23 Iyul 2021 01:48
2218
SİYASƏT
A- A+

QALİB  GƏLSƏK DƏ, OLANLARI  UNUTMAYAQ!

 

Bir vaxtlar dünyanın ən varlı şəhərlərindən biri  sayılırdın...

Sonra Azərbaycanın ən döyüşkən  şəhərlərindən  birinə  çevrildin.

Qarabağın qeyri-rəsmi mərkəzi, düşmənlə savaşanların dayaq nöqtəsi oldun.

Yiyəsizlik, sahibsizlik dərdindən, vəzifə  hərisliyi  və şəxsi  maraqları  naminə  siyasi    alverçilərin yaratdıqları başıpozuqluq səbəbindən  düşmən işğalına  məruz qaldın!

Verdiyin qurbanlar,  çəkdiyin  zillət  puça çıxdı!

Ən nəhayət, ruhlar şəhərinə çevrildin!

Səni “Qafqazın Xirosiması” adlandırmağa başladılar.

27 illik  həsrətdən sonra bəxtin üzünə güldü!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük  müdrikliyi və sücaəti sayəsində yenidən doğma torpaqlara  qovuşdun, Ağdamım mənim!

***

Ağdam  düşmənlə açıq, üzbəüz, mərdliklə döyüşdü!

Azərbaycanın igid və qeyrətli oğulları onu darda, tək  qoymadılar!

Respublikanın  hər yerindən, ürəklərinin hökmü ilə   könüllü şəkildə  köməyinə gəldilər!

Qanlarını  axıtdılar, canlarını  verdilər, ölməzdən  qabaq düşməndən  qisaslarını da aldılar!

Bu  gün  ağdamlılar Ağdam  uğrunda  döyüşlərdə  şəhid  olmuşların hamısını - doğulduğu yerdən, milliyyətindən asılı olmayaraq - özününkü hesab edir, ağdamlı sayır!

Ağdamlıların özləri isə altı minədək şəhid veriblər!

O dövrdə respublikaya başçılıq edənlər - maymaqlar, qorxaqlar, səriştəsizlər, öz maraqlarını milli  mənafedən  üstün  tutanlar nə Ağdamın, nə də  Qarabağın müdafiəsini təşkil  edə bildilər!

Nə döyüşlərə lazımi və zəruri kömək göstərdilər, nə də vədəsinə ordu yaratdılar!

Arxalı köpək qurd basar - demişlər!

Mənfur düşmən havadarlarına, onu silah-sursatla  təmin edənlərə arxalanaraq torpaqlarımızı  ələ  keçirdi...

Ağdam işğala qədər  düşməndən  hayfını  çıxmış, lazımi zərbəni vurub, xeyli   itkiyə uğratmışdı.

Düşmən isə  bunun  əvəzini əlisilahlı döyüşçülərdən yox,  daşdan, torpaqdan,  sulardan, meşələrdən çıxdı:

* Yaşayış evlərini sökdü,  dağıtdı,  mal-materialını  qonşularına satdı...

* Tarixi  abidələri  yerləyeksan  etdi, məscidləri donuz, mal-qara tövlələrinə çevirdi...

* Meşələri qırdı, yandırdı, ağacları qurutdu...

* Təbii sərvətləri çapıb-taladı, satıb sovurdu...

* Çayların, su anbarlarının qarşısını kəsərək yezidliyini göstərdi...

Bir sözlə,  erməni olduğunu sübuta yetirdi!

***

Vandal düşmən  Şuşa, Kəlbəcər, Laçın kimi  Ağdamı da  xoşluqla qaytarmaq istəmirdi.

Həm də bilirdi ki, Azərbaycan xalqı  öz torpaqlarından əl çəkməyəcək, müharibə yolu ilə olsa da, hökmən geri qaytaracaqdır!

Əsas hücumu da Ağdam istiqamətindən gözləyirdi.

Odur ki,  Ağdamın müdafiəsinə böyük diqqət yetirirdi.

Otuz il ərzində  burada  beşqat  müdafiə  xətləri yaratmışdı:

* mina zolaqları və sahələri saldı;

* dərin səngərlər qazdı;

* zirehli texnikanın keçə bilməməsi üçün maneələr qurdu;

* “Ohanyan xətti”  çəkdi;

*  beton müdafiə  sədləri tikdi;

* dəmir qapılarının qalınlığı  70 santimetr  olan bunkerlər  inşa etdi;

* yerin relyefindən istifadə etməklə atəş  nöqtələri təşkil etdi!

Bu işləri havadarlarının, dostlarının köməyi ilə gördü!

Öz ağlı ilə ölçüb-biçdi!

Amma ağlına da  gətirməzdi ki, müdafiə niyyətilə  tikib qurduqları boşa çıxacaq, ordusunu və olub-qalanını   məhvolmadan  qurtarmaq üçün  Ağdamı da Laçın və Kəlbəcər kimi  dinməz-söyləməz  geri qaytaracaq!

Yana-yana, qovrula-qovrula geri verəcəkdir!

İlham Əliyevin  dəmir yumruğu onu buna vadar etdi!

Qəhrəman Azərbaycan Ordusu  Şuşanı tapanca və bıçaqla, yalçın qayalara dırmaşmaqla,  ağlagəlməz cığırlardan  keçməklə aldıqdan sonra  düşmənin beli qırıldı, hamisinə yalvar-yaxar edib tam məhvolmadan qurtarmaq üçün 30 illik  “zəhmətini” və lovğalığını unudaraq  diz üstə ləlidi!

Müzəffər Ali Baş Komandan İlham Əliyev  belini qıraraq çökdürdüyü düşmənin cəhənnəm olub getməsinə imkan yaratdı!

Əlavə itkiyə yol verməmək üçün!

Çünki  Prezident İlham Əliyev  öz vətəndaşının, öz əsgərinin qədrini yaxşı bilir, onları qorumağı da,  qayğı ilə əhatə etməyi də gözəl bacarır!

Dövlətin və millətin əsl sahibi, yiyəsi olan qəhrəman İlham Əliyev Ağdamı ağdamlılara,  bütün  azərbaycanlılara qaytardı!

Azərbaycan xalqının döyüşkən, cəngavər, qorxmaz, qalib xalq olduğunu bütün dünyaya nümayiş etdirdi!

Eşq olsun belə Sərkərdəyə, yaşasın belə Rəhbər!

***

Müharibə qurtarsa da, mübarizə davam edir!

Bu mübarizənin cəbhəsi isə  xeyli genişdir!

Bəli, məhz  cəbhəsi,  çünki düşmən sonadək murdarlığını davam etdirərək boşaltdığı ərazilərə minalar basdırmış və onun xəritəsini  verməkdən boyun  qaçırır!

Ancaq  biz heç zaman heç kəsə arxayın  olmamışıq, öz  işimizi özümüz görmüşük!

Həm də dostlarımızla birlikdə!

Prezident  İlham Əliyev  işğaldan azad edilmiş Ağdama gedərək orada dövlət bayrağımızı  ucaltdı, Ağdam məscidi qarşısında xalqa müraciət edərək  düşmənə  mesajlarını çatdırdı, ərazinin bərpası yönündə görüləcək işlərin mesajını verdi!

***

Düşmən düşməndir!

Düşmənin yaxşısı və ya pisi olmur!

Hamısı birdir!

Amma  daim  çörəkverəninə  xain çıxan, ağalarını  satan  və vaxtaşırı  sifətini dəyişən,  gücünü, qəddarlığını həmişə  mülki əhaliyə, dinc  insanlara,  qadına, qocaya uşağa göstərən,  quyruğu qapı arasında  qalanda onun-bunun  dabanını yalayan, su içdiyi quyuya  tüpürərək yaşadığı evi  yandıran, mahiyyətcə  faşist xislətli olan və “milli qəhrəmanı”  hitlerçilərin  əlaltısı kimi  tanınan, boş xülyaları özünə məqsəd seçən, dövlətinin, dilənçi gününə saldığı millətinin  qədrini bilməyən, daim vətənsiz  olaraq qaraçı kimi  ömür sürməyə adət etmiş düşmən isə  bambaşqadır!

Beləsindən heç vaxt səmimi dost olmaz!

Sənin ətrafında  fırlanması, yalmanması, quyruq bulaması üçün daim güclü olmalısan!

Dəmir yumruğun həmişə hazır vəziyyətdə olmalıdır!

Bəli, biz Ağdamı da, bütün Qarabağı da yenidən dirçəldəcəyik, tikib quracağıq!

Müdrik və uzaqgörən rəhbərimiz, qorx

maz  və cəsarətli  sərkərdəmiz, qeyrətli, qalib xalqımız var!

Güclü, müasir Azərbaycan  yaratdığımız kimi, “ağıllı”  kənd  və şəhərləri olan,  zəngin keçmişi, qədim  mədəniyyəti, qəhrəmanlıq  tarixi, igid  insanları, bərəkətli torpaqları,  əsrarəngiz  təbiəti olan Qarabağı da əvvəlkindən  gözəl,  zəngin vəziyyətə gətirəcəyik!

Onu əvvəlkindən də möhkəm qoruyacaq, düşmənin əl uzatmasına imkan verməyəcəyik!

Ordumuz  güclü, xalqımız mətin, dostumuz  etibarlıdır!

Daha heç kim Qarabağı bizdən ala bilməz!

***

23 iyul  ibrət günüdür!

23 iyul keçmişi unutmamaq,  anarxiya, xaos və ziddiyyətin  hansı  faciələrə gətirib çıxardığını yada salmaq günüdür!

23 iyul rəhbərsizliyin, yiyəsizliyin, ordusuzluğun  necə müsibətlərlə sonuclandığını anmaq günüdür!

23 iyul  Vətəndən  qoparılmağın, Vətəndə  vətənsiz qalmağın  hansı mənəvi iztirablara, mənəvi işgəncələrə, depressiyalara  səbəb ola biləcəyini xatırlamaq günüdür!

23 iyul  unudulması mümkün olmayanların  unudulmaması, bir daha xatırlanması günüdür!

***

23 iyul Ağdamsızlığın əzablı başlanğıc  günü idi!

Qara  bayram sayılırdı...

İlham Əliyevin qüdrətli əli ilə tarixə qızıl hərflərlə yazılan 20 noyabr isə  Ağdamın azad olunduğu gündür!

Əsl bayramdır, qırmızı bayramdır!

İşğal gününü heç zaman unutmamalıyıq!

Şəhidlərimizə hörmət və ehtiramımızı, düşmənə  nifrətimizi  azaltmamalıyıq!

Artıq qisasımızı da almışıq, torpağımızı da!

İndi irəli baxıb, irəli getməliyik!

Ən əvvəl, milli birliyimizi,  iqtisadi və hərbi gücümüzü qorumalı, artırmalı və möhkəmləndirməliyik!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağımızı dirçəltməli, yenidən tikib  qurmalı,  düşmən üçün gözdağına çevirməliyik!

Ermənistan  ya kapitulyasiya aktında  üzərinə götürdüyü öhdəlikləri  tam yerinə yetirməli,  ya da  dalanda,  ziddiyyətlər  burulğanında  boğularaq bir dövlət kimi  sıradan çıxmalıdır!

Nə onun, nə də  havadarlarının  ağlı ötən əsrin  doxsanıncı illərinə getməsin;

* Azərbaycan həmin Azərbaycan deyil!

* Azərbaycan müstəqil, güclü iqtisadiyyatı, yüksək siyasi nüfuzu, Türkiyə kimi etibarlı qardaşı, qüdrətli ordusu olan dövlətdir!

* Ermənistan isə  əhalisi emiqranta çevrilən, ordusu məhv edilən, iqtisadiyyatı pozulan,  faşist niyyəti və  “böyük Ermənistan” xülyası puça çıxan  forpost məkandır!

* Seçim Ermənistanındır!

Ya Azərbaycanın ərazi bütövlüyünü qəbul edərək əməkdaşlığa başlayır, ya da...

İlham Əliyevin dəmir yumruğu hazır vəziyyətdədir!

Bu dəfə heç kim düşməni əlimizdən  ala bilməyəcəkdir!

Qarabağ  Azərbaycandır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video