08 Iyun 2012 01:06
883
PARLAMENT
A- A+

Qaçqın və məcburi köçkünlərin qayıdışı və yenidən məskunlaşmaları ilə bağlı qanun hazırlanacaq

 

İyunun 7-də Milli Məclisin Sosial siyasət və İnsan hüquqları komitələrinin birgə iclasında "Qayıdış və yenidən məskunlaşma" mövzusunda dinləmələr keçirilib.
Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, qaçqın və məcburi köçkünlərin geri dönməsi ilə bağlı hüquqi bazanın yaradılması vacib məsələdir. Onun sözlərinə görə, ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfərinin yekunları bir daha sübut etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli yaxındadır: "Onun Azərbaycanda etdiyi çıxış beynəlxalq təşkilatlara mesajdır ki, qayıdış prosesi uzaqda deyil və buna hazır olmalıyıq. Biz bunun üçün qanunverici bazanı təkmilləşdirməliyik". Komitə sədri hesab edir ki, geriyə qayıdış və repatriasiya ilə bağlı məsələnin hüquqi bazasının formalaşdırılması çox vacibdir.
H.Rəcəbli bununla bağlı dünya təcrübəsinin öyrənildiyini, təhlil edildiyini bildirərək qeyd edib ki, son olaraq bu məsələnin daha çox qayıdış və yenidən məskunlaşma formasında müzakirəsi daha məqsədəuyğundur: "Biz belə hesab edirik ki, repatriasiya ilə bağlı yeni qanunverici baza formalaşdırarkən daha çox qayıdış və yenidən məskunlaşma formasından istifadə olunması məqsədəuyğundur. Onu da təəssüf hissi ilə qeyd etməliyəm ki, vaxtilə Ermənistandan və ona bitişik ərazilərdən, Dağlıq Qarabağdan zorla məcburi köçkünə və qaçqına çevrilmiş uşaqların indi həmin torpaqlardan kənarda öz uşaqları, övladları dünyaya gəlib. Hazırda mövcud olan statistikaya görə, vaxtilə məcburi köçkün, qaçqın olmuş uşaqların indi öz uşaqlarının sayı 200 mini keçib".
İclasda çıxış edən Milli Məclis Sədrinin müavini Bahar Muradova isə qeyd edib ki, Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində qaçqın, məcburi köçkün problemi başlanandan bu günə qədər daha çox qaçqınların, məcburi köçkünlərin məskunlaşması, onların sosial problemləri, maddi durumlarının yaxşılaşdırılması məsələsi müzakirə mövzusu olub. Ancaq geriyə qayıdış -  repatriasiya məsələsi bir o qədər müzakirə mövzusu olmayıb. Bahar Muradovanın qeyd etdiyinə görə, bununla belə, Azərbaycanın artıq özünün təcrübəsində geriyə qayıdış faktı var. Ağdamdan, Füzulidən olan məcburi köçkünlər son illər bu rayonların Azərbaycanın nəzarətində olan kəndlərinə və qəsəbələrinə qayıdıblar: "Azərbaycanın özünün təcrübəsində geriyə qayıdış - repatriasiya praktikası var. Bu baxımdan bu məsələ ilə bağlı qanunvericilik sahəsində də müəyyən dəyişikliklər etməyə ehtiyac var. Hesab edirəm ki, bu yöndə dünya təcrübəsi də öyrənilərək repatriasiya ilə bağlı müvafiq qanunverici bazanı daha da gücləndirmək lazımdır".
Vitse-spiker eyni zamanda diqqətə çatdırıb ki, qaçqın və məcburi köçkünlərimizin böyük bir qismi onlar üçün salınmış yeni qəsəbələrdə məskunlaşaraq normal həyat tərzi sürməyə başlayıblar. 2003-cü ildən sonra qaçqınların sosial problemlərinin həlli istiqamətində xeyli iş görülüb. Bu məqsədlə 4,68 milyard dollar vəsait xərclənib, bunun da 2,7 milyardı dövlət büdcəsindən ayrılıb. Azərbaycan hökuməti hər bir məcburi köçkün üçün illik xərci 715 manat həcminə çatdırıb. Bu da 894 dollar təşkil edir ki, dünyada mövcud olan digər münaqişə zonalarında insanlara verilən illik xərclərin ən yüksək həddidir və 2003-cü illə müqayisədə 5,9 dəfə çoxdur. 
Dinləmələr zamanı çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə  qeyd edib ki, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması bütün dünyanı maraqlandıran məsələdir. Onun fikrincə, qayıdış o zaman mümkün olacaq ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı hüquqi baza yaradılsın: "Əgər biz geriyə qayıdışla bağlı danışırıqsa - mən inanıram ki, bu geriyə qayıdış da baş verəcək - o zaman öz üzərimizə düşən məsuliyyət hissini də ciddi dərk etməliyik. Biz ermənilərlə birgə yaşayaq, ancaq ağıl, zəka cəhətdən onlardan daha üstün yaşayaq, onlardan asılı olmayaq. Bu isə bizim hər birimizdən, qaçqın və məcburi köçkünə çevrilmiş insanlardan çox asılıdır. Biz heç zaman tariximizi də unutmamalıyıq. Öz tariximizə, keçmişimizə də sahib çıxmağı bacarmalıyıq. Bir daha qeyd edirəm ki, bunun üçün hər birimizin üzərinə böyük məsuliyyət payı düşür".
Dinləmələrin sonunda qərara alınıb ki, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsi qaçqın və məcburi köçkünlərin qayıdış və yenidən məskunlaşması ilə bağlı mükəmməl qanun layihəsi hazırlayıb Sosial siyasət komitəsinə təqdim etsin.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video