. “Avo” ləqəbli terrorçu Monte Melkonyanın başını bədənindən ayıraraq düşməni vəlvələyə salır.

26 dekabr 1993-cü ildə İbad minaya düşərək ağır yaralanır. Başından, ayaqlarından qəlpə yaraları alır və komaya düşür. Üç ay sonra komadan ayılan İbad illərlə qoltuq ağaclarında gəzməli olur və xəstəxanalarda müalicə alır. Müharibə zamanı aldığı zədəyə görə sağ ayağı və sağ qolu uzun zaman hərəkətsiz qalır. Lakin uşaqlıqdan idmanla məşğul olduğu üçün sağlamlığına qayıda bilir. 9 oktyabr 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilir.

9 dekabr 2020-ci ildə isə Prezident İlham Əliyev tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür.

 

Ali Baş Komandan  səmimiyyəti və xoş rəftarı ilə  məni məftun etdi

 

Ali Baş Komandanla görüşün xoş təəssüratlarından öncə İbad Hüseynov Milli Qəhrəman adını almasından söz açır: “Mənə Milli Qəhrəman adının verilməsi yüksək dəyərdir. Cənab Ali Baş Komandana məni qiymətləndirdiyi üçün təşəkkür edirəm. Cənab Prezident sağ olsun ki, məni şərəfləndirdi. Bu adı aldığım üçün çox sevindim. Çünki sevinməyə haqqım var. Mən hər zaman əsgər olmuşam. Bu gün də cənab Prezidentin əsgəriyəm”.

9 oktyabr tarixi İbad Hüseynovun həyatı üçün xüsusi olaraq yazıldı. Doğma yurdu Xocavənd uğrunda gedən döyüşlərdə, keçirdiyi uğurlu əməliyyatlarda göstərdiyi şücaətə görə 1994-cü ilin 9 oktyabrında Ulu Öndərin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən qəhrəman 27 ildən sonra həmin tarixdə - oktyabrın 9-da Heydər Əliyevin layiqli varisi, Qarabağı azad edən Ali Baş Komandan İlham Əliyevlə birgə addımlayır. Özü də doğma Xocavənddə...

Bu tarixi anları isə özü belə xatırlayır:

- Dəfələrlə labüd ölümün pəncəsinə atılaraq ən ağır döyüş tapşırıqlarını yerinə yetirdim, heç zaman qorxmadım, həyəcan keçirmədim. Amma etiraf edim ki, bu dəfə çox həyəcanlı idim. Bu həyəcanı illər öncə, toy günümdə Ulu Öndər Heydər Əliyevin mənə şəxsən zəng edib təbrik etdiyi zaman yaşamışdım. İllər sonra oktyabrın 9-da o hissləri yenidən keçirdim, Ali Baş Komandan İlham Əliyevlə Hadrutda baş tutan görüş zamanı...

Oktyabr mənim üçün ən əlamətdar aylardan biridir. Oktyabrın 3-də Ulu Öndərin Prezident səlahiyyətlərinə başladığı ilk gündür. Xocavənd rayonu bu ayda işğal olunub və azad edilib. Həmin gün Ulu Öndərin məni “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi gündür, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi gün - 18 oktyabr tarixi və yenə də  mənim doğum günümə təsadüf edir. Və ən nəhayət, 9 oktyabr tarixdə Hadrut qəsəbəsinin işğaldan azad edilməsilə bağlı təşkil edilən dövlət tədbirində ilk dəfə  Müzəffər Ali Baş Komandanla canlı təmasda oldum. Onu da etiraf edim ki, elə ilk saniyələrdə həyəcanım dərhal yox oldu. Cənab Prezident sadəliyi, səmimiyyəti və xoş rəftarı ilə sözün əsl mənasında məni məftun etdi. Sanki həmsöhbətim o deyildi - XXI əsr yeni dövr müharibə elminə imza atmış, ən mükəmməl ordunun sərkərdəsi, 44 gün ərzində mümkün olmayanı reallığa çevirməyi bacaran, yeni dünya düzəninə birbaşa təsir göstərən  qalib Komandan, bütün dünyanı özü ilə hesablaşmağa məcbur edən yenilməz siyasətçi...

Bu böyük şəxsiyyətlə təmas qurmaq, açığı, böyük məsuliyyət tələb edir. Məni ən çox təəccübləndirən Prezidentin həddən artıq səmimi, duyğusal olmasıdır. Vaxtının çoxunu işğaldan azad edilmiş torpaqlara həsr etməsi onun gözəl Qarabağa vurğunluğundan, sevgisindən irəli gəlir. Hadrut qəsəbəsindən 12 kilometr aralıda yerləşən qədim Tuğ kəndinə səfərimiz zamanı bu kəndi yaxşı tanıması ilə Prezident yenə də hamını təəccübləndirdi.

 

İlham Əliyev zəkasının məhsulu

 

Milli Qəhrəman müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı Zəfərindən və bu gün Qarabağda həyata keçirilən tikinti-quruculuq, yenidənqurma işlərindən də söz açdı. Onun fikrincə, son dərəcə böyük hərbi-strateji əhəmiyyətə malik Hadrut qəsəbəsinin geri alınması Qarabağın dağlıq ərazisinə və sonda Şuşamızın işğaldan azad olunmasına gətirib çıxardı:

- Bu elə bir fantastik qələbə oldu ki, dünyanın ən aparıcı dövlətlərinin ordu qərargahları hələ uzun illər Azərbaycan təcrübəsinə istinad edəcək və bu müharibə tədqiqat obyektinə çevriləcək. Burada indiyədək mövcud olan elmi-hərbi nəzəriyyələr və təsəvvürlər tamamilə alt-üst oldu. Ermənilər də tədricən etiraf edirlər ki, Qarabağın azad olunması Azərbaycanın haqqı idi, çünki Azərbaycanın Prezidenti bu yolda  mümkün olan bütün zəruri addımları atdı. Azad olunmuş torpaqların nəhəng tikinti meydanına çevrilməsi də İlham Əliyev zəkasının məhsuludur. Biz İlham Əliyev şəxsində sübut etdik ki, Azərbaycan lideri “dəmir yumruğ”a malik olmaqla yanaşı, həm də qurub-yaradan rəhbər kimi də tarixə düşüb. Belə liderə malik olan xalq, dövlət xariqələr yaratmağa qadirdir. Əgər Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın  memarıdırsa, Prezident İlham Əliyev Qarabağımızı bizlərə qaytarmış və onu laləzara döndərəcək Lider kimi tarixdə əbədi qalacaq.

Ulu Öndər hər zaman deyirdi ki, biz Qarabağa qayıdacağıq. Bax bugünkü qələbəmiz Ulu Öndərin qoyduğu sağlam bünövrənin üzərində qazanılıb. Bilirəm ki, qələbəni qazandıran rəhbərdir. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, düzgün siyasəti bizə Zəfər qazandırdı. Ali Baş Komandan min ölçdü, bir biçdi, “İrəli” əmrini verdi. Vətənpərvər oğullarımızın canı, qanı bahasına Qarabağ azadlığına qovuşdu.

Həyatda insan üçün qələbədən böyük qürur, fərəh yoxdur. Mən də xoşbəxt insanam ki, heç zaman uduzmamışam, nə əlbəyaxa döyüşlərdə, nə də müharibədə.

Bütün həyatım başdan-başa qələbə olub. Qarabağı azad etdiyimiz 44 günlük müharibədə də günüm ordunun içində keçib, bütün bölgələrdə olmuşam. Şanlı ordumuzun qələbələri ilə qürurlanmışam...

Heç kimin şübhəsi olmasın ki, ən yaxın zamanda Qarabağımız əvvəlki füsunkar gözəlliyinə çatacaq, daha da inkişaf edərək, sözün əsl mənasında, dünyanın ən böyük, ən gözəl bağına - cənnət bağına çevriləcək. Bütün bu fantastik hərbi, elmi, iqtisadi nailiyyətləri bizlərə bəxş edən isə Müzəffər Ali Baş Komandan, əvəzedilməz lider və dahi siyasətçi İlham Əliyevdir!

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video