08 Aprel 2021 00:36
1100
İQTİSADİYYAT
A- A+

Prezidentin tələbi: meliorasiya və su təsərrüfatı müasir idarəetmə sisteminə keçməlidir

 

Prezident İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsinə yeni təyin olunan Zaur Mikayılova ilk tapşırığını verdi: “Əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, biz bu sahəyə müasir menecment gətirməliyik. Mən sizi bu vəzifəyə təyin edərkən məhz bu amili nəzərə almışam ki, hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır”.

Dövlət başçısı videoqəbuldakı çıxışında meliorasiya sahəsini daim şəxsi nəzarətində saxladığını bildirmiş, görülən işləri müsbət qiymətləndirməklə yanaşı, perspektivləri də nəzərə çatdırmışdır. Bu bir daha təsdiqləyir ki, Prezident İlham Əliyev sovet dönəmindən qalan meliorasiya sistemlərinin dəyişdirilməsində, bütünlüklə ölkənin meliorasiya və su təsərrüfatı sistemlərinin müasirləşdirilməsində, nəhəng layihələrin həyata keçirilməsində islahatçı lider kimi  çıxış edir. Nəticədə Azərbaycanın bütün şəhərlərinin içməli su ilə təchizatında dönüş yaranmış, yüz min hektarlarla torpaq sahələri suvarma suyu ilə təmin edilmişdir.

Videoqəbuldakı çıxışında Prezident   meliorativ tədbirlərin hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıdığını bir daha vurğulamışdır: “Xüsusilə su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var. Bir daha demək istəyirəm ki, su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq”. 

Qəbul zamanı müsbət işlərdən daha çox problemlərə diqqət ayrılmış, suyun səmərəli istifadəsindəki çətinliklər və çatışmazlıqlar göstərilmişdir. Azərbaycanın sürətlə inkişaf etdiyi və əhalinin sayının artdığı üçün suya tələbatın da çoxaldığı qeyd olunmuşdur. Odur ki, çatışmazlıqların aradan qaldırılması, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsi, müasir texnologiyaların ölkəmizə gətirilməsi  qarşıda duran vacib vəzifələrdir. Bundan sonra meliorativ tədbirlər, necə deyərlər, dədə-baba üsulu ilə aparılmamalıdır.

Prezident qeyd etmişdir ki, sudan səmərəli istifadə edilməlidir, çünki mövcud problemlərdən biri itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter daşıyır,  bəzi hallarda isə səhlənkarlıq ucbatından baş verir. Uçotun olmaması işi çətinləşdirir. Dövlət başçısı diqqəti bu məsələyə cəlb edərək demişdir: “İnkişaf etmiş ölkələri götürsək görərik ki, orada belə deyil - suyun hər bir litri hesablanır, hər yerdə sayğaclar qoyulur, uçot düzgün aparılır və qoyulmuş investisiyanın müqabilində hansı nəticə əldə olunacaq bəri başdan hesablanır. Bizdə də belə olmalıdır”.

Prezident digər vacib məsələ kimi kanalların təmiri və yenidənqurulmasını qeyd etmişdir. Bildirmişdir ki, sovet dönəmindən qalma torpaq kanallarda su itkiləri böyükdür. Bunun qarşısını almaq üçün dünyanın aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalı,  oxşar iqlimi olan ölkələrin müsbət təcrübəsi öyrənilməli, düzgün fəaliyyət planı tərtib edilməli, zərurət yaranarsa dövlət proqramı qəbul olunmalıdır.

Dövlət başçısı videoqəbulda suyun ədalətsiz bölüşdürülməsi hallarının geniş vüsət aldığını da bildirmişdir: “Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlilərə su çatmırdı. Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır”.

Videoqəbulda azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi məxsusi vurğulanmışdır. Bildirilmişdir ki, biz düşməni öz ərazilərimizdən qovmaqla böyük su mənbələrini geri qaytarmışıq. Odur ki, həm azad edilmiş ərazilərdə, həm də ölkəmizin digər yerlərində bütün su ehtiyatlarının potensialı dəqiq təhlil olunmalıdır. Onlardan maksimum səmərəli istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməlidir.

Qəbuldan çıxan nəticə bu oldu ki, ölkənin bütün ərazisində bu sahədə görüləcək işlər çoxdur. Əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlik olmalıdır ki, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar öz həyatlarında müsbət dəyişiklikləri görsünlər. Prezident bunun belə də olacağına əminliyini bildirmiş, meliorasiya və su təsərrüfatının inkişafının son illər həmişə prioritet sayıldığını  demişdir:” Bu sahənin inkişafı üçün çox böyük işlər görülmüşdür, dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılmışdır. Əgər bu işlər görülməsəydi, bu gün biz çox böyük problemlərlə üzləşmiş olardıq”.

Bununla belə, dövlət başçısı qeyd etmişdir ki, əldə edilmiş nailiyyətlər davamlı olmalıdır. Sahəyə müasir menecment gətirilməli, hər bir yerdə müasir idarəetmə olmalıdır. Son vaxtlar aparılan kadr islahatları da bunu göstərir. Harada  müasir menecment və idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də  müsbət olur: “Yenə də deyirəm, bu sahə prioritet sahə olaraq qalır və qalacaq. Ancaq burada yeni yanaşma olmalıdır, müasir tələblərə uyğun yanaşma. Hesab edirəm ki, siz bütün bu məsələləri qısa müddət ərzində bir daha təhlil edib, konkret təkliflər paketi ilə çıxış edəcəksiniz”.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video