15 Oktyabr 2021 01:32
927
SİYASƏT
A- A+

Qalib Azərbaycanın Müzəffər Sərkərdəsi

 

Ulu Öndər Heydər Əliyev 2003-cü il 1 oktyabr müraciətində xalqımızı siyasi varisi İlham Əliyevi dəstəkləməyə çağıraraq demişdi: “Sizi əmin edirəm ki, həm

İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

 

Xalq bu etimadı böyük sevgiylə qarşıladı. Ulu Öndərin inamı xalqın inamı oldu. 2003-cü ilin 15 oktyabrında keçirilən Prezident seçkilərində seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verdi. Cənab İlham Əliyevə səs verən xalq əmin idi ki, bu səs Azərbaycan dövlətçiliyinə verilir, Azərbaycanın sabahlarına verilir. Xalqın bu münasibəti həm də Ümummilli Liderə sevgisinin təzahürü idi.

Prezident İlham Əliyev ilk gündən respublikamızın iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının təmin edilməsinə, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin daha yüksək səviyyədə qurulmasına mühüm töhfələr verdi.

Prezident İlham Əliyev həmişə qətiyyətlə bildirirdi ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Dövlət başçısının “Qarabağ Azərbaycandır!” qətiyyəti beynəlxalq miqyasda strateji mesaja çevrilmişdi. Həmişə bəyan olunurdu ki, istənilən yolla torpaqlarımız işğaldan azad olunacaq. Ona görə Azərbaycanda ordu quruculuğu həmişə prioritet olub. Müxtəlif təyinatlı və miqyaslı təlimlər ordunun şəxsi heyətinin döyüş hazırlığını, müxtəlif istiqamətli tədbirlər onun döyüş qabiliyyətini daha da artırıb.

Azərbaycan Ordusu Vətən müharibəsindən əvvəl dünyanın ən güclü 50 ordusu sırasındadır. Bu səviyyəyə Azərbaycan dövlətçiliyi ilə Azərbaycanda ordu quruculuğu arasında yaradılmış üzvi, ayrılmaz bağlılıqla, cənab İlham Əliyevin apardığı daxili siyasətlə, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlərin görülməsi ilə nail olunub.

Ermənistanın silahlı birləşmələri 2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdən hücuma başladı. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını qətiyyətlə aldı. İşğalçıya, işğalçılığa qarşı əks-hücum əməliyyatı həyata keçirdi. Prezident İlham Əliyev Vətən müharibəsinin mahiyyətini dünyanın diqqətinə çatdırdı: “Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.

Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsi azərbaycançılığın erməniliklə müharibəsi idi. Azərbaycan Ordusu düşmənin illərlə yaratdığı, möhkəmlətdiyi, yeniləşdirdiyi güclü müdafiə sistemini, sədləri qısa müddətdə darmadağın etdi. Qazanılan ilkin qələbələr təsdiqlədi ki, Azərbaycan Ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə işğalı sona çatdıracaq, torpaqlarımızı azad edəcək.

Vətən müharibəsində xalq Prezidentin ətrafında sıx birləşdi. Bu, xalqın Prezidentinə, Vətənə, dövlətə, dövlətçiliyə sevgisinin nəticəsi idi. Cəmi 44 günə torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: “...Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir...”

Ordu quruculuğu məsələlərinin dövlət siyasətinin prioriteti kimi müəyyən olunması illər sonra öz müsbət nəticəsini göstərdi və Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, Silahlı Qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin həlli istiqamətində bu və ya digər beynəlxalq təşkilatda yaranan təəssüratları darmadağın etdi. Azərbaycan Vətən müharibəsində qazanılan Zəfərlə qalib dövlət oldu.

Cənab İlham Əliyevin sərəncamları, dövlətimizin və xalqımızın gücü ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başlayıb. 11 ay ərzində görülən işlər hər birimizdə qürur hissi doğurur. Qarabağa və Şərqi Zəngəzura qayıdış Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə azərbaycançılığın ermənilik üzərində qəti qələbəsi olacaq!

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video