08 Iyul 2021 01:19
2501
SİYASƏT
A- A+

Prezident qayğısı

 

Şəhid ailələri, yaralanmış qazi və müharibə əlilləri bütün xidmətləri eyni məkandan daha çevik və rahat əldə edəcəklər

 

Erməni faşizmi üzərində qazandığımız möhtəşəm Zəfər xalqımız, dövlətimiz üçün nə qədər qiymətli və sonsuz iftixar doğuran hadisədirsə, şəhid ailələrinə və qazilərimizə  yaxından dəstək göstərilməsi də bir o qədər mühüm önəm kəsb edən vəzifədir.

Ona görə də Vətən uğrunda canından keçmiş insanların yaxınlarına, qazilərə xüsusi qayğı göstərilməsi, onların hərtərəfli dəstəklə təminatı sahəsində ölkəmizdə aparılan siyasət mənəvi məsələ kimi öndədir.

 

Vahid əlaqələndirmə mərkəzi

 

Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı fərmanla şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması da bu siyasətin uğurlu davamıdır.

Bu gün Azərbaycan şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsi sahəsində ən nümunəvi təcrübəyə malik ölkədir. Onların sosial ödənişlərlə təminatı və bu ödənişlərin mütəmadi olaraq artırılması, şəhid ailələri və müharibə əlillərinin mənzillə, avtomobillə, eləcə də digər sosial müdafiə və aktiv məşğulluq proqramları ilə əhatə olunması və həmin proqramların ildən-ilə genişləndirilməsi, bu kateqoriyalardan olan vətəndaşlara güzəşt və imtiyazların tətbiqi də bunu göstərir.

Vahid əlaqələndirmə mərkəzlərinin yaradılması dövlətin sosial sahədə əsas məqsədlərindən biri kimi, həmin kateqoriyalardan olan vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə xidmətlərin “bir pəncərə”dən, operativ və şəffaflıq, vətəndaş məmnunluğu, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstərilməsinə xidmət edir.

 

Bütün xidmətlər “bir pəncərə” sistemi üzrə təşkil olunacaq

 

Əmək və Əhalinin Sosial Müdafiəsi, Müdafiə və Səhiyyə nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra hakimiyyəti orqanları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslər üçün nəzərdə tutulan - ümumilikdə 30-a yaxın istiqamət üzrə xidmətlər artıq eyni mərkəzdən təqdim olunacaq.

Şəhid və şəhid ailəsi statusunun əldə olunması üçün arayışların verilməsi, müharibə veteranı adının və vəsiqəsinin alınması, orden və medallarla təltif olunma, xəsarət (yaralanma, travma, kontuziya) alınması barədə, habelə əlilliyin müəyyən edilməsi üçün tələb olunan müvafiq arayışlar, sığorta ödənişləri ilə bağlı tələb olunan sənədlərin verilməsi üçün müraciətlərin qəbulu Müdafiə Nazirliyinin xidmətlərinə aid olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tibbi sosial ekspertiza və reabilitasiya üzrə xidmətlər, o cümlədən əlilliyin müəyyən edilməsi, reabilitasiya vasitələri ilə təminat, məşğulluq sahəsində göstərilən xidmətlər, əmək pensiyası və sosial müavinətlər üzrə müraciətlərin qəbulu həyata keçiriləcək.

Həmçinin Prezident təqaüdləri üzrə müraciətlər qəbul ediləcək. Əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiyası, sosial məişət xidmətlərinin göstərilməsi, sanatoriya-kurort putyovkaları ilə təminat da bu nazirliyin göstərəcəyi xidmətlər sırasındadır.

Səhiyyə Nazirliyinin xidməti isə tabeliyində olan tibb müəssisələrində tibbi yardım göstərilməsi ilə bağlı müraciətlərin qəbulu olacaq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətkeçmə haqqında arayış, çağırışçılara müddətli həqiqi hərbi xidməti hansı hərbi hissədə keçdikləri barədə məlumat, müharibə veteranlarına və şəhid ailələrinə müvafiq arayışlar, o cümlədən hərbi qeydiyyatda olma barədə sənədlər veriləcək.

Yerli icra hakimiyyəti orqanları üzrə xidmətlər də əhatəlidir. Bu orqanların xidmətlərində yaşayış sahəsinə ehtiyacla bağlı uçota alınmağa dair müraciətlər qəbul ediləcək. Həmçinin yerli icra hakimiyyəti orqanları onların ərazisində yaşayan şəhid ailələrinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə ailə tərkibini təsdiq edən və digər arayışlar verəcək. Şəhid adının əbədiləşdirməsi, o cümlədən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi, eləcə də onların adlarının dəyişdirilməsi barədə müraciətləri də qəbul edəcək.

Məkrəzdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətləri  də mövcud olacaq. Burada agentliyin tabeliyində olan tibb müəssisələrində səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu, immunoprofilaktikaya dair məlumat və tibbi arayışların elektron reyestrindən məlumatların verilməsi xidmətləri olacaq.

Mərkəzdə şəhid statusu verilmiş şəxsin vərəsələrinə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, həmçinin hərbi xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəsarət alan hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu da həyata keçiriləcək.

 

Xidmətlər “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada həyata keçiriləcək

 

Beləliklə, vətəndaşlar artıq bu xidmətlərdən ötrü ayrı-ayrılıqda müxtəlif qurumlara deyil, yalnız bir məkana müraciət edə biləcəklər. Vahid məkandan göstəriləcək bu xidmətlər üzrə fəaliyyətin əlaqələndirilməsini, habelə müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndiricilik funksiyasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək. Qeyd olunan dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini həyata keçirmək üçün Əlaqələndirmə Komissiyası da yaradılacaq.

Şəhid ailələrinə, qazi və müharibə əlillərinə operativ və şəffaf, vətəndaş məmnunluğu, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında xidmətlərin təşkili ilə bağlı keyfiyyətcə yeni modelin tətbiq məkanı  DOST mərkəzləri olacaq. Xatırladaq ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST mərkəzləri 132 istiqamət üzrə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən operativ, şəffaf və müasir, innovativ əsasda təqdim edilməsini ehtiva edən uğurlu təcrübəni ortaya qoyub.

Vahid əlaqələndirmə mərkəzlərində xidmətlərin bir-biri ilə qarşılıqlı əlaqədə, informasiya texnologiyalarından geniş istifadə edilməklə həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı olaraq xidmət göstərəcək dövlət orqanlarının informasiya sistemləri arasında əlaqələndirmə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək və üç ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində müvafiq dəyişikliklər ediləcək.

Vahid əlaqələndirmə mərkəzlərinin spesifik üstünlüyünün və müvafiq qruplara xüsusi həssaslıqla yanaşılmasının göstəricilərindən biri də burada  birbaşa xidmətlə yanaşı, “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada xidmətlərin göstərilməsi olacaq. Vətəndaş mərkəzə gəlmədən “Çağrı mərkəzi” vasitəsilə xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta biləcək. Sağlamlıq vəziyyəti məhdud olanlar mərkəzlərə gələ bilmədikləri halda “səyyar formada xidmətlərdən faydalana biləcəklər.

Azərbaycanda vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində daim  xüsusi tədbirlər həyata keçirilir. Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən qayğı da bunun tərkib hissəsidir və xüsusi razılıqla qarşılanır.

Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Müharibə əlillərinin, veteranların və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsinin, həmçinin müharibə əlillərinə və  şəhidlərin ailələrinə xüsusi göstərilən diqqətin analoqu yoxdur. Bu baxımdan vahid əlaqələndirmə mərkəzlərinin yaradılması ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video