06 Mart 2014 01:03
480
Səhiyyə
A- A+

Prezidentin əhalinin sağlamlığının qorunmasına dair tapşırıq və göstərişləri uğurla icra olunur

 

Xətai

 

Prezident İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən mayın 1-dək ölkəmizdə əhalinin icbari tibbi müayinədən keçirilməsi aksiyası Xətai rayonunda da uğurla davam etdirilir. Hazırda 7 nömrəli şəhər poliklinikasında rayon sakinlərinin qrafik əsasında tibbi müayinəsi keçirilir. Sakinlərin rahat şəkildə tibbi müayinələrdən keçmələri üçün bütün lazımi şərait yaradılmışdır.

Bu barədə martın 5-də rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kamran İsmayılov məlumat vermişdir. O bildirmişdir ki, rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya əhali arasında təbliğat-təşviqat və məlumatlandırma işlərini mütəmadi davam etdirir. Komissiyanın gördüyü tədbirlər rayon  sakinlərinin tibbi müayinə olunmasının mütəşəkkilliyini təmin etmişdir. Fevralın 17-dən indiyədək 46 min 372 rayon sakini hərtərəfli müayinə edilmişdir. Onların 11 min 177 nəfərində müxtəlif xəstəliklər aşkarlanaraq ambulator, 96 nəfəri isə stasionar müalicəyə cəlb olunmuşdur.

 Poliklinikanın baş həkimi Şəlalə Səfərova isə dövlət başçısının tapşırığı ilə keçirilən bu aksiyanın xəstəliklərin erkən aşkarlanması baxımından böyük əhəmiyyəti olduğunu vurğulamışdır. Qeyd etmişdir ki,  Azərbaycan Prezidentinin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və  müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.

Baş həkim dövlət proqramı çərçivəsində rəhbərlik etdiyi poliklinikanın da ən müasir avadanlıqlarla təchiz edildiyini və burada yüksək ixtisaslı həkimlərin çalışdığını diqqətə çatdırmışdır.

Rayon sakini Aynur İsrafilova isə demişdir: "Mən də bütün müayinələrdən keçdim. Burada yaradılan şəraitdən, həkimlərin münasibətindən çox razı qaldım. Sovet dövründə bu cür yaraşıqlı, hər cür aparatlarla, tibbi cihazlarla  təmin olunmuş poliklinika yox idi. Müstəqilliyimizin ilk illərində isə müharibə şəraitində yaşayan ölkəmiz iqtisadi çətinliklər içində boğulurdu. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. İndi tək bizim rayonda yox, bütün respublikada  tibb müəssisələri ya tikilərək, ya da əsaslı təmir olunaraq  insanların ixtiyarına verilib. Bu gün Prezident İlham Əliyevin səhiyyəyə ayırdığı diqqət və qayğını hər birimiz öz həyatımızda hiss edirik. Bu aksiyanı isə dövlət başçısının əhalinin sağlamlığının qorunmasına  diqqət və qayğısı kimi qiymətləndirirəm".

 

Tərtər

 

Tərtər rayonunda əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir. Rayon sakinləri mərkəzi rayon xəstəxanasında, Azad Qaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, həmçinin həkim məntəqələrində müayinə olunur, öz sağlamlıqları barədə hərtərəfli məlumat əldə edirlər. Artıq idarə və təşkilatların, təhsil müəssisələri kollektivlərinin tibbi müayinəsi başa çatmışdır. Həmçinin 51 yaşayış məntəqəsindən 12-də sakinlər müayinədən keçirilmişdir.

Bu barədə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov məlumat vermişdir.

Mərkəzi rayon xəstəxanasının baş həkiminin müavini Sevda Əliyeva bildirmişdir ki, rayonun səhiyyə işçiləri əhalinin sağlamlığının qorunmasına yönələn bu nəcib aksiyaya hamılıqla qoşulmuşlar. Fevralın 17-dən indiyədək  tibbi müayinədən keçənlərin sayı 16 min nəfərə çatmışdır. Müayinə olunmuş sakinlərdən 200-ə yaxını ambulator, 18-i stasionar müalicəyə cəlb edilmiş, 9 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir.

Dövlət başçısının əhalinin sağlamlığına bu diqqət və qayğısı sakinlər tərəfindən rəğbətlə qarşılanır. Rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev tibbi müayinələrin təşkilindən, həkimlərdən, yaradılan şəraitdən razılıq edərək demişdir:

 - Sağlam bədəndə sağlam ruh olar. Bu baxımdan ölkə əhalisinin tibbi müayinəsi olduqca təqdirəlayiqdir. Prezidentimizin nəcib təşəbbüsü xüsusən yaşlı nəslin nümayəndələri tərəfindən böyük razılıqla qarşılanır. Əhalinin sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğıya görə rayon ağsaqqalları adından Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istərdim.

 

Qazax

 

Prezident İlham Əliyevin tapşırığına əsasən ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi Qazax rayonunda da uğurla davam edir.

Bu məqsədlə yaradılmış komissiyanın sədri, rayon icra hakimiyyəti başçısının müavini Gülayə Həsənova bildirmişdir ki, müayinələr rayon Müalicə-Diaqnostika Mərkəzində və şəhər poliklinikasında, habelə xüsusi həkim briqadaları tərəfindən kəndlərdə aparılır. Mart ayının 5-dək 10 min 65 rayon sakini tibbi müayinədən keçmişdir.

Qazax Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Allahverdi Quliyev məlumat vermişdir ki, müayinə zamanı xəstəlik aşkar edilən 827 nəfər ambulator, 30 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur.

Tibbi müayinədən keçən Nailə Əliyeva insanların sağlamlığının etibarlı şəkildə qorunmasına xidmət edən bu aksiyanı yüksək qiymətləndirmiş və rayon sakinləri adından Prezidentə minnətdarlığını bildirmişdir.

 

Yevlax

 

Ölkəmizin hər yerində olduğu kimi, Yevlax rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərifə Məmmədova AzərTAc-a bildirmişdir ki, müayinələr mərkəzi rayon xəstəxanasında, Xaldan kənd sahə xəstəxanasında və Aran kənd həkim məntəqəsində aparılır. Tibbi müayinələrin keçirildiyi mərkəzi rayon xəstəxanası Prezidentin sərəncamı ilə ayrılmış vəsait hesabına inşa olunaraq ötən il istifadəyə verilmiş, ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilmişdir.

Bütün idarə və müəssisələrdə çalışan insanlar qrafikə əsasən müayinə edilir. Bundan başqa, müxtəlif ixtisaslı həkimlərdən təşkil olunmuş 5 briqada yerlərdə yataq xəstələrini və yaşlı insanların müayinəsini həyata keçirir. Fevralın 17-dən indiyədək rayonun 13 min 600-dən çox sakini müayinə olunmuşdur. Xəstəlik aşkar edilən vətəndaşlardan 1870-i ambulator, 178-i isə stasionar müalicəyə cəlb edilmiş, 24 nəfər müalicə olunmaq üçün Bakı şəhərinə göndərilmişdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video