14 Oktyabr 2021 13:24
601
CƏMİYYƏT
A- A+

Qafqazda yeganə olan Safari Parkı qapılarını ziyarətçilərin üzünə açıb – Şamaxıdan reportaj

 

Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Turizmin bu növü zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. Safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur.

AZƏRTAC xəbər verir ki, ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər. Ərazisinin böyüklüyünə, eləcə də heyvanlarının sayının və növünün çox olmasına görə nəinki Azərbaycanda, ümumiyyətlə, Qafqazda yeganə olan Şamaxı Safari Parkı da belə məkanlardandır.

Ümumi ərazisi 1200 hektar olan parkın 830 hektarlıq hissəsi beynəlxalq standartlara uyğun çəpərlənib. Parkın ərazisində Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstandan gətirilən nəcib maral, xallı maral, Altay maralı, muflon, alkapa, lama və zubr kimi heyvanlar var. Bu heyvanlar xüsusi mühafizə olunur. Seleksiya və baytarlıq tədbirləri nəticəsində onların sayı 2-3 il ərzində iki dəfəyə yaxın artıb.

Safari Parkın turizm üzrə koordinatoru Leyla Əliyeva deyir ki, park 2017-ci ildə açılsa da, müəyyən texniki səbəblərdən və pandemiyaya görə ziyarətçi qəbul edə bilməyib. Artıq ziyarətçilər parka gələ bilərlər.

Onun sözlərinə görə, parkın məqsədi insanların heyvanlara olan sevgisini artırmaqdır. “Bəzən görürük ki, Avropada, Amerikada vəhşi təbiətdə yaşayan heyvanlar insanların olduqları yerlərə qədər gəlir. Çünki insanlardan qorxmurlar. Həmin heyvanlar insana təhlükə kimi baxmır. Amma təəssüf ki, biz də elə deyil. Bu baxımdan vəhşi canlılara yanaşmamız dəyişməlidir”, - deyə o əlavə edib.

Parkın daxili infrastrukturunun yaradılması istiqamətində ilkin mərhələdə enli yol çəkilib. Bundan başqa, heyvanlar üçün təbii sığınacaqlar düzəldilərək bölmələr yaradılıb. Heyvanları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq məqsədilə beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlarla hörülmüş çəpər də çəkilib.

Safari Park Pirqulunun dağ-meşə massivində yerləşdiyi üçün ərazidə fəsillərə görə dəyişkən və nisbətən soyuq hava şəraiti müşahidə olunur. Ərazinin giriş hissəsi ilə ekskursiya marşrutunun ən hündür hissəsi arasında temperatur 10 dərəcəyədək fərq ola bilir. Odur ki, buraya gələn qonaqlar hava şəraitini mütləq nəzərə almalıdırlar.

Qiymətlərə gəlincə, Safari Parkın nümayəndəsi İlham Həsənov bildirir ki, məktəblilər üçün biletlər 5, tələbələr üçün 10, digər vətəndaşlar üçün isə 20 manat təşkil edir. “Safari Parkın daxilində avtobuslar və individual maşınlarla turlar da mümkündür. Avtobuslarla tura gələn vətəndaşlarımız gözləməsinlər deyə əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Onu da deyim ki, vətəndaşlar əraziyə şəxsi avtomobillərlə buraxılmırlar”, - deyə İ.Həsənov qeyd edib.

Xatırladaq ki, Safari Park Vəhşi Dırnaqlılar və Maral Fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-ya üzv olub. Bununla da, Assosiasiyanın Cənubi Qafqazda təmsilçilik hüququnu əldə edib. IDUBA-nın üzvləri yığıncaqlar təşkil edir, heyvan yetişdirilməsi, ovların təşkili, buynuz ticarəti, yem və yem əlavələrinin istehsalı ilə bağlı fikirlərini bölüşürlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video